Yaddan çıxmış hədiyyə

Salman kişinin nəvə-nəticəsi çox idi. Beş oğlandan, üç qızdan nə qədər desən uşaq əmələ gəlmişdi. Hamısı ona “baba” deyirdi, hamısını da qoca bağrına basıb qızğınlıqla öpürdü. Bəlkə, bu ətrafda nə belə mehriban baba, nə də belə mehriban nəvələr yox idi. Yüz uşağın arasında o nəvəsini görən kimi tanıyıb yanına çağırardı, qucaqlayıb o üzündən, bu üzündən öpərdi. Amma Salman kişi nəvələrinin hamısından çox ata evində onunla birlikdə yaşayan oğlu Hafizin uşaqlarını sevərdi. Çünki Salman kişi özü demişkən onlara höyür salmışdı. Hafizin böyük oğlu Sənan Salman kişidən bir addım da kənara getməzdi. Salman kişini evdə, həyət-bacada görməyəndə oğlan canını qoymağa yer tapa bilməzdi, qəfəsə salınmış quş kimi vurnuxardı. Axı o gözünü açandan babasının qucağında olmuşdu. Salman kişinin yanında olanda Sənanın yadına nə anası, nə atası, nə də nənəsi düşərdi. Böyüyüb məktəbə gedəndən sonra onun babasına olan münasibəti dəyişməmişdi. Məktəbdən gələn kimi evdəkilərə “babam hardadır” sualını verərdi. Sənan artıq böyük oğlan olmuşdu. Çörək qazanmaq üçün iş-güc dalınca gedərdi. Günlərlə, həftələrlə evdə olmasına baxmayaraq babasına olan mehri-məhəbbəti azalmaq bilmirdi. Bir gün Sənan Salman kişiyə: -Baba, - deyə müraciət etdi, - bu yaxınlarda xaricə işdəməyə gedəcəyəm. Orada iş bizi gözdəyir. Yaxşı pul qazanıb qayıdacağam. -Nə bilirsən iş səni gözdəyir, bala,  - Salman kişi xəbər aldı. -Bizə oğlan gəlirdi ha, İman, yadında deyil, baba? -Yadımdadı, Məşədi Sərxanın oğlunu deyirsən. -Hə, onu deyirəm. Yaman diribaş oğlandı. Bir ay bunnan əvvəl onu xaricə göndərdik ki, gedib iş tapsın. Tapıb. Bizi də çağırıb. Ancaq, baba, sənnən ötrü darıxacağam, lap burnumun ucu göynəyəcək, sən hər mənim yadıma düşəndə.... -Sənə də, yoldaşlarına da uğur arzulayıram. Özüzü qoruyun. Mənnən ötrü darıxma. Mən öz evimdəyəm. Özü də mənə burda ayağın yandı, geri çək deyən yoxdur. Sənnən gedən uşaqların babası yoxdur? Sənan ani olaraq gözlərini qıydı, sonra dedi: -Hamısının babası var. Niyə xəbər alırsan, baba? -O uşaqlar necə, sən də elə. Bala, elə bilirsən olar babaların istəmirlər? -Mənim qədər istəmirlər. Bir də axı onların babaları mənim babam kimi yaxşı adam deyil. Babaları onları sən məni sevən qədər sevmir. Onların babaların heç kəs xəbər almır. Hamı mənnən səni xəbər alır və “yaxşı kişidir” deyirlər. Yaşdılar deyir ki, baban kolxoz sədri işdəyəndə biz bəydən-xannan yaxşı yaşayardıq. Heç nədən korluğumuzun olmurdu. Pulumuzu xərcləməyə yer tapa bilmirdik. Kolxozçuların güzəranı sənin babanın güzəranından yaxşı olurdu. Qoca müəllimlər də səni məndən tez-tez xəbər alırlar. Deyirlər, bütün vəzifəlilər sənin baban kimi olsaydı, Sovet hökuməti dağılmazdı. Belə vaxtlarda yoldaşlarımın rəngi dəyişir. Məndən danışmaq belə istəmirlər. Sənan babasının qırışlar içərisində itmiş gözlərinə bir neçə saniyə dinməzcə baxdı, sonra: -Kolxoz nə təhər şeydi, baba? - xəbər aldı. -Necə deyim, bala. Kolxoz belə idi ki, hamı bir yerdə işləyirdi. Kim çox iş görürdüsə, çox əmək haqqı alırdı. Az işdəyənnər isə az alırdılar. -Kolxoz indikinnən yaxşı idi, baba? -Yox, indi