H E K A Y Ə Yay gəldimi, imkanı olanlar başını götürüb köç-külfəti ilə birgə Bakıdan qaçır. Yaqub da hər yay ailəsi ilə birlikdə şəhərdən çıxıb ya dağ rayonlarının birinə, ya da Qara dəniz sahilinə gedər, havasını dəyişərdi. İş-güc adamı olduğu üçün bəzən çox qala bilməzdi. Bu il kiçik qızı instituta daxil olmuşdu və onun xahişini nəzərə alıb vacib işlərini təxirə salmışdı. Getmək istədikləri rayonda yeznəsinin dostu yaşayırdı və onlara münasib qiymətə ev danışmışdı. Yeznə-qaynata axşamdan yır-yığış eləyib səhəri günü hərə öz ailəsi ilə maşınlara doluşdu və “Ya Allah”-deyib üzü dağlara yol aldılar. Rayona yaxınlaşdıqca yol üzüyoxuşa başlayanda köhnə “Mersedes”inin qoca madyan kimi “ayağını sürüdüyünü” görən Yaqubun qanı bərk qaraldı. Arvadı deyinməyə başladı: -- Evdə gül kimi təzə maşının ola-ola bu qoca yabıya doldurdun bizi. Bir belə adam, həm də o qədər yük. Köhnə maşındı, bizi yarı yolda qoymasa, yaxşıdı. Arvadının deyinməsi qanını qaraltdı. Qazı basıb hələ ki birtəhər irəliləyən maşınını “ruhlandrmağa” çalışan Yaqub: --A qoca nər, səni yüz “Cip”-ə dəyişmərəm . Nə yolları getmişik bir yerdə. Di həə, gözünə dönüm, o yolların yanında bu nədi ki? Təkərlərin mənə düşərli oldu. Səni alandan sonra işim xod getdi. Bir dəfə olsun qəza da törətmədik. Ona görə səni satmıram baax,--deyib bütün sürücülük bacarığını işə salıdı. Ancaq növbəti yoxuşu dırmaşanda maşın sonuncu dəfə “nəfəsini dərib” dayandı. Yaqubun pırpız qaşları döyüş buğaları kimi baş-başa gəldi, möhkəm pıfıldayıb dişlərini qıcadı. Arvadı bilirdi ki, bu məqamda Yaqubu dindirmək, sözünü çevirmək olmaz. Ağzının bütün acısını onun üstünə tökəcək. Ona görə susub işin sonunu gözlədi. Qapını açıb yerə düşən Yaqub ha əlləşdisə də, motorun “dərd”ini anlaya bilmədi. Təkərə möhkəm bir təpik ilişdirib yoğun, ətli şəhadət barmağı ilə “qoca nər”ini bərk hədələdi: --Yaxşı, baxarsan, köpəyoğlunun maşını. Şəhərə qayıdan kimi satacam səni! Maşındakılar qımışdılar. Ancaq Yaqubun onları görəcəyindən ehtiyat edib özlərini yığışdırdılar. Arvadı bilirdi ki, kişi qəzəbindən belə deyir, maşınını heç vaxt satmaz. O, vərdiş etdiyi əşyalarına sonsuz sadiqliyi ilə seçilən biri idi. Öyrəşdiyi ayaqqabısını, kostyumunu illərlə geyər, adam içinə çıxanda avadı xəlvəti aldığı təzə paltarı, ayaqqabını geyinmək üçün onu saatlarla dilə tutar, uşaqları köməyə çağırar və zorla geyindirərdilər. Ayaqqabınn altı deşilincə geyinirdi və buna görə sevinən arvadı köhnə başmaqları zibil qutusuna atmaq istəyəndə Yaqub əlindən alıb pinəçiyə aparar, təzə altlıq saldırıb yenidən geyinərdi. Sevdiyi kostyumun şalvarı tamam süzülərdi və arvadı kostyumu atmaq üçün yüz fənd fikirləşib onu razı salmağa çalışardı. Yaqub paltara baxıb kədərlə: --Görən, bunu necə eləmək olar ki, yenə geyinim? Bəlkə, astar tərəfdən közəyəsən?