İndi televizorda “sarı jiletlilər”in ... neçənci aksiyasına baxıram, leksikonumu sarı-sarı anlayışlar bürüyür: ”Sarı odalar” ... “Sarı gəlin”... sarı çətir... sarı mətbuat... sarı torpaq... sarı sünbül... sarı bülbül... Yadıma düşür ki, bir gün qabaq bu dəhşətli aksiyaların keçirildiyi yerdən keçib biz Eyfelə baxmağa getmişdik... Nəvəm Aylanın əlindən tutub Sena çayının üstündən keçirdik. Parisdə həmin gün sakitlik idi... Estetikada rəng dairəsi anlayışı var: V.M. Şaqayevə görə, rəng dairəsi dörd əsas rənglər üzərində qurulur: sarı, göy, qırmızı və yaşıl. Sarı rəng nəyin rəmzidir? Heç demə tarixdə “sarı sosialistlər” də olub. Olmaya “sarı jiletlilər” onların davamçısıdır? Bilməm. Ardınca xəyalımda bir şair “yetim-yetim saralır”. Rənglər qammasında (qırmızı – narıncı – sarı – yaşıl – mavi – göy – bənövşəyi) üçüncü rəng sarıdır. Sarı həm də dörd ana rəngdən biridir, qalanı törəmədir. Birisi də belə demiş: “Qalanı rəngidir”. Yaddaşım deyir ki, “...Hülakü xanın yürüşləri açıqdan-açığa müsəlman xalqlarına qarşı yönəlmiş amansız bir siyasətlə bağlı idi. Avropa xaçlılarının Hülakü xanı özlərinə müttəfiq sayması, onun Yaxın və Orta Şərqdə yapdığı qanlı işlərin “sarı xaç yürüşü” adlanması təsadüfi deyildir”. Rənglərin insana təsiri fərqlidir. Həyatımızın sarı rəngləri çoxdur... Bəlkə də dünyanın sarı piqmenti çoxdur. Sarı isti rəngdir. Ağılın və zehni gücün rəngidir. Rəng psixologiyası baxımından sarı rəng intellekt və yaradıcılıq rəngidir, yeni fikirlərin rəngidir. Mən COVİD-19-un qırmızı “tac”ına qarşı sarını qoyaram - mübarizə, güvən və optimizm rəngini. “Sarı jiletlilər” buna görəmi ayağa qalxıb?. Amma sarı rəngdə depressiya və melanxoliya da var. Limon sarısı.. yumurta sarısı... payızın qızılı sarısı... Puşkin demiş, “Осень - Унылая пора! Очей очарованье! Приятна мне твоя прощальная краса...”. Sarı qızılın rəngidir, qabaqlar qızıl pula elə “sarı” deyiblər. “Arvaddan bir dənə “sarı” alıb xırdaladım, bu evi tikdim” - Əmir kişi Sürəyya nənənin sandıqdakı qızıllarından birini alıb ev tikdiyini deyirdi. Bəs, “sarı cücə”? Cücə sarıdır, çünki yumurtadan təzə çıxıb. Nahaq demirlər ki, “o hələ cücədir, dimdiyinin sarısı getməyib hələ...” ...Sarı jurnalistlərin rəngidir... Mitinqlərə sarı jiletlərdə gedərlər. Əlbəttə, başlarına dəyən zopadan qorxmasalar. Sarı ərik - ən çox sevdiyim meyvədir. Sarışın saçlılar. Hə, bu ayrı məsələdir. Sarışın saçlılarla heç vaxt dil tapa bilmədim. Hamısı narsisdir, ona görə. “Möhtəşəm yüz il" seriyalındakı Hürrəm Sultan da hamıya tanışdır. Bu sarışın və ukraynalı gözəl Sultan Süleymanın ağlını başından almış, köləlikdən “sultanə” məqamına qədər yüksəlmişdi. Üç böyük irqdən biri də sarı irqdir. Mən, əlbəttə, irqi-ayrı seçkiliyə varmadan bunları yazıram. Göygöz, sarışın, hündürboylu adamlar – soyuq Skandinaviya ölkələrinin ən yaraşıqlı kişi tipi sayılır. Ümumdünya Sarışın Qızlar Günü – 31 May 2006-dan qeyd olunur. Sarı rəng həyat sevgisini simvollaşdırır. Sevinc və gülüş gətirir həyatımıza. Rəng spektrində müsbətdir, həyatın, nikbinliyin rəngidir. Xoş hisslər yaradır adamda, hərəkət simvoludur. Amma sarı çiçəklər ayrılıq rəmzi sayılır, nədən? Bəs, “sarı jiletlilər” niyə belə geyinir? Yəqin, etiraz, üsyan rəngidir həm də? Sarı Günəşin rəmzidir. Sarı rəng - Günəş ölkəsi Çində imperiyanın simvoludur. Amma Günəş batanda saralır... “Əzizim, olmayaydı, saralıb-solmayaydı..” – bir mahnımız belə qəribsəyir. Sarı ən görünən rəngdir (most visible)... Uzun müddət yadda