BDU-nun rektoru (keçmiş-red.) Abel Məhərrəmovla heç bir şəxsiqərəzliyim, ona paxıllığım, həsədim nə yoxdur, nə də ola bilməz. Bununla belə, kimya fakultəsində baş tutan dekanlığı zamanı yanlış çalışmaları, çalışmalarındakı ciddi qüsurları gözümdən yayınmırdı. Yeri düşəndə bu barədə fikrimi də yaxınlarına bildirirdim. Ona görə də o, ikinci müddətə dekan seçilərkən protokola yazdırmaq şərtilə çıxış edərək yol verdiyi qüsurları nəzərə çatdırdım. Bilindiyi kimi, yaşca böyüklər, yüksək vəzifə tutanlar düz, təmiz, ləyaqətli, ədalətli, əxlaqlı olarsa, toplum saflaşar, uşaq və gənclər düzgün yönümdə tərbiyələnər. Bu anlamda yanaşaraq özümə heç bir ziyanı dəyməyən şəxsin bəd əməllərinə heç zaman “mənə nə?” deyib göz yummağı özümə sığışdırmadım. Bu günlərdə BDU rektorunun 510 səhifədə yer almış “Biblioqrafiya”sı əlimə düşdü. Onun Məhmmədəmin Rəsulzadə adına BDU-ya rektor təyini, “elm və təhsil sahəsindəki nailiyyətlərinə (?-B.S.) görə “Əməkdar elm xadimi” fəxri adın verilməsi haqqında prezident Heydər Əliyevin sərəncamları, Milli Məclisə üzv seçilməsi haqqında respublika Konstitutsiya Məhkəməsi Plenumunun qərarından çıxarış, “Şöhrət ordeni” ilə təltif edilməsi ilə bağlı prezident İlham Əliyevin sərəncamından çıxarış ilk səhifələrdə yer almış olduğu, “Biblioqrqfiya”dakı məlumatların həm də Azərbaycan, rus və ingilis dillərində nəşr edilməsi (Abel Məhərrəmov. Biblioqrafiya. “Çaşıoğlu” nəşriyyatı, Bakı 2010) təəccübümə səbəb oldu. Anlamadım, onun rektor təyin edilməsi, hansısa fəxri adlar, orden və medallar alması haqqında verilən sərəncamlar, deputat keçirilməsi qərarı öz xalqımızda, ingilislərdə, ruslarda... hansı heyrəti doğura bilər (o, adamları heyrətləndirməyi sevir – B.S.) hansı marağa səbəb ola bilər?! Ancaq biranlamlı olaraq gələcəkdə adı çəkilən bu “Biblioqrafiya”nın elmimizə, alimlərimizə, xalqımıza, dövlətimizə yalnız həqarət, xəcalət gətirdiyi aydın olacaq. Anladığıma görə, 510 (510! – B.S.) səhifəlik “Biblioqrafiya” yazdırıb elmlə bağlılığı olmayan adamlara özünün “alim” olduğunu hayqırmaq heç də böyük alimlikdən, yüksək mənəvi keyfiyyətlərdən, elmə, millətə, dövlətə səmimi olmaqdan soraq vermir. Bu göz qamaşdıran “möhtəşəm” “Biblioqrafiya”nın doğurduğu təəssüratları sizlərlə bölüşək. BDU rektoru heç vaxt bir gün də məşğul olmadığı sahələrə (analitik kimya, qeyri-üzvi kimya, yer quruluşu kimyası, bioloji kimya, neft kimyası, fiziki kimya, fenollar kimyası, kükürdlü üzvi birləşmələr kimyası, kristallokimya, kvant kimyası, nanotexnologiya, kimya tədrisi metodikası, biofizika...) aid yüzlərcə elmi məqalənin, tezisin, kitabın, neçə-neçə patentin, dərsliyin, dərs vəsaitnin avtoru olub. Elmi məqalə və tezislərinin, patent və kitablarının sayını fantastiktik həddə qədər artırıb. Bunları “möhtəşəm” “Biblioqrafiya”da izləyək. 1.İctimai vəzifə daşımadığı 20 ildə (1973-1993-cü illər) 2 dərslik və dərs vəsaitinin, 50 elmi məqalə və tezisin, 12 patentin avtoru olub. 2.Fakultə dekanı işlədiyi 5 ildə (1993-1998-ci illər) isə, 45 elmi məqalə və tezisin, 8 dərslik və dərs vəsaitinin avtoru olub, 1 dissertasiyaya elmi rəhbərlik edib, 1 müxtəlif mövzulara (? - B.S.) həsr olunmuş məqaləsi, 4 müsahibəsi dərc olunub. 3.Rektor olduğu 10 ildə (1999-2009 illər) 612 elmi məqalə və tezisə avtor olub, 9 kitabı, 48 dərsliyi və dərs vəsaiti çıxıb, 23 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərlikdə bulunub, 5 kitaba redaktorluq yapıb, ictimai-siyasi çalışmaları ilə bağlı 101, müxtəlif mövzulara həsr olunmuş 61 məqaləsi, 81 müsahibəsi, 240 çıxışı baş tutub. 2010, 2011-ci illəri nəzərə alsaq, daha böyük rəqəmlər ortada olar (aşağıda görəcəyiniz əlçatmaz beş cilidlik “möhtəşəm” “Seçilmiş Əsərləri” birinci cildinin sonunda 2010-cu ilədək 820-dən çox elmi məqalə və tezisinin olduğu bildirilir). Ayrılıqda götürsək, “Biblioqrafiya”nın çapdan çıxdığı 2009-cu bir ildə 108 elmi məqalə və tezisi (il boyu üç gündə bir nəşr) dərc etdirib, 8 dərslik və dərs vəsaiti (iki ayda dir, ilin son 3 ayında isə ayda bir) yazıb, 7 patent (iki ayda bi patent olmaqla, ilin son iki ayında ayda 1 patent) alıb, 3 dissertasiyaya (ilin hər dörd ayında bir dəfə) opponentlik edib, 1 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərliyi gerçəkləşib, 8 ictimai-siyasi mövzulu məqaləsi, 3 müsahibəsi dərc olunub, 30 çıxış yapıb, deputat kimi Milli Məclisin işində müntəzəm bulunub, rektor kimi ölkənin ən böyük ali məktəbini idarə edib, “BDU-nun Elmi Xəbərləri” jurnalının baş redaktoru, YAP İdarə Heyətinin üzvü, BDU-da doktorluq və namizədlik Dissertasiya Şurasının sədri, BDU-nun “Üzvi kinya” kafedrasının müdiri, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti, AMEA kimya elmləri bölməsinin büro üzvü, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının və Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin... üzvü kimi çalışmalar yapıb. Bu işlərin hamısı adilikdən çox-çox uzaq olan bir akademikin avtobioqrafiyasında yer alacaq əlçatmaz, ünyetməz işlərdir. İl boyu hər üç gündən bir məqalə və tezis yazmaq mümkündürmü? Bu “Biblioqrafiya”nı vərəqləyən türk, fars, Hindistan, Pakistan, Koreya, ingilis, fransız, alman, rus, yəhudi... alimləri Azərbaycan elmini, təhsilini, idarəçilik sistemini, onu BDU-ya rektor təyin edən, fəxri adlara, mükafatlara layiq bilən hakimiyyəti necə dəyərləndirər? O da maraqlıdır, hakimiyyət bu rektoru şişirdə-şişirdə haraya aparmaq istəyir? Biz bundan bilgi tutan dışarı vicdan yiyələrindən utanmarıqmı?.. Onun o sayda məqalələri, tezisləri özünün yazmadığı, temasını özünün qoymadığı, eksperimentini özünün aparmadığı, sonucları özünün incələmədiyi... hamıya aydındır. Sözsüz, ildə bir adamın müxtəlif avtorlarla 7 patent alması, 8 dərslik və dərs vəsaiti yazması, 3 dissertasiya işinə opponentlik, 2 doktorluq, bir namizədlik dissertasiyasına elmi rəhbərlik etməsi, ictimai konularda onlarca məqalələr yazması, müsahibələr verməsi, çıxışlar etməsi, eyni zamanda Milli Məclisin işində iştirak etməsi, universitetə rəhbərlik etməsi, çoxsaylı