Süleyman Abdulla poeziyası- həyatın rəngləri

  Görəsən,  bəşər övladı doğulan anda həyatı hansı rəngdə görür?  Yəqin həmin an çağa ancaq Günəşin işığını  görür. Gözləri qamaşan  kimi ağlamağa başlayır . Niyə ağlayır? Bəlkə həyatın “işıq(sız)lıq” anından qorxub geri qayıtmaq istəyir qayğısız doqquz  aylıq səltənətinə? Görəsən, həqiqətin həqiqət, yalanın yalan, sevincin sevinc, kədərin kədər, sevginin sevgi, nifrətin nifrət rəngi olduğunu nə vaxt anlayır insan? Bəlkə ana bətnindən? Gözəlliyin rəngi gözəlikmi, eybəcərliyin rəngi eybəcərlikmi? Ana bətnindən bunları bir – birindən ayıra bilənlər Tanrının kefikök vaxtında doğulan bəxtəvərlərdirsə, əsl Söz Adamları belə bəşər övadları deyilmi? Bu istedad Tanrı vergisidirmi? Ağlı – qaralı dünyada ağ ilə ağappağın, qara ilə qapqaranın sərhədləri haradan başlanır, harada qurtarır? Bu qarmaqarışıq  suallar labirintində “giriş qadağandır”, “keçid qadağandır” işarələrinə məhəl qoymadan mətləbə keçid edərək düşünürəm:  ancaq əsl vunderkindlər öyünə bilər ki, “min çalarda görmüşəm həyatın bozluğunu”. Əsl  şairlər də vunderkinddir. Çünki “onların Tanrısı gözəllikdir, sevgidir” (Hüseyn Cavid). Adi yaradılmışlardan fərqli olaraq fitrən şair doğulanlara yaradan  həyat spekrində yeddi yox, bəlkə də 777  rəng görmək qabiliyyəti verib. Çağdaş poeziyamızda  öz dəst- xətti, özünəməxsus üslubu olan, oxucuda “bu misra onundur!” əminliyini yaradan şairlərdən biri Süleyman Abdullanın yaradıcılığını  Azərbaycan təbiətinə bənzədirəm. On bir iqlim tipindən doqquzuna sahib olan Vətənimizin dağı da, aranı da, quşqonmaz, bəyaz çalmalı zirvəsi də, okean səviyyəsindən aşağı düzənlikləri də, cənnət çəmənlikləri də, zümrüd meşələri də rəngbərəng sənət əsəridir. Süleyman Abdullanın söz dünyası da təbiətimiz kimi zəngin və könül oxşayan  fikir  mənzərələridir.                                                   Süleyman müəllimin ilk şeirlərindən biri XX əsr poeziyamızın möhtəşəm dayaq sütunlarından olan Məmməd Arazın dəstəyi ilə  “Azərbaycan təbiəti” jurnalında işıq üzü görmüşdür. Heç kim Məmməd Arazın uzaqgörənliyinə, gənc istedadlara qayğısına şübhə edə bilməz. Süleyman Abdullanın duyğular aləmində hansı poeziya qığılcımını görmüşdü böyük ustad?  Ruhun şad olsun, Məmməd Araz, o kövrək ümid işartıları artıq həmişə gur yanacaq ocağa çevrilib. Məmməd Araz poeziyasını nəhəng ağaca bənzətsək, həmin ağacın bir budağı da təbiət şeirləridir. Gədəbəyin dağlar qoynundakı Arabaçı (indiki Çiçəkli, görəsən belə milli, qədim coğrafi adı düşünmədən dəyişənlərin məqsədi nəymiş, axı hər bir toponim tarixdir) dünyaya gələn,  şair - riyaziyyatçı    S.Abdullanın  bu günümüzdə doğulan  “Bir meşə payız”, “Yazla yayın qovuşuğu”, “Ağacların”, “Dönüb on yaşında” və s. əsərlərindəki  çox uğurlu təbiət lövhələrini, etüdləri, bənzətmələri, məharətlə  dağı arana, zirvəni dərəyə, talanı meşəyə “sintez” eləməsini onun yolunda yaşıl işıq yandıran böyük ustadın 25- 30 il əvvəl görməsində qeyri – adilik yoxdur.  Çünki böyük  insanlar uzaqgörən olurlar. Məmməd Araz, Ələkbər Salahzadə, Məmməd İsmayıl kimi sözün dəyərini bilənlər uğurlamasaydılar, bəlkə də belə misralar doğulmazdı: ...O qədər murdar var basıb meşəni, Adı bədnam olub murdarçaların... ...Fıstıq siçanların verib payını, Prizma tumlara anbar “tikilir”... ...İtburnu özünə təsəlli tapır, - “Bir gün xəstlənər bu zır qozqara!”... ...Xırxı işlədikcə oynayır ağlı, Ərbeşik yol pusur, oğru şam kəsir... Süleyman Abdullanın şeirlərindəki əmbiz, səlbə, şöv, vığırcıq, çolma, xirxı, ərbeşik, çərhəya, xırra, şavaq, arba, imrənmək, vaysımaq, əntimək, prizma tumlar, yalxa köynək və s. sözlərin, söz birləşmələrinin mənasını  indiki gənclərin bəziləri bəlkə də anlamazlar. Bu sözlər Ana dilimizin -Oğuz türklərinin dilinin şəhdindən, şirəsindən bir damladır. Beynin işığı elmdirsə, elmin, biliyin də gücü oxumaq, öyrənmək, mütaliədir. Şair Ana dilimizin zənginliyinə bələddir, şeirlərində dilimizin unudulmaqda olan  sözlərini tez -tez işlətməkdə məqsədi yaddaşımızı möhkəmlətməkdir. Axı ana dilini mükəmməl bilməmək çox vaxt utanc yerimiz olur.  Ustad şair Ramiz Rövşən bir essesində Füzuli poetikasının dili haqqında yazır: “Ana dilimizdə Tanrını Füzuli qədər dindirən və öz şeiri ilə ana dilimizin səmasını Füzuli qədər genişləndirən ikinci şair hələ ki, olmayıb”. Mən  Füzuli ilə Süleyman Abdullanı müqayisə eməkdən tamam uzağam. Belə müqayisə cahillik olardı.  Amma şairin  poeziya dili indiki qələm sahibərinin əksəriyyətinin dilindən zəngin, səlis və qəlboxşayandır.                                                                              Bu da  bir özünəməxsusluq deyilmi? Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh  Ana dilinə biganə olanlara xatırladır ki: “Öz evində oturub özgə dilində danışmaq kiçiklik və küçüklük, gerilik və gülünclükdür. Öz toyunda özgə havasına oynamaq  yox olmaqdır. Bunlar həm də o deməkdir ki, öz eində kirəçisən”. Təbiət mənzərələrinin, gözəlliklərinin, şıltaq dağ çayının, ayağımız sürüşüb yıxıldığımız mamırlı daşın, çiçəyin göz yaşı şehin poeziyasını Məmməd Araz, Hüseyn Arif, Musa Yaqub kimi korifeylər yaratmışlar. Bu estafet indi də etibarlı əllərdədir – Süleyman Abdulla kimi sözün dəyərini bilənlərin əllərində... “Yazla yayın qovuşuğu...” şeirindəki  “Günəşi görən kimi utanan al albalıların, sübh şehində göyərən göyəmlərin, gülən halı al qırmızı gilasın, çiyələyə zor gələn, titrəyən tağlarında yellənib məst olan, Mamay qoşunu kimi heç kimi saya salmayaraq balağa, baldıra dolan qarışqaların,  mürəbbə olmaq istəyən üz bozardan qarağatın, tuma cuman sərçələrdən pəsinən günəbaxanların, tərli, farağat yatan, soyuq dəymiş zoğalların”  “dil”ini şair “lalın dilini anası bilən” kimi anlayır:                                                                                                                                            Zınqırov çiçəkləri zəng çalır səsi yalın, Sevgidən qönçələrin partlaq bağrı yarılar. Balçiçəyi xəstədir, şəkəri qalxıb balın, Təcili yardım çağır, gəlsin “doxtur” arılar... Hər tərəf yamyaşıldır... Eşq olsun təbiətə!!!                                                                                                                                                                                             Süleyman Abdulla poziyasının daha bir özünəməxsusluğu da sözün, misranın ağır sanballılığı, yüküdür.  Hər şeirdə yeni fikir söyləmək, sözün qüdrətinə xələl gətirməmək şairin ən ümdə vəzifəsidir. Süleyman müəllim bunun məsuliyyətini bilir, sözü tumarlaya - tumarlaya, könlünü ala -ala  cilalayır, qəlbinnin qəlibindən çiy çıxmağa imkan vermir - “bişirir”. Onun elə misraları var ki, bu günün bir çox şairlərinin nəhəng bir şeirinin “kürəyini” yerə vura bilir:                                                                                                                                                                                      ... Köynəklə ölçülür bizdə yaxınlıq...                                                                                                                                ... Sözün qüdrətini ölçə təmizlik...                                                                                                                                  ... Quru üzümlərin göz yaşıdır tum....                                                                                                                                                                                                                                                                                                     ...Ağanın duasına qulaq asan qul olar...                                                                                                                         ... Özü kal olsa da dəymədüşərdi...                                                                                                                                 ... Bizə ox atana biz çörək atdıq...                                                                                                                                   ... Şükür, tanrı olmaq bizlik deyilmiş...                                                                                                                            ...Yaxın uzaqlardan uzaq yaxınlar...                                                                                                                                 ...Kürəyin buğlanmasa, tabağın dolarmı heç?..                                                                                                            İndiki əyyamda - sözünü matah kimi oxucunun beyninə sırımağa çalışan dəllalların çoxluğunda bu da özünəxsusluq deyilmi? Hər bir bəşər övladı, xüsusilə yaradıcı insan  ömrünün hər anını, görüb götürdüklərini,  götürmədiklərini, anlayıb anlamadıqlarını göz önünə gətirib özündən özünə hesabat verməsə, “sabah bu barədə fikirləşərəm”- düşüncəsi ilə bu günün işini sabaha qoysa, sonra da “ötən günlərimi qaytaraydılar” təəssüfü ilə bir an belə dayanmayan, öz gərdişində olan zamandan imdad diləyərsə, o, gidi dünyanın amansız oyunlarının burulğanlarında çabalayaraq  saman çöpü də tapa bilməyən köləyə çevrilər. Süleyman Abdullanın  “Əlli illik hesabatı”nı “dinlədim”, anladım ki, şairin ömrü Vətən, torpaq, söz sevgili insanın qürurverici hesabatıdır. “Bir dağ kəndinin ümidiylə uğurlanan safdan saf, durudan duru kəndli balasına  şəhər havası ağır gəldi. Ayrıldı bu şəhərdən, getdi uzaq Brestin keşiyini çəkməyə. Gəncliyi inqilablara düşən gənc düşünürdü, görəsən:  “Bizə verilmirdi azadlıq niyə?”  