Səni belə mağmın görməmişdim, 1 May!

(Cümə düşüncələri) Sözün “məğmun, mağmun” formaları da var, amma Naxçıvan dialektində “mağmın” deyirlər, qoy, dialektdə deyək ki, daha aşırı olsun: Sənə “mağmın” yaraşır, 1 May! Səni belə mağmın görməmişdim! “Odur, odur, al bayraqlar dalğa-dalğa gəlib keçir”... Al bayraqların necoldu? Yoxsa sən də pandemiyaya ağ bayraq qaldırdın?.. Nə səssiz bir gün? “Mayovka-zad hərrəmerəm, məni korona öldürür...” (?). Amma “Sosialist bacı”, kommunist Roza Lüksemburq necə demişdi: “Nə qədər ki, dünyada sosial ədalət, sinfi bərabərlik, insan hüquqları tam bərqərar olmayıb, 1 May öz tarixi ampluasında qeyd olunacaq...”. Qoy, pandemiya ilə haqq-hesabı çürüdək...  Sosial ədalət mücadiləmiz davam edəcək... Mən evdə qalan deyiləm. 120 ildən çoxdur ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilən 1 May dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Bu gün 1 May Beynəlxalq Əmək Günü kimi bayram edilir. Amma əsl zəhmətkeşlər bu gün evdə oturub, evdə qalıb... “Evdə qalıb” dedim... “Evdə qalaq?” “Evdə qalıb” dedim, söz məni apardı. Bəli, əsl zəhmətkeşlər evdə qalıb, yenə həmin müğənniciklər, yenə həmin aparıcıqlar... həmin TV icması yenə deyə-gülə iş başında, əylənir, həyatın ləzzətini çıxarır... Özü kimilərini dartıb ekrana çıxarır, gözümüzə soxurlar... Bizə deyirlər “Evdə qalın!” Özü də xeyli geniş icmadır... Beynəlxalq və lokal səviyyələrdə. Hətta “Da Vinçi” TV-də də bunlara rast gələ bilərsən. Zaurlara, zaurkimilərə, mikayılkimilərə olar, bizə yox... Toy yoxdur, köhnəni reklam eləyir, məsum bir görkəmlə ekranda mülkünü, villasını  nümayiş etdirir, hovuzu, mansardası, əqrəbası da  yanında... “Beşdə beş” indi “yeddidə beş” olub... “Sosial izolyasiyadan əvvəl çəkilib” qrifi ilə... Ekrana ən müxtəlif zatlar çağırılır... Onlar da xalqı məzəmmət və töhmət edirlər: “Aaa.. elə bil bayramdır, hamı çıxmaq istəyir... Evdə qalın da! Vallah, döymək lazımdır... Hindistandakı kimi...”. Deyəsən, bir çoxlarına, bir çox tərəfə də sərf eləyir, necə deyərlər: “Siz çıxmayın, biz çıxaq”. Xeyir ola, Gün, Ay-zad deyilsiz ki. “Siz çıxmayın, biz çıxaq”? ... Hələ onu demirəm ki, “evdə qalmaq” yaxşıdırsa, yaşı ötüb vaxtında ərə gedə bilməyən qızlara niyə dodaq büzüb “evdə qalmış” deyirlər?.. Kimsə yazmışdı: “Koronovirus bir çox həqiqətləri ortaya çıxartdı”. Amma belə yox da... birtərəfli yox da... Maltus... Maltus?! İki aylıq dözümdən sonra adam daha dözmür, bəzi fikirlər gəlir adamın ağlına. “Koronovirus” – bu bir məşum oyun olmasın?!.  Onsuz da oyun, fırıldaq deyənlər oldu, gördük, eşitdik. Sadə adamların üzündəki qəzəbi gördük.  Homo sapiens öz-özünə qənim kəsilib yoxsa? Deyirdilər, oxuduq, eşitdik. Deyilənlər düzdürsə, bu nə şeytan, bu nə iblis əməlidir?! Ya kimsə cini şüşədən buraxıb, indi heç özü də qaytara bilmir yerinə?  Bu mənhus əməllə, Maltusu dirildirlər yoxsa? Demoqrafiyanın banisi sayılan həmin Maltusu deyirəm. İngilis alimi. Onun bir essesi vardı: “Əhali haqqında esse”. İngiliscəsini də yazsaq, ziyanı olmaz: “Essay on Population”.  Həmin Robert Maltus  (XVIII əsr) “Əhali haqqında esse” əsəri ilə rasionalizm tərəfdarlarını mat qoymuşdu. Onun tezisləri dünyadakı təbii ehtiyatların mütəmadi olaraq artan dünya  əhalisinin tələbatlarını ödəyə bilməyəcəyi ilə bağlı idi. Onun fikirləri qısa zamanda geniş rezonans doğurdu. Maltusun tezisinə görə, əhalinin sayı həndəsi olaraq (1, 2, 4, 8), qida istehsalı (ehtiyatlar) isə riyazi olaraq (1, 2, 3, 4) artır. Ona görə də əhalinin artımı ciddi nəzarətə götürülməli və bu artım səfalətə, yoxsulluğa yol açdığı anda əngəllənməlidir. Hələ aclıq pandemiyası ilə qorxudurlar insanlığı... bu yolsuzlar... Maltus deyirdi ki, adambaşına düşən gəlir artdıqca, əhali daha sürətlə artacaq və nəticədə adambaşına düşən gəlir yenidən minimum səviyyəyə düşəcək. Əhalini artımını tənzimləmək lazımdır. Yoxsa, bu virus oyunu, pandemiya məşqi maltusçu beyinlərin, ya da supergüclərin əzələ oynatmaqlığıdır? Hələ məhəlli müharibələr? Gündə bir kometa dartıb gətirirlər Yerə.... “Kollayder” döyüşü yapmaq üçün. Müxtəsəri, mən daha evdə qala bilmərəm...