Bağışla demədi

  Uşağın səsini  eşidən ana həyəcanla başını qaldırıb baxdı. Tibb bacısı sevincək: -Qızın oldu. Gözün aydın. Şükür ki, sağ-salamat qurtardın,- deyəndə  gənc  ana  əlləri ilə üzünü örtüb  ağladı: -Noolar, hələ heç kimə deməyin. Evdən gələnlərə deməyin ki, qızım olub,-deyə yalvardı. Həkim təəccüblə: -Ay xanım, gül parçası kimi qəşəng, sağlam qızdır. Bundan ötrü illərlə gözləyən, həkimlərdə qalanlar var.  Noolar qız olanda?-dedi. - Məni öldürəcək, mütləq öldürəcək. Həmişə döyüb əl çəkirdi. İndi, həqiqətən, öldürəcək. Bu, altıncı qızdır. Xahiş eliyirəm, deməyin heç kəsə. Onun  dediklərindən, axır ki, nə baş verdiyini anladılar: -Yaxşı,  tutaq  ki, onlara dedik,   hələ qurtarmayıbsan. Bəs sonra necə olacaq?-deyə tibb  bacısı narahatlıqla dilləndi. -Sonrasına Allah kərimdir. Xahiş eləyirəm,  yalvarıram, indi deməyin,-deyə ana  yenə yalvardı. Tibb işçisi qaçıb baş həkimi çağırdı.  O,  gələn kimi xəstəni tanıdı.  Nubarın əvvəlki uşaqlarının—beş qızının doğulmasından sonra ərinin  onu necə döydüyini eşitmişdi, bilirdi. Ona görə  tibb bacısına və həkimə  sirri öz aralarında saxlamaq şərtilə sabahacan gözləməyi tapşırdı. Tibb bacısı xəstəxananın həyətində gözləyən Nubarın atasına qızının aldadıcı sancısı olduğunu, doğuşun hələ başlamadığını deyib yola saldı. Nubarın əri şəhərdə ən məşhur diş həkimi idi. Bütün sənət adamları,  vəzifəli məmurlar  çox zaman növbəyə durur,  günlərlə gözləyərdilər ki, dişlərini Davud həkimə düzəltdirsinlər. Şəhərdə yalnız onun evinin birinci mərtəbəsində özünə məxsus böyük stomotoloji kabinəsi, tibb işçisi və yaxın köməkçisi— stomatoloq  Rahim vardı.  Davud  uşağın cinsinin anadan asılı olmadığını bilsə də, hər dəfə qızı olanda yenicə doğuşdan qurtarmış  zahı arvadını  oğlu olmadığı üçün möhkəm döymüş, qadının sir-sifətini gömgöy göyərtmişdi. Bu gün  altıncı qızı dünyaya gələn Nubarı həyəcan elə bürüdü ki, təzyiqini, ürəyinin  döyüntüsünü  gecənin yarısınacan çalışıb güclə qaydaya saldılar, yuxu dərmanı verərək yatırtdılar.  Səhəri gün  günortaya yaxın yuxudan ayılan  ana qızı olduğunu xatırlayıb  yenə ağlamağa başladı: -Ay Allah, mənə kömək ol.  İndi neyliyəcəm? Məni bu bəladan qurtar. Pərvərdigara, öldür, canım qurtarsın, – deyə get-gedə səsini qaldırdı. Tibb  bacısı və baş həkim qaçıb  gəldilər.  Tibb bacısı  astaca: -Ağlama. Sənin problemin, deyəsən, həll olub. Allah mərhəmətlidir. Səsini eşitdi,- deyib onu  sakitləşdirməyə çalışdı. Baş həkim: -Nubar, gecə  xəstəxananın qabağına yenicə doğulmuş oğlan uşağı gətirib atıblar,-dedi. Bundan bir şey anlamayan Nubar: -Noolsun? Bunun mənə nə xeyri? --dedi. Baş həkim pıçıldadı: -Uşağı şəfqət bacısından və məndən başqa heç kim görməyib. Öz otağımda gizlətmişəm. Yatır indi. Yenə  anlamadın? Nubar çarpayıda oturmağa çalışdı: -Doğrudanmı elə fikirləşirsiz? Mənim üçün nəzərdə tutmusuz? Elə bil ürəyimə dammışdı ki, nəsə olacaq. Bu dəfə o əzrayılın zülmündən qurtaracam. Siz bunu necə eliyəcəksiz ki, heç kim bilməsin? Davud  bilsə, dərimə saman təpər, – deyə yazıq-yazıq baş həkimə baxdı. -Qorxma, sənədləri ikimiz qaydasına salacağıq.  