Bu gün Azərbaycanın qədim ərazisi olan Şuşanın Ermənistan tərəfindən işğal olunmasından 28 il keçir. 1992-ci il mayın 8-də Qarabağ cəbhəsindəki erməni quldur dəstələrinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzalayıb və həmin gün də şəhər işğal edilib. Şuşanın müdafiəsində iştirak edən hərbçilərin dediyinə görə, əslində ermənilərin Şuşa üzərinə hücumlarının icrasına aprelin 27-dən başlanmışdı. Arkadi Ter-Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, əməliyyatların daha da intensivləşməsinə zəmin yaratdı. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 68 nəfər əsir götürülüb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim artıq uzun müddətdir Şuşada qanunsuz məskunlaşdırma həyata keçirir. Şuşanın işğalı Azərbaycanın Qarabağ müharibəsində ard-arda məğlubiyyətlərinin başlanğıcını qoymuş oldu. Şuşa bir simvol idi və onun kimin əlində olması müharibənin sonrakı taleyində xüsusi rolunu oynayacaqdı və rolunu oynadı. Bu barədə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Şuşanın işğalına qədər Xocalı soyqırımı və digər faciələr baş vermişdi, xalq olaraq düzgün nəticə çıxara bilməmişdik. Şuşanın işğalı isə böyük fəlakətlərimizin başlanğıcı oldu: “Hakimiyyət və cəmiyyət olaraq o vaxt bunu başa düşmədik, başa düşsəydik sonrakı fəlakətlərin qarşısını ala bilərdik. Şuşanın işğalından sonra bütün ölkə bir araya gəlməli, təhlükənin nə qədər real olduğunu anlamalı birlikdə vəziyyətdən çıxış yolu axtarmalı, proseslərin qarşısını almağa çalışmalı idi. Amma tam əksinə oldu, hakimiyyət uğrunda mübarizə daha da qızışdı, nəticədə az sonra Laçın rayonu da işğal olundu, sonra prosesər qarşısıalınmaz hala gəldi. Təəssüf ki, bu gün də cəmiyyət olaraq baş verən hadislərlə bağlı çox vaxt düzgün mövqe tutmur, gərəkli qərarlar qəbul edə bilmirik. O vaxt Azərbaycan xalqında ümüdsizlük yox, dərhal əks tədbirlərin görülməsi tələbi var idi. O vaxt cəmiyyət və hakimiyyət birləşib düzgün addımlar atsaydı, xalqın böyük dəstəyi ilə işğal prosesinin qarşısın almaq olardı”. A.Nağının sözlərinə görə, Şuşanı müdafiə etmək, saxlamaq mümkün idi: “Yenə də həmin birlik məsələsi ortaya gəlir. Şuşadakı hərbi qüvvələr vahid komandanlıq altında birləşsəydi, təxribatlar olmasaydı, siyasi ambisiyalardan imtina edilsəydi, mərkəzdən dövlət rərhbərliyinin qətiyyətli mövqeyi və dəstəyi olsaydı ermənilər Şuşanı işğal edə bilməzdilər”. Onu da qeyd edək ki, dünən Qarabağ Azadlıq Təşkilatının “QAT.Qarabağa doğru” WhatsApp qrupunda “Hərbi yol-yeganə yol” mövzusunda keçirilən ictimai dinləmələr Şuşaya həsr olunub. Dinləmələrdə Şuşanın işğalı ilə bağlı müzakirələr aparılıb. “Yeni Müsavat”
© 2020 - Created by İLK XEBER.