Məndən 20 il böyük 50 il sevdiyim... XANIM(ın) QIZ(ı)!

Aydın Canıyev
Baxın, bu qadındır... imam Hüseyndən sonra səcdəsinə getdiyim! Dosdoğru və düppədüzdür ki... mən nə imam Hüseynə, nə də bu qadına səcdə etməmişəm... cismən! Amma hər ikisi  - həzrəti-HÜSEYNlə xanım HÜSEYNova (qızlıq soyadı) - ruhumdur!
Bu yazını Anama qardaşım oxuyub danışacaq... o da kefinə düşsə, vaxtı olsa, meqabayt götürə bilsə, amma əminəm ki, "mənim generallarım” – Məhəmmədlə Həsən tel efondan (koronavirus sovxaya qalsın!) sallaşıb, bitdə-bitdə eşitdirəcəklər: "Nənə, əmi yazır ki...”
Amma nə qardaşım, nə mənim və qardaşımın generalları bilməz ki, mən bu yazını oğulları Aydın kimi yaza bilməyən Anaları da nəzərdə tutdum yazdım! Ki... onlar həqiqətən də məndən həm yaxşı oğul olublar, həm də məndən yaxşı SEVİ...ndiriBLƏR Analarını...  Amma və lakin... mənim kimi sevgilərini ifadə edə bilmirlər!
Bu qadındı GÜNAHKAR (dırnaqsız, müstəqim mənada) ÖZ GÖZƏLLİYİYLƏ...
Bəli, bəli, GÜNAHKARDI bu qadın!
Niyə?
Bu gözəllik qoymadı... rüşvət almağa, rüşvət almaq üçün müdir qapılarına getməyə, kimlərinsə şərəf və ləyaqətini ləkələmək üçün böhtan atmağa, ev yıxıb pul götürməyə! Qoymadı bu qadının gözəlliyi haqqına girməyə kimsənin, haqqını yeməyə kimsənin, çörəyinə bais olmağa kimsənin! – Onu söyəcəkdilər!
Bu qadının gözəlliyi məcbur, məhkum, mükəlləf etdi Onun kimi gözəl Anaların eşqinə... döyüşüm Anaların haqqını yeyən, Anaları ağlar qoyan, Anaları incidən... anasından, ana olan bacılarından, ana olan arvadlarından bixəbərlərlə mübarizəyə! – döyüşməsəydim, "nə günün jurnalistisən, nəyin yazarısan, nəyi yazırsan ölkənin, xalqın bu günündə?”, - deyib söyəcəkdilər... məni oxudanı! Məni O oxutmuşdu!
Bu qadının gözəlliyi bəs etdi gözəl Analara səcdə edim, ayağa qalxım, adlarını-varlıqlarını əziz bilim!
Bu qadının gözəlliyi anlatdı mənə altı qabar bağlamış, cadar-cadar olmuş ayaqlardan aşağıda cənnəti görməyi!
Bu qadının gözəlliyi anlatdı mənə qadının sevimli olmağını!
Bu qadının gözəlliyi üstündə düşündüm, anladım Məhəmməd peyğəmbərin "qadını ağac yarpağıyla belə vurmazlar” nə deməkmiş! Analara səcdəni Anamdan öyrəndim, anaları söyməyi "qırmızıtuman” qadınların "tullantı”larından, qadın kimi əynişalvarlılardan!
Bu qadın anlatdı mənə yalan danışmamağın gözəlliyini!
Bu qadın anlatdı mənə həyatda gözütox olmağın gözəlliyini!
Mənim "gözəlliklər çələngim” oldu bu qadın öz gözəlliyiylə, gözəllikləriylə!
Bu qadın gözəl nümayiş etdirdi həqiqəti üzə çıxarmaq üçün doğru sualı verməyin gözəlliyini!
Bu qadın anlatdı...
Nələri anlatmadı ki, bu qadın!?
Siz elə bilirsiniz, mən həpəri yaşadığım bu həyatda vəzifənin gözəlliyini, dövlət qulluğunda işləməyin "lqot”larını-üstünlüklərini bilmirdim, bilməmişəm, bilmirəm?
İkinci kursda oxuyanda "Kommunist” qəzetində oxucu ("çtets”), buraxıcı (hələ texniki heyət sayılır ha) işləyəndə görmüşdüm e!