qurumlarda təmsil olunması mümkündürmü? Hamının bildiyi gerçəkliyi yada salaq. Hər hansı bir insan 108 hazır məqaləni, neçə-neçə kitabı, dissertasiyanı, ictimai-siyasi çalışmaları ilə bağlı və müxtəlif konulara (? – B.S.) həsr olunmuş məqalələri, müsahibələri bir il heç nə etmədən oxuya bilsəydi belə, ona “fenomen” demək olardı! Ancaq bunların temasını özünün qoyduğunu, materialları özünün yazdığını, oxuduğunu, dərc etdirməyə imkan tapdığını, dissertasiyalara elmi rəhbərlik və opponentlik etdiyini, deputat kimi müntəzəm çalışdığını, universitet kimi möhtəşəm bir ali məktəbə rəhbərlik etdiyini, kimləri hansı yollarla özündən asılı duruma salmağın yollarını düşünüb tapdığını, hansı “arzuolunmaz”ı, “ipə-sapa yatmaz”ı necə “zərərsizləşdirməyi”in öhdəsindən gəldiyini də buraya qoşduqda, BDU rektoru üçün “fenomen” sözü analoqu olmayan dərəcə zəif çıxar. Bu sözün onun kiliyini ifadə etməyə gücü çatmaz. Bunun üçün yeni termin icad edilməlidir. Nə etməli, dilimizin bundan artığını deməyə indilikdə gücü çatmır... BDU rektorunun adı ilə bağlı belə geniş miqyaslı “yaradıcılıq məhsulları”nın ortaya çıxması təəccüblü deyil. Çünki o, bu işi özünün kəşf etdiyi çox sadə yollarla başa gətirib: özünün Baş Redaktor olduğu “Bakı Universitetinin Xəbərləri”ndə və təşkil etdiyi elmi konfransların materiallarında, BDU nəşriyyatında kimya ilə bağlı dərc olunan bütün elmi məqalə, tezis, monoqafiya, dərslik və dərs vəsaitlərində rektorun avtorluğu qaçılmaz olur, o, universitet əməkdaşlarının başqa ölkələrdə də dərc olunan yaradıcılıq məhsullarına şəriklik edir. Bu deyilənlər də “Biblioqrafiya”dan (Abel Məhərrəmov. Biblioqrafiya. “Çaşıoğlu” nəşriyyatı, Bakı 2010) götürülmüş faktlara söykənir. “Bakı Universiteti Xəbərləri”nin bir sayında onun adı ilə bağlı olan elmi məqalələrin sayı 10-dan artıq olur, təşkil etdiyi elmi konfransların materiallarında bu rəqəm 20-i keçir. Heç zaman, heç yerdə jurnalın bir sayında eyni müəllifdən birdən artıq məqalə dərc edilmir (təsadüfi halda eyni mövzuya həsr olunmuş, bir-birinin davamı olan iki məqalə bir sayda dərc olunur). Ancaq A.Məhərrəmovun adı gedən, müxtəlif kimya sahəsinə aid 10-dan artıq məqalə dərginin bir sayında yer alır. Çünki məqalələrdə dərginin baş redaktooru A.Məhərrəmovun adı gedir. Fəlsəfə doktoru Etibar Əliyev BDU rektorunun “Biblioqrafiyası” barədə qəzetlərdə, saytlarda verilən bilgilərə öz münasibətini bildirmişdir (Yeni Müsavat qəz., 23.01.2012). O, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin “Vətəndaşlığın, yaradıcılığın, şəxsiyyətin ziyalı modeli” başlıqlı yazısını da qüsürlu bir mənəviyatın məhsulu kimi diqqətə çatdırmışdır. Məqalənin adına fikir verin: “Vətəndaşlığın, yaradıcılığın, şəxsiyyətin ziyalı modeli”!.. Başqa şeyi demirəm, Abel Məhəərrəmov haqqında yazılmış yazıya qoyulan bu başlığa görə bir yox, hər bir elm adamı gələcək uluslar qarşısında xəcalət çəkməli olacaq... “Biblioqrafiya”da “İctimai-siyasi fəaliyyəti ilə bağlı məqalələri” başlığı altında 100 məqalənin adı, dərcolunma tarixi, adresi verilmişdir. Bunların təqribən 90 faizi mərhum prezident Heydər Əliyev və indiki prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyəti ilə, bir bölümü “Heydər Əliyev fondu”, Nəsir İmanquliyev, Aida İmanquliyeva, Ramiz Mehdiyev və YAP-ın ictimai-siyasi çalışmaları ilə bağlıdır. Necə anlayaq? Bu, doğrudan da yaradıcılıq məhsullarıdır, ya da... “Prezidentin 100 günü”, “Tarixin Heydər Əliyev yüksəlişi (bu, nə deməkdir? – B.S.)”, “Milyonların qəlbində yaşayan lider”, “Xalqın dəstəyi və inamına arxalanan siyasət”, “Seçildiyi bir ildə cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmaq şərəfini yaşadı”, “Universitetimizin siması”, “Tanınmış alim, görkəmli jurnalist, professor Nəsir İmanquliyev haqqında”, “Vətəndaşlıq, ziyalılıq və insanpərvərlik örnəyi. Yazı Heydər Əliyev fondunun 5 illiyinə həsr edilir”... adlı yazıları 27.01.1999-cu ildən, daha doğrusu, o, rektor keçəndən (11.01.1999) iki həftə sonra yazılmağa başlamış, 10 ildə 100-ə çatdırmışdır. Bunlar səmimi yazılardırmı? Sğmimi isə, Abel bəy BDU-ya rektor keçənədək niyə şifahi də olsa bircə söz belə, deməyib?.. Burada adı çəkilən yazıları yarınmaq, bu sayaq çıxışlar yapmaq fəxri adlar, orden-medallar almaq, özbaşınalığa meydan qazanmaq “siyasəti”nin, daha doğrusu, fəndinin gözgörəti tərkib bölümüdür. Sözsüz, belə fəndlər BDU rektorunun tapıntısı deyil, ona qədər də belə utancgətirici fəndlərdən bəhrələnənlər çox olub, indinin özündə də az deyil... Onun 2010-cu ildə beş cildlik “Seçilmiş Əsərləri” də işıq üzü görmüşdür. Birinci cilid “Olefinlərə elektrofil birləşmə reaksiyalarında yeni sintetik istiqamətlər və on iki üzvlü (“Onikiüzvlü” deyilməlidir – B.S.) tsikllərin konformasiya analizi” adlanır. Burada “və” bağlayıcısının sağı ilə solu ayrı-ayrı məsələlərə həsr olunub. Bu məsələləri necə ümumiləşdirmək, birləşdirib bir kitab halında dərc etdirmək olar? Kitabın adındakı “...yeni sintetik istiqamətlər” deyiminə baxaq. “Sintetik” sözü “sintez edilmiş”, “sintez yolu ilə alınmış”, “süni yolla alınmış” deməkdir. Biz indiyədək “Sintetik maddə”, “sintetik polimer”, “sintetik materiallar” eşitmişik, “istiqamətin sintetikliyi”, “istiqaməti sintez etmək” halının mümkünlüyü isə indiyədək heç kimin ağlına gəlməyib!?.. Adı çəkilən cildin başlığı həm dil norması baxımından, həm də elmi cəhətdən yanlışdır, gurultulu səsləndirmək, çoxcildli kitab ortaya qoyaraq kimsəni özünün böyük alim olduğuna inandırmaq, fikri bu səmtə yönəltmək marağının gülünc göstəricisidir (o biri cildlərin adları da bunun kimi – B.S.). Əlbəttə, “Seçilmiş Əsərlər” elm adamının özünün açmış olduğu elmi istiqamətlərə, ayrıca, həm də yetirmələri ilə birgə bitirmiş olduğu mövzulara həsr edilər. İki və daha çox avtorlu (rektorun adı gedən elmi nəşrlərdə avtorların sayı bəzən 11-ə çatır) elmi nəşrlər özülündə yazılan “Seçilmiş Əsərlər”i yalnız qoyulmuş temanı əhatələyən, temaya aid olan monoqrafiyalar, icmal məqalələr nəşr etdirən, bu istiqamətin yiyəsi, gerçək avtoru olan, bu