Qafar Çaxmaqlı Aqil Abbasa cavab verdi: “Əlimizi əlimizin üstünə qoyub oturaq, heç nə eləmiyək”?

Məlum olduğu kimi mayın 10-da Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan olunub. Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkil etdiyi video-konfransdakı müzakirələrdən sonra elan edilən Təşəbbüs Qrupunun sədrliyinə ermənişünas alim, politoloq Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı seçilib. Q.Çaxmaqlı mövzu ilə bağlı mətbuata verdiyi müsahibəsində bildirib ki, bu ideya artıq 30 ilə yaxın bir müddət ərzində cəmiyyətin gündəmində olub. Ayrı - ayrı adlarla elan olunsa da, bir çox səbəblərdən ciddi şəkildə bu işi reallaşdıran olmayıb. Qərbi Azərbaycanla bağlı yaranan təşkilatlar da beynəlxalq miqyasda bir fəaliyyət göstərə bilməyiblər. İdeyanın indi gerçəkləşməsi üçün təşəbbüs göstərilməsinin bir səbəbi də ondan ibarətdir ki, Ermənistan deyilən ölkə bizim torpaqlarımızda özlərinə dövlət qurmaqları yetmir, bizim torpaqların hesabına 1918-ci ildə 9, 7 min kvadrat kilometrdən 29 min kvadrat kilometrə çatdırırlar, üstəlik, torpaqlarımızı işğal altında saxlamaqdadırlar. Qeyd etmək lazımdır ki, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan olunması istər Azrbaycanda, istərsə də, onun sərhədlərindən kənarda xeyli maraqla qarşılanıb. Bu təşəbbüs yazılı və elektron KİV-də intensiv şəkildə müzakirə olunmaqdadır. Yeni qurumun yaradılmasını dəstəkləyənlərin sayının çox olmasına baxmayaraq etiraz edənlər də var. Məsələn, Milli Məclisin deputatı Əziz Ələkbərlidən sonra onun ikinci həmkarı Aqil Abbas da bu ideyaya qarşı çıxıblar. A.Abbas “Yeni Musavat”-a açıqlamasında deyib ki, 1920-ci il aprelin 28-də Rusiya Azərbaycanı işğal edəndə mühacirət hökumətini yaratmaq olardı: “Onda Azərbaycan dövləti vardı, xaricdə mühacirət hökuməti yarada bilərdilər. Yəni qanun budur. Ermənistanda hökumətimiz, baş nazirimiz, nazirlərimiz olmayıb axı. Çox mənasız söhbətdir. Hətta deyirlər ki, parlament yaradıb deputat seçəcəyik. Hamısı nağıldır”. Aqil Abbas hesab edir ki, bundan ermənilər istifadə edib Türkiyəyə qarşı təzyiq göstərəcəklər: “Həm də dünya baxıb bizi lağa qoyacaq. Qafar Çaxmaqlı, dostum, evindən çıxıb mağazaya gedib çörək ala bilmirsən, Qərbi Azərbaycan Respublikası yaradırsan? Dövlət içində dövlət yaradırsan? Sənin daxili işlər nazirin, qoşunun olacaq? Olubmu sənin Ermənistanda hökumətin? Uzaq başı kolxoz sədri, qəzet redaktorları, ikinci katiblər olmusunuz. Vaxtilə vəzifədə ermənilər olub. Onda ermənilər Ermənistan Azərbaycan Mühacirət Hökuməti yaradacaqlar. Özü də onlardan vəzifəli adamlar daha çox idi, nazirlər, Mərkəzi Komitənin katibləri, nazir müavinləri vardı, onların imkanları daha çoxdur. Qafar Qaxmaqlı, çox sevdiyim, ağıllı adamdır, bilmirəm niyə belə edir...” Bu deyilənlərə Qafar Çaxmaqlı da öz növbəsində özünün feysbuk səhifəsində cavab verib. Təşəbbüs Qrupunun sədrinin fikirlərini olduğu kimi təqdim edirik: “Özümə söz