"Qara bazar”da 100 manatlıq ayaqqabıları, 100 manatlıq koftaları, cemperləri, köynəkləri, hind-Seylon çayını, Braziliya kofesini, ətirləri 13-25 manata alanda görmüşdüm! Meyvələr, ərzaqlar talonla olanda yeşiklə "poçti, çto huvayı” alınanda görmüşdüm!
Siz elə bilirsiniz, mən nəinki pulun dalınca necə getməyin, evdə oturub pulu sahibiylə ayağa gətirməyin yollarını bilmirdim, bilməmişəm, bilmirəm?
Kənddən şəhərə qaloşla gəlib redaksiyada ayaqqabı geyinib müdir qapılarına "Naxçıvan”, "Qız qalası” üçün "dilənçi” düşən bir şələ simasıza da nümayiş etdirmişəm adama zəng edib ağzına gələni deyib "100 dollar göndər, uşaqlara qonaqlıq verəcəm”i də.
Bölgə müxbiri olanda... qapıma gəlib gətirməyə cəsarət etməsə də, kənd icra nümayəndəsinin evində üç gün qalandan sonra geri qaytarmağı da bacarmışam!
Siz elə bilirsiniz, mən qrant layihələrinə ayrılan pulların qədərini, o pulları silməyin yollarını, qrant layihələrinin yazılmasını, o layihələri məlum institutlardan, fondlardan, təşkilatlardan keçirə bilməyin yollarını bilmirdim, bilməmişəm, bilmirəm?
1995-ci ildə "Azadlığı dəstəkləmə Aktı” çərçivəsində ən az məbləği 27 min dollar olan 6 aylıq layihəni 3 aya işləmişəm e – layihə mənim olmasa da, pul mənə çatmasa da!
Bilmişəm, bilirdim, bilirəm, amma və lakin... bu qadının gözəlliyi qoymadı!
Əvvəla, bütün edə bilib etmədiklərim Onu gözəlləşdirmək üçün olasıydısa, o qədər gözəl idi ki, Onu gözəlləşdirməyə ehtiyac yox idi! Ənliksiz-kirşansız dünya gözəli! İkincisi də, edə bilib etmədiklərimi etsəydim, o gözəllik əldən gedəcəkdi!
Bu gözəlliyi haramlıq, əclaflıq, yalan, xəyanət aparacaqdı!
Üstəlik də o "halal adam, halal adam” deyirsiniz e, günün günortaçağı əldə çıraqla axtarırsınız a, bax, bu qadındı o halal adam!
Evinə haram gətirməyən Kişinin qadını!
52 yaşında oğulun, üstəlik də 55 il bir evdə olduğu Kişinin... "ər və oğul çörəyi” yeməyən bu qadının gözəlliyi həm də nəydi bilirsinizmi? Bütün ömrü boyu süfrədə Onun payı artıq oldu - əllərinin zəhmətiylə: keşniş, soğan, turp, cəfəri, vəzəri, şüyüd, xiyar, pomidor, badımcan, lobya, mərci, paxla, nanə, reyhan, bibər... əkib-becərib, səhər saat 5-də aparıb bazarda satdı, ev saxladı eldə!
Ləyaqətdə payı çox oldu!
Zəhmətdə, ağrıda, zülm çəkməkdə payı çox oldu!
Bax, bu gözəllikləri qoymadı... bu gözəllikləri yerə vurmağa!
Amma və lakin... göz yaşında da payı çox olan bu xanımın... pal-paltarın yaxşısında, gözəlində payı az oldu!
Tikənin yağlısında, yeməyin dadlısında payı az oldu!
Sevinməkdə, xoşbəxtlikdə payı az oldu!
Belə gözəlliyi də var üç kişini el içinə çıxarıb ev içində oturan bu gözəlin: toyda oynamadı, qonşuya qeybətə getmədi, sirrini bölüşmədi, ara vurmadı, paxıl olmadı... səhər tezdən özü üçün kremplin, kristalon, velyur parçanın metrəsinə 25 manat verib günorta uşaqlarına yemək bişirmək üçün qapısına yağ üçün gələnə!
Toya getməkdən tutmuş ev tikməyəcən, qız köçürməkdən tutmuş oğul instituta salmağacan borc istəyənin birinə də "yoxumdu” demədi, baxmayaraq ki, mənim hesabıma – alıb qaytarmağa imkan tapmadığım borclara görə pişiyini divara dırmaşdırdılar... o "doğma”lar!