sahədə məktəb yaradan elm adamı yaza bilər. Belə deyilsə, onda indiki BDU rektoru ilə şərik avtorların hər biri həmin yaradıcılıq məhsulları özülündə “Seçilmiş Əsərlər” yazmaq haqqına sahibdirlər. Bu isə elmdə hərcmərcliyə, xaosa gətirməzmi? Adı çəkilən “Biblioqrafiya” və beş cilidlik “Seçilmiş Əsərlər”lə tanış olan ciddi elm adamları Azərbaycan elmini necə dəyərləndirər?!.. Maraqlı bir faktı yada salmaq istəyirəm. Hamının yaxşı tanıdığı, hörmətlə yad etdiyi 1954-cü ildə (26 yaşında) 410 səhifəlik monoqrafiyası çıxan, 1958-ci ildə (30 yaşında) doktorluq elmi dərəcəsi alan, 40 yaşında akademiklik zirvəsinə yüksələn Azad Mirzəcanzadə kimi dühanın dünyasını dəyişdiyi 2006-cı ilədək (52 ilə) dərc olunmuş elmi nəşrlərinin sayı 373-ü keçməyib, 54 Avtorluq Şəhadətmaməsi ala bilib. Heç də A.Mirzəcanzadə olmayan, onunla müqayisəsi qəbahət sayılacaq BDU rektorunun isə, 10 ilə (1999-2009-cu illər) 612 məqaləsi, 44 patenti... meydana gəlib. Bunlar elmə, millətə, özünə hörmətsizlik dərəcəsininin, kimin doğrudan da alim olduğunun göstəricisi deyilmi? Təkcə Yer üzündə yox, insan yaşayan başqa planetlərdə də indiki BDU rektoru kimi “məhsuldar” işləyən elm adamı, universitet rəhbəri, parlament deputatı, jurnal baş redaktoru, aspirant və doktorant elmi rəhbəri, dissertasiya opponenti, kitab redaktoru, Partiya İdarə Heyətinin üzvü, doktorluq və namizədlik dissertasiyası şurasının sədri, kafedra müdiri, Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti, akademiyanın Kimya Elmləri Bölməsinin büro üzvü, ölkə elmində islahatlar aparılması ilə bağlı Dövlət Komissiyasının, Ensiklopediya redaksiya heyətinin üzvü... taparaq öyünmək mümkünsüzdür. Onun avtor olduğu elmi nəşrlərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin böyük bir bölümü özünün baş redaktor olduğu “Bakı Universitetinin Xəbərləri”ndə, öz əsərlərinin sayını artırmaq (həm də dissertasiya müdafiə edəcək yaxınlarının tezisini buraxmaq) məqsədi ilə BDU-da rektorun təşkil etdiyi konfransların materiallarında və BDU nəşriyyatında çapdan çıxmışdır (bax.: Abel Məhərrəmov. Biblioqrafiya. Bakı, “Çaşıoğlu” nəşriyyatı 2010). Beş cildlik “Seçilmiş Əsərlər” onun bəzən 11 avtordan biri olduğu nəşrlər özülündə meydana gəlmişdir. O, öz elmi rəhbəri akademik N.Z.Zefirovla və onun tələbələri ilə birgə dərc olunan məqalələr də beşcildliyə daxil edilmişdir. Belə çıxır, N.S.Zefirov özü daxil olmaqla, avtorlar hamısı “Abel Məhərrəmov məktəbi”nin yetirmələridir. Bu, çox gülüncdür. Əslində, avtorlardan yalnız akademik N.S.Zefirov tələbələri ilə birgə nəşrləri öz “Seçilmiş Əsərləri”nə salmaq səlahiyyətinə malikdir. Çünki elmi istiqamət də, qoyulmuş tema da onundur. BDU rektoru isə bu etik normanı gözləmədən, öz elmi rəhbərinin və onun məktəbinin haqqına sahib çıxıb (sözsüz, buna münasibət onların öz işidir). Başqa bir məsələ barəsində danışmaq istəyirəm. Qəribə səslənsə də, BDU rektoru doğrudan da elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya yerinə yetiribsə, niyə onu imperiyanın dağılmaqda olduğu, SSRİ-nin bir-birinə dəydiyi qarışıq zamanda (1991-ci il) müdafiə edib, bundan nə öncəki, nə sonrakı zamanlarda yox? Bu, məsələnin birinci tərəfidir. İkincisi isə, doğrudan da öz elmi sonucları özülündə doktorluq dissertasiyası müdafiə edibsə, dissertasiyasının, avtoreferatının olduğu yeri desin, qoy istəyənlər oxusunlar!.. Həm də, hamının bildiyi kimi, yuxarıda vurğulanan dönəmdə elmi dərəcə diplomunun satıldığı barədə söz-söhbət vüsət almışdı... Etibar Əliyev Yeni Müsavat qəzetində (23.01.2010) BDU rektorunun doktorluq dissertasiyasını 1991-ci ildə müdafiə ediyini vurğulayır. Onun sözlərinə görə, tanınmış alimlərdən biri 1990-92-ci illər doktorluq dissertasiyalarının müdafiəsi üçün ən münbit illər olduğunu deyib. Həmin alimin sözlərinə görə: “Sovetlər Birliyinin dağıldığı ərəfədə Moskvada müdafiə işlərinin ciddiliyinə bir o qədər diqqət yetirilmirmiş. O zaman bundan xeyli adam sui istifadə etdi. İndi elmdən ən çox dəm vuranlar o vaxt müdafiə edənlərdir”. Alimin bu fikirlərinin ciddi qəbul edilməsi əsaslıdır. Etibar bəy yazır: “Həmin alimimizdən fərqli olaraq, mən Abel müəllımın elmi qabiliyyətinə həm məəttəl qalıram, həm də şübhələr məni əldən salır. Bu qədər maddi-texniki bazası aşağı səviyyədə olan bir universitetdə, bu qədər ixtira eləmək olar (hətta maddi-texniki bazası bundan 10 kərə yüksək səviyyədə olan heç bir universitetdə ən güclü alimlər belə, bu qədər məqalə, bu qədər kitab yaza bilməz, bu qədər ixtira edə bilməz –B.S.)? Bu möcüzədir. Görəsən nədən indiyə qədər Cahangir Məmmədli Abel müəllimin Nobel mükafatana namizədliyini irəli sürməyib?”.. BDU rektorunun akademik olmasına, “Şöhrət Ordeni”, “Əməkdar Elm Xadimi” adı almasına gəlincə, onsuz da Azərbaycanda xalqa fəxr gətirməyənlərə fəxri ad, şöhrət gətirməyənlərə “Şöhrət Ordeni”, müstəqilliyə qarşı çıxanlara “İstiqlal Ordeni” verilir, səs toplamayn yuxarı başa keçirilir. Xudu Məmmədov, Əlihüseyin Quliyev, Oktay Hüseyinov, Arif Babayev, Yaşar Qarayev, Cəmil Həsənli, Əjdər Məcidov, Ağayar Şükürlü, Hüseyin Quliyev kimi elmdə iz qoyan alimlərimiz AMEA-nın akademiki seçilmədilər, Abel Məhərrəmov və zamanında plagiatorluğu ifşa edilmiş Siyavuş Qarayev akademik oldu, ünlü ali məktəblərə rektor təyin olundular. Zamanında SSRİ Dövlət Mükafatları Laureatları Yusif Məmmədəliyev, Əli Quliyev, Murtuza Nağıyev, Mark Dalin, Vahab Əliyev Azərbaycan Elmlər Akademiyasının kimya akademikləri olublar, baxın, indi onları Abel Məhərrəmov və Siyavuş Qarayev əvəz edir?! “Biblioqrafiya”da “Görkəmli alimlər, ictimai-siyasi xadimlər (həm də görkəmli yazıçılar, görkəmli şairlər, bəstəçilər, musiqi ifaçıları! – B.S.) A.Məhərrəmov haqqında” başlıqlı yazıda onun haqqında deyilən tərifli sözlərə yer verilmişdir. Bu nə deməkdir? “Biblioqrafiya”da belə şeylərin verilməsi düzgündürmü? Bu yol onun Azərbaycn elmində, Azərbaycan təhsilində, Azərbaycan ictimai mühitində “əlçatmaz, ünyetməz”, fəxrə layiq, “hamıdan yüksəkdə dayanan” sima olduğunu aləmə bildirməyə, özünəvurğunluğuna, insanları çaşdırmaq hikkəsinə xidmət edir. Həmin sözlər ürəkdən gələn sözlər ola bilməz. Çünki o sözləri ola bilsin, A.Məhərrəıəmovun elmi yaradıcılığına bələd olandan, doğrudan da o sözlərə layiqliyini anlayandan sonra demək mümkün olardı. Ancaq həmin sözlər xoşməramlı məclislərdə deyilən sözlərdən başqa bir şey deyildir. “Biblioqrafiya”da həmin sözləri vermək millətin, dövlətin boynuna minnət qoymaq, “olduğundan artıq olmaq” istəyinin ayıblı göstəricisidir. Əslində, buraya başlıcası, hardansa götürülmüş tərifli sözlər salınmışdır. Bu “Biblioqrafiya”ya həmin tərifli sözlərin salınması BDU rektorunun özünə təbii inamsızlığının açıqlanması, insanları avam saymasıdır. O, demək istəyir: “görün necə aliməm, filan ünlü şairlər, yazıçılar, musiqiçilər..., hətta Rumıniyanın, Polşanın keçmiş prezidentlər də mənim haqqımda necə tərifli sözlər deyir!?”