Bu gün böyük oftalmoloq alim, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Zərifə Əliyeva 1923-cü il 28 apreldə Naxçıvanın Şahtaxtı kəndində görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib. 1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi alan Zərifə Əliyeva Oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə görə, 1981-ci ildə o zamanlar bu sahədə ən yüksək mükafata - M.İ. Averbax adına mükafata layiq görülən ilk qadın olub. Çoxillik elmi-tədqiqat fəaliyyətindəki böyük xidmətlərinə görə 1983-cü ildə Zərifə Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. O, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, bir çox dərs vəsaiti, 150-yə yaxın elmi işin müəllifidir. "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr etdirdiyi elmi əsərini isə xüsusi qeyd etmək lazımdır. Çünki dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. Zərifə Əliyeva böyük alim olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin də həyat yoldaşı olub. Onlar 1954-cü ildə ömür yollarını birləşdiriblər. Lakin bu elə də asan olmayıb. Modern.az ümummilli lider Heydər Əliyevin Zərifə xanımla tanışlıq hekayəsini sizə təqdim edir.
© 2020 - Created by İLK XEBER.