Qış çoxdan girmişdi, əslində təbiətin elə bir vaxtı idi ki, bu yerlərdə indi havalar çox soyuq qarlı, şaxtalı bir qış günləri olmalı idi. Allah-taala burda yaşayan insanlara yarıkar olmuş, keçən illərə nisbətən bu qış çox mülayim keçirdi. Azəri xalqı sülh sevər insanlardı, hər zaman öz iş-gücləri ilə məşğul olurdular. Allah-taalanın qismət etdiyi, verdiyi ruzu ilə dolanar, torpağına bağlı bir xalq kimi dövlətinə, dövlətçiliyinə həmişə sadiq və sədaqətli bir xalqdır. Bu bölgə də həmişə öz adət-ənənəsinə sadiq olan bir bölgədir. Biz istəməsək də 1988-ci ildən başlayan mənfur qonşularımızın torpaq iddiası bizi də çaş-baş salmış, dinc həyat ərşə çəkilmişdi. Onu da deyim ki, artıq söz-söhbətdən keçmişdir. İndi qonşu adlandırmağa da adamın dili gəlmir. Millətçi ermənilər, köhnə düşmənlərimiz olan “daşnaklar” artıq silaha sarılıb tez-tez sərhəd kəndlərinə basqınlar edir, mal-qaranı, qoyun-quzuları aparır, qarşısına çıxan insanları da güllələyirdilər. Yeri gəlmişkən, onu da xatırladım ki, mərkəzdən gələn göstərişə əsasən, nəinki sərhəd kəndlərdə, hətta rayonun bütün ərazisində əhalidə olan ov silahlarını yığmışdılar. Özü də yuxarının göstərişinə əsasən, silahlar paytaxta aparılmış, ordan da harasa təhvil verilmişdi. Bu da sonra məlum oldu ki, bu göstərişlər keçmiş Sovetlər Birliyinin bütün respublikalarına verilsə də bizə qonşu olan erməni rayonlarında nəinki ov silahları yığılmayıb, hətta onlar müasir avtomatlarla təchiz olunublar. Belə çıxır ki, Moskvada vəzifədə oturan ermənilərin qarşıdakı planlarının tərkib hissəsi olan bu məkrli siyasəti ilə azərbaycan xalqının əlində olan ov silahlarını yığdırmaq, onları əli boş qoyub planlaşdırdıqları döyüşlərdə silahsız insanları tamamilə qırıb məhv etmək məsələsi dururdu. Nəinki, Qarabağda, Ermənistanla sərhəd olan hər bir bölgədə vəziyyət çox pis idi. Silahsız xalqa qarşı hərtərəfli silahlanmış düşmənlə üz-üzə dayanmış azərbaycanlılar özlərini müdafiə etmək üçün hər kənddə özünümüdafiə dəstələri yaradıldı. Ən pisi o idi ki, beş-altı nəfərin, bəzi yerlərdə isə hətta on nəfərin cəmi bir ov tüfəngi var idi. Əvvəldə dediyim kimi havaların mülayim keçməsi kəndlərin keşiyini çəkənlərə böyük kömək idi. Bir gün iş yerimdə oturmuşdum. Sabahkı qayğıları düşünür və gedəcəyim sərhəddə yaxın olan kəndlərdə dostlarıma baş çəkmək, bir qədər çox çətinliklə də olsa tapdığım patronları gözətçi məntəqələrində duran elimin cəsur oğlanlarına verməyimi planlaşdırırdım. Birdən qapı döyüldü. 1970-ci ildə Zəngilan rayonuna təyinatla gəlmiş, bu yerlər xoşuna gədiyi üçün burda yaşamağa qərar vermiş, özünə ömür-gün yoldaşını da burdan seçmiş, mənim tələbəlik dostum Vahid Qarayev içəri girdi. Onu da deyim ki, əvvələr bir yerdə işləmişik. 