- deyərdi. Yeni hökümət təşəkkül tapan vaxtı Yaqub metal biznesinə girişərək bu işin xiridarı kimi yetişmişdi. Müxtəlif xarici ölkələrə səfərlər edir və biznesini genişləndirirdi. İşinin ilk illərində Kiyevdə aeroportda təyyarənin uçuş vaxtını gözləyərkən yuxulamış və portfelini oğurlamışdılar. Oyananda aeroport polislərinə pul verərək onlarla əlbir işləyən bütün oğruları bir otağa yığdırır. Polislər onun bərk həyəcana düşməyindən portfeldə çoxlu pulunun olduğunu düşünərək oğruları əvvəlcədın bərkidib boyunlarına almamağı tapşırırlar. Ancaq sonra portfeldə yalnız papağının və sənədlərinin olduğunu eşidəndə Yaqubun bundan ötrü polislərə pul verdiyinə, bu qədər həyəcan keçirməsinə təəccüblənmişdilər. Yaqub isə: --Diş fırçam var orda. İri, yumşaq və sıx tüklü. Qəşəng. Eləsi yoxdur heç yanda. Verin, çıxım, gedim,--demişdi. Polislər onun iri, ağappaq dişlərini görüb bir söz deməmiş, fırçasını və portfelini oğrulardan alıb vermişdilər. Sonralar hər dəfə Kiyevə gedəndə tanış aeroport polisləri: -Diş fırçan qalırmı hələ?-deyib ona sataşırdılar. Yaqubla şərikli iş quran yoldaşları işlə bağlı başqa şəhərlərə gedəndə fürsətdən istifadə edir, “damaq dadlarını” dəyişirdilər. O isə xanımına xəyanət etməz, ümumiyyətlə, ağlına da gətirməzdi ki, başqası ilə münasibət yaratsın. Onun əşya sadiqliyi ailəyə, ailəsinə sadiqliyi əşyalarına keçmişdi. Qohum-qardaşa, kasıb-kusuba çox əliaçıq, yardımsevər ərinin xasiyyəti arvadı Lamiyəni tamam bezdirirdi. Təzə maşın alanda arvadı nə qədər dedisə də, o, köhnə “Mersedes”ini satmadı. Böyük qarajın bir tərəfində yer ayırıb əzizləyə-əzizləyə orda saxladı. …Yeznə onların yolda qaldıqlarını görüb geri qayıtdı. “Mersedes”də olan yükün, demək olar ki, hamısını öz ”Xammer”-inə yüklədi. Motorun bir az o yan-bu yanına baxıb nəsə qurdaladı və : --Əmi, bunu təmirə aparaydın gərək,--dedi. Köhnə “Mersedes” soluğunu alan qoca kəhər kimi dığıldayıb yoluna davam etdi. Günortaya yaxın mənzilbaşına çatdılar. Kəndin girəcəyindəki lövhədə məkanın adını oxuyanda Yaqubun ağlına gldi ki, burada bacanağının yaxın dostu olur. Bacanağı həmin adamı çox tərifləyir: --Yaxşı kişidir. Həm qonaqpərvər, həm də mərifətlidir. Arının dilini yaxşı bilir. Bal da satır,--deyirdi. Yaqub bacanağına zəng vurub müəllimin adını soruşdu: --Həmin kənddəyik. Arada onlara da baş çəkəcəm. Bal da almaq istəyirəm. Bacanağı : --Fərəməz müəllimdir adı,—dedi. Uşaqların səs-küyündən sözü yaxşı eşitməyən Yaqub adı “Fazil müəllim “ kimi yadında saxladı. Onların qaldığı ev kəndin aşağısında, axar-baxarlı bir yerdə idi. Böyük həyətdə iki yerdə kirayə üçün