yaxşıdı. Amma kolxozun da yaxşı cəhətləri vardı. Müəllimlər, bəlkə də, düz deyirlər, savatdı adamdılar. Ancaq Sovet hökuməti indiyə kimi qala bilməzdi. Qalsaydı da adamın başınnan papağın götürüb qaçardılar. Ayaqqabısın ayağınnan çıxardardılar. Son vaxtlar Sovet hökumətində “başdı başın saxlasın” idi. Axır illər Sovet İttifaqında intizam deyilən şey qalmamışdı. İldə, iki ildə bir rəhbər dəyişirdi. Çernonkonu balıqnan zəhərlədilər, Andropovu kabinetində zəhərli güllə ilə vurdular. Hakimiyyətə dil pəhləvanı Qorbaçov gəldi. O da bir iş görə bilmədi. Hökuməti dağıtdı. ...Sənan xaricə gedəndən sonra Salman kişinin rahatlığı olmadı. Səhərdən axşama kimi həyətdə o yana getdi, bu yana getdi. Həmişə də dodaqları tərpənirdi. Beş dəqiqə olsun belə bir yerdə dayandığı olmurdu. Çiskin yağışdan əvvəl göyün üzü necə qara buludlarla örtülər, Sənan gedəndən sonra babasının da üzü qapqara olmuşdu. Qaş-qabağı açılmırdı. Həmişəki şirin söz-söhbəti yoxa çıxmışdı. Kişini dindirmək belə mümkün deyildi. Təbiətinə rəğmən mülayim olan qoca tamam dəyişmişdi. Deyilən xoş söz də onu hövsələdən çıxardırdı. Sənana zəng eləyərək dedilər ki, babanın sənə görə dincliyi yoxdur, çox darıxır. Gecələr də yata bilmir. Elə hey gəzinir, dodaqları tərpənir, amma kim ilə danışdığı, nə dediyi bilinmir. Ona hərdənbir zəng elə, danış, qoy ürəyi açılsın. Sənan dedi ki, zəng eləsəm də, onnan danışa bilməyəcəyəm, ağlayacağam. Babamın vəziyyəti bir az da pisləşər. Yaxşısı budur ki, ona məktub yazım, qoy məktubu oxusun, sakitləşsin. Sənan babasına böyük bir məktub yazdı. Bunu zərfin qalınlığından bilmək olurdu. Salman kişi məktubu alıb dodaqlarına yapışdırdı. Bəlkə, onu iyirmi dəfə öpdü, göz yaşlarısa məktubu əməlli-başlı islatdı, elə bil onu suya salmışdın. Kişi ovunmaq bilmirdi, çiyinləri də atılıb-düşməyinə ara vermirdi. Evdəkilərin uşaqdan-böyüyə qədər hamısı Salman kişinin başına toplaşmışdı. Elə bil ona deyilən sözlərin birini də eşitmirdi. Ağlayıb ürəyini axıra qədər boşaldandan sonra məktubu açıb oxumağa başladı. “Dədə, sənə odlu salamlar göndərirəm. Vəziyyətimiz çox yaxşıdır. Bizə azərbaycanlıyıq deyə yaman hörmət eləyirlər. Sən demə, azərbaycanlılar dünyanın ən yaxşı xalqı imiş, burda biz ermənilərlə də qardaş kimi dolanırıq, onlar qafqazdakı ermənilərə oxşamırlar. Ürəklərində xılt yoxdur, bizə kömək əli uzadırlar. Baba, vallah, mən hər şeyin düzün yazıram. Burda nə ki xalq var, hamısı onlara deyirlər ki, günah sizdədi. Sizi Qarabağdan qovan yox idi ki. Nə qazandınız atılıb-düşməknən, dünya xalqlarının hamısı sizi təcavüzkar, yəni başqasının torpağını zəbt eləyən deyirlər. Burdakı ermənilər deyirlər ki, Allax haqqı, dediklərizin hamısı düzdür. Bizim əlimizdən nə gəlir ki. Ermənilərin saqqızını Koçaryanlar, Sərkisyanlar uddular. Hakimiyyətə gəlmək üçün onlar elə bir biabırçı vəziyyət yaratdılar. İndi də onların əlinnən ermənilərin yaxasını qurtarmaq olmur. Biz istəyirik ki, Ter Petrosyanın dediyi kimi olsun, əvvəlki kimi canbir qardaş olaq. Amma biz ermənilərə inanmırıq. Baba, buranın havası da gözəldir. Hər gün azca yağış yağır, tozu-zadı yuyur. Yağanda