2 il olar ki, o başqa məktəbdə işlədiyi üçün biz tez-tez görüşə bilmirdik. Belə bir qarışıqlıq dövrdə, özü də iş vaxtı Vahid müəllimin mənim yanıma gəlməsi düzü məni çaş-baş saldı. Tez ona “xoş gəlmisən” dedim. Ancaq onun qaş-qabaqlı və çöhrəsini solğun gördükdə soruşdum: -Qardaş, xeyirdimi? Bu nə sir-sifətdir? Sənə nə olub? -Əslində mənə çoxdan xəbər veriblər, ancaq bu vaxta qədər bir adam tapmadım mənim dərdimə çarə tapsın. Düzü qohumlara da dedim onlar da mənə kömək edə bilmədilər. Ağdamdan mənə xəbər verdilər ki, atan rəhmətə gedib. Dəfn etmək üçün səni gözləyirik. Axı evin böyük oğlu mənəm. Indi mən Ağdama getmək istəyirəm, ancaq maşın tapa bilmirəm. Kimə deyirəmsə, belə bir vaxtda evini, ailəsini qoyub getmək istəmir. Bilirəm sənin işin çoxdur, hər gün sərhəddə olan kəndlərə baş çəkirsən, evdə də ailən, körpə uşaqların var, onları qoyub necə gedəsən. Mən bunları bilə-bilə yenə ümidim sənədir, məni Ağdama çatdır. Mən ona diqqətlə qulaq asıb tərəddüd etmədən dedim. -Əvvəla, başın sağ olsun. Allah atana rəhmət eləsin. Sonra da sən narahat olma, indi gecdir, getsək də qaranlığa düşərik. Özü də bu vaxtdan sonra yəqin ki, atanı dəfn etməzlər, sabaha saxlayarlar. Allah qoysa, sabah sübh tezdən çıxarıq. Allahın köməkliyi ilə uzağı saat doqquzda orda olarıq. İndi sən get hazırlaş, mən də maşına yanacaq tapım. Özün bilirsən, indi yanacaq məsələsi bir qədər çətindi, yollarda heç yerdə bizə yanacaq verməzlər. Sən get hazırlaş, tezdən saat altı tamamda burdan çıxacağıq. O vaxtlar doğrudan da maşına yanacaq tapmaq çox çətin idi. Mən əvvəlcə bir neçə idarəyə dəyib maşını yanacaqla doldurdum. Hələ bir kanstir də əlavə yanacaq götürmək istədim, amma tapa bilmədim. Biz Füzuli-Ağdam yolu təhlükəli olduğu üçün Beyləqan-Ağcabədi yolu ilə Ağdama getməli idik. Bu yol Füzuli-Ağdam yoluna baxmış xeyli artıq məsafə idi. Evə gəlib sabah Ağdama gedəcəyimi söylədim. Düzü, evdəkilər çox narahat oldular, getməyimi istəmədilər. Mən onlara söylədim ki, siz mənə “yaxşı yol” arzulayın, mən sabah mütləq Vahid müəllimi Ağdama çatdırmalıyam. 15 yanvar 1991-ci ildə səhər-səhər, saat hardasa ona işləmiş biz Ağdama çatdıq. Doğrudan da onlar çox narahatlıqla evin böyük oğlunu gözləyirdilər. Mən orda qəribə bir hadisənin də şahidi oldum. Cənazəni dəfn üçün hazırlayanda molla mərhumun yaxınlarından, xüsusilə Vahid müəllimdən soruşdu: -Dəfn namazına burda duraq yoxsa qəbirstanlıqda duraq? Adamların içində duran hündür boylu, gur saçları olan, gözlərindən od parlayan bir oğlan dilləndi: -Axund, əslində namaza harda durmalısınız? -Əlbəttə qəbirstanlıqda, dəfn edilən yerdə. -Onda orda da qılacaqsınız. -Axı dünən namazı orda qılmağa imkan vermədilər, qəbirstanlığın üst tərəfində olan erməni dığaları Xromurt kəndindən bizi güllə- barana tutdular. Hərə bir tərəfə qaçdı. Yazıq mərhumu birtəhər dəfn etdik. Hələ bizimkilərdən yaralanan da oldu. -Axund, sən narahat olma. Mən