ikiotaqlı təzə mənzil tikilmişdi. Komfortlu gözəl mənzillər istirahət üçün çox uyarlı idi. …Rayonun, kəndlərin görməli yerlərini gəzən uşaqlar bulaqların başında, çay qırağındakı restoranlarda kabab yeməkdən bezikdilər . Üç gün sonra günorta evə qayıtmaq fikrinə düşdülər. Yaqubun ağlına gəldi ki, hələ də bacanağının dostunun evinə baş çəkməyib. Ona görə də yolüstü “Fazil müəllim”ə baş çəkimək üçün onun evinin axtarışına çıxdılar. İlk soruşduqları adam elə qaldıqları evin qonşuluğundakı yaşlı qadın oldu: --Ay xanım, Fazil müəllimin evi hardadır, bəlkə, biləsiniz? -- Can kızım, bu kəntdə, mən biləni, Fazil müəllim yuxdur axı, -deyə qadın cavab verdi,- Burda çoxi öyünü satıd, bəlkə, satıb gidib. Onlar üzüyuxarı kəndə sarı qalxaraq camaatdan Fazil müəllimi deyib soraqladılar. Çox axtardıqdan sonra, nəhayət, yaşlı bir kişi çomağı ilə üzüyoxuşa təpənin başını işarə edib dedi: --Can kardaş, bu kənttə Fazil müəllim yuxdur. Bir Fazil var, u da müəllim döyül, udu eeeyy, bax o təpənin başında ulur. Çuxlu da mal-heyvan, tuyux-cücə saxliyir. Evə qalxan yoxuşu görəndə Yaqubun qanı qaraldı. Çünki maşınına arxayın deyildi. Yeznəsi Amitabx Baççana bənzər donuq üzünü qaynatasına tutub : --Əmi, istiyirsən, mən uşaqları yığım maşına, qabaqda gedim . Ardımca da siz gələrsiniz,--dedi. Yaqub bir yeznəsinin “Xammer”inə, bir də öz köhnə “Mersedes”inə nəzər salıb qaşqabağını tökdü. Heç vaxt səhvini boynuna almayan tərs, inadkar adam təzə maşınla gəlməməkdə səhv etdiyini bilirdi. Yeznəsinə: --Yox, özüm qabaqda gedəcəm. Sən arxamca gələrsən,--dedi. Arvadı və qızı maşında qaldı, oğlu Şaiq sevincək yeznənin maşınına keçdi. Universitetin son kursunda oxuyan Şaiqin yeznə ilə sözü tuturdu. Yaqub “Ya Allah”-deyib qazı basdı. Yeznənin maşını xeyli aralıda qaldı. Görünür, qaynatasının maşınının qəfildən “zadnı” getməsindən qorxurdu. Maşın dik yoxuşu qalxdıqca Yaqub fərəhlənir, maşınını öyürdü: --Ay gözünə dönüm, belə haa. Səni də bəyənmir bəzi adamlar. Həyətə yaxınlaşanda darvazanın açıq olduğunu görən Yaqub sevindi. Düşündü ki, yaxşı oldu, birbaşa həyətə sürərəm. O, qazı artırıb güllə kimi açıq darvazadan içəri - həyətdə eşələnən çoxlu toyuq və hinduşkaların ortasına soxuldu. Toyuqlar pırıldaşıb hərəsi bir tərəfə uçuşdular. Hinduşkalar kənara qaçıb boğazlarını maşına sarı uzadaraq xorla qoqquldaşdılar. Təkərin altında qaldığı üçün özünü divarın dibinə çırpan toyuğu Yaqub o dəqiqə gördü. “Bayy”—eləyib cəld yerə düşərək yük yerinə tərəf qaçdı. Arvadı və qızı heyvan kəsmək üçün götürdükləri iri bıçağı əlinə alıb maşının qabaq tərəfinə keçən Yaqubu görəndə həyəcanla maşından düşüb ona tərəf qaçdılar. Həyətdə oynaşan uşaqların biri evə , qalanı onlara tərəf yüyürdü. İki dəqiqə keçməmiş Fazilin və onunla bir məhlədə olan qardaşının arvadı da evdən çıxıb maşına tərəf gəldilər. Hamı maraqla Yaqubun toyuğu kəsməsini eyni anda izləməyə başladı. Qadınlardan biri: -Kardaş, tuyuğumuzu niyə kəsi vərirsən? Hələ bir “salaməleyküm” eləməmiş bu nə işdir? Lazım ulsa, üzümüz kəsərik. Sən kimsən? Bizim qunaxsanmı?