Bu gün Şuşanın qətl günüdür...

Bu gün Şuşanın qətl günüdür... QALADA YATMIŞ İDİM... Xalq mahnısının bugünkü aktuallığına baxın! Qalada yatmış idim, Top atdılar, oyanmadım . Saz ilə, söhbət ilə oyatdılar . Uşaq idik... Evdə böyüklərimiz Kirovabada Gəncə deyirdilər, Mirbəşirə də Tərtər... Qanan vaxtlarımız deyildi, sonra qanan vaxtlarımızda da S.M.Kirov adına ali məktəbdə oxuduq... Və bir də tez-tez Qala sözü eşidirdik... Qaladan gəlirdik, Qalaya gedirəm sabah, filankəs Qaladadır... Sən demə, Qala, yəni Şuşa! Elə zənn edərdim ki, bu qala "Bir qalanın sirri"dir! Kinodakı kimi Göygöz Kosa da qala qapısını kəsdirib... Uşaq olsam da, necə də uzaqgörən imişəm!.. Göygöz Kosa! Göygözlərlə Kosalar əl-ələ verdi... hələ o yandan da rahatca körpüdən keçib gələn əmmaməlilər də qoşulacaq və əzəli və əbədi üç düşmən birləşəcək... Sonra biz hardan keçəcəyik Qalaya, onu bilən yoxdur!.. Top atırlar, oyanmırıq! Televiziya özünü paramparça edir -saz ilə, söhbət ilə!.. Yenə də oyanmırıq, çünki çalınan bizim havamız deyil!.. Çünki biz dərdə oynayan camaatıq, bəlkə də, düz edirlər, belə oynamaq da bir yaddaşdır, onlar da belə oynayır, onlar da belə təsəlli tapır!.. Şərabın üstündən Qarabağ şikəstəsi, toyun şirin yerində Laçınım, Sücayətin şeiri... Yurdu saz ilə, söhbət ilə oyadanlar!.. Qalada (Şuşada) yatmış idim!.. 28 il də yatmaqmı olar?! "Evin kişisini soruşarlar!" Hanı bu yurdun kişiləri?! Hanı bu qalanın mühafizləri... "Ayıl , Eyvaz , ayıl ! Düşman bizi mansırıya alıbdı!.. Müxənnət ölkəsi talansın gərək!" Bu 28 ildə hərəmiz əlimizə bir çay qaşığı alıb tunel qazsaydıq, indi Qaladan çıxmışdıq! Mən tunel eşqindəykən, düşman körpü salırmış... Şahmar Əkbərzadənin sözü olmasın, Utanım yerinə, ay Araz!.. Yadıma Axundzadənin "Aldanmış kəvakib" povestindəki hərbiyyə naziri Sərdar Zaman xan düşdü... adam dedi ki, Bəkir paşanın hücumu zamanı öncədən özüm göstəriş verdim ki , körpüləri uçurun, yolları dağıdın, taxıl zəmilərini yandırın... Düşmənin əlinə keçməsin! Sonra bu nazir əmr verib ki, taa heç düzəltməyin, elə dağılmış qalsın!.. Indi bir hərbiyyə gərək ki, o körpüləri dağıda, əbədi olaraq! Sərdar Zaman xana gülmüşdüm, indi aman istəyirəm!.. Qaladan səs - Hardasan, xan Qazan! Ölmüşmüydün, itmişmiydin, a Qazan! Harda gəzirdin, hardaydın, a Qazan ! ... Tövlə - tövlə atlarını kafir minmiş. Qatar - qatar qızıl dəvələrini kafir yedəkləmiş, Qızıl - gümüş, pul xəzinəni kafir talamışdır!.. Bu sözləri çoban ali baş komandan, sərkərdə Qazan xana deyir... Hələ çox söz demişdi, bir qismini yazdım! İnşallah, hamınızı Qarabağ virusu tutar! Ötən il bu vaxtı Şuşadan bir yazı yazdım, Kulis.az da dərc etmişdi... Bu dəfə fərqli yazdım... Guya fərqli olanda tez ayılacağıq sanki!