Gədəbəyə könüllü “əsir” düşən gəlin

Hər zaman insanları, insanlığı uca tutdu Gədəbəyə könüllü “əsir”düşən gəlin. Neçə qıza bacı, neçə oğlana qardaş oldu. Ruhun şad olsun, Fərqanə xanım! Bu gün Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri Fərqanə Mehdiyevanı ürək ağrısı ilə son mənzilə yola saldıq. Dəfn mərasimindəki vəfasızlıq durumu məni çox kədərləndirdi. Odur ki, bu qonuda düşündüklərimi-subyektiv fikirlərimi yazmaq qərarına gəldim. Bəri başdan deyim ki, heç bir partiya, qrup, firqə üzvü deyiləm. Hər zaman özümü korporativ, konyuktur maraqlardan uzaqda tutmağa çalışmışam. Kiçik bir Hüquq təşkilatının rəhbəri olaraq insanlara hüquqi xidmət göstərməkdən mənəvi zövq almışam. Ən yaxın ətrafım bilir ki, əzizim, gözümün işığı olsa belə, doğru olmazsa, onların yanında yox, hər zaman doğrunun yanında oldum. Ara-sıra publisistik yazılar, şeirlər yazsam da, heç vaxt yazıçı, şairlik iddiasında da olmamışam, bugün də ondan uzağam. Ola bilsin, bu, yazdıqlarım irad və qeydlər kiminsə xoşuna gəlməsin. Bu gün Azərbaycan poeziyasının, haqlı olaraq, Anna Axmatovası hesab edilən Fərqanə Mehdiyevanı son mənzilə yola saldıq. Onun şeirlərini ilk dəfə TV-də “Aşıq Pəri məclisi”ndə eşidib çox sevmişdim. Barat Vüsalın 2001-ci ildə Bakıda keçirilən yubiley tədbirində onunla əyani olaraq ilk dəfə rastlaşmışdım. Yan-yana olan stullarda əyləşmişdik. Ədəbiyyatdan, şeirdən söhbət saldı, gədəbəylilərin gəlini olduğunu söylədi... Uzun illərin amansız xəstəliyi cəmi əlli beş il ömür yaşayan bir anaya, bir bacıya, bir şairə rəhm etmədi. Çox az insanlar olur ki, ictimaiyyət, cəmiyyət tərəfindən səmimi sevgiyə, sayğıya sahib olur. Bacısı olmayana “mən sənin bacın”, qardaşı olmayana “mən sənin qardaşınam” deyərdi. Çox vaxt dostlara özünü “Gədəbəyə könüllü əsür düşən gəlin” kimi təqdim edər, bununla da qürur duyardı. Xəstəliyi on il öncə başlamışdı. AYB-də, işlədiyi kollektivdə-“Ulduz”da çox sevirdilər onu. Gənc şair qızlar ona “ana” deyə müraciət edərdilər. Danışırmış ki, tutulduğu xəstəliyin adını eşidib bir müddət depressiyaya da düşübmüş. Sonralar Elçin Hüseynbəylinin (“Ulduz”un o vaxtkı baş redaktoru) mənəvi və ictimai dəstəyi sayəsində sağlamlığı bərpa olunmağa başlayıb. Beləcə həyat öz axarına düşür və şair əvvəlki ilhamı ilə yazıb yaradır. Xəstəliyi ciddiləşəndə ailənin maddi durumu da ürəkaçan olmur. Yazıçı və şairlərin Azərbaycanda statistik maddi durumu hər kəsə bəllidir. AYB rəhbərinin şəxsi vəsaiti, eləcə də “Ulduz”un kollektivinin birdəfəlik yardımları da bahalı müalicələr üçün yetərli olmadı. Bununla bərabər, tanıdığım qələm dostları onu tək buraxmadılar, maddi və mənəvi dayaq olmağa çalışdılar. Sabir Rüstəmxanlı, Qəşəm Nəcəfzadə, Ayaz Arabaçı, Faiq Balabəyli, Aləm Kəngərli, Dayandur Sevgin, eləcə də  ayrılmaz rəfiqələr olan, Narıngül, Adilə Nəzər, Aləmzər, Şəfəq, Arzu Nehrəmli, Aysel Xanlarqızı, Nəzakət Məmmədli, Kəmalə Səlim Müslümqızı və neçə-neçə qələm adamları ona baş çəkir, tez-tez zəng edib hal-əhval tuturdular. Təbii, bütün bunlar qutsal dəyərlərimizin insani prinsiplər üzərində qurulduğunun əyani göstəricisidir. Bununla belə, arada bizi ağrıdan bəzi məqamların da şahidi oluruq. Və buraxdığımız ən kiçik səhvlərə görə ünvanımıza söylənən açıq tənqidi çox vaxt top-tüfənglə qarşılayırıq. Bugün həm də, koronavirus pandemiyası ilə bağlı tədbiq edilən qayda və məhdudiyyətlər bir çox mətləblərə ayna tutdu. Kimin kim olduğunu, kimin hansı məzhəbə qulluq etdiyini sübut etdi. Poeziyamızın tanınmış simalarından birinin vida mərasiminə doğma kollektivin rəhbərinin- dostum Qulu Ağsəsin gəlməməsi çox üzücü idi. Heç AYB İdarə heyətinin üzvlərindən də gözə görünən yox idi. Vida mərasiminə qatılan AYB rəsmilərindən təkcə Elçin Hüseynbəyli orda idi. Anlaşılandır, yaş məhdudiyyətinə görə Anar müəllimin və digərlərinin evdən çıxmaq şansı yoxdur. Görəsən, bir çox tədbirləri ustalıqla “yola” verən, tez-tez TV kanallarından gülümsəyən, ancaq  gözümə cavan oğlan kimi görünən İlqar Fəhminin yaşı “altımış beş”i keçməyib ki? Axı İlqar Fəhmin bu kürsüyə kimi, uzun illər Fərqanə Mehdiyeva ilə bir kollektivdə çalışıb. Heç onu da vida mərasimində görmədik. Karantin quralları bir-birinə sarılan insanların yalançı münasibətlərini, sevgi imitasiyalarını da faş etdi. Masa, kürsü əbədi olmadığı kimi, insan ömrü də əbədi deyil. Bugünkü mövqeyiniz isə ulusumuz, millətimiz adına çox pis bir presedentdir... Hər zaman insanları,insanlığı uca tutdu Gədəbəyə könüllü “əsür”düşən gəlin. Neçə qıza bacı, neçə oğlana qardaş oldu. Ruhun şad olsun, Fərqanə xanım! İlqar TÜRKOĞLU