-deyə soruşdu. Başındakı yığnaqdan özünü itirən Yaqub: --Ay bacı, maşın qəfildən girdi içəri, toyuq təkərin altında qaldı. Kəsdim ki, haram olmasın. Sən Allah, bağışla,--deyib pərt halda gah uşaqlara, gah qadınlara baxıb üzrxahlıq etməyə başladı. Heç kim yarıyuxulu, düymələri qurşağacan açılmış köynəyin yaxasından bozalaq maykası görünən ev yiyəsinin həyətə çıxıb qır-vır edənlərə yaxınlaşmasını görmədi. Fazil toydan yarımçıq gəlib yatmışdı. Səs-küyə yuxudan oyanıb həyətə çıxanda əlində təzəcə kəsilmiş toyuq özünü itirmiş halda onun-bunun üzünə baxan Yaqubu görüb təəccübləndi: -Sən kimsən, kardaş? Tuyuğumzu niyə kəsibsən? Yeznənin də “Xammeri” öz möhtəşəm görkəmi ilə həyətə təşrif gətirdi. Maşından düşənlər də bir Yaquba və əlindəki toyuğa, bir də ev yiyələrinə mat-məəttəl tamaşa etməyə başladılar. Lamiyə adəti üzrə ərini vəziyyətdən çıxarmağa çalışdı: -Ay qardaş, biz Fazil müəllimin evini axtarırdıq. Bu evi nişan verdilər. Kişi də maşın “razqomla” sürdü. Toyuğu vurub. Bağışlayn, bir işdi, oldu. İstəsəz, pulunu verərik. Yarıyuxulu, yarısərxoş Fazil deyilənləri br an düşündükdən sonra anlaya bildi: -Kardaş, mən müəllim deyiləm, amma Faziləm. Siz bu evə xuş gəlibsiniz,-sonra arvadına dönüb,- -az Gühər, bu başıbəlalı tuyuğu al kişinin əlindən,-dedi. Gövhər toyuğu alıb həyətin o biri başında borudan axan sızqa suyun altında qanını yumağa başladı. Yaqub üzrxahlıq edərək: -Fazil qardaş, siz, deyəsən, biz axtardığımız adam deyilsiniz. Bağışlayın , heç yaxşı olmadı. Daha biz gedək,- deyib maşına tərəf getmək istəyəndə Fazil ərklə onun qolundan tutub: -Əşşi, nə müəllim, can kardaş? O Fazil, ya bu Fazil, nə fərqi var? Urdan bura gəlmisiz, bir tikə çörək yiməmiş hara gidirsiniz? Bəs o tuyuğu əziyyət çəkib kəsibsən, unun dadına baxmamış getmək istiyirsən?- deyərək güclə evə sarı çəkməyə başladı. Yaqub da, Lamiyə də təkidlə getmək istədiklərini bildirsələr də, Fazil bu göydəndüşmə qonaqları zorla evə apardı. Hinduşkalardan birini kəsdi və təmizləmək üçün qardaşı arvadına verib samovar salmağa başladı. Süfrə hazırlamaq üçün arvadına göstəriş verdi. Bayaqkı yarıyuxulu adamdan əsər-əlamət qalmamışdı. Bir həvəslə işləyirdi ki. Onun hərəkətlərini narahatlıqla izləyən Lamiyə ərinə: -Bunlar dəm-dəsgah düzəldirlər. Biz yubansaq, gecəyə düşəcəyik. Sənin maşının da yarımcan. Qalarıq yolda. Gəl çıxaq