Erməniyə vurduğu bir şapalağa görə qazamatın da dadını bilən əsgər Süleyman anladı ki, azadlıq verilmir, mübarizələrdə əldə edilir. Sonra  “çox olsa da itirdikləri- ata, qardaş, dost, tanış, bircə onu unaya bilmədi ki,üstümüzdən keçən bu Qara Yanvarda kim öldü, kim qaldı, azadlıq istəyən niyə ölümə məhkumdu:                                                                         Biz ki, hər döyüşün qalibi idik, Düşdü bəxtimizə məğlubiyyətlər. Biz ki, bu torpağın talibi idik, Çıxdı sonumuza qara niyyətlər...                                                                                                                                  “Çörək itirənlər nə qədərmiş, Vətən,  mənsə namına xələl gətirmədim”:                                                                    Döyərmiş qapımı çox vaxt dərd, demə, Hər gələn kədərə açmadım, Vətən! Mənə nə deyirsən, de, namərd demə, Heç zaman döyüşdən qaçmadım, Vətən!..                                                                                                                    Marina Svetayeva deyirdi ki, şairin gücü nə qədər yazmağı yox, nə qədər gərilməyi bacarmağındadır. “İnsan sirrdir, onu açmaq gərək,  əgər bütün ömrünü buna sərf etsən -“vaxtımı itirdim” demə” (F. Dostoyevski). Süleyman Abdullanın ömür yolu, həyat təcrübəsi, dörd illik Qarabağ müharibəsi dövrü  gördükləri  onun insanlığa münasibəti, insanların şəxsi keyfiyyətlərinə bələd olması üçün bir az mülayim, bir az da qəddar məktəb oldu-dərsləri, sual- cavabları, sınaqları  tükənməyən məktəb. Cəbhə yolları, nəmli səngərlər “ölümün ölümü” ilə üzbəüz dayanan, ölümün gözünün içinə dik baxan qara beretli döyüşçü -şairi, bərkitdi, “Vətən daşı”na döndərdi.  Ona görə də Süleyman Abdullanın ölümə qarşı “soyuqlanlığı” da özünəməxsusdur. Bu şeiri oxuya bilsəydi,  “Əzrayıl heyrətlə  bağırardı: - şaiirr!”:                                                İlan kimi fısıldayıb Lap yanımdan ötüşdü, Son gücünü toplayaraq Kolun dibinə düşdü. ...Tez götürdüm o bədbəxti əlimə, Hərarəti isti-isti axdı əlimə. Aman, Tanrım, Əlimdəcə olürdü. Ölüm adlı o biçarə Ölümdəcə ölürdü. ...Lap soyuqdu... Öldü demək... Ölməyi də nə pis oldu. Əvvəl adı güllə idi, Öldü dönüb mis oldu...                                                                                                                                                  Şair səngərdə  düşmənə nifrətiylə nə qədər sərtdirsə, döyüş dostlarına münasibətdə qayğıkeş, ürəyiyumşaq, səmimidir. Milli Qəhrəman, Milli Qvardiyanın alay komandiri, Oubadlı -Laçın döyüşlərində həlak olmuş Əfqan Hüseynovu heç vaxt unutmayan, xatirəsini əziz tutan S.Abdulla “Sirr” şeirində  qəhrəman döyüşçü dostuna  sanki həzin-həzin ağı deyir:                                                                                                                                                    Eh, Vətən uğrunda qoydun canını, -                                                                                                                            Yaradı çoxunun xeyir- şərinə. Dağlar tanımadı qəhrəmanını, Dağlar qurban getdi xainlərinə; Verilən nəzirdi Laçın dağları.                                                                                                                                          İgidim, satqınlar nə deməliydi?!                                                                                                                                    Hədəfdə sən idin haqqa varası... Sənin çiynindəki namərd əliydi, ... Və bir də... alnında güllə yarası;                                                                                                                                  Bilmədi nə sirrdir, Laçın dağları... Şairin Qarabağ qazisi, dostu Bəhruz Məmmədova yazdığı “Yada salma” şeirini ağrısız oxumaq  olmur. Elə bil ki, səngərdəsən, hətta xatirələri yada salanda “dil yanır, nəinki dodaq, lap dağ odlanır. Orada ciyərin yananda qan var içməli, çünki qumquman qanla dolub, hər can bir bulaqdır “qrad”lı tində, yağış qırmızı yağır, soğular gözünün çanağına qan”. Bəhruz kimi cavan,  gümışü saçlı  Vətən oğullarının şücaətindən bəhs edən şeir yığcam döyüş salnaməsidir:                                                                                                                                                                  Üzünü çevirmə uşaq tərəfə, Qorxacaq...üzündə meyid rəngi var. Mərmi kirpiyini qırpma, hər dəfə, Səngər gözlərindən cəsədlər çıxar. ...Acı gülüşündən tank oda düşər, Bu top mərmisidir... futbol oynama.                                                                                                                                                             