. Nə əcəb Fransanın keçmiş prezidenti Jak Şirak, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmrəl, ABŞ-ın keçmiş prezidenti Corc Buş... kimyaçı akademik barədə tərifli sözlər deməyib, deyibsə onların adı niyə burada vurğulanmayıb?! Xifət eləməyə dəyməz. Çox güman gələcəkdə bunların da adları növbəti “Biblioqrafiya”da vurğulanar. Necə də ayıblı işdir!?.. Nə üçün öz barəsində olan tənqidli yazılara “Biblioqrafiya”da yer verməyib? Axı, onun barəsində belə yazıların sayı onlarcadır: “Abel Məhərrəmov BDU-nu özəlləşdirir”, “Rektorun riyakarlığı”, “Qurucu” imicli “Yığıcı” rektorun işləkləri”, “Abel Məhərrəmov adına Bakı tayfa universiteti”, “BDU-da rüşvət leqallaşıb”, “Çto proisxodit v Bakinskom Qosudarstvennom universitete”, “BDU MMC rüşvətxorluqda liderdir”, “Abel Məhərrəmov “Bina biznesi” ilə məşğul olur”, “Bermudskiy (Maqerramovskiy) treuqolnik: rektor, prorektor, dekanı”, “Doroqoy urok” rektora Maqerramova”, “Abelyeva ximiya”, “Abel Məhərrəmov BDU-nu “Abelsayağı” idarə edir”, “Abel Məhərrəmovun dəyişən siyasi mövqeyi”, “BDU kralının “Abelsayağı” professorları”, “Hardasız, müsyö Abel!?”... bu səpgili yazılardandır. Yaşar Ağazadənin silsilə yazıları, Vyaçeslav Nağıyevin, Etibar Əliyevin, Əlyar Səfərlinin, neçə-neçə başqa avtorların mətbuatda faktlara söykənən yazıları da tənqid səciyyəli yazılardır. BDU-da baş verənlər barədə yazdığım tənqidli yazılara görə “Biblioqrafiya”da yaddan çıxarılmamışam. Haqqımda yazılıb: 1.“Sən kimsən, Bəhmən Sultanlı? BDU-dan xaric edilmiş şəxsin baş tutmayan alimliyi və digər hərəkətlərinin aydınlaşması vəzifəsi məhkəmənin üzərinə düşdü. BDU-nun kimya fakultəsinin əməkdaşlarının etiraz cavabı (nəyə? – B.S.)// Yeni Avrasiya .-2003.-29dekabr.”. 2.Bəhmən Sultanlının böhtan və iftiraları. BDU-nun kimya fakultəsinin alimləri işdən qovulmuş sabiq əməkdaşın sərsəm fikirlərinə (bu “fikirlər” nədən ibarətdir? – B.S.) etiraz edirlər//Hürriyyət.-2004.-14-16 fevral. “Sən kimsən, Bəhmən Sultanlı” sualına cavabım belədir: “Bəhmən Sultanlı öz əməyi hesabına ərsəyə gətirdiyi bir çoxu dünyanın nüfuzlu nəşrlərində dərc edilmiş 70-dən artıq elmi nəşrin, mətbuatda dərc olunmuş 250-dən artıq elmi-kütləvi, ictimai-siyasi konulu yazının, müsahibənin; 200-dən artıq vecizə (aforizmin) və duyuqun; 20-dən artıq avtobioqrafik oçerkin; 150-dən artıq bədii-fəlsəfi mövzulu yazının, nəsrlə yazılmış bir sıra təmsillərin, fəlsəfi-didaktik etüdlərin; azyaşlı uşaqlar üçün 4 nağılın; azyaşlı məktəblilər üçün bir sinifdənxaric oxu kitabının (Fidan. Balalar üçün. Bakı, "Mütərcim" nəşriyyatı, 2000); dərc olunmamış çoxsaylı başqa yazıların müəllifi; 1942-ci ildə sovet rejiminin siyasi repressiyaya məruz qoyduğu, 05.08.2008-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun, AR Ali Məhkəməsinin siyasi repressiya qurbanı kimi tanımaqla tam bəraət verdiyi ailənin üzvü; müstəqillik dönəmində BDU-da siyasi repressiyaya məruz qalmış (2003-cü il) kəs; Azərbaycanın Azadlığı uğrunda erkən çağlardan aktiv çarpışanlardan biri; 1988-ci ildən başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən, onun ilk İdarə Heyətinin üzvlərindən biri, rüşvətə, korrupsiyaya, yerliçiliyə qurşanmayan, əxlaqsızlıqla, mənəviyyatsızlıqla məşğul olmayan, özünü şişirtməkdən uzaq olan şəxsdir. “Baş tutmayan alimliyi və digər hərəkətləri” deyimində alimlik “hərəkət” anlamı daşıyır. Doğrudanmmı, indiki BDU rektoru özü ilə yanaşı, “ağ saçlı alimləri”nin də düşündüyü kimi, alimlik hərəkətdir? Birdə, axı, elmi axtarışların verdiyi sonuc alimliyə gətirib çıxarır, alimlik varsa, deməli, baş tutmuş elmi sonuclar təsdiqlənib. A.Məhərrəmovun “ağsaçlı alimlər”i həmin deyimlə mənim alimliyimi özləri də bilmədən təsdiqləyiblər. Ancaq “Baş tutmayan alimliyi” deyimi hansı savadın məhsuludur? “Baş tutmayan alimliyi və digər hərəkətləri” nə deməkdir? Alimliyin də baş tutanı, baş tutmayanı olur? Bilindiyi kimi, şairlik, yazıçılıq, rəssamlıq, bəstəçilik... kimi elm də yaradıcılıq sahəsidir. Onda, baş tutmayan şairlik, baş tutmayan yazıçılıq, baş tutmayan rəssamlıq, baş tutmayan bəstəçilik... deyilərmi? Bu yaradıcılıq sahələrində çalışanlara heç də rəsmi olaraq “şair”, “bəstəçi”, “rəssam”... adı verilmir. Onda elmlə bağlı olan adama nə üçün rəsmi olaraq “alim” adı verilsin? Axı, bir çox hallarda layiq olmayanlar da əyri yollarla belə ad ala bilirlər, bundan istifadə edib yenə əyri yollarla böyük səlahiyyət sahibi olurlar, həqiqi elm adamlarını, layiqli vətəndaşları “buynuzlayır”lar. Nəsirəddin Tusiyə, Bəhmənyar əl-Azərbaycaniyə, Əbu Reyhan əl-Biruniyə, Albert Eynşteynə, İsaak Nyütona, Dmitri Mendeleyevə... “alim” adı möhürlənmiş, ştamplanmış kağız üzərində verilməyib. Onlar böyük elmi sonuclarına görə “alim” adlandırılıblar (sözsür, özümü onlarla bir tərəziyə qoymuram). Təbii, həqiqi alim belə olur. Sovet sistemində elm adamlarının “cilovu”nu əldə saxlamaq, onları özündən asılı duruma salmaq, mütiləşdirib qula çevirərək siyasi məqsədə xidmət etdirmək üçün insanlara elmi adları totalitar sistem özü verirdi. Ona görə də abelsyağı diplomlu akademiklərin, diplomlu professorların, diplomlu elmlər doktorlarları və