Dillərin tipoloji təsnifatı

Tipoloji (morfoloji) təsnifat qrammatik formaların yaranması metodlarındakı (genetik yaxınlığından asılı olmayaraq) fərqliliklərə əsaslanan bölgüdür. Tipoloji təsnifatda dillər dil sisteminin ən əhəmiyyətli xüsusiyyətlərini əks etdirən ümumi xüsusiyyətlər əsasında birləşir. Linqvistik tipologiya dillər arasındakı genetik əlaqənin təbiətindən asılı olmayaraq, dillərin struktur və funksional xüsusiyyətlərinin müqayisəli araşdırmasıdır. Dillərin tipoloji tədqiqi dilin ən ümumi və ən vacib xassələrinə əsasən onların genetik münasibətlərindən asılı olmayan oxşarlıqları və fərqləri müəyyən etməyi hədəfə alır. Tipoloji təsnifatın baniləri Avqust-Vilhelm və Fridrix Şlegel hesab edilir. F. Şlegel sanskrit dilini yunan, latın, həmçinin türk dilləri ilə müqayisə edərək belə bir nəticəyə gəlib: -bütün dilləri iki növə bölmək olar: flektiv və affiksiv - hər bir dil doğulur və eyni tipdə qalır flektiv dillərə "zənginlik, möhkəmlik və uzunömürlülük" xasdır, affiksiv dillərdə "başlanğıcdan etibarən canlı inkişaf olmur", onlar "yoxsul, kasad və süni" olur. Avqust-Vilhelm Şlegel F.Bopp və digər dilçi alimlərin etirazlarını nəzərə alaraq (aydındır ki, dünyanın bütün dillərini iki növə bölmək olmaz. Məsələn, daxili fleksiya və affiksasiya olmayan çin dilini hara daxil etməli?) qardaşının təsnifatını (“Provansal dili və ədəbiyyatı ilə bağlı qeydlər”, 1818) yenidən işləyib və üç növ müəyyənləşdirib: 1) flektiv, 2) affiksiv, 3) amorf (çin dili). O, flektiv dillərdə qrammatik quruluşun iki imkanını göstərib: sintetik və analitik. Humboldt (1767 - 1835) dillərin tipləri məsələsinə daha dərindən yanaşıb və nəhayət, nəzəri mülahizələrini ifadə edib. Humboldt izah edir ki, Çin dili amorf deyil, onda qrammatik forma flektiv və aqlütinativ dillərdən fərqli şəkildə, sözləri dəyişdirməklə deyil, söz və intonasiya qaydası ilə təzahür edir. Şlegel qardaşları tərəfindən qeyd olunan üç dil tipinə əlavə olaraq, Humboldt dördüncü növü müəyyən etdi. Bu dillər inkorporlaşan kimi qəbul edilir. Bu tipologiyanın inkişafına A.Şleyxer, G. Steyntal, E. Sepir, I.A. Boduen de Kurtene, I.I. Meşşaninov əhəmiyyətli töhfə verib. Şleyxer amorf və izolyasiyaedici dilləri arxaik, aqlütinativ dilləri keçid dövrü, qədim flektivləri çiçəklənmə dövrü, yeni flektivləri (analitik) enmə dövrünə aid olan dillər hesab edirdi. F.Fortunatov yaxın zamanlara qədər dilçilər tərəfindən fərqlənməyən sami və hind-Avropa dillərində sözlərin meydana gəlməsindəki çox incə fərqi göstərib: sami dillər flektiv- -aqlütinativ, hind-Avropa dilləri flektivdir. Bu təsnifata görə, dillərin növləri belə fərqləndirilir: flektiv aqlütinativ izolyasiya edən (amorf), inkorporativ. Flektiv dillərin əsas əlaməti daxili fleksiya; affikslərin birmənalı olmaması və qeyri-standartlığı, yəni qrammatik morfemlərin yarımfunksiallığıdır. Flektiv dillər iki yarımqrupa bölünür: daxili fleksiyası olanlar, xarici fleksiyası olanlar. Flektiv dillərə hind-Avropa (rus, belarus, Ukrayna, çex və s., yəni bolqar dili istisna slavyan dilləri, eləcə də, latın, litva), sami dilləri daxildir. Aqlütinativ dillərdə sözün formaları fleksiyanı dəyişdirməklə deyil, aqlütinasiya ilə formalaşır. Aqlütinasiya (latınca agglutinare - yapışdırmaq) - standart affiksləri dəyişməz, daxili fleksiyasız əsas və köklərə mexaniki şəkildə birləşdirməklə söz formaları və törəmə sözlər yaratmaq üsuludur (qeyd  edək ki, hər affiksin yalnız bir qrammatik mənası var, eləcə də hər bir məna həmişə eyni affikslə ifadə olunur) Bu tip dillərin əlamətləri: güclü inkişaf etmiş sözyaratma və sözdəyişmə affiksasiyası; dəyişməz kök, morfemlər arasında zəif əlaqə, standart və birmənalı affikslər, affikslərin dəyişməsi müntəzəmdir və fonem növbələşməsi qanunları (saitlərin ahəngi, samitlərin assimilyasiyası qanunları) ilə əlaqələlidir, morfem seqmentlərinin sərhədləri dəqiqdir. Aqlutinativ dillərə türk, fin-uqor, Altay, Ural dilləri, bantu dilləri, yapon, Koreya və bir sıra digər dillər daxildir. İzolyasiya edən (amorf (yunanca amorf formasız) dillər - affiksi olmayan və qrammatik mənaların (hal, kəmiyyət, zaman və s.) ya bir sözün digərinə qoşulması, ya da xidmət sözlərlə ifadə olunduğu dillərdir. Bu qrupda söz bir kökdən ibarət olduğundan affiksasiya yoxdur (söz kökə bərabərdir). Məsələn, Çin dilində eyni səs kompleksi fərqli nitq hissələri və müvafiq olaraq bir cümlənin fərqli hissələri ola bilər. Buna görə əsas qrammatik metodlar bir cümlə içərisində vurğu və söz sıralarıdır. Bu dildə mənafərqləndirici funksiya intonasiya ilə yerinə yetirilir. Bu qrupa Çin, Birma, Vyetnam, Laos, siam, tay, kxmer dilləri daxildir. İnkorporlaşan (polisintetik) dillərin (Amerikada hindu, Asiyada paleoasiya dilləri) əsas cəhəti cümlənin mürəkkəb bir söz olaraq qurulmasıdır. Yəni söz eyni zamanda cümlə olur. Hissələr həm sözün elementləri, həm də bir cümlə üzvləridir. Burada başlanğıc mübtəda, son predikatdır, qalan üzvlər, əlavələr ortaya daxil edilir. Humboldt bunu Meksika nümunəsi ilə izah edir: ninakakwa, burada ni -  «mən», naka -  «yedim»  kwa - «ət». Çukot dilindən bir nüminə: tı-ata-kaa-nmı-rkın  –  «mən kök marallar öldürürəm», hərfən: «mən-yağ-maral-öldür-etmək», Beləliklə, inkorporlaşan dillər üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: müstəqil sözlərlə yanaşı, bu dillərdə mürəkkəb komplekslər var, feil formasının tərkibinə obyekt, fəaliyyət şəraiti, bəzən mübtəda da daxil edilir. İnkorporlaşan dillər morfemin birləşməsi prinsipinə görə aqlutinativ, daxili  formasına görə flektiv dillərə daha yaxındır. FADMM üzvü İnternet materialları əsasında hazırlayıb və tərcümə edib