Uşaq haqda heç kim heç nə bilmir.  Körpələrin  əkiz doğulduğunu qeyd edəcəyik. Ancaq haqqımızı verəcəksən,- deyə baş həkim  Nubarın nə deyəcəyini gözlədi. - Məndə çox pul olmur. Ancaq  bahalı qızıllarım, brilyantlarım var. Onlardan verərəm. Hərənizə bir dəst. Brilyant adı eşidən şəfqət bacısının gözləri işıqlandı. Baş həkim: -Razılaşdıq. Bu sirr üçümüzün arasında qalacaq.  Sən bir adama deməsən, bizdən söz çıxmaz. Tibb işçimlə neçə illərdir, bir yerdə işləyirəm. Nə sirlərin üstünü örtmüşük. Bu da  gizli qalar, – dedi. Günortadan sonra Davudun  evinə zəng vurub əkiz övladının- bir oğul və bir qızının doğulduğu xəbərini verdilər. O,  işini yarımçıq qoyub  “QAZ-24”-nü   birbaş xəstəxanaya sürdü. Palataya  bu vaxt girməyə icazə olmasa da, həkimlə danışıb oğlunu görmək istədiyini bildirdi.  İçəri girən kimi qoşa bələnib çarpayıya qoyulmuş uşaqlara yaxınlaşdı və tibb  bacısına  müraciətlə: -Hansıdır?—deyə soruşdu. Tibb bacısı göy  bələkli qundağı  ona verdi. Davud  mirvari dənəsi kimi ağappaq,  göyçək  qızının üzünə baxmadan  qundağı çarpayının üstünə qoyub bələyini açdı. Uşağın paçasının arasını əlləşdirdi: -Kişidir, kişi. Səni kişi kimi böyüdəcəm. Hər şeyim sənindi, – dedi, sonra tibb bacısına dönüb, – Nə vaxt çıxacaqlar? - deyə soruşdu. - Doqquz gündən sonra. On gün qalmalıdırlar. Qayda belədi. - Baş həkimlə danışacam. Dörd-beş günə  çıxsınlar, – deyə Davud  qətiyyətlə bildirdi. O, evə qayıdan kimi  zəng vurub  ən yaxşı restoranların biri ilə danışdı. Axşam bütün dostlarını  oraya yığıb böyük qonaqlıq verdi. ...Uşaqlar eyni anadan süd əmib böyüdülər. Davud  oğlu Nemanı  hər cür  təmin edir, ən qəşəng, bahalı paltar  və oyuncaqları ona alırdı.   Hərdən uşağın sifətinə, hərəkətlərinə baxıb onda nə özünə, nə də arvadına bənzər bir cizgi  tapmırdı. Lakin Ləman ilə bir “doğulduğu” üçün və Ləmanın eynilə anasına bənzəməsindən dolayı heç nədən şübhələnmirdi. Bir-iki dəfə bu barədə söhbət salmışdı. Nubar həyəcan və qorxusunu birtəhər gizlədərək: -Davud, ya sizin, ya da bizim nəsildən olan  hansısa uzaq bir  qohuma  çəkib, yəqin,-demişdi. Əslən azərbaycanlı olmayan Davudun  hansı millətdən olduğu məlum deyildi. Onun bu  şəhərə nə vaxt,  hardan gəlməsini heç kim bilmirdi.   Qohumu, simsarı olmadığı üçün bunu bilən yoxdu. Yalquzaq canavar kimi tək olsa da,  şəhərdə özünə əməlli-başlı karyera qurmuş,  vəzifəli adamlarla, tanınmış sənətkarlarla dost olmuş, özünə  hər cür şərait düzəltmişdi. Nemanı imkan düşdükcə müxtəlif şəhərlərə gəzməyə aparan,  əzizləyən Davud qızlarına qaşı çox sərt  və amansızdı. Məktəblə evin arasında olan yolun neçə dəqiqəyə başa çatmasını  hesablamışdı və qızlar bir dəqiqə yubansaydılar,  Davudun  kəməri belindən açılır, körpələrin naləsi ərşə qalxırdı. Ona görə  dustaq kimi yaşayan  bacılar dərsdən çıxan kimi evə qaçardılar. Davud  iş otağından evin ikinci mərtəbəsinə rabitə xətti çəkdirmiş, bir şey lazım olanda  mikrafonla  evdən istəyirdi. Balaca Ləmanın artıq yeddi yaşı vardı.   