Söz sənəti zamanın ovqatının güzgüsüdür. Zamanın nəbzini tutan yazılar əbədi söz ömrü yaşayır. Yazılan həm də tarixdir. Bu günümüzün qanımıza susayan Koronavirus adlı gözəlini biz sevməsək də, o, bizdən əl çəkmir. Gələcək nəsillər bizim bu taclı gözəlin əlində girinc qaldığımızı bilib təəccüblənəcəklər. Bu olaylar haqqında indi yazılan ədəbi əsərlər gələcəkdə tarix olacaq. Bu günlərin ədəbi nümunələri ədəbiyyat tarixində "Koronavirus ədəbiyyatı" dövrü kimi xatırlanacaq. Aysel Səfərlinin "Karantin" silsilə şeirləri, şair Rəfail Tağızadənin "Qara kabus"u, Pərvanə Bayramqızının "Bir zolaq gün işığı yaxud Koronaqoca" hekayəsi, Seymur Allahverdiyevin ağrılı hekayəsi "Koronavirus ədəbiyyatı"nın yaddaqalan nümunələri sayılacaq. Aysel xanımın "dünyanın karantininə bənzəməyən" poetik əhvalı "Taclımadam"a ( Koronavirusa belə ad qoydum) meydan oxuyur. "Dünya pandemiya yuxusunda sayıqlasa da" Aysel xanımın gecə duyğuları tükənməz həyat eşqidir, yaşamağa, ilahi eşqi anlamağa çağırışdır. Aysel xanımın sıxıntılarını "çiyələk qoxusuyla əzizləyir" qələm və ruh bacısi Rəbiqə xanım. Ona görə də Aysel xanımın Rəbiqə xanımlı günləri "mürəbbə dadında"dır. Belə şirin əkizlərə Taclımadam neyləyə bilər ki? Taclımadam həyat eşqlilərə yaxın dura bilməz. Aysel xanımın həsrəti də həyat eşqlidir, hamıya doğmadır. Əslində həsrət sevgi imtahanıdır. Aysel xanım bu imtahandan kəsilə bilməz. Bilir ki, həsrətin sonu vüsaldır: Yenə yoluxma sayı artmışdı vücudumda sənsizliyin, Darıxmağın nağılını danışırdı gözlərim. Şəhərin insandan yoxsul küçələri kimi kimsəsiz idi ruhum, Süni nəfəs aparatında havası çatmırdı dodağımda sıxılan sənə deyəmmədiyim sözlərin... Yoxluğun ayrılıq köynəyində ən böyük virus kimi üşüyürdü canımda... Aysel xanımın şeirlərindəki yeni fikirlər, bənzərsiz bənzətmələr həmişə məni məftun edib. "Karantin" şeirində də: Polis geyimində dolaşırdı tənhalıq... Cəza yazılmışdı küçələrdə Məvacibsiz dolaşan ümisizliyə bu səhər... Taclımadam gələndən "küçələr boyu sevişirdi təklik, spirt qoxulu virus sərxoş addımlarıyla lərzəyə gətirdikcə küçələri qorxunc maskaların altında" gizlənmişdi bədxahların yalançı təbəssümü, qorxulu zəhərin dozası məlum deyildi. Dostun uğuruna darılanların qara niyyətlərini də oxumaq olmurdu sifətindən. Aysel xanım isə həmişəki kimi ilahi işıq selindədi: Nəm saçlarını yastığa dağıtmışdım arzularımın... Həsrətimin titrək nəfəsini Qurtum-qurtum içdim. İllər sonra Ruhumun karantin boşluğundan çıxıb, Cənnətindən keçirdim... Ruhun cənnəti... Həsrətin bu qədər şirinliyi olarmı, İlahi! Aysel xanıma "sənsizlik şairi" titulunu verəndə yanılmadığıma həmişə sevinmişəm... Rəfail Tağızadənin həssas qəlbi bu həyata - "başımızın üstündəki qara kabusun yaratdığı qara boşluğa, hamının öz içinə, öz yatağına, öz otağına çəkilməsinə" yaddır. "Dostlarsız bir günüm olmasın mənim" deyən böyük B.Vahabzadənin sözləri Rəfail müəllimin həyat kredosudur. Bu ünsiyyətcil, dostluğa sadiq insanı Taclımadam qadağaları amalından ayıra bilməz. Onun "Qara kabus" şeiri həm də özünün özünə hesabatıdır: Bizi bağışlarmı görən təbiət? Əllər görüşlərin həsrətindədi, Üzlər öpüşlərə tamarzı qalıb. Baxış pəncərəyə dəyib qayıdır... Hava da təzədən qışa köklənib... Şair bu dünyanın ağrı-acısını ürəyinə çəkmək üçün Tanrının göndərdiyi loğmandır. Rəfail müəllim də tənha insanların, insan nəfəsinə həsrət bənövşələrin, insan əllərinin hənirinə boylanan yarpaqların, üşüyən ağ çiçəklərin halına acıyır, sözlə məlhəm qoyur. Taclımadam bu humanizmin qarşısında tab gətirərmi?.. Pərvanə Bayramqızı "Bir