Bir saat karantinli Lənkəranda

Şahbaz Xuduoğlu
Girdəni körpüsündən Ləvəngi dairəsinə uzanan yolun ətrafındakı evlər, həyətlər bir-birinə bənzəmir. Solğun bir evdən dərhal sonra ağlagəlməz dəbdəbəli həyət görə bilirsən. Kəskin fərq gözə girir. Solda qalan həyətin dekorativ ağacları, binanın görkəmi Muzey təsiri bağışlayır. "Bəlkə də içində yaşayan yoxdur". Ondan bir məhəllə sonrakı bina isə observatoriya binası kimi dairəvidir.
Küçənin solu sağından daha zəngindir. Amma sağında yaşıllıqdı, hasarlardan sallanan çiçək zanbaqları, sarmaşıq qızılgül salxımları ətrafa hüzur səpələyir.
Qarşıdan ağ bir saman tayası yaxınlaşır. Əvvəlcə maşına, sonra at arabasına bənzədirəm. Yaxınlaşanda, sən demə, bərq vuran ağ saman yox, sadəcə plastik torbalarıdır. Nə at arabası nə də maşın deyil. Plastik torbalar içində diyirlənən velosipeddir. Sürənin kepkası görünür. Velosiped əminliklə Girdəni istiqamətinə gedir.
Yol qıraqlarında təndir yazılan bir neçə çörəkçi çalışır.
Maşın hissələri, təkərlər satan dükanlar da çoxdur.
Ləvəngi dairəsi abaddır. Ətrafda yüngül konstruksiyalı dükanlar çalışır. Telefon dükanları, apteklər...
Bu yol bazara doğru gedir. Yol qırağında naxışlı taxta qapılı bir bina pəncərələri və kərpic tikilisi ilə qədimdir. Burda bir az Gəncə havası duyulur. Qırmızı kərpicli evlər çoxdur.
Bazarın tərəvəz, göy-göyərti satılan hissəsi qələbəlikdir.
Şitil satanlar daha çoxdur. Hər piştaxtada limon, pomidor xiyar satılır. Heç bir satıcı müştəri səsləmir, heç malını da təbliğ etmir. Amma müştəriyə qarşı da soyuqqanlı deyillər.
Nisbətən gənc bir oğlan “nə almaq istəsən de sənə kömək edim” deyə öz xidmətini təklif edir. Gülərüz, şən bir oğlandır. Ondan aralansam da az sonra əlində limon arxamca gəlir, dırnağı ilə limonun qabığın qoparıb mənə uzadır: "Bu iyi yadında saxla, həqiqi limon qoxusu budur. Alanda diqqət et".
Bazar küçəsi olsa da hər kəs öz ətrafını təmiz saxlayır. Hər kəsin diqqəti müştəridən daha çox satdıqları maldadır; nazıyla oynayırlar, kimisi su çiləyir, kimisi milçək qovur, kimisi sağlamları daha görünən yerə qoyur.
Mən tərəvəz qutuları arasında arxayın və rahat oturmuş yaşlı xanıma yaxınlaşıram. Başında iki yaylıq var, biri altdan sanki saçını yığmaq üçün bağlanıb, digəri isə xüsusi bir qaydanı qoruyurmuş kimi üstdən atılıb. Yaylıq bir rənglidir, üstündəki şalın isə xırda rəngli çiçəkləri var.
Yerindən qalxmadan pomidor-xiyarı paketə yığır, baha deyil. Bakı bazarlarında satılanlardan fərqli olaraq hər xiyar, hər pomidor həyat uğrunda döyüşdən çıxmış kimi görünür; çapıqlı, əyri-üyrü, amma öz təbii rənglərində.
Başqa bir yaşlı satıcıdan limon alıram. "5 manat ver bu limonların hamısını verim". Etiraz etmirəm. Ümumiyyətlə, burada heç kəslə alver etmək ağlıma gəlmir. Kimin nə satmasından asılı olmayaraq hər yerdə həm də gül-çiçək satılır. Limon, mandarin, feyxoa kolları 0,50 manatdan başlayır. Bir-iki manata çox gözəl dibçək və həyət gülləri ala bilərsən.