Evdə anasının yanında hərlənən qızı atasının zəhmli səsi diksindirdi: -Ləman, tez  aşağı düş. Qız  pillələri enib içəri  girəndə orada özündən bir azca böyük bir qızı və qadını gördü. Qız qaşqabağını töküb durmuş, qadın  atası ilə söhbət edirdi.  Diş kəlbətinini  götürüb qızına yaxınlaşan Davud: -Ağzını aç görüm,-deyib qorxunc gözlərini qızına dikdi. Atasının nə edəcəyini bilməyən Ləman ağzını açan kimi o,  qızının iki gündür laxlayan süd dişini çəkib yad  qıza göstərdi: -Bax, -dedi, - gör heç bu qız ağlayır? Sən nədən qorxursan? Ləman “Ayy”, – eləyib əli ilə ağzını tutdu.  İki damcı qan kiçik barmaqlarının arasından biləyinə doğru sızıdı. Qorxu, ağrı  və təəccübdən iri açılmış gözlərini atasına zilləyən qıza Davud: -Dur, qalx evə, – deyə əmr etdi. Pillələri qaça-qaça qalxan Ləman evə girən kimi atası eşitməsin deyə için-için hönkürdü. Nubar qızının qana bulaşmış kiçik əlini ağzından çəkib  dişin boş qalan yerini görəndə onu bağrına basaraq: -Ağlama, çiçəyim, – dedi, – sənin bu dişin onsuz da düşəcəkdi. Atan tez çəkib ki,  qalıb sonra çox ağrıtmasın. Ancaq ananın səsi titrəyir, göz yaşlarını güclə saxlayırdı. Bacıların sinif yoldaşları  hər il  yay tətilində valideynləri ilə müxtəlif rayonlara, qonşu ölkələrə gedir,  Bakının dözülməz  istisindən uzaqlaşırdılar. Davudun  qızları isə bütün yayı  evdən çölə çıxmır, günlərini analarının dizinin dibində keçirirdilər. Bu il yay tətilində  Davud  iki balaca qızını gətirib məktəblilərin  istirahət düşərgəsinə qoydu. Onları   qrup rəhbərinə tapşırıb hansısa uzaq şəhərə yola çıxdı.  İstirahət müddəti başa çatanda  qızlara atalarının onları  aparmaq  üçün gəldiyini deyən tərbiyəçi bacıları düşərgənin  kənarındakı  köşkə  sarı  apararkən  uzaqdan  atasını  görən Ləman : -Ata,-deyib ona doğru qaçmaq istəyəndə ondan arxada olan bir qız onları ötüb qaça-qaça Davuda  tərəf  yüyürərək: -Papa, sənin üçün çox darıxmışam, – deyib onun qucağına atıldı. Ləman və bacısı Nərmin çox pərt olub atasına doğru getməli, yoxsa geri qayıtmalı olduqlarını kəsdirə bilməyib yolun ortasında  donub qaldılar. Davud  əlini yelləyib  qızlarını yanına çağırdı.  Atalarının yanına gələndə  Ləman dişi çəkilərkən  gördüyü qadını və qızı tanıdı. Bu, bacıların  ilk və son istirahətləri oldu. İki il sonra Davudun  böyük qızı Ülkər orta məktəbin son sinfinə keçdi və atası ona  hazırlaşıb tibb institutuna qəbul olmaq əmrini verdi.  Ciddi-cəhdlə hazırlaşsa da,   lazımi balı toplamadığı üçün Ülkər instituta qəbul ola bilmədi.  Xəbər çıxan günün səhəri  Davud  qaynatasına zəng vurdu: -Fərhad kişi, bir bel götür, evinizin yanındakı tində məni gözlə, – dedi. Ülkəri maşına qoyub  yoldan qaynatasını da götürən Davud  şəhərdən xeyli aralanıb qəbiristanlığın yanında maşından düşdü. Qaynatasına qumlu , yumşaq bir yeri göstərib: -Buranı qaz, – dedi. Fərhad kişi təəccüblə: -Nə üçün qazmalıyam? -deyə soruşdu. -Qoca, işini gör. Biləcəksən,-deyə Davud  buz kimi soyuq  və dəhşət saçan gözlərini qaynatasından yayındırıb bir siqaret yandırdı. Yarım metrə qədər ancaq qazan  yaşlı kişi daha heydən düşdüyünü, gücü çatmadığını deyəndə  Davud  tapançasını çıxarıb qızına tuşladı: -Səni öldürüb burda basdıracam. Niyə dost-düşmən yanında mənim üzümü  yerə saldın, instituta girmədin?