Mina çəkmələrin ofsayda düşər, Uçar göy qapıya qıç... qol... oynama!.. Yalquzaq kimi tamah dişi qıcanmış  dünya  siyasilərinin köpək dişlərinin arasında qalan cənnət Qarabağımızın dərdini Süleyman Abdulla iki misra ilə bəyan edir:                                                                                                        O atır, bu tutur, vurur, vurdurur, Futbol topu imiş Qarabağ demək... Fransız yazıçı Jül Renar “ Gündəlik”də yazır ki, şair cırcırama kimidir, yeganə bir notu intəhasız təkrar edir. Məncə, Renar bəzi şairlər yazsaydı daha doğru olardı. İ.Kanta görə poeziya fikirlərin bədii oyunudur. Məni fikrimcə isə, bu oyun elə incə oynanılmalıdır ki, sözün ayağını  tapdalamayasan. Bir də Renar düz hədəfə vurur:  “Dəqiq söz. Dəqiq söz. Əgər qanun yazıçılara dəqiq ifadələri işlətməyi məcbur etsəydi, nə qədər kağıza qənaət etmək olardı”. Təkrar biliyin anası olsa da Söz Adamlarını tənbəlləşdirir. Amma  Süleyman müəllimin xarakterinə, “özündən narazı”lığına (B.Vahabzadə) bələd olanlar, onun fikrə necə ustalıqla libas geyindirdiyini anlayanlar  şairin ətalətin, yerində saymanın,  özünə, sözünə vurğunluğun, arxayınlaşmanın qatı düşməni olduğunu yaxşı bilirlər. Şairin fikrinə görə:                                                                                                                                                                                          Bərəkət zəhmətdədir, caduluq, falliq olsa Fala baxan qaraçı dilənçi olarmı heç?! “Yaşamaq çətin oyun, həyat qəliz oyuncaq olanda bizdən dünyaya  yol deyil, iz qalacaqsa, ruh adamlarına nə yerdə yer tapılır, nə göydə göy”, qardaşım. “Əl üstə kimin əli oynamaqdırsa azadlıq, ruh adamlarının yeri bura deyil”. “Ədəbiyyat söz meydanıdır, hər kəs özünə uyğun yerə öz adını yazır”sa niyə  məddahlar, təlxəklər meydanın baş tərəfində meydan sulayır? “Boğulanda su üstündə saman çöpü tapılmayandan, istəyində boğulanlara dəli, qansorana yox, qanverənə zəli deyiləndən, şəhərin mer üzü  sürtülməkdən “padoş”u keçəndən, öz-özünü dərk edənə “pəl”deyənlər çoxalandan halal tabaq qalmayıb tənəsində haramın”:                                                                                                                    Bu bəllidir, əclaf kəsdən gərək əclaf törəyə, Görməzlikdən gələnlər var dili çönmür görəyə. Bu milləti çoxdu sıxan bircə loxma çörəyə, Kasıblara - canın çıxsın, ləli!-deyən çoxalıb...                                                                                                                  “Dörd fəsil dəyişən həyat adlı fonda, aşağısı da, yuxarısı da bərabər olan sonda çözülməz düyünləri qədərində çözmək üçün” nə boyda ürək, neçə “kasa səbir”  lazımmış görəsən?                                                                                                                                                                                                                                                                  Bu ağrı bəs deyil kef-damaq üçün, Ölüm bir ibrətdir canı sağ üçün. Bəs etməz bir ömür yaşamaq üçün Varmı arzulayan söz qədərində?..                                                                                                                                                                                                                                                                                                                        Vətənin sevincinə, dərdinə ilk reaksiya verən şairdir. Şair xalqın car çəkən dili, harayı, ovqatının barometridir.  Tarixi olayları Söz Adamının bir misrası, bir cümləsi qədər əbədiləşdirən etibarlı mənbə yoxdur. Son günlərin hadisələri Süleyman Abdulla şeirlərində tarixə yazılır:                                                                                                                    Səsi qaralır milli himnin, Sükutla və kədərlə yırğalanır dünyanın ən gözəl bayrağı, Dinləmək olmur sonacan uverturanı, Dəramətlərə qarışır rənglər, Muğamlar üstündə çalınır ağılar... Gecələrin köksündə kölgə - kölgə yarasalar gülür, Kabus kimi dolaşmada küçələrdə kin...                                                                                                                          Süleyman Abdulla yaradıcılğında millilik həmişə ön plandadır.  Şair milliliyindən  heç “Qoroskop” şeirində də bir azca aralana bilmir. Şair “təcrübəli” rəmmal kimi fala baxmanın çeşid-çeşid yollarını -qumarla, təsbehlə, kofe ilə falçılığı yaxşı “bilir”,  “qoşa Qloba”lardan çox  öz “fatı”larımıza inanır, sonda da bu nəticəyə gəlir ki:                            Lap kral olsaq da bizlik deyil taxt,                                                                                                                                Bəxtimiz dayazdır, sevgimiz dərin. Biz şərq adamıyıq, düz çıxmaz heç vaxt, Tale qoroskopu druidlərin...                                                                                                                                          