Üzlərinə... üzümə vurmadı – gözəlliklərinin ən gözəli həm də bu!
Yeddi yerdən ot otlayıb yeddi qapıya dilənçiliyəcən getdi bu gözəl: Aydın sağalsın, Aydın ölməsin! Aydın... "göydə uçan quşla həyətdə yumurtlamayan toyuğun mənim üçün fərqi yoxdur” deyən qaynanaya cavabıydı... üç illik "sonsuz”luqdan sonra. Bu gözəli 16 yaşında gətiriblərmiş ki, cüt-cüt doğsun! "Futbol komandası” düzəldəcəklərmiş!
Əgər haçansa (yekəxanalıq da çıxmasın, təvazökarlıqdan da uzaq olmasın) yüz nəfərmi, min nəfərmi, üç min, beş min nəfərmi... "Aydın Canıyev” imzasından zövq alacaqsa, vətənə, dövlətə, sözə xidmət adına bir isti cümləmlə təsəlli tapacaqsa... o təsəllinin Atası da, Anası da bu gözəl xanımdır: XANIM xanımın XANIM İLKİ!
"Atadan-anadan yar şirin olar”, - eşitmisiniz! "Kim deyib, kimə deyib?”, "Kimdir o?” - tərəddüdündə çox olmusunuz, heç rast gəlmədiyinizə də inanıram! Amma... amma... amma... xətrinə elə deyiləsi "yar” mənəmsə, onu deyən "yar”... bu qara çatmaqaş, alyanaqlı gözəl, bax, bu şəkildəki qızdır!
Bütün toxum-tayfasından imtina etdi... bir kəlmə sözümə görə: qardaşları cüt öldü, üstlərinə getmədi (getməyəcək də qalanlarının), hətta anası öləndə belə getmədi: "Aydına söz vermişəm!”
Bəli, bu qadının gözəlliyiydi, Ana olaraq o bilir necə Oğul böyüdüb, Söz deyib böyütməyib, Sözlə böyüdüb, bilir ki, Onun böyütdüyü Oğula Söz demək olmaz, deyilməməlidir, nə etmiş olsa belə: "Mən varam, mənə de, görüm neyləyib?! Doğma, atabir-anabir, bir bətnin qardaşısansa da belə, bacısısansa da belə, olmaz! Aydın toxunulmazdır! Aydının toxunulmazlığını hamınızın boynunda haqqım olmaqla qazanmışam!” Evin böyük qızıdır axı – "futbol komandasını” pox-püsurdan çıxardıb: sonuncusu məndən 3 ay böyükdü! Arada zarafata deyirəm ki, XANIM(ın)GƏLİN(qızı), xalxın qızları 5,5-9 ay arası dünyaya uşaq gətirir, sən ildə bir dəfə doğan fili də keçibsən, üç ildən bir də uşaq dünyaya gətirərlər? "Tu bəşdı dimi” – "Tfu sənin üzünə” deməyinə qəşş edirəm.
Bu gözəl bu gözəlliklərlə qoymadı... sınım, əyilim, satılım - əclaflığa, vicdansızlığa, ehtiyaca, yoxluğa!
Zarafat bir kənara, övladını dünyaya gətirməyə ÜÇ İL səbr və üç il sərf edən bir Ana, əlbəttə ki, hələ bətnində anlatmış olar "mənim balam, dünya necə dünyadı!”
Mən bu dünyaya gələndə artıq bilirdim ki... hara gəlirəm, kimlərin içinə gəlirəm: hazır üç yaşında uşaq idim!
Gəldim və... sevdim bu QADINI!
Hər şey bu GÖZƏL QADINI – Anamı sevməyimdən başladı: elmi, elimi, torpağı, ölkəni, vətəni sevə bildim! Anamı qorumağı istədiyim qədər, istədiyim kimi qorudum: əlbəttə ki, mən hər şeyi yüksək səviyyədə bacaran biri deyiləm! Bacardığım qədər...
Amma üç il "zaderjka”-yubanma ilə gəlsəm də, Anam məni "mükəmməl” gətirə bilmədi: "yarımçıq” doğuldum – qorxu hissim Anamın bətnində "tələf” oldu! Yer üzünə sevgim də "orda” qaldı... Nəfs adlı şeytanı da həmçinin – qoymadım əkizim olsun! Yaltaqlıq, xəyanət, yalan da o cümlədən – öz qürurum, həqiqətim başıma oyun açır, onlarla neyləyəsiydim ki?!