qalır, uzaqdan tez seçilir. Sarı taksilər. Hə, yenə bu qadınlar! İndi hər rəngdə taksi olsa da, taksilər, əvvəllər sarı olub, indi də çoxdur. Bəs, niyə sarı? İxtiraçı Albert Rokuell 1907-ci ildə bir taksi istehsal etmişdi. Deyilənə görə, Rokuellin arvadı bu taksinin sarı rəngdə olmasını istəyib. Qadındı da, ona qarşı dura bilməzsən! Həmin vaxtdan taksilər dünyada sarı rəngə boyanır. Tədqiqatlara görə, sarı nəinki maşını tez tapmağa kömək edir, həm də nəqliyyatda təhlükəsizliyi artırır. Həyatımızın sarı seqmenti, sarı piqmenti çoxdur. Piqmentlər (lat. Pigmentum) kimyada narın tozlardır, onların da sarısı çoxdur. Şəhər küçələrində sarı rənglənmiş piyada keçidlərini yada salın, bu daha çox nəzərə çarpır... Paho!!! Məşhur “Nikoil Bank” adını dəyişib – “Yelo Bank” olub (Yellow ). Özü də bəyan edib ki, “sarı rəng həmçinin bankın yeni korporativ fəaliyyətinin rəmzidir” (?). Təəssüf, qaraciyərin, ödün funksiyasının pozulması sarılıq xəstəliyini yaradır. Bu da sarıdır... Mənbə deyir: “Buryatlar... dünyanı, bu dünyada olan varlıqları sarı rəngdə bilirmişlər. Ona görə də, torpağa məxsus çoxaltma, artırma amilini qadına da şamil etmiş və qadını – ananı sarı rəng, kişini – atanı isə gümüşü rəng anlamında düşünmüşlər. Mifə görə, Çingiz xanın ulu əcdadı – Günəşin sarı rəngli şüasından törəmişdir və elə sarı rəngdən törədikləri üçün xaqanlıq da yalnız bu nəslə məxsusdur”. “Sarı treskillinq” - dünyanın ən bahalı poçt markasıdır. “Treskilling” İsveç puludur, ingilislərin “şillinqi” kimi. “Treskilling” - 3 şilling dəyərində buraxılan həmin marka bircə dənə çap olunub, marka göy-yaşıl rəngdə çap olunmalı idi, SƏHVƏN 8 nominallı sarı rəngdə çap olundu... rənglər qarışdığından 3 rəqəmi səhvən 8 kimi çap olundu. Əlbəttə, sonra səhvi düzəldiblər. 1855-ci ildə çap olunmuş o bircə nüsxə markanın ştampı sarı rəngdədir, sonradan tapılıb... Həmin sarı marka 1978-ci ildə Hamburq auksionunda 1 milyon markaya satılıb. Çəkisi 0,03 qramdır. Bu marka çəkisi və həcminə görə də dünyada ən qiymətli hesab edilir. 2010-cu ildə o sarı marka İsveç hərracında 2,3 milyon ABŞ dollarına satılıb. Onu alanlar adlarının məxfi saxlanmasını şərt kimi irəli sürüb. Nə deyək? Qərbdi də, əli çox uzundu. “Sarı səhifələr” (Yellow Pages) – on-line, rəqəmli informasiya-sorğu marketidir, kreativ insanlar burada öz yaradıcılığını bizneslə birləşdirir, pul qazanır. Pul qazanmağın sarı rəngə dəxli varmı, bilmirəm. Sarı jurnalistika, sarı mətbuat. Həm də bulvar mətbuatı. Şayiələrə, sensasiyalara, feyk xəbərlərə, məşhur adamların həyatına dair qeybət və dedi-qodu səviyyəsində yayılan çap mətbuatıdır. Təhlükənin sarı (orta) səviyyəsi var. Terror təhlükəsinin sarı səviyyəsi - yüksəkdir. Koronovirus təhlükəsinin sarı (orta) səviyyəsi var. Mən qıpqırmızı koronovirus pandemiyasına qarşı “sarı jiletliləri” qoyuram, ay yarımdı məni evdə qalmağa məcbur edib. Qanunçuyam, ona görə. Bəs “sarı jiletlilər” kimdirlər? Niyə sarı jilet geyinirlər? Bir mənbə də belə deyir: “Bu sirrin ilk açması Avropada velosiped sürənlərin başqalarından seçilmək üçün sarı jiletdən istifadə etməsidir. Etirazçıların bu jiletləri geyinməsinin səbəbi isə benzinin bahalaşmasına görə avtomobil sürməkdən imtina edərək velosiped sürdüklərini hökumətə bəyan etmək olub. İkinci mənası isə hərəkatçıların sarı jiletlə bərabərliyi simvolizə etmələridir”. Sarı rəng gözləri ən çox yoran rəng hesab edilir. Mənsə sarıdan yazdım, halbuki, gözlərimi müalicə edirəm...
© 2020 - Created by İLK XEBER.