- deyə dişlərini qıcayıb ilan baxışlı gözlərini qızına zillədi. Qorxu və təəccübdən gözləri böyümüş qızın rəngi bir anda sapsarı saraldı və tappıltı ilə yerə yıxıldı. Babası nəvəsinə sarı qaçıb onu  özünə gətirməyə, ayağa qaldırmağa  çalışdı. -Heç insafın yoxmu? Bu, sənin doğma balandır. Niyə bu qədər zalımsan?-deyə qoca doluxsunaraq altdan-yuxarı yeznəsinə baxdı. -Sus, qoca. Öz işinə qarış,-deyən Davud keçib maşında oturdu. Üzünə su çiləməklə çox çalışıb nəvəsini özünə gətirən Fərhad onun qoluna girib  çətinliklə maşına mindirdi. Bundan sonra ürəkgetmə  tapan Ülkər ömrü boyu bü xəstəlikdən əziyyət çəkdi. Bir il keçməmiş  atası onun razılığını  almadan  öz yanında işləyən stomatoloq Rahimə ərə verdi: -Rahim mənim sağ əlimdi. Əsl kişidi. Xasiyyəti xoşuma gəlir. Əldən də bərkdir. Ailəsinin namusunu yaxşı qoruyacaq, – dedi. Ata evində gördükləri ər evində Ülkərə muştuluq oldu. Arvadını evdə dustaq kimi saxlayan Rahim ən adi şeyləri bəhanə edib onu döyür,   uşaqların ağlaşması  bir-birinə qarışırdı. ...Ülkərin  ilk övladı Tahir artıq institutun son kusuna keçsə də, Rahim  oğlu evdə olmayanda  yenə arvadının üzərində gücünü sınayırdı.  Tahirin institutu bitirməsinə lap az qalmışdı. O,  evə gələndə anasını gözü yaşlı, üz-gözünü göyərmiş   görüb mətbəxə cumdu. Oradan  böyük  ət dəhrəsini götürüb geri qayıdanda Ülkər ağlayaraq  oğlunu  qucaqladı: -Oğlum, amandır! Əlini qana bulama! Həbsxanalarda çürüyərsən. Qurbanın olum, etmə! – deyə yalvardı. Qapısına  yarıdan yuxarı şüşə vurulmuş yataq otağına dəhrəni qəzəblə tullayan Tahirin ağlına da gəlməzdi  ki, dəhrə  şüşəni sındırıb atasının başı üzərində çarpayının taxtasına pərçimlənəcək. Gurultuya hövlnak gözünü açan Rahim üzünə paralel çarpayıya sancılmış dəhrəni  görəndə sifəti qapqara qaraldı. Ağzından köpük gəlməyə,  əl-ayağını çalmağa, qırıq-qırıq nəfəs alıb xırıldamağa başladı. Təcili yardıma zəng vurdular. Xəstəxanaya çatanda artıq Rahim keçinmişdi. Həkimlər onun  infarktdan öldüyünü deyəndə Ülkər təəccüblə: -Doğrudanmı, Rahim ölüb? Axı necə olar  ki, o ölsün? Yəni ölübmü?—deyə bu zalım adama Əzrayılın gücünun çatmasına təəccüb etdi. Bundan sonra Ülkər rahat nəfəs aldı. Ərinin qorxusu uzun müddər canından çıxmayan qadın yavaş-yavaş azadlığa alışmağa,  dükan-bazara, adam içinə çıxmağa başladı. Davud  o biri qızlarını da köçürmüş, yalnız kiçik qızı Ləmanın bəxti gətirməmiş, ərə gedəndən  dörd il sonra əri maşın qəzasında ölmüşdü. Qaynatası və qayınları onu  evindən qovdular. Ləman ər evini tərk edib iki balaca uşaqla  ata evinə qayıtmalı oldu. Davudun  bütün həyatını cəhənnəmə çevirən oğlu Neman oldu. Çox ərköyün və veyil böyüyən,  harınlamış  uşaq orta məktəbi güclə bitirdi. Atası əlavə müəllim yanına hazırlığa göndərsə də, Neman heç nə öyrənə bilmədi. Orta məktəbin son sinfindən nəşə çəkməyə başlayan oğlunu Davud  çətinliklə, pul gücünə institutların birinə düzəldə bildi. Oğlu institutda oxuyanda  ailəni  yeni bir bəla gözləyirdi. Neman içkiyə qurşandı və qumar oynamağa başladı. O, son kursda oxuyanda artıq Davudun  bankda olan pullarının çoxu  oğlunun qumarda uduzduğu  borclara  verilmişdi.  