İranla sazişin təsdiqində millət vəkilləri nə deyiblər?

  Fazil Mustafa: “İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq” Zahid Oruc: “Dünyada müsəlmanların himayəçisi kimi çıxış etməsinə baxmayaraq, İrandan Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsinə olduğu kimi münasibət görmürük” Artıq bir neçə gündür ki, fəaliyyətləri qara yaxmaq, göz önündə olan həqiqətləri təhrif etməkdən ibarət olan bəzi nüfuz müvəkkilləri idia edirlər ki, Milli Məclisdə “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri sadəcə susublar və Sazişlə bağlı mövqelərini ifadə etməyiblər. Əlavə şərh vermədən, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, BQP sədri, millət vəkili Fazil Mustafa və millət vəkili Zahid Orcun çıxışlarını oxucularımıza tədqim edirik: Qüdrət Həsənquliyev: Sazişlə bağlı onu qeyd etmək istəyirəm ki, doğrudan da, bu sənəd Azərbaycanın milli və dövlət maraqlarına cavab verir. Ona görə mən də buna səs verəcəyəm. Oqtay müəllim, mən şəxsən Sizin və iqtidar təmsilçilərinin narahatlığını başa düşürəm. İqtidar bu illər ərzində həmişə çalışıb ki, İranla dostluq münasibətlərini qorusun və inkişaf elətdirsin. Amma bizim el məsələsi var, deyir, belə olmur da, yəni “səni sevəcəyəm, sən sevməsən də”. Çox təəssüf ki, biz bunun qarşılığını İran tərəfindən görməmişik və bu sazişin də tərəfi İran olduğuna görə onu müzakirə edərkən bəzi məsələlərə münasibətimizi bildirməliyik. Xahiş edirəm, Siz də bizim narahatçılığımızı bölüşəsiniz və qəbul edəsiniz. Əvvəla, bu sazişin preambulasında qeyd olunur ki, tərəflər bu sazişi imzalayarkən, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” 2002-ci il 20 may tarixli Müqaviləni, o cümlədən BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alırlar. Bu, çox önəmli bir məsələdir. Digər önəmli bir məsələni Valeh müəllim burada qeyd etdi. Sazişin 11-ci maddəsində qeyd olunur ki, tərəflər tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planı hazırlayacaqlar. O cümlədən tərəflər “Xudafərin” körpülərinin Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər. Amma buradan ortaya suallar çıxır. Birincisi, Oqtay müəllim, biz İranın rəsmilərindən və İranın din xadimlərindən soruşmalıyıq ki, islamda, ümumiyyətlə, Şərqdə necə belə dostluq ola bilər? Eyni dinin daşıyıcılarıyıq, eyni təriqətin daşıyıcılarıyıq və İranda öz tarixi dədə-baba torpaqlarında 30 milyon azərbaycanlı yaşayır. İran da qəbul edir ki, bizim torpaqlarımız işğal olunub, amma İran rəsmiləri deyir ki, bu torpaqları işğal edən Ermənistan bizim ən yaxın siyasi müttəfiqimizdir. Sanki bizə acıq verirlər və qeyri-rəsmi söhbətlərdə deyirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz? Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, onlardan müasir silahlar alaq və müsəlman torpaqlarını – Qarabağı işğaldan azad edək. Bəs İran niyə Ermənistanla əməkdaşlıq edir? Əməkdaşlıq edir ki, Azərbaycan torpaqlarının işğalda qalması daha çox davam etsin? Bu gün xarici mətbuatdan oxudum, Seyid Əli Xamneyi parlamentarilərlə görüşündə deyib ki, İranda etnik, milli, tektonik xətlər var və onu aktivləşdirmək istəyən düşmən qüvvələr səylər göstərir. Bu səyi İran hakimiyyəti, İran rəhbərliyinin özü göstərir. Allah rəhmət eləsin, bizim Çingiz Mustafayev Xocalı soyqırımından sonra orada erməni canilərinin törətdiyi cinayətlərin bir qismini lentə almışdı. Orada Sarkisyanın başçılığı ilə ermənilər azərbaycanlıları, qadınları və uşaqları qətlə yetiriblər. Hələ bununla kifayətlənməyib, sonra 3–5 yaşındakı qız uşaqlarını soyundurub təhqir ediblər. Həmin o azərbaycanlıların soyundurulmuş şəkilləri var, dəfələrlə bu kadrlar televiziyada nümayiş etdirilib. Ola bilməz ki, İran rəsmləri bunu görməsinlər. Axı onlar müsəlman uşaqları idilər. Onlar İranda yaşayan 30 milyon azərbaycanlının bacı-qardaşlarıdır. Tektonik xətləri bax bu cür ədalətsiz yanaşma aktivləşdirir. Aparılan bu siyasət aktivləşdirir, biz aktivləşdirmirik. Ona görə ki, o həm də Cənubda