Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az -a bu dəfəki açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin İrana qarşı sanksiyaların ləğv edilməsi xahişi ilə ABŞ prezidenti Donald Trampa etdiyi müraciəti şərh edib:
- Qüdrət bəy, İran vətəndaşlarının COVİD-19 virusundan əziyyət çəkdiyini görən Allahşükür Paşazadənin İrana qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılması üçün ABŞ Prezidenti Donald Trampa müraciət etməsini necə qəbul edirsiniz? Müraciətə müsbət cavab verilməsi ehtimalı nə qədərdir?
- Hörmətli Şeyx Həzrətləri görür ki, Azərbaycan dövlətinin başçısı pandemiyaya qarşı birgə mübarizənin təşkili üçün regional və dünya miqyasında xeyli təşəbbüslər göstərir. Belə ki, 10 aprel tarixdə İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Həmin görüşdə Prezident vurğuladı ki, karonavirus sərhəd tanımır, dünya boyunca yayılıb və faciəvi nəticələrə gətirib çıxarmışdır. Ona görə də bu bəlaya qarşı mübarizədə səylər birləşdirilməlidir. 4 may tarixdə isə eyni məqsədlə yenə də İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Bu konfransda 40-dan artıq ölkənin dövlət və hökumət başçıları ilə yanaşı BMT-nin baş katibi, Avropa Komissiyasının vitse-prezidenti, ÜST-ün Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri və digər nüfuzlu dünya miqyaslı siyasətçilər çıxış etdilər. Bu Azərbaycanın bəşəri dəyərlərə sadiqliyinin və onun beynəlxalq nüfuzunun nümayişi idi. Azərbaycan pandemiya dövründə hər dəfə 5 milyon dollar olmaqla 2 dəfə ÜST-ə, 5 milyon dollar isə qonşu İran İslam Respublikasına kömək etmişdir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını nəzərə alsaq, Şeyx Həzrətləri İrana dövlət səviyyəsində göstərilən bu humanitar yardımın davamı olaraq, bir müsəlman dini lider kimi, pandemiyadan əziyyət çəkən müsəlmanların taleyinə biganə qalmamış, İrana qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılması məqsədilə ABŞ Prezidentinə müraciət etmişdir. Müraciətə müsbət cavab verilməsi ehtimalının çox az olmasına baxmayaraq belə bir müraciətin edilməsi insanlıq baxımından çox əhəmiyyətlidir. İranda bizim də soydaşlarımız sanksiyalardan əziyyət çəkir.
- Qüdrət bəy, özünüz də söylədiniz ki, müraciətə müsbət cavab verilməsi ehtimalı çox azdır. Hər hansı cavab olmayacaqsa sözsüz ki, bu Şeyxin nüfuzuna təsir edəcək. Bir milyon azərbaycanlı müsəlman 30 ildən artıqdır ki, Ermənistan işğalçıları tərəfindən ev-eşiyindən didərgin salınıb. Buna baxmayaraq İran Ermənistanla qardaşlıq münasibətləri qurub. Şeyx İranın dini lideri Xamneyiyə belə bir müraciət etsə ki, sizin Ermənistanla qardaşlığınız Azərbaycanda müsəlmanların maddi və mənəvi iztirablarının davam etməsinə səbəb olur, Sizcə müraciətə cavab necə olar?
- Sözsüz ki, heç cavab belə verilməyəcək. Ona görə də Şeyx belə bir müraciət etmir. İranda islam siyasiləşib. Bundan dinimiz çox ziyan görür. Məhz bu səbəbdən Şeyximiz İrandakı sadə müsəlmanlara da müraciət etmir. Bizim inanclı insanların Allahdan qorxusu var. Əgər İranda kimlərsə əqidəli müsəlman deyilsə bu o demək deyil ki, Şeyx də onlar kimi davranmalıdır. Trampa müraciət etməklə Şeyx öz müsəlman borcunu yerinə yetirib. Mən də həmin müraciətə qoşuluram.