Füzuli “şair sözü əlbəttə ki, yalandır” deyirsə də, Süleyman Abdulla qətiyyətlə oxucularını inandırmağa çalışır ki, hətta  “dar ağacına gülə - gülə gedənlər bu nahaq dünyada haqqdır, Bisutun dözməyən zərbələrə dözənlər nəinki dağdır, həm də sağdır”. Bu inamlı şair sözünə inanmaqdan başqa çarə qalmır:                                                          Həbəşdən qarasa taleyin, küsmə,                                                                                                                                  Adın qul deyilsə, ağsan, deməli. Kefin kök olanda ölsən, eybi yox, Canın ağrıyırsa, sağsan, deməli.                                                                                                                                    Bu iki misraya fikir verin:                                                                                                                                                 Altını deməyə qorxuram , axı, Şükürlər, bu şəhər üstü bəzəkdir.                                                                                                                                  Şairin “Bu şəhərdə” şeirindəndir. Niyə diqqətimi çəkdi? Tələbəlik illərimiz yadıma düşdü.  Nostalji xatirələr mürgüsündən hövlnak oyandı. Bu və “Biz sevən Bakı” şeirində Süleyman müəllim “qarmoşka” avtobusu (yaşıdlarım yəqin ki 145 saylı avtobusu xatırladılar) , buynuzu ilə şəhərdə ad çıxaran trolleybusu, yollarının şpalları çoxdan sökülən, ayaqları-təkərləri mazuta həsrət qalan tramvayı”  yada salaraq  bizi “biz və bizi sevən Bakı”ya səyahətə aparır.  Xəyalımızda köhnə Bakını görürük, səmimi insanların, saf sevgilərə qucaq açan bulvarın, hər gün sübhdən yuyunub bizim qarşımıza təmiz çıxan  küçələrin, bir manatlıq (rublluq) qəlyanaltıların xiffətini çəkirik. İndiki gənclərin görmədiyi o günlərin Bakısından söz düşəndə  təəccüblə bizə yeni “planet” kəşf etmiş insanlar kimi baxanlara şair deyir:                                                                                                                                                                                                                                                                                                                        Yaddaşımda bir zınqırov... Səsi cır, Xatirəmə var oğlu var qayıtmaz Hamı dönür, əvvəl – axır qayıdır, Bu şəhərə “köhnə Bakı” qayıtmaz...                                                                                                                                Yaxşını, pisi anlamağa başlayandan hər birimizin iç dünyasında bir qəhrəmana -nağıllar aləmindəki bir ideala sadəlövh və məsum heyrət yaşayır. Sonda göydən üç alma gözlədiyimiz, həmişə biri var, biri yox olan milli nağıllarımızda  şərin xeyiri aldadıb quyuya salması, kəndirinin kəsilməsi, sonradan azad olunub şərə qalib gəlməsi, mırıqların, göygözlərin, kürənlərin kül altında öləziyən şəri üfürə - üfürə oyatması  gələcəyə gedən yolumuza həmişə əngə olub, qarşımıza Təpəgöz, küpəgirən qarı, div, ən yaxşı halda ögey ana çıxarıb.  Bu nağılların xofu bizi böyük amallardan uzaqlaşdırmayıb ki?  Biz həmişə “xoxan”dan, “torbalı kişi”dən qorxub dinc uşaq olmamışıqmı?  Yuxuda şirin yuxu görmüşük, bizə buta verilib, çətinə düşəndə  Simurğun tükü imdadımıza çatıb. Bizə  “Xortdanın cəhənnəmdən məktubları”nı, “Qorxulu nağıllar”ı  oxutdurublar ki, “cızığ”ımızdan çıxmayaq. Süleyman Abdullanın dediyi kimi, ancaq unutmuşuq ki:                                                                                                                                  Dünyada baş verən bütün davalar, Qizil almaların üstündən düşüb...                                                                                                                                  Nağılların illüziyalarına, ilğımlarına inana – inana “milli nağıl” oyunlarımızın  bəlarına tuş gəlmişik:                                                                                                                                                                                                                Biz ki, qurban verdik Şimala Şərqi, Təki sığınmağa yad qala olsun! Ona görə də özümüzdən, ruhumuzdan gen düşdük. Anlamadıq ki,”özünü bilmək, ruhunu bilməkdir” (Platon). Müdriklərimizi daha dərindən mütaliə edək ki, özgələşməyək. C.Bayron düşüncəsinə görə, bir damla mürəkkəb milyonların fikrini oyatmaq üçün kifayətdir. Süleyman Abdullanın yazdıqlarını oxuyanda qələminin mürəkkəbinin heç vaxt tükənməyəcəyinə əmin olursan.                                                                                                                      Deyəsən, Süleyman Abdulla poeziyasının özünəməxsusluğu fikrini tez – tez təkrarlayıram. Amma bundan narahat da olmuram. Babalarımız demişkən, doğru sözə zaval yoxdur.  