Koronavirusun ölkədə yayılması səbəbi ilə teatrlar fəaliyyətini dayandırıb. Hazırda aktyorlar karantin günlərini evlərində qalaraq, məşqlərini onlayn keçirirlər. Teatrlar qapalı olsa da, bəzi günlərdə teatrların rəhbərliyi, işçiləri sevimli məkana baş çəkirlər.
Biz də musavat.com-un əməkdaşları olaraq, Bakı Uşaq və Gənclər Teatrının açıq olmasını fürsət bilib, teatra yollandıq. Qapıda bizi teatrının mətbuat işlərindən məsul olan Leyla xanım qarşıladı. O, bildirdi ki, aktyor heyəti evdə qalsa da, bəzi günlərdə teatr rəhbərliyi və əməkdaşlar “8103” nömrəsinə SMS göndərək, icazə alır və doğma məkana baş çəkir. Bu gün də həmin günlərdən biridir.
Məlumat üçün bildirək ki, Bakı Uşaq və Gənclər Teatrı Qaraçuxur Mədəniyyət Evinin daxilində yerləşir. Teatrın özünə məxsus binası yoxdur. Dəfələrlə şəhər mərkəzinə yaxın yerlərdə bina verilməsi üçün aiddiyyatı qurumlara müraciət edilsə də, müsbət cavab ala bilməyiblər.
Həmsöhbət olduğumuz teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan bildirdi ki, karantin günləri olsa da, aktyorlar evdən festivala hazırlaşır: “Karantin günlərində 100-dən artıq materialı onlayn olaraq, “Youtube” kanalımız vasitəsi ilə teatrsevərlərə təqdim etdik. Karantin bitəndən sonra mono tamaşalar festivalı keçirmək qərarına gəlmişik. Bizim təcrübəmizdə festival ənənəsi var. Bu, dördüncü festival olacaq. Yeganə variantımız mono festivaldır. Çünki aktyorlar evdə tək işləməyə məcburdur. Aktyor heyətimiz səhnə üçün darıxıb. Onların içərisindəki sənət eşqini söndürmək olmaz. Biz də festivalla bağlı Teatrlar İttifaqına, digər teatrlara müraciət etmişik. Səsimizə səs verməyə başlayıblar, bəzi teatrlar festivalda iştirak edəcəklərinə söz veriblər. İstəyirik ki, bu işə bütün teatr camiəsi qarışsın. Bütün aktyorlarımız canla-başla işə başlayıblar, onlayn bir-birilərinə yardım edirlər”.
- Təqdim etdiyiniz onlayn tamaşalara maraq necədir?
- Biz milli mentalitetimizə nəzər salaraq, acgöz olduğumuzu etiraf etməliyik. Bəzi məmurlarımız var ki, nə qədər pulu olsa da, daha çox pul istəyir. Biz də nə qədər tamaşaçı çox olsa da, daha çoxunu istəyirik. 15-20 min arasında tamaşaçı izləyib. Bu, az deyil. Ömürboyu təkərlər üzərində olan teatr olmuşuq, hər zaman biz tamaşaçının yanına getmişik. Həm də bizim məkan teatr üçün yararsızdır.
- Məkanla bağlı aidiyyatı qurumlara müraciət etmisinizmi?
- Müraciət etmək səndən-sənə şikayət etmək kimi bir şeydir. Bütün azərbaycanlılar bilir ki, Bak Uşaq Teatrının yeri yoxdur. Bunu bütün məmurlar da bilir. Mən bina problemimizi kimə deməliyəm? Mən özüm üçün yer istəyirəm? Bütün dünyada diqqəti çəkən teatrlar uşaqlar üçün olanlardır. Azərbaycanda isə əksinədir. Mən digər həmkarlarımızın əziyyətini yerə vurmuram. Amma biz uşaqların maariflənməsi üçün çalışırıq. Bir aktyor bura gələnə kimi iki saat vaxt sərf edir, mən tamaşanın məşqini saat neçəyə salmalıyam ki, aktyor gəlib çatsın? Teatra gələnədəki təyyarədən başqa bütün nəqliyyat vasitələrindən istifadə edirik. Uşaqlara diqqət ayıran insanları bu cür incitmək olmaz. Biz mədəniyyət evinin binasında yerləşirik. Onların dərsi olan zaman biz məcbur qalıb zalı və səhnəni boşaltmalıyıq.