namizədlərinin sayı günbəgün artırdı. Elm isə, SSRİ-nin böyük iqtisadi potensialının, güclü insan ehtiyatlarının müqabilində lazımınca inkişaf etmirdi. Bilindiyi kimi, SSRİ-nin dağılmasını mümkün edən faktorlardan biri də bu oldu. İndi də BDU rektorunun “Biblioqrafiyası”nda haqqımda işlətdiyi “Bəhmən Sultanlının böhtan və iftiraları...” adlı yazı barədə. Mətbuatda dərc olunmuş yazılarımda rektorun məqalə və tezislərinin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin... sayını rektor keçəndən sonra yapma yollarla 50-60 dəfə artırdığını, BDU-da yerliçiliyin, tayfagirliyin, rüşvətin, korrupsiyanın tüğyan etdirildiyini, bütün səlahiyyətlərin rektorun əlində cəmləşdiyini, BDU-nun avtoritar üsullrla idarə edildiyini, təhsilin keyfiyyətinin aşağı düşdüyünü, BDU-nu rektor öz şəxsi təsərrüfatına çevirdiyini, gözə kül üfürdüyünü... yazmışam. Rektor və onun “ağ saçlı alimlər”i indi nə deyirlər? O çağlarkı və indiki yazımda böhtan, iftira varmı? Onun “Biblioqrafiyası”na və beş cildlik “Seçilmiş Əsərləri”nə, ayrı-ayrı avtorların mətbuatda gedən çoxsaylı yazılarına baxmaqla vicdanlarını işə salsalar, görərlər, bu dediklərim böhtan və iftiradır, ya da onların adı çəkilən yazıları sayıqlamadır!? “Məhkəmə aydınlaşdırması”na gəlincə, Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işdən qanunsuz çıxarıldığım üçün BDU-nu mən məhkəməyə vermişəm, BDU məni yox! Üç məhkəmə mərhələsinin üçündə də (müdafiəçim tanınmış hüquqşünas Müzəffər Baxış) səyi sonucunda uduş mənim tərəfimdə oldu. Çünki 70 ç maddəsi ilə işdən çıxarıldığım həmin ildə (2003) beynəlxalq və respublika miqyaslı konfransların materiallarında, məşhur jurnallarda 6 nəşrim dərc edilmişdi, bir il öncə (12.04.2002) isə, universitet 2001-ci ildə dünyanın ən nüfuzlu jurnallarından olan “Journal of Molecular Structure”də dərc olunmuş məqaləmə görə məni pulla mükafatlandırmışdı. Belə olan halda Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işdən çıxarılmağıma özbaşınalıqdan savayı hansı adı vermək olardı? Bizim məhkəmələrə məsələn, Toğrula 5 il iş verilməsi sifarişi gəlir, məhkəmə də Cinayət Məcəlləsində 5 il işə uyğun olan maddəni axtarıb tapır, Toğrula kəsir. Mənim də məhkəmə çəkişməm başlanğıcdan sonadək belə oldu. Abel Məhərrəmov tənqidli yazılarımda gedən yanlışları düzəltmək əvəzinə məni BDU-dan uzaqlaşdırmaq haqda düşündü. Ona görə 70 ç-ni mənə tətbiq etməyə məqam gözləyirdi. İşdən uzaqlaşdırıldığım prezident seçgiləri ərəfəsinə düşdü. Bu çağ Müsavat partiyası ilə hakimiyyət arasında gərginlik yaranmışdı. Rektor tənqidlərimə görə qisas almaq məqsədilə işdən uzaqlaşdırmağım üçün fəndgirlik edərək bu faktdan yararlandı. Bu, baş verməsəydi, işdən çıxarılmağım onun üçün müşkül olardı. BDU rektoru mənim elmi işlərimlə maraqlanırsa, onun nəzərinə çatdırmaq üçün: ilk dəfə elmi eksperimentlərimin sonuclarına özüllənərək molekuldaxili hidrogen rabitəsinin dərsliklərdə, monoqrafiyalarda yer almış tərifinin tam olmadığını ortaya çıxartmışam, ona düzəliş vermişəm (bax: B.Yu.Sultanlı. Jurnal Prikladnoy spektroskopii //1984, tom XVI, str.739-742; B.Y.Sultanlı, A.N.Şnulin, X.S.Mamedov. Jurnal Strukyurnoy Ximii// 1985, tom 26, str.187-190; B.Yu.Sultanlı, A.N.Şnulin. Journal of Molekular Strukture, 2001, vol.561, p.61-64). Mən də A.Məhərrəmovdan soruşuram: Bəs sən kimsən, Abel Məhərrəmov? Bu sualıma “Hürriyyət” qəzetinin hələ 21.12.2003-cü il sayında “Abel Məhərrəmov kimdir?” adlı yazımda özüm cavab vermişəm. 70 ç maddəsi ilə vəzifədən uzaqlaşdırılan professor Rafiq Əliyev barəsində yazılmış, saxtalığı ortaya çıxarılaraq ifşa olunmuş məlum bəyanatı imzalayan “BDU-nun ağsaqqal alimləri” arasında 70 ç maddəsi ilə işdən uzaqlaşdırılan Bəhmən Sultanlı barəsində yazılan, “Hürriyyət”in 14.02.2004-cü il sayında gedən “bəyanat”a imza atmışdılar. “Hürriyyət”in 17.02.2004-cü il sayında dərc etdirdiyim yazıda həmin bəyanatın saxtalığını, sərsəmliyini ortaya çıxardıb ifşa etmişəm. “Qafqazinfo” SalamNews-a istinadən BDU rektoru jurnalistlərə müsahibəsində "Rafiq Əliyevin işdən çıxarılmasında qeyri-adi heç nə yoxdur. Akademik də, daha yüksək vəzifəli şəxslər də, alimlər də işdən çıxarıla bilər. Məsələn, Bakı Dövlət Universitetinin bir neçə akademiki ərizə yazaraq vəzifələrindən imtina ediblər (bəlkə avtoritarizmi qəbul edə bilmədiklərinə görə? – B.S.). Mənim mətbuatda oxuduğum məlumata görə, Rafiq Əliyev iş qrafikini pozduğu üçün rektor tərəfindən tutduğu vəzifəsindən uzaqlaşdırılıb. İş rejimini pozan istənilən alim, akademik (belə çıxır, akademik alim deyil – B.S.), laborant işdən xaric oluna bilər. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Bu yaxınlarda (kursiv mənimdir – B.S.) Bakı Dövlət Universitetinin alimləri və ağsaqqallarının Rafiq Əlyevlə bağlı müraciəti olacaq (bu, sırf “öncəgörüm”dür ki! – B.S.). Müraciət ondan ibarətdir ki, bəzi alimlər və ziyalılar yığışaraq müxtəlif forumlar keçirir və müraciətlər qəbul edirlər. Bilmək lazımdır ki, Azərbaycan inkişaf edir və ölkəyə sabitlik gərəkdir. Bu sabitliyin qorunması üçün hər kəs öz dəstəyini əsirgəməməlidir (yəni onun kimilərin özbaşınalıqlarına göz yummalıdır!? – B.S). Azərbaycan həmçinin, müharibə şəraitində yaşayır…”. Rektor BDU alimlərinin R.Əliyev barədə müraciətinin olacağının proqnozunu verir. İndi siz bu proqnoza nəzər salın! Bu sözü deməklə, o, həm də BDU-dakı akademikləri, akademiyanın müxbir üzvlərini, professorları, dekanları, kafedra müdirlərini hədələyir, yeri gəlsə, onları da asanca “intizamsız”lıq damğası ilə şərləyib 70 ç maddəsi ilə işdən çıxara biləcəyinə eyham vurur. Onun insanları kölələşdirmək yollarından biri bax, elə bu hədələmələr, bu sayaq təhdidlərdir. Ancaq, onun “zəhmət çəkib” tapdığı başqa yollar da yox deyildir. Professor R.Əliyevin işdən çıxarılması barədə yazdırılan bəyanata BDU-nun 245 “ağsaqqal ziyalı”sının imza atması iddiası həqiqətə uyğun deyil. Həmin bəyanatı imzalayanlar sırasında adı çəkilənlərin (həm də çəkilməyənlərin – B.S.) çoxu R.