Aşiqin Məşuqu qarşısında imtahanı

Rəsul Mirhəşimli
Həyatın mənası Eşqlə anlaşılır. Eşq də mərifətlə gerçəkləşir. Ramazan ayı Aşiqin Məşuqu qarşısında imtahanıdır bu baxımdan. Eşqlə mərifət bir-birinə sarılarsa, birlikdə yüksələr. Mərifət artıqca eşq artar, eşq yüksəldikcə mərifət yüksələr.
Hz.Mövlanə eşqi mərifətin mərkəzinə qoyaraq, mərifətə yetişməklə ibadətin önəminə diqqət çəkir. Xüsusilə, orucu mərifətə yetişdirən özəlliyi üzərində durur və deyir:
"Oruç tutaraq, pis xasiyyətlərdən təmizlənər, ərmiş (yetkin) insanların ardınca düşər, göylərə yüksələrsən. Orucun məna atəşiylə şam kimi yanar, nur olarsan”.
Ariflərə görə, oruc üç cürdür:
1.Xalqın orucu: Bəlli zaman çərçivəsində yemək-içmək və cinsi münasibəti tərk edən ibadətdir.
2. Xasların orucu: Əl, ayaq, göz, qulaq, dodaq və bədənin bütün əzalarının orucudur.
3. Xaslar xasının orucu: Allahdan başqa hər şeyi tərk etmək anlamına gələn batini könül orucudur.
Hz.Mövlanə “Divani-kəbir”də Ramazan ayını dəyərləndirərkən bu ifadələrə yer verir:
“Ramazan gəldi, eşq və iman padşahının bayrağı yetişdi. Artıq maddi ruzilərdən əlini çək, çünki göylərdən mənəvi ruzilər gəldi. Can süfrəsi quruldu. Təbiətimizin istəklərinin əl-qolu bağlandı. Eşq və iman ordusu gəldi.
Madam ki, könül evinə müsafir olaraq can gəldi, onun uğruna bütün bədənimizi qurban edək. Səbr xoş bir buluddur. Ondan hikmət və mənəvi lütf yağar. Bu səbəbdəndir ki, Quran səbr ayında nazil olmuşdur. Bizi günahlar işləməyə təşviq edən nəfsimiz arınmağa möhtacdır. Ramazan gəlincə günah zindanının qapısı qırıldı. Can nəfsin əsarətindən xilas oldu. Meraca çıxdı, Sevgiliyə qovuşdu. Bu mübarək ayda könül də boş durmadı, ümidsizliyin qaranlıq pərdəsini yırtdı, göylərə uçdu. Can zatən bu kirli dünyaya mənsub deyildi. Mələklərdəndi, onlara yetişdi”.
Allah orucunuzu qəbul, dualarınızı müstəcəb etsin!