İnsanlar Lənkəranın havası kimi çox mülayim, mehriban və diqqətcildir. Birinin müştərisində digərinin gözü yoxdur.
Bazarı əsas hissəsi passivdir. Dükanların çoxu çalışmır. Gübrə satılan dükan açıqdır. Gübrə istəyirəm, deyir bəlkə fikrini rusca deyəsən. Ümumiyyətlə, burda rusca danışmağa meyil daha çoxdur, nəinki Bakıda.
Yanımda Fransadan gələn qonağım var, bəlkə o səbəbdən hər kəs bizimlə rusca danışmaq istəyir.
Notariusda adam çoxdur. Amma bu çoxluqda bir nizam var, hər kəs aşağı səslə danışır, guruldamırlar. Notariusda çalışanlar maska taxıblar. Gələnlərin isə bir hissəsi.
Süd rəngli kostyumlu bir nəfərin döşündə Heydər Əliyevin şəkli taxılıb. Başında şlyapası var. Dostumun oğluyla hündürdən rusca danışır. Danışıq manerası özündən daha çox ətrafa hesablanıb; hamı onu eşitsin. “Neçə yaşın var”, “hardan gəlmisən” kimi ənənəvi suallara cavab vermək Rudolf üçün yorucu bir işə çevrilib.
Notariusun qarşısında qalın gövdəli ağac tamam yarpaqlayıb. Üstündə bülbüllər oturub. Səsindən tanıdım, amma gözlərimə inanmadım. Gül satan xanımdan soruşdum. “Bülbüldü” dedi. "Buralarda çoxdur". Ağacın gövdəsinə diqqətlə tamaşa edirəm. Gözüm üstündə lövhə axtarır. Qədim ağac olmasına heç şübhə yoxdur.
Girdəni körpüsünün altında maşını saxlayıb qonağımı gözləyirəm. Velosipedli biri dayanır, salam verib körpünün ətrafında otlayan heyvanları fitləyir. Heyvanlar dərhal hərəkətə gəlir, qadağan olunmuş ərazidə otlamalarının fərqinə varırlar. Dərhal gözdən itirlər.
Oğlanın adı Qurbandır. Yol idarəsində çalışır. "BU YOLA BAXIRAM, təmizləyirik, çirklənməyə qoymuruq". Ala iti mənə baxır, mehriban adamam. Quyruğunu bulayır. Başını tumarlayıram. Soyuq burnu ovcumu sərinlədir.
– Bu yolda çox adam işləyir?
 
– 60 adam yazıblar, amma fakt 30 nəfər var.
– Bəs maaşın nə qədərdi?
– 300 manat. Onu da bəzən kəsirlər.
– Niyə?
– Müdir Astarada yaşayır, bu yolla keçəndə bəzən nahar fasiləsinə təsadüf edir, yolda olmadığımı görəndə maaşımdan kəsirlər. Son ay 4 iş günümü kəsib. Ona görə günümü yolda keçirirəm.
Lənkərana gedən yol fövqəladə gözəldir. Sağ tərəfdə meşəli dağlar sıralanıb, sol tərəf çəmən, çiçəkli geniş otlaqlar dənizə qədər uzanır.
Meşənin içində, yamacda kirəmitli evlər görünür. Qurban deyir ki, yeni istirahət mərkəzidir.
Amma indi ora getməyin mənası yoxdur, yəqin çalışmır. “Hə” deyə təsdiq edir.
Lənkəranda yadımda qaldı:
sərbəst həyat sürən bülbüllər, kərpicli və keramik evlər, mehriban və qayğılı sifətlər, ən hündür olan tikili – sovet doqquzmərtəbələri, bir də təmiz küçələr.
08.05.20