Sənə heç bir kömək edə bilməzdim, Elçin

“OMON” (XTPD – Xüsusi Təyinatlı Polis Dəstəsi) hadisələrindən 25 il keçir. Qrafikim çox sıx olduğu üçün bununla bağlı heç nə yaza bilmədim. Gec də olsa, bəzi qeydlərimi oxucularla bölüşmək istəyirəm. Hadisəyə siyasi qiymət vermək niyyətindən çox uzağam. Rövşən Cavadovu uzaqdan görmüşəm. Narın bir yağış yağan gün idi. Hər kəs nəsə xoşagəlməz proseslər getdiyini bilirdi. Rövşən Cavadov Ağstafa Dəmiryol Vağzalının önündə çiynində yağışa qarşı plaş-örtük dayanmışdı. Çox fikirli idi. Amma Elçin Əmiraslanovla iki dəfə söhbətimiz olub. Heç birində söhbətimiz alınmadı. Birinci dəfə mən ondan, ikinci dəfə isə o məndən narazı qaldı. O vaxt başqa yerlərdə olduğu kimi, Ağstafa və Qazaxda da könüllü hərbi birləşmələrin hərəkətlərində bir koordinasiyasızlıq vardı. Məsələn, Ağstafada dəmiryol vağzalının yaxınlığında “Turan” adlı könüllülərdən ibarət dəstənin qərargahı vardı. “Qazaxlı Alikin dəstəsi” isə daha çox Dağ Kəsəmən sakinlərindən ibarət idi. O döyüşçülərin əksəriyyəti ilə tanış idik. Onların bir komanda kimi birləşməsi barədə təşəbbüsümüz müsbət nəticə verdi. O vaxt AXC Ali Məclisində Ağstafanı təmsil edirdim. Daha bir təşəbbüs isə Bakıda oldu. O vaxt Qazax və Ağstafa sakinlərinin Bakıda toplandığı yerlərdən biri “Sahil” metrostansiyasının yaxınlığındakı “Cənub” mehmanxanası idi. Elçin Əmiraslanovu təsadüfən orda gördüm. Bu dəfə Xüsusi Təyinatlı Polis Dəstəsi ilə “Qazaxlı Alikin dəstəsi”nin fəaliyyətinin koordinasiyası təklifini verdim. Təklif  Elçin Əmiraslanovun xoşuna gəlmədi. “Qazaxlı Alik”ə etimadsızlığı aydın sezilirdi. İkinci görüşümüz lap sonralar oldu. ...1995-ci il martın ilk günləri idi. Kənddə - Sadıqlıda yaşayan qardaşım qızlarına toy etməyə hazırlaşırdı. İki qızın toyu eyni günə - martın 8-ə salınmışdı. Ağstafaya gəlib hərəkat yoldaşlarını, digər tanışları toya dəvət edəcəkdim. Uyğunlu vaxt gözləyirdim. Hamı yığışacaq, salona keçəcəyik... O vaxt əhali çox pis yaşayırdı. Pulun devalvasiyası insanları yavan çörəyə belə həsrət qoymuşdu. Dəvəti necə edəcəyimi götür-qoy edirdim: “Bu, qız toyudur, kimsə tərəddüd etməsin. Bizdə qız toyunda nəmər yığılmır”, demək olarmı? Hər halda bu fikri hansısa formada çatdırmaq lazımdır. Amma o sözləri deyəsi olmadım. Bir nəfər tanış bir az hüznlü görkəmlə yaxınlaşıb soruşdu: - Polis kəndə zəng etmişdi? - Yox, nəyə görə? - Biləsuvardan polisə zəng ediblər. Qardaşının yoldaşı rəhmətə gedib... Kəndə qayıdıb (45 km) toyun təxirə salınmalı olduğunu deyib Biləsuvara yola düşdüm. Üç gün sonra isə Bakıya qayıtdım. Ali Məclisin iclası idi. Yığıncağın sonunda Əli Kərimli mənimlə görüşüb dedi ki, Ağstafa və Qazağa zəng edib tapşırım, cəbhəçilər "OMON"a qoşulmasınlar. Sonra eyni sözləri Mirmahmud Fəttayev dedi. Bir qədər sonra isə çağırıb elə bu gecə rayona getməyimi istədilər: “Sizin rayondan nə desən, gözləmək olar”. Haqlı idilər. Bizimkilər çox dəliqanlı  idilər. 1992-ci ildə ilk çevriliş mayın 14-də Ağstafada olmuşdu. İcra Hakimiyyəti, polis idarəsi və mühüm dövlət obyektləri nəzarətə götürülmüşdü. O vaxt radio şəbəkəsi ilə əhaliyə müraciət edib dövlət çevrilişi edildiyini elan etdim, əhalini sakitliyə çağırdım. Ağstafadakı teleötürücü qüllə də ələ keçirildi. Televiziya yayımı dayandırıldı. Amma telemüraciət etməyimi texniki cəhətdən təmin edə bilmədilər. Səhəri gün isə Bakıda dövlət çevrilişi oldu. Yəni Ağstafa xüsusunda təşviş və narahatlıq əsaslı idi... Gecə ikən qatara minib yola düşdüm. Səhər tezdən qatar Tovuzu keçmişdi. Narın yağış yağırdı. Üzüm