Yeni şeirlər

Nəsirzadə Aysel Bəhram qızı 1986-cı il dekabrın  20-si Zəngilan rayonunda anadan olub. Bakı  Dövlət  Universtetinin  Sosial  Elmlər və Psixologiya  fakültəsinin  Fəlsəfə  ixtisasının  məzunudur. "Sükutdan asılmış ruh " adlı  şeirlər kitabının müəllifi,  “Zərif kölgələr”  adlı antologiyanın və  Aprel şəhidlərinə həsr olunmuş  “Vətən mücahidləri” adlı  kitabın  həmrəhbəridir. Şeirləriylə müntəzəm olaraq dövrü mətbuatda çıxış edir. Ailəlidir, iki  övladı  var. *** Saçını yola tökən söyüd ağacı, Birləşməyən yol- Sonu cığır. Sevincdən doğan acı- Qanadı qırıq arzular. Yüklənmiş beyin- Beyindən didərgin ağıl. Gerçək- həyat, Gerisi nağıl. Sən də gecikdin mənə… Yenə elə bu gecə, İçimə ağlamışam. Hıçqırtım öz içimdə, Göz yaşıma boğulub… Səsləşib sükutumla, Gecənin kor sükutu. Zülmətin qucağına, Yeni bir “mən” doğulub. Fikirlər tikan kimi, Dəlir, deşir ruhumu. Çəkilmək bilmir bir an Gözümün yorğunluğu. Səhər azan səsilə, Gözümə gələn yuxu. Bu nə vaxtın gəlişi? Sən də gecikdin mənə, Yuxudan durdu çoxu… Bu dünyada sınaqdayam… Hər dərd  mənə bir pay  tutur, Nə  vardayam, nə yoxdayam. Ürəyimdən Allah  dərdi Ala, bir  azca  toxtayam. Mənə ucuz  bir  ölüm də, Yer verməyir öz  elində. Taleyimin  sərt  dilində, Ömür  boyu  danlaqdayam. Günlərimi saya-saya, Sığdırmışam bir  araya. İmtahanım o  dünyaya, Bu dünyada sınaqdayam. Həyat uçurum kənarı, İnsaflının biri  barı Əlindən tutub baharı Kaş  gətirə, sazaqdayam… Böyütdü səni mərmilər (Suriyalı uşağa…) Meyitlərin arasında Anasını gəzən uşaq. Qırıq mərmilər üstündə Sevincini əzən uşaq. Qoruyan yox indi səni Durma burda, gizlən, əyil, Anan qayıtmayacaq, bil. Gördüyün o silahlar da, Bildiyin oyuncaq deyil. Daha uşaq deyilsən sən, Böyütdü səni mərmilər. Körpə,məsum arzuların, Güllə səsinə gömülər. Selə dönən göz yaşların, Axdı, yerin qəlbin deşdi. Taleyin qismət payında, Xoşbəxtlik səndən yan keçdi. Özünə özgələşmiş özüm… Yola dikilən gözlərimi Asta- asta yoldan yığıb, Evin ən darısqal küncündə Xısın - xısın ağlayanda Açdım həqiqətlərə gözümü… Arzularından geri dönüşün mənasızlığına təslim olub, Qollarımın dizlərimə sarıldığı vaxtdan başladı tənhalığım. Bu qədər  olanlara,bitənlərıə rəğmən Bükülən boynuma çiyinlərim sahib çıxanda sevdim - İllərlə özünə özgələşmiş özümü. Nöqtələndin Oxumağa can atdığım, Sual dolu hekayəmdin. Vergüllərin arta-arta Çevrildin bir nidaya… Dəyərsiz bir cümləylə, Sevimli hekayəmin sonunu bəlirlədin. Rəvac verdin vidaya Bu da son, Nöqtələndin… DARIXMAĞIN FƏSLİ Darıxmağın fəsli nə vaxt dəyişdi, Darıxmağın fəsli nə vaxt yaz oldu? Ürək çəkən intizarı duymayan, Yara görə bu darıxmaq az oldu. Uzandı məsafə hər addım başı, Qaysaq bağlamadı ürəkdə yara. Nə qədər təsəlli axtardım durdum, Bir çarə olmadı bu intizara. Bəxtin qarasına gecə utandı, Zülmət layla dedi ovutmaq üçün. Külək də pərvanə oldu başıma, Gözümün yaşını qurutmaq üçün