Yenə deyəcəklər, dilini dinc qoymur... Yenə deyəcəklər, yetənə yetir, yetmədiyinə bir daş atır. Yenə deyəcəklər, “babam mənə kor dedi, gələnə-gedənə vur dedi” prinsipi ilə hərəkət edir. Vallah, belə deyil... Billah, belə deyil... Tallah, belə deyil... Mən susuram, siz deyin. Oxudum və təəccübləndim... Sonra çıxdım eyvana, gördüm yar gəlir... Yox eee, nə yar... Sərçələrə tum verdim, onlardan məsləhət almaq istədim. Cavabları belə oldu: “Sən canın, 5-10 dənə tum veribsən, burnumuzdan gətirmə. Nəyimizə lazım, İvan yerisin, balası da dalınca...”. Sonra bir siqaret yandırıb, tüstüsünü Ana Vətənin həsrətlə mayın 1-i gözləyən səmasına ötürdüm. Sonra yadıma düşdü ki, mətbəxdəki siçanımla məsləhətləşməmişəm. Sizdən yaxşı olmasın, çox müdrik siçandı... Ona da dedim, cavabı eynən sərçələrinki kimi oldu: “Sən canın, həftədə bir yulaflı peçenye verirsən, onu da burnumdan gətirmə. Nəyimə lazımdı? İvan yerisin, balası da dalınca...”. Həri. Haqlı idilər. Sonra kərtənkələmi harayladım, səs vermədi. Qarışqaları aradım, yuvalarından çıxmadılar. Görünür, şoğəriblərin hamısı növbəti tənqid hədəfinin titullarından və ya “əhatə dairəsindən” ehtiyat edir. Demək, məsələ belə olub. Bir nəfər belə bir təmsil paylaşıb: “Qurd təzəcə küçükləmişdi. Küçüklərinin yeri dar idi. Qonşuluqda Dovşanın sahəsi geniş idi. Qurd çox düşünmədən hücum edib Dovşanın sahəsinin yarısını işğal etdi. Dovşan da qabağından yeyən deyildi, status-kvo ilə barışmayıb etiraz səsini ucaltdı: “Bu, qanunsuzdur! Haqqınız yoxdur! Beynəlmeşə hüququna ziddir! Mən Şirə, Ayıya, AT-a şikayət edəcəm!” Qurd təmkinini pozmadan sakitcə dedi: “Bilirəm, qanuna ziddir. Ancaq inan ki, ehtiyacım olmasaydı, bu torpağa göz dikməzdim. Başa düşürsən? Mənə lazımdır. Həm də tarix kitablarında oxumuşam ki, bu torpaqlar mənim ulu babam Boz Qurdun olub!” Bu həyasızlığın qabağında nə deyəcəyini bilməyən Dovşan qanrılıb geriyə baxsaydı, görərdi ki, Şir, Ayı və AT arxada durub Qurda göz vururlar... 23.04. 2020” Bu “təmsil”i oxuyan doqquz nəfər hesab edib ki, müəllif alleqoriyadan çox düzgün istifadə edib və ona qıpppppqırmızı “əla” işarəsini ərmağan edib. Dörd nəfər kədərlənib, qoyduğu “smayl”ın gözündən bıldır-bıldır yaş axır (vaxsey, gör nə zəmanə gəlib ki, Qurd belə dovşana “xox” gəlir), 93 nəfər isə baş barmağın şaquli mövqeyi ilə status-təmsili bəyəndiyini bildirib. İndi hörmətli oxuculardan soruşuram: 1. Orta məktəb şagirdi də bilir ki, təmsillərdə dovşan qorxaqlıq, tülkü biclik, canavar isə cəsarət, güc, yırtıcılıq simvoludur. Doğrudanmı, biz dovşan qədər qorxaqıq? Bədnam qonşuları qurdla, əcdadlarını Boz Qurdla simvolizə etmək gülünc deyilmi? 2. Müəllif sonda yazır ki, “Bu həyasızlığın qabağında nə deyəcəyini bilməyən Dovşan qanrılıb geriyə baxsaydı, görərdi ki, Şir, Ayı və AT arxada durub Qurda göz vururlar...”. Doğrudanmı, belədir? Yəni Azərbaycanın siyasi rəhbərliyi dediyiniz “Şir, Ayı və AT”ın Ermənistana yan basdığını dəfələrlə qeyd etməyibmi? Hələ dağdakı çoban da bunu bilir. Deyəsən, təkcə təmsil müəllifi bixəbərdir. Azərbaycanı simvolizə edən Dovşanın həm də abdal kimi verilməsi ilə müəllif nə demək istəyir? 3.Tutalım, heç Azərbaycan və Ermənistana eyham vurulmur, bir qurdun dovşana sitəm etmək üçün hiyləgərliklə Şir, Ayı və AT-la sövdələşməsi əqli-səlimlə qəbul edilə bilərmi? Deyəcəksiniz, yəqin, bunu yazan uşaqdı, bir səhvdir, edib. Mən də nəyə görəsə hirsliyəm, hikkəmi tökməyə adam axtarıram. Vallah, belə deyil... Billah, belə deyil... Tallah, belə deyil... Bunu yazan uşaq deyil, əxəvizadə... Bunu yazan... filoloq, AMEA-nın həqiqi üzvüdür. Etik mülahizələrdən adını çəkmirəm.. Xeyirli çərşənbələr....
© 2020 - Created by İLK XEBER.