Əliyev uzaqdan-uzağa da olsa tanımırlar. Belə olduğu halda onlar onun işdən çıxarılmasını necə bəyənə biliblər? Mətbuatda dərc edilən və “gizli saxlanılan” sıranışdakı “ağsaqqal ziyalı”lar arasında şəxsən tanıdıqlarım çoxdur. Onların bəziləri ilə dostluq əlaqələrim bu gün də davam etməkdədir. Onların aralarında obyektivliyi, təmizliyi, düzlüyü, əxlaqı ilə seçilənlər, abrını abırla qoruyanlar az deyil. Ona görə də belələrinin o cür sərsəm bəyanatı imzalaması heç də inandırıcı görünmür. Əlimizdə bunu təsdiqləyən fakt da var. “Turan” İnformasiya Agentliyinin Direktoru Mehman Əliyev BDU rektoruna müraciət edərək, 245 nəfər “ağsaqqal ziyalı”lardan mətbuatda dərc olunmamışların adlarını agentliyə təqdim etməsini xahiş etmişdir. Rektor bu müraciətə “Humanitar məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” üzrə prorektor (onda, rektor özü nə üzrə rektordur, başqa prorektorlar hansı məsələlər üzrə prorektordurlar?! = B.S.) prof.S.T.Hacıyevin imzası ilə cavab vermişdir. Cavabla tanış olun: “23 noyabr 2011-ci il tarixli informasiya sorğunuza cavab olaraq, “Azərbaycan” qəzetinin 15.11.2011-ci il tarixində Bakı Dövlət Universitetinin bir qrup ziyalısının imzası ilə dərc edilən bəyanatın orijinalının surətini sizə göndəririk. Eyni zamanda nəzərinizə çatdırırıq ki, müraciəti imzalamış 245 ziyalının tam siyahısı mənim rəhbərlik etdiyim prorektorluqdadır. Bu siyahı ilə tanış olmaq istəsəniz mənə müraciət edə bilərsiniz. Bu “cavab”ın mətnindəki qrammatik yanlışları, etik uyarsızlıqları bir yana qoyuram. Bir baxın, “Turan” İnformasiya Agentliyi bəyanatı imzalamış “ağsaqqal ziyalılar”ın siyahısını tələb etmişdir, universitetin prorektoru isə “Bakı Dövlət Universitetinin bir qrup ziyalısının Azərbaycan ziyalılarına müraciəti”nin imzalanmamış mətnini göndərmişdir. Başqa yandan, prorektorun iddiasına görə, uşaqdan böyüyə hamının rəğbət bəslədiyi, obyektivliyi ilə dünya informasiya aləmində etibar qazanmış Mehman bəy həmin siyahı ilə tanış olmaq (tanış olmaq üçün! – B.S.) üçün onun yanına getməlidir! Getsə belə, əldəqayırma “prorektorluğun rəhbəri” vaxtının olmadığını bəhanə gətirərək, onun başqa vaxt gəlməsini lazım biləcək və bu hal təkrarlanacaq. Çünki həmin siyahı özü uydurulmuş, əldəqayırma siyahıdır. Mehman bəy siyahı ilə tanış olmaq deyil, onun verilməsini xahiş etmişdir. Bu faktın özü “245” rəqəminin uydurma olduğunu, gerçəkliyi əks etdirmədiyini göstərir. Bu faktın özü rektorun insanları, dövlət hakimiyyətini necə çaşdırmaq istəyinin, BDU ziyalılarını öz müti quluna, köləsinə çevirə bildiyini hakimiyytlə yanaşı, topluma, BDU kollektivinə göstərmək istəyinin, ləyaqətli, abırlı ziyalıları gözdən salmasının göstəricilərindəndir. Professor R.Əliyev kimi alimin işdən çıxarılmasında BDU rektorunun marağı nədən ibarətdir? Rektoru yaxşı tanıyıran, ona qarşı qərəzçiliyim, paxıllığım, həsədim nə toxdur, nə də ola bilməz. Ancaq xoşagəlməz əməllərini də qəbul etmirəm. Bu baxımdan sorğuya cavabım belədir: Rafiq müəllim rüşvət, korrupsiya, yerlicillik, tayfagirlik kimi bəd əməllərə qurşanmamağı A.Məhərrəmov, S.Qarayev kimilərin paxırını üzə çıxarır. Axı, bu cür alimlər həm də ali məktəb rektorunun on ildə 1000-ə yaxın eilmi məqalə yaza bilməsinə heç də inanmazlar!.. BDU-da bütün səlahiyyətləri rektor öz əlində cəmləşdirdiyi üçün burada işləyən hər kəs ən adi bir işindən ötrü də onun özünə müraciət etməli olur. Müraciət edənin boynuna minnət, böyük haqq qoya-qoya o, müraciəti təmin edir. İnsanları həmişə təhdid içərisində saxlayır, öz iradəsinə tabe etdirmək, mütiləşdirmək üçün vəzifəsinin verdiyi bütün səlahiyyətlərdən istifadə edir. Misal çəkmək istəyirəm. 2002-ci ildə qızım universitetin magistraturasına qəbul olunmaq üçün imtahan proqramından ötrü magistratura və aspirantura məsələlərinə baxan kəsdən proqramı istəyəndə o, dedi: “nə proqram? İmtahan-zad yoxdur, magistraturaya qəbul siyahı ilədir, Abel müəllim kimi məsləhət bilsə, onu siyahıya yazırıq, get özünə de, bizə tapşırsın, qızının adını siyahıya yazaq. Dedim: istəyirəm qızım imtahan verib qəbul olunsun. Dedi: niyə getmirsən, sən deyən kimi razılıq verəcək, o, istəyir sən ona söz deyəsən. Yenə imtina etdim. Dedi: istəyirsən mən sənin adından deyim. Yenə imtina etdim. Dedi: ikinci mərtəbəyə çıx, köməkçisinə de, o, Abel müəllimə desin. Bu yola da razı olmadım... Ona desəydim, hətta dediyimdən də artığını edəcəkdi. Bununla, artıq, boynumda minnəti olacaqdı, yeri düşəndə Rafiq müəllim haqqında olan bəyanata mən də imza atmalı olacaqdım!.. 12.04.2003-cü ildə universitetin Elmi İşlər prorektoru professor Bəhram Əsgərova məktub ünvanladım. Məktubda deyilirdi: ”Sayqılı Bəhram müəllim, hamıya bəllidir, ictimai işə sərf olunan vaxtın çoxalması elmi işə sərf olunan vaxtın məhdudlaşması hesabına mümkündür. Ətrafınızda elə adam var, elmi işə sərf edəcəyi vaxt məhdudlaşdıqca elmi məqalələrinin sayı sürətlə artır... BDU-nun rektoru prof.Abel Məhərrəmovu nəzərdə tuturam. O, ictimai vəzifə daşımayan zamanlarda ildə orta hesabla 1-2 məqalə çap elətdirirdi, ya da heç elətdirmirdi. Dekan keçəndən sonra bu məqalələrin sayı 20-ni ötdü, rektor keçəndən sonra 50-60 məqalə, 5-10 kitab çap elətdirir. Tələbələrinin dediyinə görə Akademiklər – Abdulla Qarayev, Yusif Məmmədəliyev, Şəfahət Mehdiyev, prof.Yəhya Məmmədov... universitetə rektor keçəndən sonra elmi məqalələrinin sayı 2-3 dəfə azalıb, amma A.Məhərrəmov rektor keçəndən sonra elmi məqalələrinin sayı 50-60 dəfə artıb...”