zolaq gün işığı yaxud Koronaqoca" hekayəsində yeni obraz yaradıb- "Koronaqoca. İnanıram ki, bu obraz hələ uzun əsrlər boyu oxucuların və ədəbi tənqidin çörəyini yeyənlərin xatirində qalacaq. Bu fikrimə görə müəllimlərdən üzr istəyirəm, Koronaqoca bu günün Cəbiş müəllimidir. Hekayənin süjet xətti həmişə aktual olacaq gənclərin tərbiyəsi, ahıl yaşlı insanlara münasibəti və bu gün insanı təntidən pandemiya həyəcanı üzərində qurulub. Hekayə gənclərin qocaman müəllimlə "latayır" söhbətlərindən başlayır, Taclımadamın işləkləri ilə qurtarır. Müəllimin enli şalvarını lağ obyetinə çevirən gənc Nazimə "a bala, bu şalvarın keyfiyyətindən danış ey, sən geyinən finkadan deyil ki, iki gündən sonra dizləri deşilsin" eyhamında sadəlövhlük yox, şüuraltı həyat və əxlaq dərsi gizlənib. Bu gizlini anlamaq iqtidarında olan gənclik gələcəyimizin qaymaqları olacaq. Pərvanə xanımın qocaman müəllimin "bu dünyanın sakini deyil" düşüncəsinə haqq qazandırıram.Bəli, qocaman müəllimin mənəvi aləmi belə çirklənmiş mühitdə özünü yad hiss etməlidir. Hekayənin kulminasiya nöqtəsi Taclımadamdan başqa simsarı olmayan qocanın tənhalığıdır. Amma sonda ona yardım gətirən, onun qulluğnda durmağa hazır olan şagirdinin müəllimin evinə gəlməsi tənhalığın və qocaları caynağına keçirmək istəyən Taclımadamın ölümünə vəsilədir... Dostumuz Seymur Allahverdiyevin hekayəsi bizi siçan ilinin ilk dörd ayının işləkləri ilə tanış edir. Bu dörd ay Rəfail müəlimin dediyi "qara kabus" kimi unudulmayacaq. Seymurun hekayəsində də bir ağ nöqtə tapmaq olmur. "Yarasa formasında qara buludun qanadlarını açaraq bəşəriyyətə hücumu bədii dillə təsvir edilən tarixdir. Tarixi faktlarla bədii təxəyyül birləşərək çağdaş zamanın Taclımadam epoxasının vahiməli anları təsvir olunan hekayədə Çindən olan iş adamı ilə iranlı həmkarının iş birliyindən yaranan Taclımdam olayları maraqlı yanaşmalarla qələmə alınır. Pəncərədə görünən yarasa balası bütün bəlaların başlanğıcıdır. Çinli və iranlı iş adamlarının görüşməsi nəticəsində onları Taclımadamın öldürməsi hamımızı sarsıdır. Bəşərin hər xoşniyyətli övladı bizə əzizdir. Amma Cəlilabadlı Rafiqin ölümünə daha çox acıyırıq. Niyə? Neçə illər öncə tibb bacısı işləyən həyat yoldaşı ilə mübahisə edib, ailəsini başsız qoyub, uşaqlarının taleyindən xəbərsiz Rafiq son məqamda Vətənə qayıdır. Gömrük keçid məntəqəsində Rafiqi karantinə alırlar: "Analizlərin cavabı müsbət çıxdığından onu palataya yerləşdirirlər.Rafiq bir-iki gün karantində qaldıqdan sonra halı pisləşdiyinə görə onu ağır vəziyyətli xəstələr olan palataya keçirdilər. O, yataqda uzanıb ağ xalatlı, eynəkli həkimlərə, tibb bacılarına diqqətlə baxırdı. Ona elə gəlirdi ki, həyat yoldaşı da bu ağ xalatlıların içində olacaq. Amma tanıya bilmirdi". Son anında gözləri tutulmuş, heç kimi tanımayan Rafiqin başının üstündə bir nəfər tibb bacısı dayanmışdı, onun yanından aralanmırdı. Həkim təəssüflə "artıq gecdi" deyəndə tibb bacısı əlcəyini, eynəyini çıxararaq" Rafiqə tərəf əyilir və nakam sevgisinin yolunda canını qurban verir. Seymur "Taclımadam dastanı" yaradır... Seymur Allahverdiyev məni duyğulandırdı. Ramiz Rövşənin misralarını ürəyimdə pıçıldadım: Bir kərə nə saçını oxşamışam, nə gözünü silmişəm, Gözlərimə batır indi saçlarının hər dəni. İllər boyu bu qadına mən axı dərd vermişəm, İndi görən niyə çəkir dərdimi?! ... Bütün məni ağlayanlar kiridi, Sən də kiri, qəbrim damır, ağlama!.. Tanrım, Taclımadamın nazından qoru bizi! Biz nazlıların nazına tez aldananlarıq. Kərəm kimi... 29 aprel 2020.
© 2020 - Created by İLK XEBER.