Nazirlər Kabineti “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nı təsdiq edib.
Qaydaya əsasən, özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq, özünüməşğulluğa cəlb edilirlər. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
Həmçinin özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:
- özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;
- əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;
- özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;
- seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında
verilməsi;
- özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.
Qaydaya əsasən, özünəməşğulluğun təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsizkimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz kimi qeydiyyata alınmış şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir. Eyni zamanda özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər vəməlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin yerli qurumları və ya DOST mərkəzləri ( Mərkəz) tərəfindən verilir.
Qaydaya əsasən, məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, işaxtaran kimi qeydiyyata alınan zaman verilir.
İşsiz şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə təlimlərə cəlb olunurlar. İşsiz şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir. İşsiz şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 iş günü müddətində işsiz şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir. Qiymətləndirmə Agentliyin yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar tərəfindən həyata keçirilir. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər. Komissiya Agentliyin yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir:
- özünüməşğulluğa cəlb edilir;
- özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ var.
İşsiz şəxsin bu qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin yerli qurumları və ya Mərkəz arasında 2 il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan
keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10 iş günü müddətində elektron kabinetində yerləşdirməlidir. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 iş günü müddətində Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.
Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən 2 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.
Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 ay əvvəl eyni (analoji) əmlak üçün sı Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən satılır.