Qabil - o dünyadan birinci məktub

Xalq şairi Qabilin ölümündən 3 il sonra Azərbaycan Yazıçılar Birliyinin ensiklopediyasını hazırlayan “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovdan Qabilin evinə məktub gəlibmiş. Məktubda Qabildən ensiklopediya üçün özü haqda məlumat yazib göndərməsi istənilib. Şairin oğlu Mahir Qabiloğlu atasının adından “o dünyadan” Teymur müəllimə məktub yazib. "Hörmətli Teymur müəllim! Göndərdiyin məktubu aldım. Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 75 illiyi münasibətilə məni yada salmağından çox təsirləndim. Yaxşı ki, məktubun üstündə 2 ünvan yazmısan: Bilmirdim ki, Hüsü Hacıyev küçəsinin adını dəyişib “Azərbaycan” qoyublar. Yəni keçmiş Bazar küçəsi Azərbaycan olub. Eşq olsun Hacıbalaya. Verdiyin suallara cavab göndərməyi özümə borc bilirəm. “Ensiklopedik məlumat kitabı” çıxandan sonra ondan bir konteyner göndərərsən bura. Xaqanidən Bəxtiyar Vahabzadəyə qədər hamı bu kitabın çıxmasını böyük intizarla gözləyir. Narahat olma sərhəddə nə “rastamojka” var, nə də rüsum. Sənin məktubunu alanda çox da təəccüblənmədim. Bu yaxında “Azərsu”nun prezidenti də məktub göndərmişdi. Deyir ki, bəs Qabil, 1996-cı ildən 400 manat borcun qalıb, hara aradan çıxmısan. Kvitansiyaları soxdum gözünə əl çəkdi. Sənin niyyətin yenə yaxşıdır. Pul-zad istəmirsən. Sadəcə, cavab umursan, vəssalam. Suallarına cavab verirəm. Ancaq 2 ədəd, 6-9 ölçüdə, ağ-qara fotoşəklimi göndərə bilməyəcəyəm. Çünki burada hamı o qədər nurludur ki, nurumuz lenti yandırır. Texnologiya da o qədər inkişaf etməyib ki, bizim əksimizi çəkən lenti icad eləsin. Yatanda hər ehtimala fotoaparatı yanında qoy. Hamılıqla yuxuna girəcəyik, onda çəkərsən. Telefon nömrəsini neyləyirsən. Onsuz da zəng edən deyilsən. Bir də Yazıçılar Birliyinin 80 illiyində yada salacaqsan. Anara, Elçinə, Fikrət Qocaya və Çingiz Abdullayevə məndən salamlar. Qəbirüstü abidəmi ucaltmağa kömək etmədiklərinə görə incimirəm. Başlarına gələndə onsuz da başa düşəcəklər. Amma mən olsaydım, 4 nömrə Hökumət telefonunun yanından kənara çəkilməzdim. Onlara iki heykəli birdən qoydurardım. Birini Fəxri Xiyabanda, birini də doğulduqları rayonda. Suallarına nömrə ardıcıllığı ilə cavab verirəm.
  1. İmamaverdiyev Qabil Allahverdi oğlu.
  2. Təxəllüsüm - QABİL
  3. Peşəm - Şair
  4. Elmi dərəcə və rütbəm yoxdur.
  5. Fəxri adlarım - Əməkdar İncəsənət xadimi. Müstəqil Azərbaycanın ilk Xalq Şairi.
  6. Doğulduğum tarix - Bakı şəhəri, 12 avqust 1926-cı il
  7. İlk mətbu əsərim - “Gəl baharım” şeri. Ədəbiyyat qəzeti, 4 aprel 1944-cü il. 4 aprel həm də bura köçən günümdür.
  8. Təhsilim - V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu. Filologiya fakültəsi. Azərbaycan dili və ədəbiyyatı müəllimi.
  9. 1944-cü ildən SSRİ Yazıçılat İttifaqının üzvü.
  10. İşlədiyim yerlər – Az.TV, “Ədəbiyyat və İncəsənət” qəzeti, “Azərbaycan” jurnalı. 1976-cı ildən 2007 –ci ilə qədər azad sənətkar.
  11. Ünvanım - Axirət Respublikası, Cənnət şəhəri, Dünya Yazıçılar Birliyinin azərbaycanlı sədri. 4 aprel 2007-ci ildən bəri ömrünün axırınadək.
  12. Xarici səfərlər - İtaliya, Türkiyə, İraq, Çin.
  13. Son vəzifəm - Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri.
  14. Milli Məclisin deputatı olmamışam. Seçilməyə qoymadılar. Ara yerdə 14 şirvanım batdı. Heydər Əliyev tapşırdı Rəsul Quliyevə, o da qaytarmadı. Eybi yox. Əvvəl axır düşəcək əlimə.
  15. 12-ci bənddə dedim də…
  16. Azərbaycan SSR Dövlət Mükafatı, “Şöhrət” və “İstiqlal” ordenləri. Ən böyük əlamətdar hadisə o dünyadan yenə də məktublar almağım. Qoymurlar da sakit oturum.
  17. Kitablarım o qədər çoxdur ki, sayı yadımda deyil.
QEYD: Hörmətli Teymur müəllim. Yəqin ki, bütün suallara tələb etdiyin kimi diqqətli oldum və aydın cavab verdim. İmza qoymuram. “Qabil” yazsan tanıyacaqlar. Məktubumun vaxtında çatması Hinkir-Minkirdən və “Azərpoçt”dan asılıdır. Eşitmişəm “Azərpoçt” çox inkişaf edib. Bu dünyaya da əlləri çatır. Qorxuram ki, buraları da gəlib internetə qoşalar. Sonra hamı bura gəlməyə növbəyə dayanacaq. Öz qəzetində élan ver ki, can atmasınlar. Cənnət şəhəri qapalı şəhərdir. Hər adamı propiska etmirlər. Cəhənnəm şəhərində isə yer çoxdur. Bəxtiyardan, Cəlaldan, Nəbidən, Sabirdən, Hüseyndən, Rəsuldan, İlyasdan, Əmirdən, Mədinədən, Nigardan, Şəhriyardan salamlar. Buraları çox təriflədim. Nəbadə… şirniklənib eləyərsən a…Bura köç eləyəni bizi yada salan tək sən olmusan. Sən bizim o dünyada korpunktumuz ol. Əbədi və sədaqətli.  Hörmətlə QABİL"