Bütöv Azərbaycan Ocaqları (BAO) Milli Məclisin Elm və Təhsil Komissiyasına Azərbaycanda rus dilinin geniş şəkildə tədris olunmasına qarşı müraciət ünvanlayıb. Həmin müraciətdə deyilir ki, Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə edilməsi Azərbaycan dilinin gələcəyi ilə bağlı ciddi narahatlıq doğurmaqdadır. Rəsmi rəqəmlərə görə, son 15 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb. Azərbaycanda fəaliyyət göstərən 4472 məktəbdən 400-də 100 minə qədər şagird üçün tədris rus dilində aparılır. Bu, ölkədə ümumən şagirdlərin 10 faizə yaxın miqyasda rus dilində təhsil alması deməkdir. Belə çıxır ki, rusca oxumaq və rusca danışmaq rəsmi şəkildə stimullaşdırlır. Paytaxt Bakıda isə dövlət dili daha çox sıxışdırılır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilindədir. Bu, paytaxt məktəblilərinin 19 faizinin baza təhsilini ana dilində almaması deməkdir. İbtidai məktəblərin rus bölməsinin 1-ci sinfində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. 2020-ci ildə təhsilə büdcədən 1 milyard 289 milyon 100 min manat xərclənməlidir. Bu vəsaitin təxminən 100 milyon manatı tədrisi rus dilində aparan məktəblərin saxlanmasına xərclənəcək. Fikrimizcə, müstəqil ölkənin başqa bir dövlətin dilinin inkişafı üçün dövlət büdcəsindən belə böyük vəsait ayırması hər bir Azərbaycan vətəndaşını narahat etməlidir. Bu gün Bakı şəhərində tədrisi ingilis və türk dilində olan özəl məktəblər də fəaliyyət göstərir. Rus dilində təhsil verən məktəblər isə birmənalı olaraq dövlət büdcəsindən maliyyələşdirilir. Azərbaycanda dövlət dili Azərbaycan dili olduğu və Azərbaycan Respublikasının rusca baza təhsil verməklə bağlı heç bir öhdəliyi olmadığı üçün, rusca təhsil verən məktəblərin dövlət büdcəsindən maliyyələşməsi ana dilimizi cəmiyyət həyatından sıxışdırmaqla bərabər, dövlət büdcəsinə ciddi yükdür. Rus dilinin Azərbaycan gənclərinə qazandırdığı perspektivlər baxımından da rus dili faydalı sayıla bilməz. Böyük bir coğrafiyada ikinci ana dil statusunu rus dili çoxdan itirib – rusca artıq MDB məkanında belə ünsiyyət dili sayılmır. Səbəb bir çox keçmiş Sovetlər Birliyi respublikalarının rus dilinin tədrisindən imtina etməsi, onu çağdaş dünyanın əsas ünsiyyət dili olan ingiliscəylə əvəzləməsidir. Bundan başqa, bu gün rus dili nə dünya elminin, xüsusən çağımızın tələbi olan üstün texnologiyaların, nə də ümumi mədəniyyət dili sayılır. Bu mənada müstəqil Azərbaycan təhsilində hansı məntiqlə rus dilinin arealının genişləndirilməsi çoxlu suallar yaradır. Faktlar göstərir ki, rus dilində təhsil alan şagirdlərin ana dili ilə bağlı ciddi problemləri var. Onlar ədəbi dili çox aşağı səviyyədə bilir, rus sektorunda Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin çox aşağı səvəyyədə tədris olunması səbəbi ilə cəmiyyətimiz və dövlətimiz üçün sağlam vətəndaş kimi yetişə bilmirlər. Rusca təhsil alan şagirdlərin faktiki olaraq Rusiya informasiya məkanının təsirində böyüməsi onların milli düşüncəyə yad, dövlətimizin və millətimizin hədəflərindən uzaq şəxs kimi yetişməsinə səbəb olur. Bəlkə bu gün çox aydın görünməsə də, rus dilində təhsilin Azərbaycan Respublikasının gələcəyi ilə bağlı ortaya ciddi problemlər çıxaracağı şübhəsizdir. Bu səbəbdən biz hesab edirik ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən orta məktəblərdə tədris istisnasız olaraq dövlət dilində aparılmalı, rus dilində tədris də, digər xarici dillərdə olan məktəblər kimi, özəl müəssisələrdə həyata keçirilməlidir. Biz, BAO olaraq, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komissiyasını “Təhsil haqqında” Qanuna uyğun dəyişikliklər etməyə çağırırıq.
© 2020 - Created by İLK XEBER.