. Bu addımımın onu öz əməllərinə düzəliş etməsi üçün onu bilgiləndirmək məqsədi daşıdığı rektorda əks reaksiya doğurdu. Aylıq veriləndə mənim qarşımda “verilməsin” yazılmışdı. Aylığımı almaq üçün yenidən kassaya getmədim. Bir gün üstündən keçəndən sonra kadrlar şöbəsinin müdiri Rüstəm Əhmədov gəlib nə üçün aylığımı almadığımla “maraqlandı”. Rüstəm Əhmədovun nə üçün özünə aid olmayan bir məsələ ilə maraqlandığının səbəbi mənə aydın idi. Ancaq dedim, vermirlər-verməsinlər. Dedi: yox, get Abel müəllimə de, tapşırsın, versinlər. Dedim: buna ehtiyac duymuram, mən aylıq üçün bir dəfə gedirəm, bundan sonra o məsələ məni düşündürmür. Dedi: istəyirsən, mən sənin adından deyim, ya da köməkçisinə de, demirsən, koridorda onunla rastlaş, o, özü səninlə rastlaşdığını deyər, Abel müəllim tapşırar, verərlər. Bu sözü də qəbul etmədim. Sonra baş mühasib Sabir Mehdiyev də gəlib eyni sözləri dedi, eyni cavabları aldı. Bir neçə kərə bu, beləcə təkrar olundu. Məsələni belə görüb özləri aylığımı gətirib öz iş otağında verdilər... Aylığımın verilməsindən ötrü ağız açsaydım, cürbəcür əcaib məsələlərə səs verməli, cürbəcür sərsəm bəyanatlara imza atmalı olardım. Çünki başlıca məqsəd bu yollarla məni sındırmaq, əymək, buyruq quluna çevirmək idi. O, mənə qarşı təqibləri, təhdidləri gücləndirdi, daha da genişləndirdi. Vurğulanan məktubumu 26.09.2003-cü ildə “Hürriyyət” qəzetində dərc etdirdim. Bundan sonra təqiblər, təhdidlər daha böyük miqyas aldı. Bu üsul da onun sındırmaq arzusunun baş tutmasına kömək etmədi. BDU rektorunun cılız hisslərlə yaşayan olduğu buradan açıqca görünür. O, hakimiyyətinə, tabeçiliyində olan akademikdən tutmuş dosentə, kafedra müdirindən tutmuş laboranta, prorektordan tutmuş xidmətçiyə qədər lazımınca mütiləşdirdiyini, rəzilləşdirdiyini Azərbaycan toplumuna, hakimiyyətə çatdırmaq, bundan yararlanmaq, hökümlü olduğunu diqqətə catdırmaq istəyir. İndiki yazımın BDU rektoruna qərəzli münasibəimdən irəli gəldiyini güman edənlər də tapıla bilər. Ancaq onun iş prinsipinə, tutduğu avtoritar idarəçilik üsuluna etirazım bu günün işi deyil. Zamanında yeni müddətə dekan seçilməsinin (30.04.1998–ci ildə) müzakirəsi zamanı protokola yazılmaq şərtilə çıxış edərək birinci dekanlıq müddətində ciddi nöqsanlara yol verdiyini, ikinci müddətə seçilməsininin əleyhinə olduğumu nəzərə çatdırmışdım. Bir səs (təkcə mənim səsim) əleyhinə olmaqla o, yenidən dekan seçildi, mənə qarşı təqib, təzyiq kampaniyasına başladı, öncəki əməllərində davam etdi. 1993-cü ildə o, kimya fakultəsinə “seçgi yolu ilə” dekan təyin edildi. Onu yaxşı tanıdığımdan, çalışmalarına göz qoyurdum. Dekan seçilən kimi təm-təraqlı “kabinet problemi”ni həll etdi, kəndçilərindən, tayfasından ibarət elmi Şura formalaşdırdı, yeni kafedra açıb yaxın saydıqlarını oraya müəllim keçirdi, başqalarının elmi məqalələrinə öz adını yazdırmağa girişdi, rüşvətə geniş meydan verdi, “gözü su içməyənlər”in üstünə nəzarətçilər qoydu, yubileylər keçirib özünü təriflətməklə məşğul oldu. Fakultədə “ev bizim, sirr bizim” mühiti yaratdı. Rektor keçəndən sonra öncəki işlərini rektor səlahiyyətləri çərçivəsində, göz qamaşdıran təmir-abadlıq işlərinin kölgəsində genişləndirdi. Bunlar gözlərimiz qarşısında baş verirdi. Əqidəmə görə, universitetdə baş verənlərə göz yummaq olmazdı. Ona görə, “mənə nə?” deyib nə o çağlar, nə də indi onun ziyanlı, xalqa, dövlətə, tələbə gənclərə, onların böyüklərinə, universitet kollektivinə gözgörəti səmimi olmayan əməllərinə biganə qala bilmədim... O, öz “Biblioqrafiyası”nda 2002-ci ildə üzvi kimya kafedrasına müdir seçilməsini bildirir. Ancaq Üzvi kimya kafedrasının müdiri vəzifəsinə göz tikən rektor dekanlıq illərində professor Məmməd Mustafayevi şantaj etmək üçün qrup yaratdı, onun kafedra müdirliyindən istefasına nail oldu. Məmməd müəllim Türkiyəyə köçməli olddu, orada antigen və vaksinlər kimyası sahəsində mütəxəssis hazırlamaqla yanaşı, praktiki işləri ilə Türkiyə büdcəsinə hər il 100 minlərlə ABŞ dolları məbləğində gəlir gətirdi, akademik Kabanov məktəbi ilə Türkiyə arasında işbirliyi yaratdı. Gələcəkdə kafedranı ələ keçirmək üçün Abel müəllim əfəl bir adamla sövdələşib onu üzvi kimya kafedrasına müdir keçirdi. Rektor keçəndən dərhal sonra kafedranı həmin əfəl professordan aldı, alternativsiz, formal bir konkurs keçirdi öz ərmri ilə üzvi kimya kafedrasının müdiri vəzifəsini tutdu. Sonra bu münasibətlə kafedrada keçirdiyi banketdə həmin əfəl professor onu üzvi kimya kafedrasına “allah bəxşişi” adlandıraraq tərifləmişdi. Bu fikrə şərik çıxanlar, bunu nəzmə çəkənlər də tapılmışdı, kafedranın yeni müdiri isə, tərifdən məst olmuşdu. Buraya məni də çağırmışdılar. O çağlar “sabiq”ləşmiş kafedra müdirinə və fakultənin başqa əməkdaşlarına bildirdim, rektor həqiqi konkurs yoluyla qələbə çalsaydı, onun banketinə getmək olardı. Ancaq o, öz rektorluq səlahiyyətlərndən bəhrələnib özünü kafedraya müdir təyin etdiyini qanunsuz saydığıma görə banketdə iştirakı özümə sığışdırmıram. BDU rektoru barədə 2003 və 2004-cü illərdə “Hürriyyət” ”, “Azadlıq”, “Yeni Müsavat, “Bizim Yol”, “Paralel” qəzetlərində “Bakı Dövlət Universitetinin elmi işlər prorektoruna”, “Abelin avtritarizmi”, “BDU-da rüşvət, korrupsiya, yerliçilik”, “Bakı Dövlət universitetində məhkəmə”, “Abel Məhərrəmov kimdir?”, “Heydər Əliyevdən sonra prezidentliyə ən layiqli namizəd”, “BDU Abel Məhərrəmovun təsərrüfatı?”, “BDU-da 37-ci il repressiyası”, “Abel Məhərrəmovun imperiyası”, “Bakı Dövlət universitetinin rektoruna”, “Abel Məhərrəmovun despot üsulları”... adlı çoxsaylı yazılar (bunlardan dördü BDU-da işlədiyim zamanda dərc edilmişdir) çap etdirmişəm. Çox götür-qoydan sonra indiki bu yazını yazmağa A.Məhərrəmovun “Biblioqrafiyası” məni dürtmələdi... Avtoritarlar hakimiyyətlərini uzatmaq, öz mənfelərini gerçəkləşdirmək istəyənlər tabeçiliyində olanları təhdid, təqib altında saxlayır. BDU rektoru öz rəhbərliyi altındakılarla bu cür rəftar edir, hərəkətlərinə etiraz edənləri Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işdən uzaqlaşdırmaq, haqqında şərləyici bəyanatlar yazıb bəlli üsullarla imzalatdıraraq güclü olduğunu, heç bir qanun-manun saymadığını, dövlət səviyyəsində “toxunulmaz”lığını, hətta fəxri adlara layiq görüldüyünü nümayiş etdirir, heç nəyə, heç kimə məhəl qoymadan rektor keçən kimi arvad-uşağını elmi dərəcələrə yiyələndirir, onlar üçün kafedralar, bölmələr, laboratoriyalar açıb öz sərəncamları ilə onları vəzifələrə yerləşdirir. Bunlara aid faktlatın çoxu zamanında qəzetlərin tənqid hədəfinə çevrilmişdir. O, rektor təyin ediləndən (11.1999-cu il) sonra universitetin fakultələrinə, rəhbərliyinə