Çəkinmədən, digər poeziya nümunələrinin bədii dəyərinə, fikir yükünə şübhə etmədən  deyə bilərəm ki, şairin sərbəst vəzndə yazdığı “Modern şəhərin modern şeiri”, “İşıq(sız)lıq”, “Dəniz serenadası”, “Havasız  şeir”,  “Lemma”, “Havasizliq haqqında məlumat” və başqa şeirləri çağdaş Azəbaycan poeziyasında  orijinallıqdır, yeni fikirdir, sözün həqiqi mənasında əsərdir, min illər yaşamağa layiq olacaq söz inciləridir. Həmin şeirlərdən üç nümunə oxu, diqqətli poeziyasevər oxucu,  fikirləş, axı, mən necə özünəməxsusluq sözünü işlətməyim?                                                                                                                                                                                                                                                                                                                  Utanmaqdan keçib daha “Boşqab” antenalar yemək üçün yaramır.                                                                                                            ...Axşam azanı çoxdan susub, Bu zülmətdə çətin çatar Allaha. Asi olmaq keçir könlündən mollalıq etmək istəməyən  fikir zərrəciklərinin. Allahın işığı da sönübmü görəsən, Neft lampasımı yandırır, Ya  şam işığındamı gözdən keçirir dərdlərimizi?! ... Və sonra  üfürübmü söndürür kəramətini? Yer üzünə səpələyirmi Üzündə nur olmayan adamları...                                                                                                                        Qaranlıq boyu...?!   (“İşıq(sız)lıq”). *    *    * Pəncərədən zülmətə  baxıram, üfüqlər qapqara, Hasarın üstündən ağ sellofan uçur həyətə, - dopdolu, Yox, qızıl kisəsi deyil göydən düşə, Qaçqın qonşudur, - müəllimə....                                                                                                                               Gündüz yığılan zibillərdir, gecə atır, Atasının qəbrini ziyarət etməyim deyə. Kürəkəni “Azərsu”da Susuz aparıb susuz gətirdiyi Üç eşşəyin arpasını bölənlərdənmiş                                                                                                                             Tərbiyəsi zibilqabına qədər çatmayan qadının! Kanalizasiya iyi gılir addımlarının təntənəsindən...                                                                                                  (“Modern şəhərin modern şeiri”). *    *    * Dənizə qandallanıb dalğalar, Məhbəs ləpələr gözcüklərdən satın hava alır Yol hasarlara dirənəndən. Kündə asılb ayaqlarından  gilavarın, xəzrinin. Satqın nəfəsidir ölkədə icazəsiz və pulsuz. Öyrəndim ki, hidrometeoroloq dostuma ancaq Hava haqqında məlumat verməyə icazə verilir, Havann da sahibi varmış demək... Heç nə deməyəcəyəm daha... Susdum! (“Havasızlıq haqqında məlumat”).                                                                                                                                                                                                                     Süleyman  Abdulla  klassik ədəbiyyatı,folkloru, aşıq yaradıcılığının təcnis, cığalı təcnis, dodaqdəyməz kimi qollarını dərindən bilən Söz Adamıdır.  İmkan düşən kimi mütaliə edir, dilimizin incəliklərini bilməyəndən  şair ola bilməz, - deyir. Ərəb filosofu İbn-i Haldunun sözlərində böyük hikmət var: “İnsan beyni dəyirman daşına bənzər... İçinə bir şey atmasanız, öz – özünü üyüdər”. Süleyman müəllim  Qurbani, Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cümə  kimi azman aşıqların söz  mülkünə bələddir. Digər tərəfdən onun sazlı, sözlü Gədəbəydə - Arabaçıda dünyaya göz açması, aşıq məclislərində dastançı aşıqların meydangirliyini görməsi, ustadnamə,  müxəmməs   təcnis, gəraylı dinləməsi də əsas amillərdən biridir.  Şairin  “Qat - qat”,  “Ay dərə - dərə”, “Halaı belə”, “Ha sarı, sarı”, “Yaz, ara məni”, “Od ələ, ələ” cığalı təcnis, təcnis və dodaqdəyməzləri  müəllifin söz mülkünün zənginliyindən xəbər verir.  O, “Ay dərə - dərə” cığalı təcnisində möhtəşəm təbiət  lövhəsi yaradır:                                                                                                                                                                                                                                                                              Gözümdə zülməti yara dan yeri, Xoş müjdə apara yara, dan yeri. Əzizim, gülə bata, Dünyamız gülə bata. Günəş gülərək  doğa, Ay deyə - gülə bata. Göylərə tapşıra yaradan yeri, Günəş dağ – dağ  gəzə, Ay dərə - dərə... “Ha sarı, sarı”da  “ dünya evimizin bu günkü dərdləri” klassik təcnisin dili ilə necə təbii səslənir: Çoxdu susayanı, çəkmə, qan adı, Daha sülh quşunun sınıb qanadı. Bəşərin ürəyi içdən qanadı,                                                                                                                                Sağalmaz, çölünü ha sarı, sarı... Bu da çağdaş şeirimizin bir  özünəməxsusluğu! Süleyman Abdullanın  “Qara beret” kitabındakı “Yad Vətənə elegiya” poemasında  bir nüans  mənim yaralı yerimi incitdi. Bu Arabaçı kimi gözəl, milli coğrafi adın yersiz dəyişdirilməsidir. Coğrafi