gedək,- deyə yavaşca pıçıldadı. Ev adamlarının canfəşanlıqla ora-bura qaçdığını görən Yaqub əli ilə arvadına “Otur”-işarəsini verdi. Bir azdan artıq yemək hazır idi. Qadınlar üçün üzbəüz otaqda süfrə açmışdılar. Fazil ilk badəni qonaqların sağlığına qaldırdı: -Can kardaş, sən bura, mənim evimə xuş gəlibsən. Yaxçı adamlara, dustlara can kurban. Elə dağılmışdım ki. İçmək, üstünü düzətmək istiyirdim. Qardaşım uğraşa dedim, yaxasını ələ vərmədi, mənə yuldaşlıx eləmədi. Öz dustlarıynan gitdi. Səni Allah yetirdi. Fazil həvəslə qonaqlarına qulluq edir, hinduşka kababının ən yaxşı tikələrini Yaqubun boşqabına qoyurdu. Bir azdan zoğal arağının havası başına vuran ev yiyəsi qüssə ilə gah Yaqubun, gah yeznənin üzünə baxıb: -O boyda mağarda o uğraşı uturtmağa yer tapmadılar elə bil. Gətirib mənimlə üzbəüz uturtdular. Özümdə deyiləm. Sinəm yanır. Buram, bax buram yanır,- deyib yumruğu ilə sinəsinə döyəclədi. Əlində padnos içəri girən Gövhər ərinə gözünü ağartdı. Fazil toyda onun bir vaxtlar sevdiyi qızı qaçıran və qonşu kənddən olan adamla rastlaşmışdı. O adamı hər dəfə görəndə köhnə yaraları təzələnirdi . İndi də ərinin qonağın yanında içini tökəcəyindən ehtiyat edən Gövhər sözü yayındırmaq üçün: --Fazil, qunağın arvadı diyirdi, maşınları bir az xarafdı. Ona, bəlkə, əl gəzdirəsən. Uzax yula çıxacaxlar. Yarı yulda qalmasınlar. Kişi elə bil buna bənd imiş. -Can kardaş, maşının nəyi xarafdı? Mənim başım çıxır. Dur, baxax. Kabab tikəsini tələsik ağzına qoyub əlini silən Yaqub: --Əşşi, o qədər də ciddi şey deyil. Necə gəlib, elə də gedəcək. Yeməyin üstündən yarımçıq durma. Söhbətin üstünə Fazilin qardaşı da gəlib çıxdı. Qonaqlarla görüşüb qardaşı və Yaqubla “Mersedes”ə baxmağa getdilər. Evin arxasındakı kiçik emalatxananı görəndə Yaqub çox təəccübləndi. Burada maşın təmiri üçün çox şey vardı. --Ay Fazil, qardaş, əməlli-başlı emalatxanan varmış ki. Sən, motor ustasısan?- deyə Yaqub soruşdu. -- Ustası idim, kardaş. Bir vaxtlar işim yaman “xod” gidirdi . Sonra “zapçast”ların qiyməti bahalaşdı. Maşınımı satdım, yenisini ala bilmədim. “Zapçast”ları gətirmək də baha uturdu üstümə. Müflisləşdim, həvəsdən düşdüm, bu işdən əl çəkdim. Keçdim heyvan saxlamağa, əkin-biçinə. Arı da saxliyirəm. Kişi hər yerdə pul qazanmağı bacarar. Mən külfəti korluqda saxlayan kişilərdən döyüləm. Gərək adamın ürəyi, fərasəti ula. Zəhmət çəkənə Allah verir. Fazil və qardaşı qısa müddətə ehtiyat hissələrini quraşdırıb maşını tam saz vəziyyətə gətirdilər. Yaqub bu qədərini gözləmirdi. Evə qayıdıb yeməyi davam etdirəndə ağlına gələn təklifi etdi: -Fazil, sənin əllərin qızıldır. Bir-iki inəyini sat. Aşağıdakı meydançada emalatxana tik. Ehtiyat hissələrini münasib qiymətə alıb