Çöllərin qədim xalqı - Noqay tatarları

Məhəmməd Əsəd bəyin “Qafqazın on iki sirri” kitabını bir neçə ildir ki, tərcümə etmişəm. Kitab “Qanun” nəşriyyatının sifarişi ilə tərcümə olunub. Kitabda söylənənlər olduqca maraqlı, tarixi-etnoqrafik bir hekayədir, burada Qafqazın on iki yox, min bir sirri açılır. Əsəri sevə-sevə tərcümə etmişəm. Razılaşın ki, sevməyə-sevməyə tərcümə etdiklərimiz də olur. 1930-cu ildə yazılmış əsərin orijinalı alman dilindədir, 1931-ci ildə Corc Uoterston ingilis dilinə çevirib, mənsə ingilis dilindən Azərbaycan dilinə çevirmişəm. Bilmirəm, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” tərcümə əsərlərinin dilini monitorinq edirmi? Mən qarşınızdayam... ...Orta Asiya çöllərinin yəhudiləri olan Xəzərlər əvvəlcə öz Xaqanlarının işğal yürüşlərində, sonra Çingiz Xanın yürüşlərində iştirak edib, Türküstanı, İranı, Çini, Əfqanıstanı, Rusiya və Macarıstanı işğal etdilər, sonra isə yenə də müsəlman kimi şimal-qərbi Qafqazın çöllərinə döndülər. İndi burada onlardan iki xalq – kumıklar və Noqay tatarları yaşayır. Bu gün (söhbət keçən əsrin 30-cu illərindən gedir – Tər.) sayları on mindən yuxarı olan Noqay tatarlarının tarixi çox maraqlıdır. Hər xalqın yaşadığı və əldə etdiyi nə varsa, Noqay tatarları da əldə edib. Min illər bundan əvvəl digər türk qəbilələri ilə birlikdə Mərkəzi Asiyadakı yurdlarını tərk edən bu xalq şöhrət, hakimiyyət və tənəzzül labirintindən keçməli olub. Min illik tarixi ərzində noqaylar hər bir dini tanıyıb, hər bir dinə inanıb. Onlar bir vaxt bütpərəst, buddist, yəhudi, xristian olub, nəhayət, sonda dünyanın ən gənc dini olan İslama tapınıblar. Amma bu dinlərin heç birinin noqaylara mühüm təsiri olmayıb. Nə ravvinlər, nə keşişlər, nə də mollalar onları dindar, mömin edə bilməyib. Necə idilərsə, eləcə də qalıblar – məğrur köçərilər və mücərrəd düşüncə, dini həvəs yaxud dərin mühakimə üçün çox az dərəcədə instinkt. Noqay tatarları arasında heç vaxt böyük təriqətçi yaxud dini lider olmayıb. Onlar təxminən hər yüz ildə sülalənin yaşlı üzvündən nümunə götürərək öz dinlərini dəyişiblər, bütün digər münasibətlərdə onlar heç nə istəməyib, yalnız xahiş ediblər ki, onların azadlığına dəyməsinlər. Noqay tatarları hansı Allaha inansalar da, savaşçı olduqlarını heç vaxt yaddan çıxarmayıblar. Xəzər xaqanlarının və böyük monqol xanlarının bayrağı altında Asiya və Avropa çöllərinə yürüşlərdə öz ağaları üçün vuruşub, neçə imperiya yaradıb, neçəsini məhv ediblər. Onlar Rusiyada iki yüz il hökmranlıq edib, şəhərləri və kilsələri qarət ediblər, böyük knyazların qızları ilə evləniblər. Sonra böyük Çingiz Xanın ordusunda, onun dünya ağalığı yürüşlərində onlar Çində, İranda, Macarıstanda, Cənubi Rusiya çöllərində, Qafqaz dağlarında aramsız olaraq vuruşub. Bu xalq yerini-yurdunu tez-tez dəyişib, gah atlarını Don çayı sahillərində otarıb, gah Volqaboyu tatar şəhərlərinin divarları yanında çapıb, oradan Krıma, sonra yenidən gəldiyi çöllərə dönüb, sonda Qafqazın şimal-qərb düzlərində, coşqun çaylar boyu atını səyirdib. İudaizm, İslam, Xristianlıq, böyük