Neman  institutu bitirdikdən sonra iki ayağını bir başmağa dirəyib hərbi xidmətə yararlı olmamaq haqda atasının vasitəsilə yüksək məbləğə  saxta sənəd  aldırdı və hərbi xidmətə getmədi.   Davud  oğlunu pis vərdişlərdən  çəkindirə bilmədi.   Neman qumarda uduzduğu pulları atasının müxtəlif yerlərdə aldığı torpaq sahələrini satdırmaqla ödətdirməyə başladı. Davud narkotik maddə alveri və istifdəsi ilə məşğul olan oğlunu  həbsxanaya düşməkdən xilas etmək üçün artıq  aldığı evləri də bir-bir satmağa başladı.  İllər keçir,  Davud  müflisləşir,  çox profesional olduğu işini də əməlli-başlı yarıda bilmir, müştərilərini bir-bir itirirdi. Oğluna iki dəfə nişan qoysa da,  qız evləri Nemanın narkoman olduğunu bilib nişanı qaytarmışdılar. Atasının  maddi imkanları getdikcə azaldığına görə  Ləman evlərdə qulluqçuluq etmək üçün iş axtarmğa başladı.  Onun ilk iş yeri  tanınmış, varlı   iş adamı Niyazın evi oldu. Yaşı yetmişi haqlayan bu adamın uzun illərdi, arvadı ölmüş və  orda-burda qadınlarla əylənsə də, qızının qorxusundan evlənə bilməmişdi.   O, Ləmanı həm özünə, həm də ərindən boşanıb atası evində qalan   üç uşaqlı qızına  xidmət üçün əmək haqqını  artıqlamasilə verməklə qulluqçuluğa qəbul etdi. İşi çox ağır  olsa da, Ləman hər şeyi vaxtında və nöqsansız etməyə çalışır, belə imkanlı iş yeri tapdığı üçün sevinirdi.  Niyazın  ağır xasiyyətli, qısqanc və isterik  qızı heç bir işdən başı çıxmasa da, Ləmanın hər işində nöqsan tapır,  onu acılayaraq  böhtan və yalanlarla atasının gözündən salmağa çalışırdı.   Belə anlarda Niyaz onu müdafiə edir,  dəlisov qızınının  sözlərini qulaqardına verir,  bu hərəkətləri ilə  Ləmanın  gözündə  ucalırdı.  Ləman isə iş yerini itirmək qorxusundan  qızın bütün kaprizlərinə dözürdü. Bir neçə aydı  ki,  Niyazın evində işləyən Ləman zaman keçdikcə  onun aldığı bahalı  hədiyyələri  sadəlöhvcəsinə qəbul edir, ona büt kimi sitayişi artırdı. İnsanlarla münasibət qurmaqda  təcrübəsi olmayan, adam içinə çıxmayan, ata evində hər an döyülmək görən,  iradəsi sındırılan   qız bir müddət sonra Niyazın  nəvazişlərinə də öyrəşdi.  Onun  işləməyindən bir neçə  ay keçmişdi. Artıq  Niyaz qızını  qonaq  otağına salıb qapını onun üzünə  bağlayır,  Ləmanı öz yataq otağına aparırdı. Pullu  iş yerini itirmək qorxusundan və iradəcə zəif olan  gəlin bunları da səssizcə qəbul etdi. Niyazın  qızı, nəhayət: -Cəhənnəm ol, nə qələt eləyirsən, elə. Ancaq atamı mənə qarşı öyrətsən , səni iti qovan kimi qovacam evdən, - deyib  onu hədələdi. Qoca və əsəbdən dəli olmaq dərəcəsinə gələn atasını, zavallı anasını və uşaqlarını düşünəndə   Ləman  daha çox acizləşirdi.  