elə bilirsən bir də hava açılmayacaq. Bir azdan sonra bir də görürsən ki, günəş çıxdı, adamı tər basdı, pencəyi çıxardırsan. Baba, ancaq bizim tərəflər də çox gözəldir, yayda günəşin altında yanırsan, bəzi xəstəliklər adamın canından çıxır. Qış vaxtı da şaxta heç kəsi şikəst eləmir bizim diyarda. Nəbi Xəzrinin iki sətrini yeri oldu-olmadı tez-tez pıçıldayıram: Deyirəm Vətənin bircə qış günü Yaxşıdır baharın yüz baharından. Baba, hər şeysiz yaşamaq olar, amma vətənsiz yaşamaq olmaz. Mənə desələr ki, səni bir də Azərbaycana qaytarmayacayıq, bağrım çatdayar, ölərəm. Vətən nə şirin şeymiş. Qürbətdə olanlar bunu yaxşı bilirlər. Baba, elə bilmə, mən evə tez qayıtmaq istəyirəm. Yox, darıxmıram, iş başımı elə qatıb ki, gözümü belə aça bilmirəm. Biz burda bir arzuynan işdəyirik, evdəkilərin maddi vəziyyətini yaxşılaşdıra bilək. Baba, hamıya mənnən salam de, ən əvvəl nənəmə, anama, atama, qardaş-bacılarıma. Baba, səni öpüb bağrıma basıram!” Salman kişi uzun müddət, yəni iki-üç ay məktubu cibində gəzdirdi. Hər dəfə qoltuq cibindən çıxardanda əvvəlcə onu öpərdi, sonra isə onu oxuyardı. Məktubdakı cümlələri bəlkə də əzbərdən bilirdi. Daha nə həyət-bacada fikrə gedərək gəzdiyi olurdu, nə də əvvəlki kimi dodaqları tərpənirdi. “Balam məktubu şair kimi yazıb. Aparın verin ədəbiyyat müəlliminə, qoy onu qırmızı qələmlə yoxlasın. Bir dənə səhv tapa bilməz. Hər adam onun yazdığı məktubu yaza bilməz. Mən də azdan-çoxdan oxumuşam. Danışmağa şor da verməzdər. İki cümlə tapıb yaza bilmərəm. Yazsam da səhvnən dolu olar. Qoy gəlsin, ona deyəcəyəm, getsin ali məktəbə girsin. Gələcəkdə alim olar. Altı oğlun ola-ola biri barı ali məktəb, texnikum qurtara bilməyə, biabırçılıqdır. Əldən qoymaram Sənan balamı. Mənim sözümnən çıxmaz. Nə olur-olsun qoymaram onu bisavad qala. Lap seçmə məktəblərdən birinə onu göndərəcəyəm”. Sənan səhər saat on-on bir radələrində zəng eləmişdi ki, bu axşam evdə olacağam. Günorta yeməyindən sonra Salman kişi sinəsini həyət qapısında dayanaraq yoldan gözünü gün batana kimi çəkmədi. “İndicə Sənanı gətirən maşın gəlib burda, düz mənim qabağımda dayanacaq” ürəyindən keçirirdi. Nə günəş öz mənzilinə enirdi, nə də Sənan gəlib çıxırdı. Arvadı gəlib Salman kişini uşağı dilə tutan kimi dilə tutub evə apardı. Şam yeməyinə hazırlıq görürdülər ki, qapı açıldı. Sənan hər əlində bir çamadan otağa girdi. Çamadanları elə qapının ağzında yerə qoydu və əvvəlcə bacı-qardaşlarını, sonra isə atasını, anasını, nənəsini və ən axırda babasını bağrına basdı. İki stəkan çay içəndən sonra çamadanları ortaya qoyaraq aldığı hədiyyələri ailə üzvlərinə paylamağa başladı. Sonra isə atasının, anasının və nənəsinin bağlamalarını tapıb özlərinə verdi. Oğlanın gözləri birdən babasının gözlərinə sataşdı. Kişi pörtüb qalmışdı. Özünü güclə ələ alırdı ki, ağlamasın. “Aman Allah, nə böyük qəbahətə yol vermişəm. Babam üçün hədiyyə almaq yadımnan çıxıb” pıçıldadı. Pıçıltısını özündən başqa heç kəs eşitmədi. Ailə üzvlərinin hamısı aldığı hədiyyəni qaytarıb qabağına qoydular. Sənanın ağzını açıb bir söz belə deməyə cürəti çatmırdı. Danışsaydı ağlayacaqdı. Oktyabr, 2014.