indi ratsiya vasitəsi ilə efirə çıxıb xəbərdarlıq edəcəm. Əgər ordan bir dənə də olsa güllə atsalar o kəndi yernən-yeksan edərəm. Nə edim başçılarımız imkan vermir Moskvadan, öz kürsüsün itirməkdən qorxurlar. Bizə imkan vermirlər hücum edək. Sən heç tərəddüd etmə. Onlar məni yaxşı tanıyırlar. Heç bir güllə də atmayacaqlar. Məni çox ciddi şəkildə maraq götürdü. Görəsən bu kimdir? Doğrudan da, belə bir qoçaq igiddir, onu niyə qoymurlar bu azğın, qan içən erməniləri başa salsın? O vaxtlar siyasətlə çox da məşğul olmurdum, yəni maraqlanmırdım. Fikirləşirdim ki, biz də, onlar da hər iki xalq Sovet dövlətinin vətəndaşıyıq, bəs onlara nə üçün “dur” demirlər, bu lazımsız qırğınları törədirlər. Mən dostuma yaxınlaşdım, yavaş səslə soruşdum: -Qardaş, bu kimdi? O, mənə tez cavab verdi: -Yaxşı bax. Sən onu tanıyırsan. O, məşhur futbolçu Allahverdi Bağırovdur. Sir-sifəti tüklü olduğundan onu tanımadın. Sən burda oxuduğun vaxt o futbol oynayırdı. Gözəl futbolçu idi. Biz dəfələrlə onun oyununa baxmışıq. İndi isə yerli müdafiə dəstəsinin komandiridir. Axı mənim balaca qardaşım Zahid də özünümüdafiə dəstəsinin fəal üzvüdür. Allahverdinin ən yaxın silahdaşıdır. Elə ona görə də bizim dərdimizi öz dərdi bilir. Bizim dəfn mərasimimizdə çox yaxından iştirak edir. Mənə söylədilər ki, dünən də nə lazımsa Allahverdi təşkil edib. Allah onun ömrün uzun etsin, Allah ona yarikar olsun. Hazırlıq başa çatdı. Bir neçə maşından ibarət karvanla Ağdamın məşhur “Qarahacı” qəbirstanlığına getdik. Deyilən kimi oldu. Dünən rəhmətə gedəni dəfn etməyə imkan verməyən Xromut dığaları bu gün bir güllə də atmadılar. İki saata yaxın dəfn mərasimi çəkdi. Dəfndə iştiak edənlər sağ-salamat yerində mərhumun yas mərasimi keçirmək üçün geri döndülər. Onu da söyləyim ki, əvvəlcə qeyd etdiyim kimi məşhur “Qarahacı” qəbirstanlığına ona görə məşhur deyirəm ki, əvvəlcə bu qəbirstanlıq çox qədim, həm də çox zəngin bir qəbirstanlıqdı. Mən Ağdamda təhsil aldığım dövrü başqa bir dostumun qohumu rəhmətə getmişdi. Həmin vaxt mən də bu qəbirstanlığa getmişdim, onda hələ əmin-amanlıq dövrü idi. Mən də bu qəbirstanlıqda olarkən qəbiristanlığın çox qədim olduğunu gördüm. Vaxtdan istifadə edib bəzi böyük, dəbdəbəli düzəldilmiş qəbirüstü abidələrə baxdım. Bu qəbristanlıqda elə qəbirüstü abidə var idi ki, onların qiyməti təxminən 20-25 min manatdan artıq olardı. O dövrdə bu məbləğ həddindən artıq yüksək məbləğ sayılırdı. Yəqin ki, indi mənfur erməni dığaları o qəbirstanlığı da dağıdıb. Mən onu da söyləyim ki, Allahverdi Bağırov doğrudan da cəsarətli və çox qorxmaz bir igid idi. Sonralar da onunla maraqlanırdım. Hər zaman radio və televizorda onun göstərdiyi sücaətlər haqqında çox danışılırdı. Əfsuslar olsun ki, elin-obanın, bütövlükdə xalqımızın bu cəsur, igid komandirini qoruya bilmədilər, hansısa xəyanətin