Bu gün bəlkə də yazmazdım, olur arada "qan iyi gələn” yazılar yazıram. Tez başlayırlar "pul almısan, sifarişlə yazmısan, içib yazmısan” ittihamlarıyla böhtan atmağa! Məqamdır deyə, əminliklə həmən hazır cavabımı verirəm: "pul alıb yazanın da, pul verib yazdıranın da, sifarişlə iş görənin-gördürənin də anasını s...evsinlər!”
Bu şəkli ona görə paylaşdım: varmı dünyada elə bir kişi ki, onun mənə verəcəyi pul bu gözəlliyi qurban verməyə dəysin, hə, böhtanlarıyla anasına müştəri axtaran "bəy”lər?
53 yaşım var, 35 ildi çıxdığım qapısına gedəndə bir dəfə də olsa əlimdə bir cüt corab...  alıb aparmamışam, baxmayaraq ki, məni hər dəfə payla yola salıb, hansı kişinin və nə qədər pulunun qarşılığında bu gözəllikdən keçərəm, ay "rejimlə mübarizəsi” bir (lap olsun iki-üç) mandata və MSK-yacan olan "ferma işlədən bəylərbəyi”lər?
Var Atamdan böyük Kişi: Oğluna "heç bir dostunu evinə gətirmə, kimi yedirdib-içirtmək, kimlə yeyib-içmək istəyirsən, apar restorana, sənin xanımın sənə və dostlarına qulluqçu gəlməyib” deyən Kişinin "XANIMGƏLİN” çağırdığı qadınını hansı haqla söydürərəm, harda görübsünüz o "peysərlik cəsarəti”ni məndə, ay yanınızda olanda narıncı, mavi ekrana çıxanda sifəti qırmızılaşan müxbirlərin "başbakanları”?
Bax, bu gözəlliyə and içirəm və bu gözəlliklər çələnginin ad günündə 50 illik yubiley filmimdə dediyimi bir də etiraf edirəm: bəli, mən pul alıb yazmıram – yoxdur elə bir kişi, ən yaxın-doğma dostların əzizləri üçün portret yazıları istisnadır, anlaşma çərçivəsində! Yazandan sonra mənə pul da verirlər, hədiyyə də... haqqında yazdığım yox e, ummadığım, tanımadığım adamlar! Ürəklərindən tikan çıxır yazdıqlarıma görə, zövq alırlar, həqiqət təşnəsidilər, doğru və gözəl deyilən həqiqət aşiqidirlər – oxuyurlar fb-dən, saytlardan, qəzetlərdən, axtarırlar, tapırlar...
23 ildir Azərbaycan dövlətinin heç bir təşkilatından maaş almıram, heç bir özəl təşkilat yazdığım həqiqətləri, artan oxucu sayını, yüksələn nüfuzumu həzm edə bilmir: üç yazıyacan, maksimum üç ayacan əməkdaşlıq edirlər, sonra "kənar müəlliflərə verməyə qonorarımız yoxdur” bəhanəsiylə əlaqəni kəsirlər! 23 ildə istisna yalnız görkəmli partiya və dövlət, ictimai-siyasi xadim, hüquq elmləri doktoru İlyas İsmayılov və professor İlham Rəhimov olub!
2 manat gediş haqqı, siqaretpuluna gəlib "Azadlıq”da, "Xural”da, "Milli yol”da (hamısını sadalamağa halım yoxdur) yazmışam – böhranlı dönəmlərində, Tahir Məmmədov kimi qəzetçiliyi, menecmenti bilən oğullar ailəmin həftəlik çörəkpulunu qarşılayıblar! Rəhmətlik Elxan Yusifov kimi oğullar müalicə xərclərimi ödəyiblər! Adlarının çəkilməsini istəməsələr də yazardım, amma əleyhlərinə və çörəklərinə bais olacaqlar deyə qırıla-qırıla qalıram, dostların hesabına... 10 yaşlarından ayrı düşdüyüm övladlarımın "Ata, pulun olanda 20 (50...100) manat verə bilərsən?” istəklərini yerinə yetirmişəm!
Yoxsa siz elə bilirsiniz, mən icra başçısıyla, polis rəisiylə, prokurorla, nazir olmasa da, nazir müaviniylə münasibət qurmağı və bu münasibətin faydasını bilmirəm? Ya bacarmamışam, ya bilməmişəm? Ya da birilərinin atdığı böhtansayağı məni "saymayıblar”?
