Deyir, istedadlı bir rəssam kimi tanınmağa başlayan Leonardo da Vinçi 1482-1499-cu illərdə Milanda hersoq Lüdovik Sfortsanın yanına gəlir. Hərbi mühəndis, arxitektor, heykəltəraş və rəssam işləyir. Sfortsa İtaliyada tiran kimi tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan hesablaşırdılar. Da Vinçi Milanda Sfortsanın sifarişi ilə məşhur “Sonuncu şam yeməyi” əsəri üzərində işləməyə başlayır. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Sonuncu ziyafət zamanı İsa peyğəmbər bildirir ki, həvarilərin biri satqındır. Və təbii ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal bacarığını göstərməli, hiyləgər və satqın İudanın sifətini seçməli idi. Deyilənə görə, Leonardo İudanın sifətinin təsviri üçün cinayətkarların, residivistlərin toplaşdığı yerləri gəzir, pritonlara (pardon) gedir. Hey axtarır, axtarırdı. Amma istədiyi murdar sifəti tapa bilmirmiş. Nəhayət, o cinayətkar yuvalarında axtardığını… monastırda tapır. Özündən son dərəcədə razı və zəhlətökən priorun (monastır başçısı) başını çəkir. Bunu eşidən Sfortsa gülməkdən qəşş eləyir: “Sən tamamilə düzgün seçim etmisən”. DTX doğrudan da, səriştəli imiş. Otuz yaşlı gənc da Vinçi kimi dağa-daşa düşmədi, uçub-dağılmış kərpic zavodlarını, yarımçıq qalmış tikililəri, zirzəmiləri ələk-vələk etmədi, gizli kazino və gecə klublarına getmədi, fizioqnomist götürüb kriminal sumbatlı adamları izləmədi. O, cinayətkarları İcra Hakimiyyəti binalarında axtardı və hər zaman tapdı. Onların müqavimət üçün silahlı dəstələri, gizlənmək üçün bunkerləri, muzdlu döyüşçüləri yox idi. Onlar Azərbaycan bayrağının və geribin arxasında gizlənmişdi. Sinələrində "Şöhrət" ordeni, "Vətənə xidmətə görə" ordeni, ciblərində YAP-ın vəsiqəsi, ağızları dualı… Həri. Bəlkə elə deyil? Öz rayonumuzdan başlayaq. Ağstafanın icra başçısı, "Şöhrət" ordenli Nizaməddin Quliyev büdcə vəsaitlərini mənimsəmə, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçiriməkdə təqsirli bilinib. Kabinetində vəzifəli şəxslərdən, sahibkarlardan alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Neftçalanın icra başçısı İsmayıl Vəliyev və onun müavinləri büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə doldurmaqla məşğul imiş. Başçının Qoltuq qəsəbəsində heyvandarlıq təsərrüfatı, Neftçala şəhərində böyük bazarı, beton zavodu, rayon mərkəzində “Yurdum” adlı restoranı və oteli, özəl uşaq bağçası… olub. Yevlax şəhər İcra Hakmiyyətinin sabiq başçısı Qoca Səmədov dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakinin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə, habelə abadlıq adı altında yüz minlərlə manat büdcə vəsaitini "otkat” şəklində geri almaqda günahlandırılır. 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsaiti nağdlaşdıraraq mənimsəyib. Hətta şəhid ailələri və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında icra strukturlarından yığılan pulun da bir hissəsini ələ keçirib. Keçmiş icra başçısı üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinir Biləsuvarın icra başçısı Mahir Quliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif olunubmuş. Onun birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi" və "qurumun sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr" müəyyənləşdirilib. Eləcə də yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edirmiş.. İmişlinin icra başçısı Vilyam Hacıyevin təzəlikcə həbs edilib. Bir vaxtlar kirayədə yaşadığı deyilən icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda və Dubayda böyük biznesi, Bakıda bir neçə mənzil və villası, “Bentli”, “Ləndrover”, “Mersedes S klass”, son model “Mersedes qalenvaqen” avtomobilləri, Bakıda, Gəncədə və bir sıra rayonlarda şadlıq evləri, torpaq sahələri və mülkləri olduğu iddia edilir. Həri. Davamını gözləyirik… P.S. İcra başılarına müraciətimiz. Növbə gözləyin, “əəə, bir-bir…”. Hamınızdan yazacağımıza ümid edirik… Xeyirli çərşənbələr…
© 2020 - Created by İLK XEBER.