vermişdim ki, indi gündəmdə olan Mühacirətdə Qərbi Azərbaycan (irəvan) Respublikasının elan olunması ilə bağlı deyilən fikirlərə cavab verməyəcəm. Bu məsələyə münasibətdə qısqanclq eliyənlər, anlamayanlar, tapşırıq yerinə yetirənlər var. Bunu da qəbul edirəm ki, nə qədər insan varsa o qədər də fikir var. Amma deyilən fikir, Türklər demiş, yapıcı deyil, yıkıcı olanda ona cavab vermək ehtiyacı olur. Amma dəyərli dostum Aqil Abbasın həmişəki çılğınlıqla yanaşmasına bir neçə kəlmə söyləmək zorundayam. Ay Aqil, deyirsən ki, belə bir respublikanın elan edilməsinə görə bizi dünyada lağa qoyacaqlar. Sənin dediyin o dünya niyə bu erməniləri lağa qoymur? onlar çoxdan "Qərbi Ermənistan Respublikası" deyilən qurumu yaradıblar, xəbərin varmı? Neçə dəfə qurultay keçiriblər, 101 nəfərdən ibarət parlamentini seçiblər, Məclis sədri var, Baş naziri var, Prezidenti var və Türkiyənin Şərqi Anadolu vilayətlərinə iddiaları ortaya qoyublar... Üstəlik Qarabağı işğal eliyib oturublar üstündə. Niyə onları lağa qoymurlar. Şərqi Anadolu onlarındı? Qarabağ onlarındı? Naxçıvan onlarındı? Ahıska onlarındı? Sən bunları bilmirsən, çünki sənin o dediyin dünyadan heç xəbərin yoxdu. Deyirsən ki, Ermənistanda hökumətimiz, baş nazirimiz, nazirlərimiz olmayıb axı, kolxoz sədri olub, ikinci katib olub və s. Ermənilərin Şərqi Anadoluda nəyi olub ay Aqil? Burada heç vaxt erməni dövləti deyil, heç onun izi-tozu da olmayıb, amma burada ermənilər yaşayıb deyə indi ortaya iddia qoyulur, saxta-suxta sənədlər çıxarıb dava döyürlər. Bizimsə 1828 işğal faktı ortada , İrəvanın Ermənistana verilməsi ilə bağlı 1918-ci il 29 may 3 nömrəli protokolumuz ortada, 1947-ci il 23 dekabr SSRİ Nazirlər Sovetinin qərarı ortada. Deyirsən heç bunu dilə də gətirməyək? Bizim sənin Ermənistan dediyin Qərbi Azərbaycanda dövlətimiz isə, biləsən olub! Sən niyə kolxoz gözü ilə, kolxoz təfəkkürü ilə baxırsan? İrəvan xanlığı nə idi bəs? Onun sərhədləri, bəlli ərazisi, mahalları, paytaxtı, pul vahidi, dövlətə aid hər şeyi vardı. Sən 1920-dən danışırsan, Bu dövlətin varlığına 1920-də yox ,1828-də son verilib, işğal olunub. Əlbəttə, sən bunları bilirsən amma bilmədiyin bir şey də var ki, o da siyasət elmidir. Bax indi sən bu mövqeyinlə onsuz da bu günlərdə tankı - topu ilə üstümüzə gələnlərəin əlinə oynayırsan. Dəlinin yadına daş salırsan və sənin sözün yalnız yazıçı, jurnalist Aqil Abbasın deyil, millət vəkili Aqil Abbasın mövqeyi kimi qəbul edilir. Nə həddimə, sənə ağıl qoymaq, amma bir az da dediklərinə ermənilərin gözü ilə baxsan yaxşı olar. Nə deyirsən Aqil, deyirsən əlimizi əlimizin üstünə qoyub oturaq, heç nə eləmiyək? Gözləyək ki, Ermənilər Naxçıvanı da alsın, sonra Gəncəbasarı... "Böyük Ermənistanı " qursun? Əziz dostum Aqil, biləsən ki, neçə dəfə elan olunub kağız üzərində qalan təşəbbüslərdən fərqli olaraq bu dəfə çox ciddiyik... Səndən də bu məsələdə ciddi olmağı bir dost kimi tələb etməyə haqqım çatır ... saygılarla”.