"Boşboğazlıqla, kamuflyajla Vətən sevgisinin faydası olmaz..."

Əleyhimə sosial şəbəkədə, öz media quruluşlarında illərdir təbliğat aparanlar, 1993-cü ildən bu tərəfə hansı dünyada yaşadıqlarını hələ də anlamayanlar, Məhəmməd Əmin bəyin və Əbülfəz bəyin böyük şəxsiyyəti arxasında saxta duruşları ilə öz şəxsiyyətsizliklərini gizlədənlər, böyük bir ideya CƏBHƏsini dar bir arxa CƏBHƏyə çevirənlər, bu saziş məsələsi ilə bağlı nadanlıq və ya qərəzliliklə əleyhimə ittihamlar yönəldənlər, zərrə qədər şübhəniz olmasın, hər zaman bu uca millətin sözünü, haqqını istənilən tribunadan deyəcəyik, bu Vətən üçün də sizlərdən daha böyük fədakarlıqlar edəcəyik. Boşboğazlıqla, kamuflyajla Vətən sevgisinin faydası olmaz, yalnız ağıl və qəlbin vəhdəti ilə Vətən sevgisini müasir dünyada faydalı nəticələrə çevirmək mümkündür. Bu çıxışı həmin boşboğazlara bir dərs vəsaiti kimi ərməğan edirəm.
2016-cı il 16 iyun Milli Məclisin iclasında İranla bağlanmış saziş barədə Fazil Mustafanın çıxışının tam mətni.
Hörmətli millət vəkilləri, mən indiyə qədər İranla bağlanmış bir çox sazişlərlə, müqavilələrlə tanışam və hesab etmirəm ki, “Xudafərin”, “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi barədə bu sənəd qədər tarixi əhəmiyyətə malik olan ikinci bir sənəd olsun. Digər sənədlər, təbii ki, ümumi prosedurla qəbul olunan sənədlərdir və qonşu ölkələrlə əməkdaşlıq kontekstində baxılmalıdır. Amma biz burada sadəlövh deyilik və bilirik ki, bu gün qəbul olunan sazişin icra mexanizmi hələlik yoxdur. Birinci növbədə qonşu İranın, özünün İslam prinsiplərinə zidd olaraq Ermənistana dəstək verən, öz din qardaşlarını deyil, başqa bir dövlətin maraqlarını daha üstün tutan bir ölkənin Azərbaycanın ərazi bütövlüyünə münasibəti ortaya qoyulur. Bu sazişdən sonra biz hər dəfə İran rəsmiləri ilə görüşdə bu tələbi qoya bilərik ki, buyurun, saziş bağlamısınız, gəlin, bir yerdə bu əraziləri azad edək. Artıq bu sazişin gerçəkləşməsi üçün sizin də üzərinizə məsuliyyət düşür. Siz bizə irad bildirirsiniz ki, biz İsraillə, başqaları ilə yaxınlıq edirik. Biz sizin də, bizim də tarixi düşmənlərimizə İsraildən aldığımız silahlarla zərbə endiririk. Siz də Rusiyanın Ermənistana verdiyi qədər bizə silah verin, biz də din qardaşınız kimi erməniləri sizin silahlarla vuraq və sizin də ürəyiniz sakit olsun, sizin də ürəyinizə bir az su səpilsin.
Demək istədiyim odur ki, biz bu gün, həqiqətən də, bu sazişə istinad edərək İranla yeni münasibətlər qurmaq imkanları əldə edirik. Biz çalışmalıyıq ki, İranla, bu gün Ermənistanla viza rejimini ortadan qaldıran bir ölkə ilə dostluq, qarşılıqlı əməkdaşlıq münasibətlərini inkişaf etdirməklə yanaşı, bu kimi məsələlərdə ortaq maralqlarımız olduğunu da diqqətə çatdıraq.
“Xudafərin”in tarixi abidə kimi qorunması məsələsi, təbii ki, 30 ildən artıqdır gündəmdədir. Amma bu gün bizə daha çox tarixi abidələrsiz belə torpağın azad olunması və Azərbaycana qaytarılması vacibdir. Ona görə də bu kimi variantlardan istifadə edərək buna ən azı bir siyasi sənəd olaraq sabah istinad edə bilməyimiz öz qabiliyyətimizdən çox asılı olacaqdır.
Mən hesab edirəm ki, bu kimi məsələlərdə biz həm də İranla gələcək münasibətlərdə onun Azərbaycan siya-sətinin dəyişməsinə təsir edən müəyyən istiqamətləri də formalaşdıra bilərik. Mən də anlayıram, bu bir az çətindir, çünki İranın tarixi ənənələrində bütövlükdə Azərbaycanın güclənməsinə, onun müstəqil dövlət kimi mövcudluğuna çox da maraqlı olmayıblar. Xatırlayırsınızsa, 1918-ci ildə dövlət qurulanda da “Azərbaycan” adının götürülməsinə etiraz etdiklərinə görə Azərbaycanın müstəqilliyini tanımayıblar. Amma biz sübut etdik ki, müstəqil olma haqqına sahib olan millətik və torpaqlarımızı da azad edəcəyik. İransız da azad edəcəyik, amma yaxşı olar ki, bu İranın tarixində bir qara ləkə kimi görünməsin. Müsəlmanları qoyub ermənilərə dəstək verməsi və onlara silahdan tutmuş hər cür yardım göstərməsi İranının tarixində bir qara ləkə olaraq qalacaqdır. Biz dostluğun tərəfdarı olsaq da, çalışmalıyıq ki, İranın da siyasətində korrektələr olsun.
Mən fürsətdən istifadə edib onu da qeyd etmək istəyirəm ki, İranla, Türkiyə ilə viza məsələsinə biz əvvəl-axır baxmalıyıq. Ermənistana bu avantajı verə bilmərik. Oqtay müəllim, Siz çox doğru qeyd edirsiniz ki, biz mövzu ilə əlaqədar danışmalıyıq. Amma parlament tribunasından bu cür məsələlərin səsləndirilməsi bizim özümüzə də vacibdir.
moderator.az