nəticəsində müammalı şəkildə şəhid oldu. Mən bu cəsur el qəhrəmanı haqqında maraqlandığım üçün dostumun qardaşı Zahid Qarayev mənə onun göstərdiyi qəhrəmanlıqlar haqqında çox söhbət etmişdi. Onun ölümü nəinki qarabağlıları, hətta radio və televiziya vasitəsilə tanış olan bütün azərbaycanlıları çox məyus etmişdi. Düşmənlərimiz deyilənə görə, onun başına o vaxt mükafat da təyin etmişdilər. Əfsuslar olsun ki, bunu bilə-bilə silahdaşları onu layiqincə qoruya bilmədilər. Bir az mətləbdən uzaqlaşdıq. Beləliklə, mərhumu dəfn etdikdən sonra bir-iki saat məclisdə iştirak etdim. Dostuma bildirdim ki, mən getməliyəm. O, da məndən soruşdu: -Yanacaq qayıtmağa çatacaq, yoxsa yox? Mən də ona söylədim ki, çatsa da - çatmasa da getməliyəm. Bizim söhbəti kənardan eşidən Allahverdi Bağırov bizə yaxınlaşdı. -Nə məsələdi? – deyə soruşdu. Orda hamı bir-birini tanıyırdı. Bir mən yad adam idim. Ona görə Allahverdi mənim Vahid müəllimlə danışığıma fikir verdiyi üçün bizə yaxınlaşdı. Üzünü mənə tutaraq: -Qardaş, sənə nə lazımdı bu saat həll edərik. Hara getmək istəyirsən? Vahid müəllim. -Ay Allahverdi, bu mənim dostumdu. Mən Zəngilandan onunla gəlmişəm. İndi isə geriyə – Zəngilana qayıtmaq istəyir. Axı sən bilirsən, orda da vəziyyət yaxşı deyil. Bir tərəf İran İslam dövlətidir, iki tərəfdən də mənfur erməni rayonlarının arasındadı. Həm də ailəsi, uşaqları narahat olar. Onlara söz verib ki, axşama mütləq gələcəm. -O, qalırsa qonağımızdır, gedirsə nə qədər yanacaq lazımdır, indi tapşıraram verərlər. Düzdür yanacaq heç bir yanacaq məntəqəsində yoxdur. Bizim batalyonun öz yanacaq məntəqəsi var. Bilmədim necə, kimə işarə verdisə heç 10-15 dəqiqə keçməmiş 2 konistir yanacaq gətirdilər. Birini maşına boşaltdım, birini ehtiyat götürdüm. Vahid müəllim soruşdu: -Qardaş, gəldiyimiz yolla gedəcəksən, yoxsa Füzuli yoli ilə? -Ay Vahid, gəldiyimiz yol çox uzaq oldu. 500 km-dən artıq yol qət etdik. Allahın köməkliyi ilə Füzuli yolu ilə qayıdaram. -Mən nə deyim, özün bilən məsləhətdir. Ancaq məsafə uzaq olsa da bu yol təhlükəsizdir. Füzuli yolu Martunidən keçəcəksə, qorxuram erməni dığaları səni incidərlər. -Yox, Vahid, Füzuli rayonuna gedən yol ilə gedəcəm ki, evə tez çatım. – Mən bunu qəti olaraq bildirdim. Bu zaman Allahverdi bizim yanımızdan ayrılmışdı. Mən yola çıxandan sonra ona deyiblər, Allahverdi menim o yol ilə getməyimə çox pis olub. Arxamca maşın yollasalar da mənə çatmayıblar. Çünki mən o maşından yarım saat qabaq çıxmışdım. Mən Muradbəyliyə çatanda burda əvvəlki izdihamı görmədim. Muradbəyli Ağdamın Füzuli tərəfə gedən yolun başlanğıcı olduğundan hər vaxt burda Füzuliyə, Cəbrayıla, Zəngilana gedən adamlarla dolu olardı. Mən bir qədər orda durdum ki, bəlkə o tərəfə gedən olsa bir nəfər götürüm, qulaq yoldaşı olsun. Ancaq on-on beş dəqiqə dursam da, heç kəs olmadığı