Pandemiya və post-pandemiya dövrünün teolojisi üçün

Nəriman Qasımoğlu Hazirda bəlli səbəblərdən dünyanın bir çox yerində kilsələr, məscidlər, məbədlər inanclı insanlara qapalıdır. Kilsələr mərasimlərini İnternet üzərindən keçirir, xristianlar bazar günləri xütbələrini kompyuterlərində dinləyir, virtual mərasimlərə evlərindən qoşulurlar. Məscidlər qapandığından müsəlmanlar da adət etdikləri cümə xütbələrini İnternet üzərindən dinləməli olurlar. Bunlar məndə 20 il əvvəl yazdığım bir yazı ilə assosiasiya yaratdı. Elə bilirəm, pandemiya və post-pandemiya dövrü teolojisi üçün də gərəkli yazıdır.  YER KÜRƏSİ MƏSCİDDİR Ərəbcəni yaxşı və dərindən bilənlər bilirlər o iki mənanı ki, "məscid" sözü ilə ifadə edilir. Biri “səcdə edilən yer”, ənənəvi olaraq “məscid” dediyimiz anlamdadır. O biri – “səcdə edilən zaman” deməkdir. Beləliklə, ərəbcədən aldığımız "məscid" sözü bütöv anlamda “səcdə edilən yer və zaman”dır. Əslində, bu sözə aid yer və zaman anlayışları bir-birindən ayrı tutulmamalıdır. "Məscid"in əsl hikməti də bundadır. Hər hansı məscid binası orada yalnız ibadət edilən anlarda məscid sayıla bilər, ibadətlərarası fasilələrdə isə məscidliyindən çıxır, olur adi bir tikili. Əgər namaz məscid dediyimiz binada deyil də mənzildə, yaxud çöldə-bayırda, yaxud hansısa nəqliyyat vasitəsində (lap elə təyyarədə, kosmik gəmidə və s.) qılınırsa, bu yerlər həmin o anlarda olur məscid. Namaz bitincə, qısa müddət içində məscid anlamı daşıyan bu yerlər daha "məscid" sözünə aid mənaları da təbii olaraq ifadə etmir. OXU məntiqindən gəlmə bir məsələ də bütün kainatın məscid olmasıdır. Rəbbimizin təlqin etdiyidir ki, varlıqlar daimi hərəkətdə olduqlarından dolayı ilahi qanunlara tabe durumundadır və bu tabeliyin özü Tanrıya səcdə halı yaradır. Oxuyuruq: "Öyər Onu yeddi göy, yer və bunlarda olanlar. Bir məxluq olmaz ki, Onu öyməyə. Amma siz anlamazsız onların öyümünü" (17, 44). "Öymək" - ərəbcə "səbbəha" feilinin bir mənasıdır. Bu sözün etimolojisində “üzmək” və daha çox “fəza boşluğunda üzmək” də var. Tanrının kainat idarəçiliyini tənzimləyən qanunlarına görə "üzmək" - hərəkətdə olmaq Onu öymək, Ona səcdə etmək deməkdir. Və hərəkət edən ən kiçik zərrəcikdən ən böyük qalaktikalara qədər hər şeylə bərabər bizim də içində yaşadağımız kosmik aləm bütövlükdə bir məscid timsalındadır. Rəbbimiz bir başqa ayədə də belə buyurur: "Məgər görməzmi oldun, səcdədədir Tanrıya göylərdə kim varsa, yerdə kim varsa. Günəş də, ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar da, insanların bir çoxu da eləcə" (22, 18). "Dağlar, ağaclar, heyvanlar, insanların bir çoxu"nun səcdəsi də Yer kürəsini məscid halına gətirir. Yeri gəlmişkən, Məhəmməd Seçilmişin də gözəl bir deyimi var: "Bütün Yer kürəsi mənim ümmətim üçün bir məsciddir". Bunu daha çox belə yozurlar ki, planetin istənilən guşəsi Tanrıya təslimiyyətdə olan kəsdən ötrü ibadət yeri ola bilər. Peyğəmbər kəlamının bir hikməti də ənənəvi məscidlərin statusunu ibadət yeri kimi rəsmiləşdirmək perspektivini önəmsiz etməyilə bağlıdır. "Məscid"ə sinonim olaraq "came" sözünü də işlədirlər. "Bir yerə toplayan, cəm edən" (rusların kilsəyə adekvat mənada işlətdiyi "sobor" kəlməsilə müqayisə et!) deməkdir. "Came" – bu mənada ənənəvi məscidlərin tarixən keçərli olmuş bir təyinatının ifadəsidir. Ənənəvi müsəlmanların ictimai həyatında məscidlərin oynadığı rolla bağlıdır. Yəni məscid bir came olaraq cəmiyyət həyatına aid məsələlərin müzakirəsi üçün toplantı yeri kimi də ənənəvi müsəlman şüurunda yer almışdır. Bütün fəaliyyətlərin, eləcə də yaşayış tərzinin din qaydalarınca sürüldüyü ötən zamanlara xas bir özəllikdir ki, müsəlmanlar dərdlərini paylaşmaq üçün məscidlərə toplaşır, buralarda həm ibadət edir, həm də öz müşküllərini çözmək üçün danışıqlar, müzakirələr aparırdılar. Xalq içində mehribançılıq, ülfət yaratmaq yönümündə məscidlərin bu ictimai təyinatı vaxtilə önəmli səciyyə daşımışdır. Ancaq burası da var ki, məscidlərin "came" təyinatı zaman ötdükcə bu ibadət yerlərinin statusuna rəsmilik ünsürü qazandırmış və məscid anlayışı