adın hansı səbəbə görəsə dəyişdirilməsi tariximizin bir işıqlı səhifəsini qaralamaqdır, bədxah  və hiyləgər düşmənlərimizin sərsəm iddialarına yaşıl işıq yandırmaqdır. Mənim ixtisasımın ən çox maraq  göstərdiyim qollarından biri coğrafi adların mənası, mənşəyini  öyrənən elm toponimika olduğunu nəzərə alsaq bu əsassız  addəyişməyə  mən laqeyd ola bilməzdim. Axı, hər bir cöğrafi ad rəngarəng informasiya daşıyıcısıdır. Rus yazıçısı K.Paustovski  coğrafi adları müxtəlif ölkələrin xalqlarının poetik yaradıcılığı hesab edirdi. Şair – lirik qəhrəman doğülduğu kəndə gedir. “Maşın təmiz havadan cuşa gəlib dinc bilmədən dağlara dırmaşır, gözəl Yasamal, cənnət Xınna dərəsi arxada qalır. Uşaqlıq və gənclik illərinin xəyallarını çözələyə - çözələyə yol gedən yolçu öz kəndinin  üstü – başı kirli - pasaqlı uşağına rast gəlir. - Hansı kənddənsən?  - sualına uşağın  -Çiçəklidən – cavabı sürücünü məyus edir. Sən demə, onun doğma kəndinin adını dəyişib Çiçəkli ediblərmiş. Süleyman Abdullanın həssas şair ürəyi də  nigaran olmaya bilməzdi.  Arabaçının şair oğlu düşünür:                                                                                                                                                                                                                Xəyanət etdi kim Arabaçıya, Niyə dəyişdilər, axı.. niyə, de? Mən axı, gəlmişdim Arabaçıya, İndi necə gedim çiçəkliyə, de? .. Getdi kişi adın, -   qadın şəklisən,                                                                                                                            Sənə də qalmadı doğma ad, Vətən!                                                                                                                        Doğma Arabaçı, yad çiçəklisən, Mən necə qayıdım sənə, yad Vətən?!. Yaradiciliğinda özünəməxsusluq axtara - axtara bir də gördüm ki, şairin sevgisi də özünəməxsusmuş. Böyük  türk şairi Nəcib Fazil Qıcakürəyin hikmətli  deyimi var: “Insanin sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrını o an yaşayır, yoxluğunu ömrü boyu”. Sevdiyini itirən aşiqin halına acımamaq olmur:                                                                                                                                                                                                                                          ...Yox... Daha gəlmərəm siz tərəflərə, Bir səbəbmi qalıb baş çəkəm, dəyəm? Küçə itləri də hürməz, Çünki mən Sənsiz qalan gündən it günündəyəm...                                                                                                             “İndiki ağlım” şeiri bitkin süjetli, düyün və kulminasiya nöqtələri ilə oxucunu intzarda və həyəcanda saxlayan  maraqlı sevgi hekayəsidir. Hər bir qürurlu, saf kəndli oğlu həmin şeirdə öz obrazını görər və təəccüblə düşünə bilər ki,  görəsən Süleyman Abdulla onu haradan tanıyır, lap gəncliyimə də bələddir. “Bir az zırrama, bir az qaba, yaltaqlıq, biclik bilməyən, burnunu dik tutub qazlı – qazlı gəzən kəndli babanı şəhərli qara qız bir vaxtlar bəyənmədi”. Sonralar  tale təsadüfən onları bu şəhərdə  görüşdürəndə  artıq  qürurlu  aşiq  xeyli  “yumşalmışdı”. “Şəhərli qara qız “ onu tanımayanda  qəlbi əvvəlkindən daha çox üzülən kəndli balası xəyalında o illərə qayıdır: Min kərə üzləşdik, hər kərəsində                                                                                                                                  Mən səni xanım yox, “ağızz” çağırdım.                                                                                                                          Bir incə incəlik vardı səsində,                                                                                                                                    Mənsə hər “yox”una qızıb bağırdım. Kənd oğluna - qızıb bağıran “iğid”ə görə, “arvad sözü keçməz kişiyə kənddə, arvad uşaq doğar, əkər bostanı, kişi var - gəl edər bərədə - bənddə. Öndə kişi gedər, dalınca arvad. Amma şəhərli qara qızın naz - qəmzəsi, “tutmaz bizimki!” imtinası aşiqin izinin  kənd qaydalarına yad olan qızın ləpirini  öpməsinə səbəb olur. Dəli sevdalı  sərt kəndli babanı  mülayimləşir: Nə olsun  sevirsən... lap baxanda da, Xəlvətdə baxasan gərək, sözünə. Kənddə qürur sözü, kişi sözü var, Kimdir qulaq asan ürək sözünə?! “Yaşı çoxaldıqca dərdi böyüyən kəndli balası şəhərli qızın dərdindən o vaxt indiki qədər ölməmişdi. İndiki ağlı olsaydı taleyə kələk gələrdi, amma hiylə nə, kələk nə bilmirdi o vaxt. Bilsəydi: . O vaxt qəlbi cəsur, ağlı naçardım, yenə cin atına  mindi ki, ağlım! Heç nəyə baxmadan alıb qaçardım,                                                                                                                              Kaş onda olaydı indiki ağlım! Hardasan, ay əvvəlki ağlım! Başqa bir şeirində “əliaçıq, ürəyiyumşaq” Süleyman