monqollar, iki qitədə hökmranlıq, dünyanın dörd bir tərəfində aparılan döyüş-vuruş və ucsuz-bucaqsız çöllərdəki həyat – Noqay tatarları bütün bunlardan keçib. Və görünür, bütün bunlardan yorulub, usanıb. Min illər davam edən müharibələrdə gücünü, qüdrətini at çapıb ölkə fəth etməyə, yer dəyişməyə, yurd salmağa sərf edib, dini də, mədəniyyəti də beləcə dəyişib, neçə don qazanıb. Bu gün onlar get-gedə yox olub gedir. Bu aqibətin qabağını heç nə ala bilməz. Əlli ildir ki, onların sayı azalmaqdadır, çadırlarında az-az hallarda uşaqlara rast gələrsən. Bu qədim xalqın kişisi də, qadını da doğub-törəməzdir. Hətta əgər indi də orda-burda çadırlarda cılız, sarışın-qəhvəyi rəngli bir uşaq doğulursa, onun çox vaxt kədərli, ölgün baxışları olur, süst, impotent hərəkətlər, nazik və zəif səs sabaha az ümid verir. Çöllərin bu qədim xalqı yaxşı bilir ki, onun vaxtı qurtarıb. Ona görə də, öz taleyi ilə barışıb. Bu xalqın müdrikləri kədərlə deyir: “Yüz ildən sonra dünyada bir nəfər də Noqay tatarı qalmaz. Allahın bizə qəzəbi tutub, yer üzündə bizi görmək istəmir”. Ötən illər bu xalqın xarakterini tamam dəyişib. Çingiz Xanın bayrağı altında dünyanı lərzəyə salan döyüşkən, savaşqan ruhundan bu gün heç nə qalmayıb. Bugünkü Noqay tatarı daha savaşçı deyil, heç kişi kimi də ərliyi-ərənliyi yoxdur. Solğun, heç nə ifadə etməyən sifəti seyrək və pəjmürdə saçları arasında itib-batıb, tez-tez başının tükü tamam tökülmüş olur. Kiçik göz oyuqları küt və kədərli nəzərlə ətrafa baxınır. Elə bil ki, heç insan gözləri deyil, qoyun gözləri kimi durğun və laqeyd, darıxdırıcı və gərəksiz baxışlar... Noqay tatarları qoyun saxlayırlar. Haraya gedirlərsə, qoyunları da yanlarındadır. Sürüdəki qoyunların gözləri ilə onların gözləri necə də oxşardır. Üzləri bir az şişkin, alınları ensizdir, yeriyərkən bir az qabağa əyilirlər, qabaqlarından keçəni-ötəni elə bil görmürlər, diqqət vermirlər. Noqay yad adamla danışarkən onun üz-gözündə sadəlövh bir təəccüb olur və bu ifadə bir neçə gün çəkilmir. Amma o, onsuz da az-az danışır, elə bil sözə xəsislik edir, amma, əlbəttə, bilərəkdən yox, sadəcə, danışılan məsələ onun ətrafındakı tanış şeylərlə bağlı deyilsə, onun nitqi doğrudan da çətin alınır. Adi bir suala cavab vermək üçün o, xeyli düşünür, sonra tələsmədən və ehtiyatla cavab verir. Ağzında dili çətinliklə hərəkət edir, bir az mürəkkəb sözlərin tələffüzündə çətinlik çəkir. Elə bil fikri, düşüncəsi ondan kənardadır, heç nəyin üstündə uzun müddət diqqətini toplaya bilmir. Nadir hallarda gülür, heç nəyə sevinə bilmir, hər şeydən doymuş kimi ətrafda baş verənlərə təsvir olunmaz dərəcədə laübalı və biganədir. Noqaylara hətta ən adi qısqanclıq hissi yaddır. İsmət-namus anlayışına da tamam laqeyddirlər. Əgər noqayın arvadı adətən ismətli-namusludursa, bu, sadəcə ona görədir ki, noqaylar başqasının arvadına xoş gəlməyə heç vaxt cəhd etməz, həm də bilə-bilə yox, sadəcə canındakı ətalətdən, laqeydlikdən belə bir şey heç vaxt ağıllarına gəlmir. Halbuki noqay qadınları çox vaxt gözəl, cazibədar olur, xoşrəftar