üçün maşını sürdüm. İrəli getdikcə yollarda nə maşına rast gəldim, nə də insana. Getdikcə vahimə məni basırdı. Həmişə getdiyim yol idi. Bu yol maşınla dolu olardı. Mən düzünü deyim ki, irəliyə getdikcə daha çox həyacan keçirməyə başladım. Geri qayıtmaq istəsəm də qüruruma sığışdıra bilmədim. Artıq Ağdamın axırıncı kəndini keçəndə burda olan postda məni saxladılar. Mənim hara getməyimlə maraqlandılar. Mən Zəngilana getməyimi söylədim və bildirdim ki, bura hüzür yerinə gəlmişdim. Dostumun adını söylədim, heç kim onu tanımadı. Birdən yadıma düşdü ki, Vahid çoxdan Ağdamdan çıxıb, atası rəhmətlik Yusif kişinin adını dedim. Yenə tanımadılar. Yadıma düşdü ki, Allahverdinin adını söyləyim, bəlkə tanıyalar. Onun adını deyən kimi postda duranların hamısı onu tanıdı. Ancaq bu günlərdə onun heç bir qohumunun rəhmətə getmədiyini söylədilər. Mən daha da təşvişə düşdüm. Bəlkə bunlar ermənilərdi? Azərbaycanca təmiz danışsalar da onlardan bərk şübhələndim. Tez söylədim, onun heç bir qohumu rəhmətə getməyib. Onun dostu Zahid Qarayevin atası rəhmətə gedib, mən ora gəlmişdim. Burda duranların biri tez dilləndi: -Hə, düzdür, Zahidin atası dünən rəhmətə gedib və əlavə etdi. -Yaxşı, bəs sən qorxmursan, bu yolla gedirsən? Görmürsən nə gələn var, nə gedən? – Posda duranlardan başqa birisi: -Yox qardaş indi ki, sən bizim dostların hüzüründən gəlirsən bizə də əziz bir adamsan. Elə kim keçsə onu da deyərik. Səni bu posdan buraxmayacağıq. Artıq iki gündür bu yolla nə gedən var, nə də gələn. Sənə məsləhət bilirik geri qayıdıb Ağcabədi, Beyləqan yolu gedəsən. Bu yol doğurdan da artıq qorxulu bir yoldur. Mən qüruruma sığışdırmadım, hüzür yerində desələr də mən təkidlə bu yolu gedəcəyimi bildirmişdim. Fikirləşdim ki, burdan qayıtsam Vahid müəllim, orda olanlar eşidəcəklər bax bunu qüruruma heç sığışdırmadım. Ona görə təkidlə israr etdim ki, yox qardaşlar Allahın köməkliyi ilə bu yolla gedəcəm. -Düzünü deyim ki, mən belə bilmirdim. Tezdən gələndə Ağcabədi yolu gəlmişdik. Ordan çox uzaq olduğu üçün burdan gedirəm. -Özün bilərsən, biz Azərbaycanlı olduğun və bizim dostların Allahverdinin, Zahidin tanışı olduğun üçün daha çox inad edirik. Gedirsən get, səni incitmək istəmirdik, ancaq bu yol çox qorxuludu. Özü də qabağın da üzü qaranlığa gedir. Onda tez sür get ki, Martunidən işıq ikən keçib gedəsən. Düzün söyləyim ki, bir daha istədim geri qayıdım. Fikirləşdim ki, artıq bu qədər yol gəlmişəm, ona görə də qayıtmaq istəmədim və yoluma davam etdim. Martuninin Kurapatkin kəndindən keçəndən sonra hər tərəf elə bil adamın üstünə gəlirdi. Doğrudan da, qorxu-hürkü olmadan gecə-gündüz getdiyimiz yolda artıq bizə qarşı düşmən olan ermənilərdən hər şey gözləmək olardı. Ona görə çox həyacanlı idim. Martuninin girişində ermənilər post qurmuşdu. Hər zaman olduğu kimi bizim postlarda ov