Yeni şeirlər

Yoxluğunun heyfini Burda hava soyuqdur Orda günəş necədir? Ürəyim bir adamlıq, Sənin sevdan neçədir? Doğmalığın yad olub Şeirlərin üşüdür. Kimin qalan payından Azı mənə düşübdür. Yoxluğunun heyfini Hər kəsimdən çıxardım. Soyadını adınla Özgəsində çoxaltdın. Söylə görüm, adını Gözü dolu çəkirmi? İncidəndə ağrını Ciyərinə təpirmi? Bağışlama susanı, Səni tənha qoyanı. Xəyalını evinin Hər yerindən qovanı.   Uzaqda unudur insan Deyirlər, uzaqda unudur insan- Yığıb olanımı göz yaddaşından, Bax, indi gedirəm buluda sarı. Tanrım, ağrıyırmı sənin də solun? Bəndən sevgisini böləndə yarı... Çəkdiyin siqaret məni zəhərlər- Mən sənin dərdinlə çəkirəm səni, Sən özgə dərdindən tüstü udanda. Tanrım, göynəyirmi sənin də köksün? Birisi yanında yerin tutanda... Oturdub dizinə körpə qızını, Məni nağıl edib xatırlayarsan. Düşən almaları bölüb üç yerə- Mənim də payımı ona verərsən... Tanrım, beləmi olur insan sevəndə? Payını susaraq verib gedərsən... Özgə komasına girən sərçəyəm Gəl səpil yaxama bir ətir kimi Nimdaş sənsizliyi soyunum daha. Min ildir getmisən əyni nazikəm, Gəl ki, nəfəsini geyinim daha. Sənsiz ev olmadım, yuva olmadım Özgə komasına girən sərçəyəm. Gəl, uçur bu evi, yenidən tikək, Sənsiz uçuq-sökük, tənha küçəyəm. Yüz ildir əllərim açılıb sənə Tanrı görən yeri tapa bilmirəm. Gəl, birgə axtaraq göyün üstünü Allahsız mən sənə çata bilmirəm. Soluna başqası köçün salarsa Mənim bir ovucluq yerimi saxla. Saçımda ağarsa sənsiz illərim Səndən o tərəfi ölümə bağla.