və lütfkardırlar, əgər qədim adətləri üzrə burunlarına tez-tez üzük taxmasalar hətta Avropalıların ağlını başdan edərlər. Asiyanın ən qüdrətli savaşçılarının varisləri olan Noqay tatarları indi ən qorxaq adamlardır, onlara dünyanın hər yerində rast gəlmək olar. Hər kəs noqayı təhqir edə bilər ya da mal-qarasını oğurlaya bilər, o isə acizanə şəkildə durub baxar, heç bir şey etmədən yalnız ağlayar, fəryad edər. Onun silahından nə fayda, onsuz da paslanıb. Onu hirsləndirmək üçün müstəsna amansızlıq etməlisən, savaş-döyüşdə sayları düşməndən yüz dəfə çox olsa da, noqaylar adi bir təhlükədən qorxub qaçar. Heç bir iş görməyə ərdəmi yoxdur, bütün günü veyl-veyl dolanır. Çoxlu çay içir, gündəlik həyatın bəsit-bayağı şeyləri haqda qonşusu ilə laqqırtı vurur və buna görə də, Şərqin ən utanmaz adamı kimi danlanar, məzəmmət olunar. Yalnız abırsız, ədəbsiz əhvalatlar - noqay belə əhvalatlardan nə qədər desən danışar, həm də böyük həvəslə - bu daş adamı oyada, əyləndirə bilir, amma onları danışan bu adam çox bacarıqsızdır. Noqay tatarlarının həzz aldığı və onları cəlb edən çox az şey var. Onlar hətta rəqs və oyun nədir, bilmirlər. Cavanlar axşam çağı süst və bezgin halda çadırların ətrafında gəzib dolanır, ağıllarına bir şey gəlmir ki, vaxt keçirsinlər. Bu eşidilməmiş cırlaşmaya və məyusluğa baxmayaraq, noqay tatarı özünü kainatın bəzəyi hesab edir, hər cür yeniliyi təkəbbürlə rədd edir, halbuki belə bir yenilik onun bədbəxt gününü dəyişdirə bilərdi – noqay çox kasıbdır. Əgər ona nəsə yeni bir şey təklif etsəniz, yorğun və üzüntülü nəzərlərlə sənə baxıb yalnız bir-iki söz deyər: “Bizim yeni heç nəyə ehtiyacımız yoxdur, əvvəllər insana lazım olan hər şeyimiz olub, nəyimiz olmayıbsa, demək heç lazım da deyil, demək, artıqdır”. Hörmətli noqay ailələri qədim Avropalı oxşarları kimi bu günə qədər gerb gəzdirirlər və bu, məhv olmaqda olan tayfaya heyrətamiz feodal xarakteri verir. Gerb ümumiyyətlə Şərqdə az yayılıb. Kökü az qala kəsilmiş bu məğrur adamlar çoxdan unudub ki, onlar bir vaxt yəhudi olub. Amma burada yaşayan, nisbətən fərqli olan bir ailəyə “Chi Jews” (“Çi cuhudları”) deyirlər, yəni, “əsl yəhudilər” və şübhəsiz ki, bu, Xəzər hökmranlığı vaxtlarını xatırladır. Bu “əsl cuhudlar”ın gerb nişanı sonsuzluğun riyazi simvoludur və tipik monqol sifəti ilə müsəlman ibadətini yerinə yetirən belə bir “əsl yəhudi”ni görmək olduqca maraqlıdır. Amma bu “çi cuhudlar”, doğrudan da, öz irqi saflığı ilə çox fəxr edirlər, o biri yurddaşlarına yuxarıdan, “kifayət qədər təmiz olmayan yəhudi” kimi baxırlar. Bundan əlavə, bütün noqaylar dəhşətli dərəcədə natəmizdirlər ya da daha dəqiq, elə üfunət iyi verirlər ki, hətta onların qonşuları, çox da vasvası olmayan kumıklar da onlardan yan gəzməyə çalışırlar. Bura qədər dediklərim, yəqin ki, noqayları Asiya tayfalarının ən küt və aşağı intellektli birisi kimi xarakterizə etmək üçün bəs edər. Amma səfalət içində yaşayan bu xalqla yaxından tanış olduqca – bunu isə çox az adamlar eləyib – bəzi heyranedici faktlar ortaya çıxır. Bu idiot, küt