tüfəngi ilə durduqları halda burda iki ZeTeeR dayanmışdı. Onlar elə dayanmışdılar ki, sağa-sola dönməklə postu keçmək olardı. Yerdə bir tərəfdə rus əsgərləri, bir tərəfdə erməni silahlıları durmuşdu. Ən maraqlısı da o idi ki, əsgərlərlə yanaşı erməni dığaları avtomatlarla silahlanmışdılar. Nə qədər qorxulu olsa da bu an yenə yadıma bizim ov silahlarımızın yığılması düşdü. Bizdən ov silahlarını yığan dövlət nə üçün ermənilərin avtomat silahlarını yığmadığını yadıma salaraq daha da məyus oldum. ZeTeeRin yanında duran yol milisi mənim sənədlərimi aldı. Diqqətlə mənə baxıb bir neçə dəfə sənədi o yana-bu yana çevirdi. Artıq mənim səbrim tükəndiyindən dözməyib rus dilində milisə dedim: -Nədi, sənədlərimdə nəsə düz deyil? Özüm qəsdən Rus dilində dedim ki, onun yanında olan əsgər eşitsin. Onlar heç mənə əhəmiyyət vemədilər. Yol milisi bir qədər astadan azərbaycan dilində dilləndi: -Ərə, qışqırma səni indi buraxacam. Sən mənim bir sualima cavab ver. De, görüm, avqust ayinda burdan keçmisən? Mənə sənin maşının çox tanış gəlir. Bu sözü deyəndə adamı hardan tanıdığım yadıma düşdü. Avqust ayında Ağdama gedirdim. Martuniyə çatmamış, Çartazla Martuni arasında yenicə qəzaya uğramış bir maşın gördüm. Düzdür, ermənilər bütün sərhəd boyu Azərbaycan kəndlərinə korluq verirdi, tez-tez atışmalar olurdu. Ancaq Füzuli-Ağdam yolu işləyirdi. Yollarda ermənilərlə yol gedənlər arasında hələ heç bir hadisə qeyd olunmamışdı. Mən hadisə yerinə yaxınlaşanda hər tərəf qan içində idi. Bir qadın mənim maşını saxlamağım üçün yolun ortasına çıxdı və əli ilə yolun kənarında 6-8 yaşlı uşağın çabaladığını göstərirdi. Mən maşını yolun kənarına verdim. O qadın ağlaya-ağlaya yerdəki uşağı göstərib erməni dilində nəsə deyirdi. Mən onun nə demək istədiyini başa düşdüm. Mən heç tərəddüd etmədən maşından düşdüm və arxa qapını açıb qadına kömək etdim, uşağı maşına qoyduq. Bu vaxt başqa maşınlar da yoldan keçirdi. Bir neçəsi heç maşın saxlamadan keçdi. Biz tərpənəndə bir maşın da hadisəni görüb saxladı. Bu vaxt artıq mən tərpəndim. Mən xəstəxananı tanımadığım üçün Azərbaycan dilində xəstəxananın yerini soruşdum. O, qadın erməni dilində danışaraq yolu göstərməyə başladı. Mən öz yolumdan çıxıb yaralını xəstəxanaya çatdırdım. Tibb işçiləri gəldilər yaralını maşından düşürdüb apardılar. Bu zaman arxadan gələn maşın da bura çatdı. Həmin maşının sürücüsü mənə yaxınlaşdı. Əvvəlcə erməni dilində nəsə dedi. Mən dilləndim ki, nə deyirsən? O mənim azərbaycanlı olduğumu bildikdə təmiz Azərbaycan dilində mənə “çox sağ ol, gətirdiyin qadın mənim bacımdır” dedi. O vaxt mülki paltarda olduğu üçün onu mən görən kimi tanımamışdım. İndi tanıdım. Bu o adam idi. Allah-taala onu mənim qarşıma çıxartmış, qəlbində mərhəmət işığı yandırmışdı ki, indi mən burdan sağ-salamat keçə bilim. Düzü o zaman uşağa, ananın