cərgələrinin arası ilə hərəkət edən silahlı hərbçilər diqqətimi cəlb etdi. Müxalifətçi olsam da, bunu müsbət qiymətləndirdim: “Orduya diqqət verilməsi yaxşıdır. Təlimdə nə qədər çətin olsa, döyüş bir o qədər asan olar”... Rayonda nə baş verdiyindən xəbərim yox idi. Qatar Ağstafaya çatdı. Hələ qatardan enməmiş bir nəfər dedi ki, yığışıb məni gözləyirlər. Qərargahın ətrafı adamla dolu idi. Demə, həmin gecə "OMON" Qazax və Ağstafada hakimiyyəti ələ keçiribmiş. İclas başlandı. Hərəkatçıların bir hissəsi "OMON"a kömək etməyin doğru olduğunu bildirirdi. Amma yuxarıdan verilən qərar başqa idi: AXC bu məsələdə tərəf deyil. İclasın qərarını çıxarıb möhürlədik və küçədəki məlumat lövhəsindən asdıq. Qərarda "OMON"a qoşulanların cəzalandırılacağı bildirilirdi. Elə həmin gün Elçin Əmiraslanov qərargaha gəlib mənimlə görüşdü. İkilikdə söhbət etdik. O, mənə təklif etdi ki, gedib icra hakimiyyətində oturum: “Xalq Şurası yarat və rayonu idarə elə”. Elçin mübarizələrinin qələbə ilə nəticələnəcəyinə inam ifadə edən bəzi sözlər də dedi. Məndən çox gözləntisi var idi. Ona cavab vermək çox çətin idi. Mən Bakıdan AXC-nin bu çevrilişə dəstək olmamasını təmin etmək üçün göndərilmişdim. Bu, Əbülfəz Elçibəyin qərarı idi. Amma elə onu da demək çətin idi. Vəziyyətimi başa düşürdü. Cavabı verəndən sonra gözlərindəki ümid öləzidi və yaxınlıqdakı stula əyləşdi. Çox üzgün idik. “Hər halda bir də yoxlayaq, sizdən və bizdən bir neçə nəfər ATS-ə getsin, Bakı ilə bir də əlaqə saxlanılsın” deyə gərginliyi azaltmaq istədim... Bihudə... Deyəsən, səhəri gün atışma başladı. "OMON"çular “Cavanşir” restoranına toplaşmışdı. Restoranın top və ya minomyotlardan atəşə tutulması xəbərləri gəlməyə başladı. Ölənlər çox idi. Xəbərlərdən birində deyilirdi ki, yanındakı döyüş yoldaşları bir-bir öldürülən Elçin başına döyürmüş. Döyüşçülərdən biri isə ona yalvarırımış: “Qurban olum, komandir, başına döymə...” Elçin Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi uğrunda müharibədə başından ağır yaralanmışdı. Deyilənə görə, Avstriyada kəllə sümüyünün yerinə süni qapaq qoyulubmuş... Eks-spiker Rəsul Quliyev 16 mart 2016-cı ildə  “Strateq.az”a verdiyi müsahibədə "OMON"un dövlət çevrilişi cəhdinin qonşu ölkələrin planı olduğunu iddia edir: “Heydər Əliyev və mənim neft kontraktlarının bağlanmasında Qərb kompaniyalarına üstünlük verməyimiz, o dövrdə finans imkanları məhdud olan Rusiya və Türkiyənin kənarda qalması, bu ölkələrin bəzi dairələrini (Rusiyada hərbiçiləri, Türkiyədə baş naziri və onun biznes partnyorlarını) qane etmirdi... “. Eks-spiker daha sonra qeyd edir ki, “Rövşən Cavadovun yaradacağı Dövlət Şurasında Mütəllibovun (Rusiyanın nümayəndəsi), Elçibəyin (Türkiyənin təmsilçisi) olması tələbi, sözsüz, həm ağaları, həm də adları çəkilənlərlə razılaşdırılmışdı... “. Hər halda yuxarıda deyilənlər R.Quliyevin bu iddiasının əsassız olduğunu göstərir. Türkiyənin o vaxtkı baş naziri Tansu Çillərin çevrilişə dəstək verməsi barədə o vaxt "OMON"çular da danışırdı. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Eləcə də AXC Rövşən Cavadova dəstək versə idi, hadisələr hansı məcraya yönələrdi? Bu, daha yaxşı bir məcra ola bilərdi? Bu barədə də nəsə demək çətindir. Amma Ermənistanın Azərbaycana təcavüzünün başladığı, Qarabağda erməni separatizminin yeni baş qaldırdığı dövrdə  "OMON" azərbaycanlıların dayağı olub. 1990-1991-ci illərdə ən qaynar nöqtələrə ezam olunan “OMON”çular ermənilərin də qorxduğu əsas qüvvə idi. Bunu danmaq olmaz. Bu, bir xatirə idi... Xeyirli çərşənbə axşamları...