Niyazın verdiyi pullarla atasının dərmanlarını çox vaxt özü alırdı. ...Bir neçə il sonra bütün var-yoxu əlindən çıxan Davud   üçotaqlı, təmirsiz, köhnə  bir mənzildə yaşamağa  məcbur oldu.  Əlləri əsdiyi, əsəb xəstəliyinə tutulduğu  üçün işləyə bilmirdi. Sadiq həyat yoldaşı hər an yanını kəsdirsə də,  Davud  rahatlıq tapmadı. Oğlu olmasını uzun illər arzulayıb ona çox ümidlər bəsləmişdi. Tanrı ona oğul yox, böyük bəla verdi.  Neman  bu evi  də satmağı,  narkotik maddə almaq üçün pul  tapmağı tələb edirdi. Bu  ev onların son sığınacağı idi. ...Yazın əvvəli idi. Yerindən  yenicə qalxmış  Davud oğlunun hələ oyanmamasını görüb arvadına: -Bu bəla niyə belə gec oyandı?-deyə soruşdu. -İndi gedib durğuzaram.  Çay artıq hazırdır , – deyə  Nubar Nemanı oyatmağa getdi. İki dəqiqə keçməmiş  yataq otağından onun həyəcanlı səsi gəldi: -Davud, bu uşaq ölüb! Ölüb!—dedi. Davud əlləri, dizləri əsə-əsə oğlu yatan otağa yönəldi. Sapsarı saralmış Nemanın meyiti artıq soyumuşdu. Təcili yardım çağırdılar. Onun artıq dozada narkotik maddədən öldüyü diaqnozunu qoydular. Oğlunun ölümündən sonra Davudu  bir şey düşündürür  və təəccübləndirirdi. Arvadı oğlunu bir dəfə də ağlamadı, bayatı deyib oxşamadı. O: -Başımın bəlası getdi. Ancaq oğulsuz, köksüz qaldlm,-deyib ağlayanda arvadının gözlərini ona zilləyib soyuq-soyuq baxmasını anlamrdı. ...Davud  can üstə idi. İki gündü ki, yatağından qalxa bilmir, nitqi zəifləmiş, kəsik-kəsik nəfəs alırdı.  Nubar stulunu çəkib  onun yanında oturdu. Ərinin  həyat əlamətlərini itirməyə başlamış üzünə baxıb astaca səslədi. Davud   gözünü açanda  Nubar anladı ki,   bu onun son baxışıdır və gözünü açmaq üçün son gücünü sərf edib: -Davud, ölürsən artıq. Qoy deyim, Allahdan gizli deyil, səndən də gizli qalmasın. Yadındamı, hər dəfə qızım olanda məni ölüncə döyür, zəif , zahı canımı xəstə edir, məni yatağa salırdın. Sənə su sonası kimi  altı qız doğdum. Onların hamısı sənin qanından idi. Doğma balaların idi.  Ancaq heç birini nə əzizlədin, nə də adam kimi, ata kimi rəftar etmədin. Mənim balalarım doğma evində gözüqıpıq,  aciz, ata sevgisi görmədən böyüdülər. Oğul istəyirdin. Ləmanla birlikdə sənə verdiyim oğlun Neman bilirsənmi,  kim idi? Bic, qeyri-qanuni doğulmuş, nəsli-kökü bəlli olmayan birinin övladı idi. Aldığın brilyantları həkimə verib  həmin gün xəstəxanaya atılmış o uşağı evə gətirdim. O da  balalarıma, mənə etdiyin zülmün əvəzini sənə  yaşatdı. Neman sənin oğlun deyildi. Anladınmı? O bizim oğlumuz deyildi. Ona görə o öləndə gözümdən bir damla yaş çıxmadı. Sənə də ağlamayacam. Ağlasam, balalarımın, özümün  qara günlərimizə ağlayacam.  Di indi rahat ölə bilərsən. Qoca  donuq baxışlarını arvadına dikib bir müddət dinmədi. Hiss olunurdu ki, eşitdiklərini ağlında təhlil  edir, zəifləmiş beyni bu xəbərin ağırlığını götürə bilmir. Kirpikləri titrədi. Gözündən axan iki damla yaş  bəbəklərinin çuxurunda gölləndi. Dilindən  qopan son söz bədəndən çıxan   ruh kimi yavaşca uçub getdi: -Təəssüf... Nubar isə  bircə kəlmə: “Bağışla”,-sözünü eşitmək istəyirdi. 20 noyabr 2019