Ən ağır anlarımda, belə deyək, qəpik üçün ölümə hazır olduğum dönəmdə 100 manatı beh, 400 manatı yazıdan sonra verəcəyini deyən dostumdan pulu götürüb "metro Tağı”dan cəmi 5 min işarəlik yazı işləməyə girişmək istəyəndə haqqında yazılan bəytəriflərinə baxıb iyrənmişəm, əvəzində status yazmışam ki, vallah, elə adamlar var, min manat versə də, haqqında hətta ayrı adla yazmaq əclaflıqdır!
"Naxçıvan Azərbaycanın San-Fransiskosudur” tipində yazıya bir "paçka” pul ortada qalıb... VAXTINDA Şuşa üçün deyilən təşbehi qıymamışam... heç 5 min manat müqabilində yazmağa. Mənim dostdan çəkinmədən adam içində 10 manat gediş haqqı, siqaretpulu aldığımı görən "ikiayaqlı heyvan”lar bu həyatıma "kordular”, qaxınc etməyi fürsət bilirlər! Olsun! Amma axı bunları bilmirsinizsə də cəhənnəmə bilin, heç olmasa, indiyəcən məni gördüklərinizdən bilməli olduğunuz mütləq də bir şey olmalıdır ki... məni BELƏ böyüdən Ana var! Adam bir dəfə kişilik eləmir, adam bir dəfə ləyaqət nümunəsi göstərmir, adam ya kişi doğulur Anadan, ya da... ELƏ doğulmur!
ELƏ Ana ki, onu qorumaq məsuliyyəti heç vaxt mənim boynumda olmayıb! Qalan bütün halları bütün Analara aid edirəm tək bu məqamdan savayı: yeganə Anadır ki, "nə istəsən, məndən istə, heç kimə ağız açma” Sözünün-Əhdinin üstündə 35 ildir durur! Bu gün də...
Nə istəyəsidir ki? Özü bilir Prezidentimdir, Vitse-Prezidentimdir, Nazirlər Kabinetimdir! Dost-qardaş olduqlarım bilir, Rəisə ilə çox sərbəst danışıram, arada dost-qardaşlarla da danışır... Və hamı şahiddir ki, mən addım atanda... heç kimi düşünmürəm, heç kimi nəzərə almıram! Fəqət... şahid yanında olub: Rəisə zəng edib, ağzını açıb, gözünü yumub, səsi Kərgəlandan Bakıyacan nə təhər od tökübsə başıma, rəngim qaçıb, dodağım əsib, telefon əlimdən düşüb!
Məndən istədiyi də odur ki... ən gözəl qızları sevim, ən gözəl qızlar məni sevsin! "Sorbasort”, yəni növbənöv -  sarısın, qaraşın, kürən, qara, qapqara, ağ, ağappaq, "meymunun sonuncu balasına oxşayan” gözəllərin hamısını ya yanına apardım, ya şəkillərini göstərdim, heç birini layiq bilmədi, o bəyənmədikcə... iddiasını-hikkəsini öldürmək üçün "elə çox da yaraşıqlı oğlun var e, sifətinin çopurunu bir ton buğda ilə doldurmaq olmur, heç kimi bəyənmirsən” deməklə təsəlli tapdım. Ümidini üzmədi də ki... bir gün "o qız” tapılacaq!
Bilirəm, hamınız ağıllısınız, çoxunuz da məni "axmaq” sayırsınız, o mənada ki, Allah hər cür qabiliyyət verib, gününə bax! Amma, vallah, siz qədər də olmasa, bir az ağlım var, bu qadın öz gözəlliyiylə qoymadı! Ev, maşın, ailə üçün dəyməzdi bu gözəlliyə qıymağa! Ona görə bu "axmaqlıqları” etdim!
Rəisə məndən razı deyil... O da Məmməd kimi narazıdır!
Əlbəttə, mən istənilən ittihama, suala cavab verə bilmişəm, bilirəm, bilərəm, amma mən Rəisənin sizin ağılla verdiyi suallara cavab vermirəm, verə bilmirəm, hərçənd cavabım var!
