Şeirlər

Uşaqlığım Qayğısız günlərim sənli illərdə, Gənclik küçəsinə dönəndə qaldı. Fərqinə varmadım ey uşaqlığım, Şıltaq arzularım dünəndə qaldı. Şirin xəyallardan körpülər qurub, Sənli çağlarima çatmaq istədim. Bütün yorğunluğu alıb ruhumdan, Anamın qoynunda yatmaq istədim. Bitən uşaqlığım,budur sənintək, Ömür payımdan da gəncliyim bitir. Çıx , qatar yoluna onu qarşıla, Ömür qatarıyla  gənclik də gedir. Vidalaş o gedir gedərgəlməzə, Təzədən geriyə qayıtmaz daha. Aparır  içində xoş xatirələr, Dəyəri milyonluq qızıldan baha. GÖZLƏMƏ... Sevincdən, kədərdən çıxan yaşdısa, Sənə yanağımdan baxan yaşdısa, Sualım gözümdən axan yaşdısa, Getməyin cavabdır, sual gözləmə. Ümidsiz bir eşqə könül bağladım, Şirin xəyallarla coşub, çağladım. Gecələr ruhumla gizlin ağladım Küskün arzulardan xəyal gözləmə. Nə qədər sevgiyə yazılsa əsər, Sonunda həsrətin qazancı zəfər, Hər kəsin ömrünün bəlası kədər Yazılsa ömrünə vüsal gözləmə Şeir deyilmi? (Hüseyn Arif "şeir deyilmi" şeirinə nəzirə olaraq yazdım) Şair, səmadakı gözəlliyə bax, Buludlar axışı şeir deyilmi? Şimşəyin çaxması ,göy gurultusu Yağan yaz yağışı şeir deyilmi? Yaşıl xalısını sərərək düzə, Yaz öz gözəlliyin bəxş edir bizə. Təbiət gözəllik nəqş edir sözə Onun hər naxışı şeir deyilmi? Düzlər vida deyir qarlı dünənə, Bahar nur çiləyir yurda,Vətənə. Bülbülün çiçəyə, gülün çəmənə Eşq ilə baxışı şeir deyilmi? Hikmətdir çöllərin sərvəti varı, Çayların daşması bağların barı Ayın boylanmasi, ulduza sarı , Günəşin çıxışı şeir deyilmi?