və ümidsiz halda məhv olmaqda olan “qoyun”ların – inanılmaz səslənsə də - ədəbiyyatı, tərəddüdsüz deyərdim ki, Asiya şifahi xalq ədəbiyyatının ən mühüm qollarından biridir. Bu ədəbiyyatı ayrı-ayrı şairlər yaratmayıb, bu ədəbiyyat hansısa şəxsin istedadı ilə hasilə gəlməyib, bu, əsl xalq epopeyasıdır, Noqay tarixinin yüzilliklərini olduqca maraqlı təkamüldə göstərən paçalardır. Bu xalqın qədim möhtəşəmliyi ənənəvi dastanlarda qorunub saxlanır və xalq ifaçıları onları gecə ay işığında huş-guşla qulaq asan insanlar qarşısında ifa edirlər. Bu mahnıların primitiv gözəlliyini təsvir etmək mümkün deyil. Noqay tatarlarının bu günə qədər işlətdiyi qədim türk köçərilərinin dilində bu nəğmələr Çingiz Xanın qüdrətindən, onun varisləri olan böyük xanların şan-şöhrətindən, qanlı vuruşlardan və rəşadətli Qızıl Ordanın qələbələrindən bəhs edir. Noqay xalqı hər şeyi itirib, sərvət, idarəçilik, şan-şöhrət – heç nə qalmayıb. Yalnız mahnıları qalıb və bu mahnıların bugünkü noqaylar üzərində təsiri böyükdür, bunları dinlədikcə noqaylar dirilir, cana gəlir. Bəzən elə olur ki, aşıqların ifasında bu nəğmələrə qulaq asandan sonra, noqaylar qəfildən öz tarixi keçmişinə qayıdır, oyanır, bir neçə saatlıq da olsa öz əzəmətini hiss edir. Məğmun, melanxolik qorxaqlar bir anda qızğın, coşqun bir adama çevrilir, kütləvi bir psixologiyanın təsiri ilə cəsur bir qəhrəmana dönür. Aclıq çəkmiş atların belinə sıçrayıb, qəfildən əski savaş hayqırtıları ilə dolan çöllərdə çapırlar. Qarşılarına çıxan hər kəsə həmlə edir, gücündən, qələbəsindən sərməst olub onu sözün hərfi mənasında didir, parça-parça edir, duyduğu nəşədən ulayırlar. Çöllərin qədim gücü oyanır – xəyali, ölgün bir şəkildə olsa da. Sonra bu cəsarət qəfildən oyandığı kimi, sürətlə də öləziyir, yatır, qıyıq gözlər yenə küt və məhzun bir ifadə alır. Bayaqkı cəsarətin daşıyıcısının beli yenə bükülür, yumağa dönür, üzünün rəngi itir. Zəfər ordusu dayanır, qorxaq halda geri çəkilir. Bax, bu gecələrdə bu mahnıları dinləyəndən sonra qocaların dilindən belə iniltilər eşitmək olur: “Əfsus! Gör, bizi nə günə salıblar!?” Qərb dillərinə tərcümə etmək müşkül olsa belə, hər hansı mükəmməl bir ədəbiyyat və ya mahnı nümunəsi, şübhəsiz ki, gözəldir. Misraların daxili ahəngi adamı heyran edir, qafiyələrin, ayrı-ayrı ifadələrin canlı, kobud gözəlliyi də beləcə. Bu ədəbiyyatı yaratmış insanlar təkcə böyük savaşçılar deyildi, onlar, bu gün yalnız filoloqların qiymətləndirə bildiyi kimi, həm də sözü qeyri-adi dərəcədə incə, lirik bir həssaslıqla duyan böyük şair, söz ustaları idi və ona görə də, bu nümunələr “Asiya qorxusu”nu ifadəsi kimi, həqiqətən, heyrətamizdir. Bu gün Noqay tatarları da, onların mahnıları də itir. Dünya imperiyasının heyranedici ədəbiyyatı unudulacaq. İki nəsildən sonra Noqay tatarları – bu qeyri-Qafqazlı xalq yer üzündən yox olub gedəcək. Amma onlar hələ də deyirlər: “Bizim artıq heç nəyə ehtiyacımız yoxdur, əvvəldən insanın əldə edə biləcəyi hər şeyimiz olub, indisə, yəqin, Allahın bizə qəzəbi tutub, yer üzündə daha bizi görmək istəmir”.