Rəisə xanım da fikirləşir, lap arada deyir, Aydin bala, bəs jurnalistlərə ev verirlər, ad verirlər, jurnalistlər axı yaxşı yaşayır, sən niyə belə, bir dəfə deyəndə keçirəm, ikinci dəfə deyəndə də keçirəm, üçüncü dəfə deyəndə də boş buraxıram, dördüncü dəfə (biləsiniz: Rəisə xanımın ən pis xasiyyətidir – ağlına batan və özünü haqlı bildiyi bir sözü yorulmadan təkrar deyir, adamı çərlətməsə olmaz!) deyəndə də zarafata salıram, 525-ci dəfə deyəndə qayıdıram ki, Rəisə, onların tam əksəriyyəti ya analarını, ya özlərini  söydürüb alırlar, neynim, söydürüm səni, ya səncə, "Azərbaycanın əməkdar jurnalisti Aydın Canıyevin anasını sevim” dedirdim? Hələ doğrunu yazıram "alkaş, bomj” deyib söyürlər, o biriləri kimi yalan yazsam, nə olar? Yenə bunlara deyirəm ki, sizin dalınızca düşdüm evsiz qaldım, o birilərinə "yalan yaza bilmərəm” deyirəm, Səni indiyəcən uzaqbaşı Afaq Bəşirqızı kimi həyatımda olan "kişi kimi qadın”lar söyüb, o da boş şeydi, sən Məmmədin xanımısan, xalqın yox, mən səni xalqın ağzına və ağlına sala bilməNəm... evə və ada görə!
Nətəri yadında saxlayıbsa, deyir ki, bəs Məmmədə elə demədin axı? Ay Allah, bunun ürəyincə imiş Məmmədə deməyim!
Deməli, eynən sizin və Rəisənin ağlınca olan sualı Məmməd verəndə ona nə demişəm, onu da yazım: türmədən təzə çıxmışam, bu da mənə "Fatma cijisi”ndən sitat gətirir, bəs mən zəhmət çəkdim, oxutdum-filan, sən də getdin türməyə, onda da qayıtdım ki, ay Məmməd, tutaq ki, filankəs kimi olsaydım, bəhmənkəs kimi olsaydım, bax, qəzaya uğrayıb tutulsaydım, Şeyxə nə qədər pul verərdin tutdurmasın, onu razı salacaq qədər pulum olacaqdı, yoxsa Prezident İlham Əliyevin qəbuluna düşəcəkdin, sən də birilərinin dədəsi kimi düşəcəkdin getdiyi rayonlara, yalvaracaqdın oğlumu əfv elə? Zalım balası, 150 min manat xərc çəkdilər, şərlədilər, tutdurdular, 4 il iş verdirdilər, türməyə bir dəfə də dalımca gəlmədin, vəkilə pul vermədin, "sevgilin” bir ilə buraxdırdı da!
SÖZARASI: Atama "sevgilin” deyəndə Dunya Miyatoviçi nəzərdə tuturdum. Cavanlıqda onu həqiqətən dünya gözəli deyilə bilən (o qadını görmüşəm: 15-16 yaşımda atamla xalamgilə gedəndə o kəndin avtobusunda rastlaşdıq, qadın "Ma-med!!!” deyib dik yerindən atıldı, atam təmkinini pozmadan məsafə saxlayaraq, həmən "oğlumdu” deyib məni göstərdi, qadın məni necə ağlaya-ağlaya öpdüsə, hiss edirdim ki, sanki atamı öpürmüş kimi belə öpür, məni bağrına basa-basa elə də yana-yana "nə günə qoymusan özünü, Mamed” deyirdi, iki göz istəyirdi tamaşa eləsin) Dünyaxanım adında gözəl bir qadın sevib. Amma həqiqət o idi ki... Ramiz Mehdiyevə bu günə qədər də nankorcasına azadlığıma görə təşəkkür etməmişəm... baxmayaraq ki, hər əfv ərəfəsi komissiyasının üzvlərinə kənddən 132 nəfərin imzasını toplayıb göndərtdirirmişlər  ki, Aydın Canıyevin əfvi narazılıq yaradacaq xalqda, həbsdən buraxılmasın! Bizim Allahın "belə” mərhəmətli, rəhmdil, bağışlayan və mənsəb nəsib etdiyi möhtərəm Şeyximiz var! Bilməyiniz faydalı olar deyə yazdım – anaların ağlamaması üçün çalışanları elə həmin o Allah özü öz adıyla təmsilçi nümayəndə göndərir ki, anasını ağlatsın!