yaşayan 30 milyon azərbaycanlının namusudur. Qarabağ həm də onların torpaqlarıdır. Qüds günü keçirilir. Qarabağ elə bizim üçün Qüdsdür. Biz də Qarabağı azad etmək istəyirik. Ona görə mən hesab edirəm ki, Azərbaycan hökuməti, Azərbaycanın din xadimləri bu məsələlərdə susmamalıdırlar. Hörmətli Şeyximiz Allahşükür Paşazadə kifayət qədər cəsarətli adamdır, Azərbaycan tarixinin keşməkeşli dövrlərində öz cəsarətli mövqeyi ilə həmişə seçilib. Hesab edirəm ki, indi də İranın din xadimlərinə, İran rəsmilərinə, Seyid Əli Xamneyiyə rəsmi müraciət etməlidir. Bizim hökumətimiz rəsmi şəkildə müraciət etməlidir ki, bu nə davranışdır? Bizə sanki acıq vermək üçün Nalbandyan Tehranda az qala dünya lideri səviyyəsində qəbul olunur. Axı dediyim kimi, Sarkisyanın Xocalıda əli qana batıb. Bu həmin cinayətlərə şərik olmaq deməkdir. Bu necə dostluqdur? Biz bu barədə açıq danışmalıyıq. Düşünürəm ki, bundan başqa Azərbaycan İslam Əməkdaşlığı Təşkilatında da bu məsələni qaldırmalıdır. İranın bu davranışına, bu fəaliyyətinə həm mənəvi, həm siyasi qiymət verilsin ki, bu necə müsəlmançılıqdır? İndi biz burada Xudafərindən danışırıq, YUNESKO-ya müraciət edirik ki, Dünya İrs Siyahısına salınsın. O biri tərəfdən, işğal olunmuş ərazilərdə minlərlə məscid dağıdılıb. İslam mədəniyyətinə, islam tarixinə məxsus nə qədər eksponatlar, muzeylər dağıdılıb, məscidlərimizin çoxu donuzxanaya çevrilib. Onlar bunu necə qəbul edirlər? Biz niyə buna susmalıyıq? Ona görə də mən düşünürəm ki, İranın bugünkü rəhbərliyinin yürütdüyü siyasət, çox təəssüf ki, Azərbaycana dost siyasət deyil. Onlar Azərbaycanın inkişaf edən, öz ərazi bütövlüyünü bərpa edən dünyəvi bir dövlət olmasına yanlış olaraq həyəcanlanırlar. Amma onları burada narahat edəcək heç nə olmamalıdır. Əslində, biz əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycanla dostluq münasibətləri İranın sabitliyinə, regionun inkişafına xidmət edən faktordur. Amma dediyim kimi, əgər onlar orada 30 milyon azərbaycanlının, – hələ müsəlmançılığı qırağa qoyuram, – milli kimliklərinə xidmət etməyəcəklərsə, bu formada həqarət edəcəklərsə, əlbəttə, İran bu siyasətin acı nəticələrini dadacaq. Ona görə mən həm də buradan Cənubdakı azərbaycanlı qardaşlarımıza müraciət edirəm, onlar da öz səslərini qaldırmalıdırlar. Dediyim kimi, vaxtilə Rusiya ilə İran Azərbaycanı iki yerə bölüblər, Azərbaycanın bir hissəsində – Şimali Azərbaycanda biz öz dövlətimizi qurmuşuq. Oqtay müəllim, hesab edirəm ki, bu torpaqlar həm də onların torpaqlarıdır, burada baş verənlərə onlar da biganə qalmamalıdırlar”. Fazil Mustafa: Saziş təsdiq edildikdən sonra İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştirak təklif olunmalıdır. İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır, ancaq Azərbaycan aprel savaşında işğalçı Ermənistana bu silahlarla zərbə endirdi. Biz İranın Azərbaycan siyasətinin dəyişəcəyinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İranın tarixi ənənəsi odur ki, Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də İran Azərbaycan adına qarşı çıxıb, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq. Parlament tribunasından bu məsələnin səsləndirilməsi vacibdir. Zahid Oruc: 1990-cı illərdə İran “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə həyata keçirmək istəyirdi, o zaman prezident Heydər Əliyev buna çox sərt reaksiya verdi. O baxımdan, indi Azərbaycan və İran arasında belə sazişin imzalanması və təsdiq edilməsi təqdirəlayiqdir. Mən Həsən Ruhaninin Ermənistana səfərə gedib-getməməsi barədə məsləhət vermək istəmirəm. Ancaq dünyada müsəlmanların himayəçisi kimi çıxış etməsinə baxmayaraq, İrandan Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsinə olduğu kimi münasibət görmürük. Nüvə problemi dövründə Azərbaycanın İrana qarşı platsdarma çevrilməsinə yol verilmədi. İran Azərbaycanla dost münasibət qurmaq, yoxsa fərqli yol seçmək istəyir? Ötən dövr ərzində Azərbaycandan İrana ancaq dostluq münasibəti göstərilib.