- Məkanın uzaq olması ilə bağlı tamaşaçı qıtlığı yaşayırsınızmı?- Bu hadisələr tarixdədir. Koronavirus məsələsinə qədər həftədə bir dəfə tamaşa oynayırdıq. Özümüzü isbatlamaq, burada teatr olduğunu göstərmək üçün bunu edirdik. Əgər mədəniyyət evində tədbir olmasa, biz tamaşa oynayırdıq. Təbii ki, tamaşaçı qıtlığı yaşayırıq. Teatr deyəndə Qaraçuxurdakı tamaşaçı durub, Bakıya gedir. Amma şəhərdən çox nadir hallarda kimsə Qaraçuxura gəlir. Tamaşaçılar bir dəfə gələndə davamlı gəlmək istəyir. Onlar bizim onlara olan münasibətimizdən çox razıdırlar. Teatrı məkanı, binası ilə tanıyırlar. Hansısa teatrın adını çəkəndə ilk olaraq beyində onun binası canlanır. Aktyor görəndə ki, hansısa teatrının istedadca ondan aşağı olan aktyorunun öz kabineti var, onun isə oturmağa stulu belə, yoxdur, həvəsdən düşür, insan kimi içdən qırılır.
- Sizin teatra olan bu münasibətin səbəbi nədir?
- Bilmirəm. Bu sualın cavabını bizə bina verməyənlərdən soruşun...
- Son günlər DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan yəqin ki, xəbəriniz var. Bu haqda nə deyə bilərsiniz?
- Əbülfəs Qarayev də açıqlama verəndə dedi ki, nə isə demək mümkün deyil, istintaq gedir. Mən təəssüflənirəm ki, mənim də təmsil etdiyim qurumda belə bir hadisə baş verdi. Mən yerimi bilən adamam, sözümün namusunu qoruya bilirəm. Elə sərhəd var ki, özümə onu keçməyə icazə vermirəm. Rafiq Bayramovla bir dəfə də görüşməmişəm. Bu barədə nə danışacağımı bilmirəm. Bütün sosial, ictimai hadisələrə, problemlərə fikir bildirməkdən çəkinməyən adam olaraq, konkret fikrim olsaydı, deyərdim. Bəlkə də bilmədiyimiz çox şeylər var. Mədəniyyətin Nazirliyinin adının belə işlərdə hallanması təəssüfedicidir.
- Karantin günləri teatra hansı zərbələri vurdu?
- Bu günlərdə ən böyük zərbə teatrlara dəydi. İnsanlar xəstəlik qorxusu yaşayanda, biz o qorxunu içimizə çəkib, insanlara müsbət enerji ötürürük. Televiziyada hər kəs işləyə bilər, kinoda hər kəs çəkilə bilər. Kinoda çəkilmək üçün peşəkar olmaq lazım deyil. Elə kinolar var ki, baş rolda heyvandır. Teatrda yalnız peşəkarlar işləməlidir. İnsan kimi peşəkar olmaq vacibdir. Sən səhnədə canlı ünsiyyətdə olursan, 1-2 saat başqa qiyafəyə bürünürsən, başqa insanın dünyasını təqdim edirsən. Bu tamaşaçının gözü qarşısında olur. Texnologiyanın inkişaf etdiyi vaxtda qarşımda oturan uşağı inandırmalıyam. İndi anası onu inandırıb, sulu yemək yedizdirə bilmədiyi vaxtda mən təbii hökmdar roluna uşağı inandırmalıyam.
- Teatr binasını, zalı, səhnəni boş gördüyünüz zaman hansı hissləri keçirirsiniz?
- Çalışıram ki, zala girib, boş olduğunu görməyim. Amma zala girməyəndə nəfəs darlığı yaşayıram. Bütün aktyorlar dediyimi təsdiq edərlər. İstənilən hərarətdə olan aktyor səhnəyə çıxanda temperaturu enər, təzyiqi normallaşar. Teatrın binası olmasa da, səhnəni, zalı boş görəndə acınacaqlı hisslər keçirirəm.
Musavat.com