Ellərimiz vardı, bəyli-paşalı

Məyus olma amandı, Məyus olmaq yamandı. Qorxaq məsləksiz yaşar, Millətim qəhrəmandır. (Məhəmməd Hadi) Hamımız yaxşı bilirik ki, erməni millətçiləri müəyyən tarixi dövrlərdə Azərbaycan xalqının əzəli və əbədi torpaqlarını işğal edib, böyük Ermənistan dövləti yaratmaq istəsələr də, onlar bu planı yerinə yetirə bilməmiş, inanırıq ki, heç vaxt da yerinə yetirə bilməyəcəklər. Lakin bu o demək deyil ki, gələcəkdə də erməni millətçiləri heç bir təcavüz törətməyəcək, təhlükə mənbəyi olmayacaqlar. Elm və texnikanın inkişaf etdiyi iyirminci əsrin sonlarına yaxın ermənilərin törətdikləri Xocalı soyqırımı bir daha sübut etdi ki, erməni millətçiləri qatı təcavüzkardırlar. Onların ədalətsiz Qarabağ müharibələri zamanı elə bir azərbaycanlı ailəsi tapılmaz ki, müharibənin ağrı-acısını hiss etməsin. Ağdamlı məcburi köçkün kimi biz də Qarabağ müharibəsi zamanı məcbur olaraq evimizdən didərgin düşdük. O illəri yada saldıqca şair Mustafa ağa Arif Şıxliniskinin kövrək hisslərlə yazılmış şeirini xatırlayıram: Ellərimiz vardı, bəyli-paşalı, Dağlarımız vardı, əlvan meşəli, Süsənli, sünbüllü, tər bənövşəli, Qaldı bağlar, xiyabanlar, ağlaram! Doğma yurdumuzdan didərgin düşərkən mənə ən pis təsir edən hadisələrdən biri də o oldu ki, elimizi, evimizi, var-dövlətimizi itirməklə yanaşı altı qiz övladının gələcəkdə hər birinin yaxşı bir müəllim kimi fəaliyyət göstərib, xalqa sədaqətlə xidmət etməsində çox əməyi olan atamın uzun zaman min bir əziyyətlə yaratdığı, bizə əmanət etdiyi zəngin kitabxana da ermənilərə qaldı. O kitabxanada nələr yox idi; antik yunan ədəbiyyatı tarixi, qədim rus ədəbiyyatı tarixi, ensiklopedik lüğətlər, elmi əsərlər, bədii ədəbiyyatlar və sair çətin tapılan kitablar. El-obamızdan ayrı düşdükdən sonra bizə verilən məcburi köçkün adının ağırlığı hələ də üstümüzdədir. Bu kəlmənin ağırlığını başa düşmək üçün bir anlığa əllərində gül-çiçək dəstələri ilə əzizlərinin məzarlarını ziyarətə gedən insanların arxasınca baxan, öz doğmalarının qəbirlərini ziyarət edə bilməyən, öz yurd-yuvasına həsrət qalan kədərli insanların nə düşündüklərini xatırlayın. Əzizlərinin məzarlarına, el-obasına həsrət qalmaq kimi dünyanın ən ağır dərdini, mənə elə gəlir ki, bu dərdə mübtəla olanlardan yaxşı heç kim anlaya bilməz. Qarabağ döyüşlərində qəhrəmanlıqla döyüşərək şəhid olmuş övladlarının məzarına gedə bilməyən ananın ürək ağrısını kim sağalda bilər?! Fikrimi Mirvarid Dilbazinin bu misraları ilə ifadə etmək istəyirəm: İndi bu qəm havasını Hansı sazda çalaq, ellər?! Yaraların ağrısını Hansı sözlə alaq, ellər?! Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı işğal altında olan torpaqlarımızı yalnız işğal edildiyi günlər, şəhidlərimizin xatirəsini təkcə anım günləri yada salmaqla kifayətlənməməli, eyni zamanda, özünün vətəndaşlıq borcunu daha dərindən düşünməli, daha dərindən bilməlidir. Xalqımızın hər bir üzvü, xüsusilə biz müəllimlər istər şagirdlərdə, istərsə də gənclərdə hərbi vətənpərlik hissini yüksəltməli, onlarda Vətənə məhəbbət, düşmənə nifrət kimi yüksək keyfiyyətləri gücləndirmək üçün təbliğat və təşviqat aparmalı, bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Hər birimiz Qarabağımızı düşməndən geri almaq üçün Vətən, millət yolunda ya şəhid, ya da qazi olmağı özümüzə şərəf, şan bilməliyik. Şagirdlərimizə anlatmalıyıq ki, sizlər torpaqlarımızın bütövlüyü, Azərbaycanımızın işıqlı gələcəyi üçün ən güclü silahlarla – elmlə, biliklə silahlanmalı, Vətənin keşiyində Mübariz, Fəridtək dayanmalısınız. Unutmamalısınız ki, Cavanşirin, Babəkin, Tomrisin nəvələri, nə olur, olsun, məğlubiyyətlə barışmamalı, elmə, biliyə və yüksək döyüş hazırlığına yiyələnməklə düşmən üzərində zəfər qazanmalıdırlar. Gənc nəsil bilməlidir ki, nə qədər ki, erməni millətçiləri ilə qonşu şəraitdə yaşayırıq, o zaman ayıq-sayıqlığımızı bir an belə unutmamalıyıq. Haqq-ədalət uğrunda özümüz mübarizə aparmalı və qələbə qazanacağımıza ürəkdən inanmalıyıq. Çünki, “Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır” (Tofiq Fikrət). Əliyeva Aygün Sabir q. Göyçay rayon Ləkçıplaq 1N-li kənd orta məktəbin tarix müəllimi.