mömin şüurunda daş tikililərdən ibarət qəliblərdə bilinərək özünün sərhədsizlik məzmununu itirmişdir. Bu, heç şübhəsiz, müsəlmanların iman duyğusuna məhdudlaşdırıcı təsir də göstərmişdir. İbadətin məhz məscidlərdə edilməsini şərtləndirən bir din borcu olduğu təsəvvürü imanın fəal həyat müstəvisindən kənar tutulmasına tədricən yol açmış səbəblərdən biridir. Digər yandan, həmin təsəvvür ibadət məsələsinə bir şərtilik ovqatını da gətirməmiş deyil. OXU məntiqində rəsmi məbəd anlayışı yoxdur və Tanrıya ibadət hansısa rəsmiyyət naminə edilmir, təbii. Məscidlərimiz rəsmi ibadət yerləri ola bilməz. Dinimizin gözəlliyi və böyüklüyü də bundadır ki, Tanrı-insan münasibətlərində səmimiyyətə xələl gətirə biləcək hər cür şərtilik ilahi məntiqə tərs düşən bir nəsnədir. Rəsmiyyət ilahi məntiq gərəkçələrinə yad olsa da, protokol üslubunca həyata keçirilən ayinlər və mərasimlər İslama da sirayət etmişdir. Bunun nəticəsidir ki, ayinlər və mərasimlər din riyakarları - münafiqlərdən ötrü zaman-zaman əlverişli ideoloji sığınacaq, bəd niyyətləri, davranışları sığortalayan vasitələrdən olmuşdur. Rəbbimiz buyurur: "Gormusənmi dini yalanlayanı? Odur, qovur yetimi, sovq eyləməz yedirələr yoxsulu. Vay halına o namaz qılan kimsələrin ki, vecsizdirlər qıldıqları namaza, gostərirlər özlərini. Əngəl olurlar adicə yardıma" (107, 1-6). Hikmətlidir, deyilmi? Ayədə söhbət dindar görüntüsü yaratmaq naminə ibadət edənlərdən gedir. Belələrinin namazlarını Rəbbimiz riyakarlıq kimi qiymətləndirir. Şübhəsiz, yetimi qovan, yoxsulu yedirtməyə meyli olmayan və ümumiyyətlə, hər cür yaxşılığa, yardıma əngəl olanlar namazlarını gözdən iraq bir guşədə deyil də camaatın baxışları önündə, məsciddə qılır ki, bunun, necə deyərlər, bir ictimai-siyasi effekti də olsun. Bizdə hələ ki, dəb düşməyib, ancaq bəzi İslam ölkələrində müşahidə olunandır ki, siyasət adamları xalqla bərabərliyini nümayiş naminə hərdənbir məscidlərə gələrək camaatla birgə namaz qılır və bu da mətbuatda, televiziyada reklam edilir. Sadəcə olaraq namaz görüntüsü yaratmağa hesablanmış bu "ibadət" tədbirlərinin hansısa savab məzmunundan danışmaq, təbii ki, mümkün deyil. Və təbii ki, bunlar Tanrı-insan münasibətləri kimi məhrəmanə təmasların riyakarlıq müstəvisinə gətirilməsi deməkdir. Rəbbimiz belə ibadəti "dini danan"ın saxta ibadəti kimi dəyərləndirir. Yeri gəlmişkən, "namaz qılmırsansa, müsəlman deyilsən" mifini sevən "din" təmsilçiləri yuxarıda gətirdiyim ayələri dərindən-dərinə incələməli və anlamalıdırlar ki, namaz qıla-qıla da kafir olmaq mümkündür və müsəlmanlığın limiti namazla bitmir. İndi tarixi proseslər ona gətirib çıxarmışdır ki, müsəlmanlar üçün ictimai yerlər təkcə məscidlərdən ibarət deyil. Toplum problemlərinin müzakirələri televiziyada, mətbuatda, geniş salonlarda gerçəkləşir. Artıq məscidlərin ictimai-siyasi mənada “came” təyinatına ehtiyac qalmamışdır. Bu təyinatın məscidlərə qaytarılması tərəfdarları əsasən dindən siyasi məqsədlərlə istifadəyə can atan bəlli qüvvələrdir. Məscid ki, siyasətə əl qoydu, deməli, ilk növbədə möminlər arasında təfriqə düşəcək. Söhbət təriqətlərarası ziddiyyətlərin dərinləşməsi perspektivindən gedir. Məscid siyasət yeri ola bilməz. Hər şeydən əvvəl ona görə ki, buranın adına görə təyinatı “səcdə yeri və zamanı”dır. Rəbbimizin dedikləridir: "Hec şəksiz, Tanrınındır səcdə yerləri, səcdə anları. Tanrıyla yanaşı bir kimsəni cağırmayın" (72, 18). OXU-da belə bir ayə də var: "Ey Adəm oğulları, alın zinətlərinizi hər səcdə yerində, səcdə anında" (7, 31). Bu ifadənin başqa bir açıqlama variantı "hər məscidə gedəndə geyinib-keçinib gedin"dir. Ayədə Tanrıya ibadətin bir sevgi halı, bayram ovqatı gəlişdirdiyi vurğulanırsa, Tanrıya səcdə yerinə də, ayrıca olaraq məscid dediyimizə də bu hala, bu ovqata uyğun münasibət göstərilməsi gərəkdir. Və diqqətə alsaq ki, peyğəmbərimiz "bütün Yer kürəsi mənim ümmətim üçün bir məsciddir" demişdir, planetimizin hər qarış torpağına qarşı adekvat münasibətdə olmağımız da bir din borcudur. Tanrı qarşısında insanlıq borcu da söyləməmiz mümkündür.