göndərəcəm. Yayda bura minlərlə turist, dincəlməyə gələn olur. Yaxşı qazancı var bu işin. Şərikli işlədərik. Qardaşın da kömək eliyər. Bu işlə bərabər mal-heyvanı da saxlaya bilərsiniz. Göydəndüşmə təklif hər iki qardaşın ürəyincə oldu. Yeznə mısmırığını sallayıb baxır, söhbət ona maraqsız görünürdü. O, həyətə çıxmaq üçün başı ilə qaynına işarə etdi. Yeznənin arxasınca həyətə çıxmaq istəyən Şaiq qadınların oturduğu üzbəüz otaqdan çıxan qızla rastlaşanda təəccübdən böyümüş gözlərini ona dikib yerində dondu. O, səsini qısaraq: - Sən burda neyliyirsən, Züleyxa? Bura sizin evinizdir? Nə qəribə təsadüfdür. Mən səni çoxdan axtarırdım,--dedi. Sifəti pörtmüş qız yavaşca: - Hə, bizim evimizdir. Buralıyam. Məni neynirdin?-deyə soruşdu. - Düz İki aydır səni düşünürəm. İclasdan sonra arxanca gəldim metroya. Çatdıra bilmədim. Getmişdin. Telefonunu da bilmirdim. İnstitutun qabağına neçə dəfə gəldim, görə bilmədim. Fikirləşirdim ki, yeni dərs ilində gəlib səni tapacam orda, - deyə Şaiq özünün də təəccübləndiyi bir cəsarətlə qızı söhbətə tutdu,- sonra tələbələrin yığıncağına da gəlmədin. - Vaxtım olmurdu. İmtahana hazırlaşmağa ancaq vaxt tapırdım. Getməliyəm. Anam gözləyir,- deyə qız tələsik mətbəxə cumdu. Şaiq də onun ardınca içəri girib: - Telefon nömrəni de. Yazıb gedəcəm. Sonra danışarıq,- dedi və mobil telefonunu çıxarıb qızın qorxa-qorxa bir gözü qapıda dediyi nömrəni yazıb mətbəxdən həyətə çıxdı. Taleyin rastlaşdırdığı şanslı sürprizdən bərk həyəcanlanmışdı. Ürəyi quş ürəyi kimi pırıldayırdı. Yeznəsi onun birdən-birə belə dəyişməyinə təəccüblənib: - Noolub? – deyə soruşdu. Şaiq: - Heeç… Heç nə olmayıb,- desə də, ona nəsə olduğu açıq-aşkar bəlli idi. O biri otaqdan qadınların şirin söhbətləri eşidilirdi. Lamiyə qadınlara saç boyalarının sirlərindən, təbii üz maskalarından, bitkilərlə müalicədən məsləhətlər verir, eltilər həvəslə qulaq asır, kiçiyi qeydlər edirdi. O, danışsa da, diqqəti Züleyxada idi. Uzun xurmayı saçını hörüb arxasına atmış sarışın qızın gözəlliyi gözlərini qamaşdırırdı. Bir azdan domino oynayan kişilərin səs-küyü evi başına götürdü. Qadınlar da böyük zala keçib çayı kişilərlə birlikdə içdilər. Şaiq gözünü Züleyxadan çəkmir və bu Lamiyənin nəzərindən yayınmırdı. Səhəri gün aldıqları balı, nehrə yağını və pendiri maşına yükləyən gözlənilməz qonaqlar yüz ilin tanışı, dostu kimi vidalaşdılar. Yaqubgil yenicə yola düşmüşdülər ki, bacanağı zəng vurdu: -Yaqub, Fərəməz müəllimgilə gedə bildiniz? - Fərəməz kimdir?- deyə Yaqub soruşdu. - O kənddəki dostum. Bəs o günü demədin ki, gedib onlara baş çəkəcəksən, bal alacaqsan? Yaqub: -Yox , gedə bilmədik. Daha lazım olmadı, -dedi. 30 dekabr 2019
© 2020 - Created by İLK XEBER.