yerlilərini (tabii, bu, onun yerlilərinə məhəbbətindən deyil, “ev bizim, sirr bizim” mühiti yaratmaq istəyindən irəli gəlir – B.S.), tayfasından olanları, yaxınlarını gətirərək (müdafiə etməyənlərinə dissertasiya müdafiə etdirdi), hamısını vəzifələrə yerləşdirdi, bir çoxlarını dekan müavini təyin etdi (sovet dönəmində respublikaların ikinci katiblərinin rus millətindən idi). Dekan, kafedra müdiri yerlərini mümkün qədər boşaldıb yaxınlarına verdi, açılmış iş yerinə yalnız öz yaxınlarını götürdü, universitetdə “ev bizim, sirr bizim” mühiti yaradaraq aşağıda görəcəyiniz əməllərinə start vermişdir. Rektor təyin olunan günün səhəri öz ailə üzvlərindən birini pedaqoqika kafedrasına keçirərək oranın dissertantı keçirtdi, 20.05.2003-cü ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdirərək (ilk elmi nəşri: “Bakı Dövlət Universiteti-80” Elmi Konfransın Materialları. Bakı, 1999, s.472) onu öz sərəncamı ilə kafedraya müəllim təyin etmişdir. Elə o ərəfədə başqa bir ailə üzvünü tələm-tələsik biologiya fakultəsinə dissertant keçirtdi, o da 28.02.2003-cü ildə AMEA Torpaqşünaslıq və Ağrokimya İnstitutunda (institut direktorunun oğlu İbrahim Məmmədov da 2004-cü ildə BDU rektorunun rəhrərliyi altında BDU-da dissertasiya müdafiə edib) biologiya elmləri namizədi (ilk elmi nəşri: BDU-nun 80-illiyinə həsr olunmuş “Gənc bioloq-99” Elmi konfransının materiallarında:-1999-cu il), 2008-ci ildə isə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsini gerçəkləşdirmiş, yeni kafedra açaraq öz sərəncamı ilə onu kafedraya müdir təyin etmişdir. Xarici İşlər Nazirliyində işləyən oğlu Anar Məhərrəmovu BDU-nun hüquq fakultəsinin dissertantı keçirərək, 24.12.2003-cü ildə hüquq elmləri namizədi (ilk elmi nəşri (şərikli) : Jurnal “Rıbnoe xozyaystvo”, 2002, №2) alimlik dərəcəsi almasına nail olmuşdur. Hazırda onu həm də BDU-nun hüquq fakultəsinə müəllim keçirmişdir. BDU rektoru bu özbaşınalıqları törədərkən cəzasız qalacağına, həm də elədiklərinin “müqabilində” orden-medallarla, cürbəcür imtiiyazlarla mükafatlandırılacağına güvənir. İndi görün, o, hansı fəndlərdən istifadə edib?! O, rektor keçən kimi, dövlət hakimiyyətində aparıcı şəxslərdən birinin BDU-da işlədiyi 25-30 il müddətində elmi dərəcə almayan ailə üzvlərindən birinə himayəçilik edərək 31.10.2002-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alması üçün onun dissertasiya müdafiəsini təşkil etmiş, sonra Hesablama Riyaziyyatı kafedrasına müdir təyin etmişdir. Həmin aparıcı şəxsin ailə üzvlərindən Fiziologiya İnstitutunda işləyən başqa birini də BDU-nun Psixologiya kafedrasına keçirərək 14.12.2002-ci ildə onun psixologiya elmləri namizədi (ilk elmi nəşri: Psixologiya jurnalı, № 1-2, 2001.-C.52-59), 2008-ci ildə psixologiya elmləri doktoru alimlik dərəcəsi almasını təşkil etmişdir, Psixologiya kafedrasını iki yerə parçalayaraq onu kafedra müdirliyinə keçirmişdir. Göründüyü kimi, öz ailə üzvləri ilə vurğulanan şəxsin ailə üzvləri eyni ildə, eni ərəfədə dissertasiya müdafiə etmişlər. Öz ailə üzvü ilə həmin şəxsin ailə üzvlərini kafedra müdirliyinə eyni ərəfədə keçirmişdir. Bu paralellər nə üçündür? Doğrusu, ailə üzvlərinin müdafiəsi üçün yüksək mövqeli məmurun BDU rektoruna hər hansı təzyiq göstərməsini, tapşırıq verməsini güman etmirəm. Çünki onun həmişə geniş imkanları olub, istəsəydi, bu yolla ailə üzvlərinin dissertasiya müdafiəsinə özü nail ola bilərdi. BDU rektoru bu işləri təşkil etməklə ona şirinxidmətlik göstərmək, ona sığınaraq gələcək strateji planlarını həyata keçirmək məqsədi daşımışdır. Əslində, təşəbbüsün rektorun özündən gəldiyi göz önündədir. Belə olanda aparıcı mövqeə malik həmin məmur da BDU rektorunu himayə etməyə borclu olur. Bu himayə sayəsində BDU rektoru avtoritar idarə üsulunu seçmişdir, ailə üzvlərinə və tayfasına da dissertasiya müdafiə etdirə, onları BDU-da lazımi vəzifələrdə yerləşdirə bilmiş, özbaşınalıqlarına, özünü hamıdan yüksək tutmasına şərait yaratmışdır. Belə fəndlərdən yararlanmaq BDU rektorunun xislətindədir. O, həmişə belə yolların yolçusu olub. Bəzi səlahiyyətli kəslərin yaxınlarını universitetdə yerləşdirəndə, “yola verəndə”, ayağı universitetə dəyməyən, ancaq yuxarılarda sözü keçənləri qanunlara məhəl qoymadan universitetdə kafedra müdiri vəzifələrində saxlayanda da məqsədi onlardan özbaşınalıq üçün özülü möhkəmlətmək, avtoritar rejimini qorumaq olub. Bunlara nə dərəcə nail olduğu göz önündədir (“Katdanı gör, kəndi çap”. AMEA prezidenti Mahmud Kərimov “Biblioqrafiya”da “A.Məhərrəmovun elmi və ictimai-siyasi fəaliyyəti haqqında” adlı 9 səhifəlik yazısı verilib. Bilinmir, bu yazı nə məqsəd daşıyır. “Biblioqrafiya”da belə yazı verilməsi hələ görünməyib. Bu, başqa bir məsələdir. Hörmətli Mahmud bəyin yazısında tərifləri oxuduqca adam dilimizin “tərifləmə gücü”nə heyran qalır. Hörmətli Mahmud bəyin “...Həmin vaxt kimya fənni üzrə müdafiə şurasında ermənilər çoxluq (?-B.S.) təşkil etsə də, onlar gənc tədqiqatçının yüksək intellekti, dərin biliyi, prinspiallığı qrşısında məkrli niyyətlərindən geri çəkilməyə məcbur olmuşlar” deməsi diqqət çəkən məqamlardandır. Bu fikir həm də “Qarğa, məndə qoz var” anlatmasıdır. Görün, hörmətli Mahmud bəy daha nə deyir: “Moskvada qalıb çalışmaq təkliflərini qəbul etməyən, Vətənə xidmət məramı ilə geri dönən gənc alim 1976-cı ildən Bakı Dövlət Universitetində... çalışmışdır”. BDUnun rektoru necə də böyük istedad sahibi, Vətənsevər imiş, İlahi!? Necə olub biz onu “başqa cür” tanımışıq?!.. Məncə, yuxarıda vurğulanan yersiz yazısı ilə AMEA prezidenti, eyni zamanda, rektorun “Seçilmiş Əsərləri”nə redaktorluğu ilə akademik Vaqif Fərzəliyev Azərbaycan elminə fatihə vermişlər... İndiki (keçmiş-red) BDU rektorunun milli maraqlarımıza zidd olan çalışmaları haqqında zamanında həm şifahi danışmağı, həm də mətbuatda çıxış etməyi və indiki yazını yazmağı özümə Vətəndaşlıq, vicdan, ləyaqət borcu bildim... 26.11.2011 Bəhmən SULTANLI (Bizim Yol qəz., 12, 18.01.2012; Hürriyyət qəz., 27, 30.01, 06, 10.02.2012)
© 2020 - Created by İLK XEBER.