İndi də Anam... təzədən bunu eşitmək istəyirmiş... gördü hirslənirəm, tez valı dəyişdi:
- Günəşimiz neyləyir?
Sizə onu da deyim ki, Günəş təkcə mənim həyatımın Günəşi deyil... həm də ikimizin də - Anamın da mənə qoşulub mənimlə qoşa sevdiyidir! O Anamın ki, kimi görürdüsə, "gözəldimi” soruşanda yuxarıda yazdığımı deyirdi...
Atamla "yeni məkanda yeni ömrün mübarək olsun” (İlqar Rəsulun statusunda yazdığı bu fikri o qədər bəyənmişəm ki! O qədər dogru ki!) deyib sağollaşandan sonra... özümə nəzarəti itirmişdim. Yox, mən atacanlı, anacanlı, qardaşcanlı deyiləm – hərəsinə on dəfə dünyaya gəlsələr, onuna da bəs edəcək qədər zülm etmişəm, sadəcə... etdiklərimə ağlayırdım! Peşmançılıq anlamında yox! Düzələ bilmədiyimə görə! Adam 80 il yaşadı, ümid elədi ki, düzələrəm, hanı e... Bax, məni ağladan o fikir idi: ümid qatiliydim! Rəisə də dözmürdü! Vəziyyət daha da gərginləşirdi. Həmən günlərdə ömrümə Günəş doğdu... Qərbdən! Və çox maraqlıdı ki, Rəisə xanım inanmadı... nə mənə, nə gördüyünə! Rəisə xanım... həmişə Şərqdən çıxan Günəşin nə mənim, nə Rəisənin orbitində dodağımın təbəssümü, üzümün nuru, gözümün işığı ola biləcək kimsəni görməmişdi! İndi mən Günəşimdən danışanda, şəklini göstərəndə qayıdasan ki, Günəşin səni görsə, sevər? Dedim, hə, valla. O gün-bu gün, mən olmuşam yalan, Günəş olub doğru! Bir status yazan kimi, Rəisə xanım bilir və aləm dəyir bir-birinə, əleyhinə yazdıqlarım mənə heç elə cəzalar vermək fikrinə düşmür, bu "Günəşimiz nə deyər, neyləyər?” əlaman-əlatəşinə düşüb.  Bugünlərdə olan on qalmaqallı statuslarımdan küsüb: eynən Günəş küsən kimi. Əslində, Günəşimin küsməyindən incimədim – Anam da küsüb də!
"Anam kimi sevdim” dediyimə Anam kimi sevəcəyini bəyan edən... özünü elə Anam kimi aparır – Rəisə xanımın "bu o qızdır, "qızım” deyəcəyim, o məni kimi sevəcək səni, məni sevdiyin kimi sev, amma onu incitmə” israrının təsdiqi olaraq... Rəisə xanımın ad gününə sevinirəm.
İlk dəfə mən 53 yaşıma keçəndə Anamın ad gününə "hədiyyə” etdim!
İlk dəfə Anam məndən "hədiyyə” gördü – tam 52 il sonra!
Ömründə ilk dəfə məndən razı qalıb... hətta küssə də! Özünə görə yox, heç vaxt heç kimi incitməyimdən inciməyən bu gözəl xanım... "incitmə” dediyinin inciməyini göydə tutub!
Və... Anamın ad günündə elə Anama xatir sizə bir sirr açım: Analar üçün ən böyük hədiyyə aldıqlarınızın içində aldıqlarınız deyil, sevdiklərinizdir: onlar oğlanlarını anaları sevən kimi sevən qızı tapanda, gəlin edəndə razı və xoşbəxt olurlar! – hansı yaşda olur olsun, fərq etməz! Onda onlara o qədər gözəl olur ki... onlar sevgisini nəinki bölüşür, hətta oğlanlarına qoşulub sevir!
Günəş sevilən kimi!
Anamla mənim ömrümüzdə ilk dəfə olaraq birgə Günəşimiz var: bu, Atasızlığın üstümüzə sərdiyi zülməti işıqlandıracaq qədər möhtəşəm bir hədiyyədir – İlahidən!
Mən 50 ildir bu qadını sevirəm: məndən 20 il böyükdür! Anamdır, bildiyiniz kimi!!!
