Qədim bir əsatirə görə, uca Qaf dağında Simurq adlı bir quş yaşayırmış və o, əbədi odlara yanırmış, yanırmış və öz külündən yenidən yaranırmış ... Bu yazını çoxdan yazmışam, lap çoxdan, qədim dövrlərdə. "Avesta"da adı gedən "qızıl dövr" idi, deyəsən, onda. Onda insanlar bir-birlərinə çox güvənər və inanardılar. Onda hər səhər günəş adamların üzünə gülümsəyirdi və bu gülümsəmədən insanların ürəyinə işıq və İlahi bir eşq - İNAM nuru düşərdi. Onda uzaqlar da yaxın idi, doğma idi. Doğmalıq fikir dünyasında eyni düşüncənin, yaxın talenin doğmalığından doğmuşdu sanki. Eyni cür düşünənlər özlərini doğma sanırdılar. Dünya da bir şirin yuxuya bənzəyirdi, deyəsən. Onda pəncərələrə pərdə tutmazdılar, yağan yağışlar pəncərələrin pərdəsi olardı. Səhərlər pəncərələrə sərçələr gonardı və onlar adamlardan qorxmaz, çəkinməzdilər. Adamlara inanardılar balaca, vəfalı, sadiq, ürkək sərçələr. Hər axşam göydən 3 alma düşərdi. Adamlar bu almaları yeməzdilər, eləcə gözəlliyinə tamaşa edər, qəlblərinə gözəllik İŞIĞI düşərdi. Onda çiçəklər min bir rəngdə açardı, lalələr qıpqırmızı olar, bağrı yanıq olmazdı. Yağışlar da aramla, narın-narın yağardı, güllü-bülbüllü bağçalara həyat verərdi ondakı yağışlar. Bülbüllər fəğan etməz, ayrılıq mahnısı oxumazdılar onda, sevincdən cəh-cəh vurardılar. Onda hələ ətirli bağları, güllü bağçaları, abad könülləri qəfil, nagahan əsən küləklər viran qoymamış, amansız dolu bağları döyüb baş-gözünü yolmamıs, aramsız yağan leysan Arpa çayını aşırıb-daşırmamışdı. Onda hələ Sara əlacsız qalıb özünü coşub-daşan Arpa çayına atmamış, çay da onu bu inamsız dünyadan götürüb qaçmamışdı. Nə Muğan, nə də Qarabağ nahaq qana batmışdı onda... Onda hər kəsdə, hər yerdə bir güvən, bir inam vardı. Onda hələ "səhv", "aldanış" sözü yox idi adamların leksikonunda, bir inanma var idi yer üzərində, bu inanma bir həyat dərsi idi, İşıq idi, Ümid idi, İnam idi - Müqəddəs İnam. ...Bir az müqəddəs İnamdan danışım. İnam insan həyatının bir hissəsi, ona bilavasitə təsir edən amildir. İnam olmayan yerdə insan yaşaya bilməz, ölər! Mütləq ölər, Vallah, cismən olmasa da, mənən ölər. İnam insanı daim ayaqda, dik, başıuca saxlayar, bir ömür boyu. O, insana ruh, qol-qanad verər. Həyatını gözəlləşdirər, güclü və yenilməz edər. Hətta möcüzələr yaradar. Şeir yazdırar, mahnı oxudar, nəğmə qoşdurar. İnam insana cəsarət, özünə hörmət bəxş edər. Deyirlər, yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. Demək, inamsız insan yolu gedə bilməz, azar, qaranlıqda qalar. İnsan özünə inananda riskə getməkdən və yeni şeylər sınamaqdan da qorxmaz. Özünə inam xoşbəxt və uğurlu bir həyat üçün çox vacibdir. Bəxtin iki övladı olub, deyirlər: biri İnam, biri isə Ümid. İnam və Ümid olan yerdə xoşbəxtlik olar həmişə. Nəyəsə inandıqda və özünə unanıldığını görəndə insan xarüqələr yaratmağa qadirdir. Bir dəfə qızım atasına ad günü təbrikində yazmışdı: "Sən mənə dünyaları bəxş etmisən, ata, mənə heç kəsin bəxş etməyəcəyi bir sevinci vermisən. Bu, odur ki, Sən mənə inanmısan, mənə güvənmisən və bu da mənə dünyaların sevincini bəxş edib!" Düzü, qızımın yazdığı bu cümlə mənə çox təsir etdi, düşündürdü... Sevinc və İnam! İnamsızlıq və Kədər. İnam insana nə qədər böyük sevunc bəxş edirsə, inamsızlıq da bir o qədər böyük kədərə mübtəla edərmiş. İnsan ona inanılmadığını görəndə çox qırılar, özünün də insanlara inamı azalmağa başlayar, tükənərmiş. Ən dəhşətlisi odur ki, insanda kiməsə və ya nəyəsə inam itə, heç inam qalmaya. Bax bu bəşəriyyətin faciəsi olar ! İnsanlığın ölməsi olar. İnamsız adam qeyri-müəyyənlikdə qalar, qeyri -müəyyənliyin oduna yanarmiş. Hardasa oxumuşdum ki, ən dəhşətli şey elə qeyri-müəyyənlikmiş... Qeyri-müəyyənlik də elə inamslzlıqdır. İnamsızlıq bəzən ürəyindən keçəni yox, başqa sözü dedirər adama. Söz də quş kimidir axı, ağzından çıxdısa, geri qaytara bilməzmişsən. Nə qədər peşman olsan da... Bu zaman ürəyindən keçirib ifadə edə bilmədiyi sözlər də gözlərinə dolar adamın və mirvari dənələri kimi gözlərindən aşağı süzülər, hey süzülərmiş. Və onda ürəyi boşalarmış, bomboş qalarmış adamın ürəyi. Nə söz, nə kin-küdurət, nə inam, nə inamsızlıq qalarmış... Heç nə. Verilən fərmana boyun əyməkdən başqa çarə qalmazmış. Talan olmuş viranə boş bir ürək. Bir boş qalan ürəyin şivənin edərmiş göz yaşları da... Ürəyindən güclü bir yağış yağarmış. Heç bir təbiət hadisəsi ilə müqayisə ediləməz bir yağış, bir tufan, bir şimşək çaxarmış ürəyində. Təbiətdəki tufan, yağış nədir ki?! Hər şeyi, demək istədiyi sözləri də yuyub-apararmış qəddarcasına... Ölüb, yenidən dirilərmiş insan - lap yanıb öz külündən törəyən Simurq kimi ... Qədim bir əsatirə görə uca Qaf dağında Simurq adlı bir quş yaşayırmış və o, əbədi odlara yanırmış, yanırmış və öz külündən yenidən yaranırmış... Və o hər dəfə yenidən yarandıqca qəlbindəki yanıb məhv olmuş sandığı İnam da onunla birgə yenidən yaranarmış... Bu da İnam haqqında əfsanənin sonu...
© 2020 - Created by İLK XEBER.