yanıqlı ağlamasına mən də dözməyib Allaha dua etdim ki, bu uşağın günahı nədir, qurban olum ay Allah bu anaya kömək elə. Bu hadisəni yadıma salıb mən ona cavab verdim: -Mən avqust ayında burdan keçmişəm. Bir erməni maşını qəzaya uğramışdı. Körpə uşağı mən xəstəxanaya çatdırdım. Elə bunları demişdim ki, o sənədlərimi qaytardı. Yolun açılmasına işarə verdi. Dərindən nəfəs alsam da qorxu öz işini görmüşdü. Tez maşını işə salıb burdan uzaqlaşdım. Yadıma düşdü ki, burdan canımı qurtarsam da qarşıda bir dənə də erməni postu olmalıdır. Orda nə edəcəyimi fikirləşə-fikirləşə maşını sürdüm, Cartaz kəndinə tərəf yol aldım. Çartaz bu yerlərdə ən böyük erməni kəndidir. Bu hadislərdən çox-çox əvvəl bir dəfə bu kənddə olmuşam. Ağdamda oxduğum dövr burda məktəblilərlə görüşə gəlmişdik. Böyük bir Mədəniyyət evi var idi. O dövr heç bir Azərbaycan kəndində bu cür mədəniyyət evi yox idi. Kənd həm abad, həm də yaraşıqlı idi. Nankor ermənilər bu şəraitdən də narazıçılıq edib azərbaycanın tərkibindən çıxmaq istəyirdi. İstər Martuni, istərsə də Cartaz kəndinin hər tərəfinə asfalt yol çəkilmiş küçələr, çox işiqlandırılmış və Azərbaycan kəndlərinin bir çoxundan çox-çox gözəl və səliqəli düzəldilmişdir. Bu işləri fikirləşə-fikirləşə Cartaz postuna çatmağa az qalmış orda da bir neçə silahlı adamların durduğunu gördüm. Bilmirəm nədənsə, postda qoyulmuş şılaqbaum açıq idi. Ancaq duran adamların çoxu silahlı idi. Mənə maşının saxlamaq üçün işarə verdilər. Postda 20-25 metr qalmış maşının pavarotnikini sağa vurdum və sürəti azaltdım. Aralıdan bunu görən ermənilər bir qədər sakitləşib yolun kənarına çəkilərək, əvvəldən qalan yarımçıq işlərinə davam etdilər. İki erməni yolun ortasında durub maşının dayanmasını gözləyirdilər. Mən maşını saxlamayacağını planlaşdırmışdım. Postda 3-5 metr qalmış maşına qaz verdim. Yolda duran ermənilər kənara tullansalar da yerə yıxıldılar. Onlar durunca kənarda dayanan ermənilər silahı yerdən götürüb atəş açınca mən xeyli aralanmışdım. Allahım məni qorudu. Onlar atəş açsalar da mənə dəymədi. O postdan 9-10 km aralı azərbaycan torpağı idi. Artıq mən Füzuli sahəsinə keçmişdim. Qorxudan yenə maşını saxlamadım. Qarşıdakı Füzulinin birinci kəndinə çatdım. Maşını saxlayıb burda xeyli nəfəs aldım. Mən qorxudan və həyəcandan təmiz su içərisində idim. Burda xeyli durdum, özümə gələndən sonra yoluma davam etdim. İki saatdan sonra artıq mən evə çatdım. Başıma gələnlərin, keçirdiyim həyəcanın heç birini evdə söyləmədim. Onları bir daha qorxutmaq istəmədim. Sabahı gün radio vasitəsilə eşitdim ki, mən gələn yolla gecə bir maşın gəlib, özü də bir ailə olub, onları ailəliklə Martunidə tutub saxlayıblar. Hələlik onların vəziyyəti haqqında heç bir xəbər bilinmir. Elə həmin gündən də bu qorxulu yol – Füzuli-Ağdam yolu bağlandı...
© 2020 - Created by İLK XEBER.