Anama xatir daha bəzi incə məqamları deyim gənclər - oğlanlar və qızlar üçün: sevdiklərinizi cinsəl anlamdan öncə müqəddəs sevməyi – Ananız kimi yanaşmağı - dənəyin! Sizə Ananız yanaşılan cavab gəlsə, artıq xoşbəxtsiniz! Dərinə və təfərrüatına varmadan deyim ki, ehtiras və şəhvətin yaratdığı "elektrikkeçirmə” o deməkdir ki, daha yüksək gərginlikli "transformator”larla qarşılaşma mümkündür!
Cox ciddilik etməyim, xoş anlardan da qaçmayaq. Anamla bağlı bir məqamla tamamlayım yazımı:
Həyətimizin yuxarı başında durmuşam, üçüncü sinifdə oxuyuram. Anam ağacın dibində oturub, yoldan keçən 10-cu sinif şagirdi İ. adında oğlan qayıtdı ki, alçadan dər ver mənə. Uşağam da, qayıtdım ki, anama deyim verim, bu da eləmə tənbəllik, söy anamı. İ. deyim ki, idmançı uşaq idi, yaxşı futbol oynayırdı, Bloxinə oxşadırdılar, anam bunun söyüşünü eşidən kimi necə ayağa durdusa, necə çəpərə tərəf cumdusa, səsinin hirs hersiylə "sən kimi söyürsən, anası göyçək” dedisə, bir də gördüm İ. qaçır!
Bu səhnə məni əmin etdi: heç kim Anama heç nə edə bilməz, nəinki söymək!
Və mən... əsgər gedəndə Atam qayıtdı ki, Aydın, bilirəm, xunxarsan, amma səni orda ana söyüşüylə davaya çəkərlər, boş ver dədə, mən öz arvadımı özüm qoruya bilərəm, çox dirəşəndə ünvanını verərsən, mən başa salaram o adama adamın anasını necə söyürlər.
Anamın ad günündə bütün ailələrdə dünyaya gələcək oğullara-qızlara həyatda bütün dönəmlərdə arxayın olduqları Ana arzulayıram!
SON: Lənkəran icra hakimiyyəti başçılarından həmişə bircə dəfə yazmışam - əlbəttə də ki də tənqid! Amma Süleyman Mikayılovdan 14 yazı! Ta o günə qədər ki...
Süleyman Mikayılov məni heç harasına almadıqca, mən də daha qəzəbli yazıram, daha sərt yazıram, gah içib icra hakimiyyətində şuxur salıram, gah polisdə məğlətə qaldırıram, gah gedib filan-filan şüdənin evində oyun çıxarıram, əlqərəz, elə 2006-ci ilin mayın 10-da yazı çıxıb "Azadlıq”da, indi dostların yanına gəlmişəm Təbriz küçəsində yerləşən bir qəzet redaksiyasına. Dostlarla görüşüb indi gəlirik "Nərimanov”dakı Dursunxanaya. Mənəm, Aqil Alışovdu, "Böyük Qardaş”dı, İlqar Əlidi, Arif Aydındı, xatırlamadığım daha bir dostdu, 193 saylı marşrutla gedirik. Birdən "Böyük Qardaş” başladı mənə ağıl verməyə:
- Ay Aydın, sən o Süleyman müəllimdən niyə elə yazırsan, axı sənin kənddə qardaşın var, qoca atan var...
Və beləcə saysız-hesabsız yanımcıllıq bildirən, təlaş ifadə edən arqumentlər sadalayır, gördü ki, tüküm də tərpənmir, axırda dözmədi, dedi ki:
- Sən necə adamsan, niyə nəzərə almırsan, sənin orda qoca anan var...
Təpəm atdı da, soruşdum:
- "Böyük Qardaş”, Süleyman müəllim neyləyəcək, qoca anamı s...evəcək?
... "Marşrutka” uğultudan yaranan çalxalanma nəticəsində az qala aşacaqdı!
DEMƏYİM O Kİ: Hamınızın belə gözəl analarınız var. Hamınızın arxayın olduğunuz analarınız var. Bu anaların xatirinə AYDIN olun, AYDINlaşın, AYDINlığa çıxın!
Tam səmimi və ciddi deyirəm: əks təqdirdə, vətən də əldən gedər, dövlət də, xalq da, day o anaları əldən getməmək üçün harda gizlədəssiniz?
p.s. Anam, məlum məsələdir, bütün Analar kimi, məni gecələr yatmayıb böyüdüb. Mən də bu gecə yatmadım... Anamın BÖYÜKlüyünü yazdım!