Abdulla kəndə ismarıc göndərir ki, “sənə nə göndərim, söylə, şəhərdən?”: Kimdi mızıldayıb, - sağ ol, - üyüdən, Adam bu şəhərdə “sağ ol”urmu heç? Kənddəkilər soruşur ki, “orda nə iş görürəm, olmur ey, olmur ey buna iş demək”:                                                                                                                                                                                                                                           Hər rübün sonunda namaz pozulur,                                                                                                                            Yazılır hər dəfə qəzası bizə. Yeyib dağıdanlar günahsız olur,                                                                                                                                 Kəsilir sələmlə cəzası bizə. “Gah vergi mələdən, gah  DAM ( Dövlət Avtomobil Müfəttişliyi, indiki YPX – Yol Patrul Xidməti - V.O.)  qoparan, cərimə yağışlarından gözü açılmayan, alacaqlarına da məmur hədə gələn, deputat atan, borc içində ilişib qalan, işinin - gücünün işi şuluq olub ancaq qəzəb udan, uğuru dilxorçuluq, qazancı əsəb olan şəhərdə “iş quran” kəndli balası kəndə ismarıcında belə nəticəyə gəlir ki: Nə alsam bilirəm saxta olacaq, Sənə nə göndərim şəhərdən, axı?!                                                                                                                                “Ömrümüz də kreditdir, faizdir, yatan tale, qalxan isə sələmdir, bankir deyir – sələm vermək caizdir, molla da deyir - yox!” Qalmışıq iki yol ayrıında mat - məəttəl, ay qardaş!  Sənin bu bir bənd şeirin də  ömrümüzün  xəritəsini  çəkir: Çiynindədir əzabların dağ əli, Kəsik çıxdı səadətin sağ əli, Başımızda qara günün ağ əli, Sığal çəkər qara telə, darıxma.                                                                                                                                      Zamanın əyrilərinin düz sandığı işləklər at oynadanda  “qismətinə   sözün düzünü demək düşənlərin,  əyri yumruqlarla ağzı qanayanların  anladığına” görə: Bir azca ağılla fikirləşəndə, Qandım ki, bu dünya dəlixanadı. Deyirsən düz gedim,  yol əyilməsin, Görürsən əyri yol, düzdən yanadı.                                                                                                                               Süleyman müəllim, “abır da, həya da utansa da bizdən, hərəmiz öz kəndirimizlə asılıb qalmışıq tərbiyəmizdən, cüt olan əllərimiz borcu tək tutsa da, borcun heç halı yox əldən düşməyə”. Bu özünəməxsus fikri  söz mülkünə böyük rəğbətim olan Səadət Cahangir daha da qüvvətləndirir: Bu torpaqda insan kimi böyümək Zülümdür, cocuq,                                                                                                                / Əvvəl ümid olursan, Sonra ehtiyac, Sonra da bir kədərə sovrulub gedirsən Əlin boş, ruhun ac... 161-180 – ci illərdə Roma imperatoru, həm də məşhur filosofu olmuş, dünyada ilk filosof - imperator Mark Avrelinin  (121- 180) fikri bu gün də qiymətlidir: “Yaxşı olar ki, filosoflar dünyanı idarə etsinlər, imperatorlar isə filosof olsunlar”.  Düşünürəm ki, belə olsaydı, fəlsəfə çox şey itirərdi, dövlətçilik isə daha çox qazanardı. Ramiz Rövşən də “Göy üzü quşlarla şairlərindir” essesində Avrelinin təqribən 1900 il əvvəl dediklərinə haqq qazandırır: “Nə vaxtsa bu məmləkətdə Füzuli gücündə bir hökmdar olsaydı, yəqin bir qarış torpağımız da əldən çıxmazdı. Sərhədlərimiz də Çinə, Hindistana çatardı.Amma Tanrı şairlərə verdiyi gücü hökmdarlara vermir və bəlkə də buna görə də insanlar göydə uçan quşlara həsəd apardığı kimi, hökmdarlar da şairlərə həsəd aparır”. Həyat saysız - hesabsız rənglərlə dolu tablodur, tale çərçivəni,cəmiyyət rəngini yaradır. Həyatımız yaşadığımız cəmiyyətin güzgüsüdür. Həyat tablosunu çəkmək hər kəsin öz əlindədir. Buradakı rənglərin çalarlarını - gəlimli - gedimli dünyada  olumun olumunun, “ölümün ölümü”nün rəngini görə bilənlər qeyri - adi insanlardır.  Süleyman Abdulla kimi! Lap ilhamı olsa da ,öz - özündən süzülüb keçməyən, özünü fəth eməyən, özüylə  döyüşdə zəfər çalmayan, “dahi olmayan şair” (İ.Kant)   poeziya yarada bilməz. Söhbət əsl poeziyadan gedir. Ramiz Rövşən “Qəmin hərifi” essesində yazır ki, qəribədi, şeirin, sənətin nə olduğunu az - çox ağlımız kəsəndən, bu dünyada 62 il ömür sürmüş Füzuli bizim təsəvvürümüzdə 68 yaşlı Nizamidən də, 80 yaşlı Vaqifdən də qocadı. Ustaddan üzr istəyərək bu yazımda “qoca” sözünü “müdrik” sözü ilə əvəz edərdim. Bir də ki, “qoca” sözündən niyə qorxaq ki?!  Ləyaqətli qocalıq ömrün zinətidir.  “Müdriklik insanın qanadı, evi, səadətidir, ömürlük gəncliyi, dünyalarca dövlətidir” (Safruh). Bir də müdrikliyin yaşı olmur, o, həmişə gəncdir və həmişə  ağsaqqaldır... Sən də həm gəncsən, həm də ağsaqqal, qardaşım! Müdriklik yaşın mübarək,  Süleyman Abdulla!..