Koronavirus pandemiyası dünya iqtisadiyyatının bir çox sektorlarına, xüsusən aviasiya və turizmə çox ağır zərbə vurub. Modern.az Ümumdünya Turizm Təşkilatına istinadən xəbər verir ki, 2020-ci ildə sərhədlərin bağlanması, ölkələrarası səfərlərin dayanması və s. səbəblərə görə turistlərin sayı 1,4 milyarddan 1 milyarda qədər azalacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə turistlərin sayının 40-70% arasında azalmasını proqnozlaşdırır. Ümumdünya İqtisadi Forumunun prezidenti Bulut Bağçı 2020-ci ildə turizm sferasının fantastik məbləğ - 1 trilyon dollar itirmə riskindən danışıb. “Turizm sektorunda hər il 1,7 trilyon dollar maliyyə vəsaiti dövr edir. Dövriyyənin bu il 70% azalmasını gözləyirik. Bu sferada 50 milyon insan öz iş yerlərini itirə bilər”- deyə Bağçı söyləyib. Ekspertlər İspaniya, ABŞ, Fransa, İtaliya, Türkiyə, Almaniya, Hollandiya və Tailand kimi hər il on milyonlarla turist cəlb edən ölkələrdə turizmin iqtisadiyyatın 60 fərqli sahəsi ilə birbaşa bağlı olduğunu bildirir. Sərhədlərin bağlanması və beynəlxalq səfərlərin dayanması ilə pozulan biznes zənciri ciddi təlatümlərə yol aça bilər. Turizm sektorunda çalışan 50 milyon insanın iş yerini itirməsi, bir çox turizm şirkətlərinin, operatorların, mehmanxana və qonaq evlərinin bağlanması gözlənilir. Bu sahədə canlanma optimist proqnozlara görə, yalnız ilin 3-cü rübündə yenidən canlana bilər. Turizm və Şimali Avropanın kurortlarının öyrənilməsi İnstitutunun eksperti Ulf Zontaq isə sektorun canlaması üçün atılacaq mərhələli addımları sadalayıb. “Öncə həmin regionlarda şəxsi mülkü olanların gəlişinə icazə veriləcək. Sonra gecələmək üçün gələn turistlərə icazə veriləcək. Xarici turizmin mayın sonlarından etibarən canlanmasını gözləməyə dəyər. Amma sərhədlərin tam açıqlması üçün daha çox zamana ehtiyac olacaq”. İflasdan xilas olmaq istəyən avropalı mehmanxana sahibləri isə yalnız hər 2-ci nömrəni müştərinlərin ixtiyarına verəcəklərini açıqlayıblar. Xüsusən, yay mövsümünün gəlişi xarici gəzintiləri həyatlarının bir hissəsi sayan insanlar üçün turistik səfərləri aktual edəcək. Ümumdünya Turizm Təşkilatının digər açıqlamasına görə, turizm sektorunun itkiləri onun son 5-7 ildəki gəlirləri bahasına başa gələcək. “2009-cu ildə qlobal iqtisadi böhran fonunda turizm sektoru 4% itki vermişdisə, 2003-cü ildə atipik pnevmaniyaya görə 0,4% azalma müşahidə olunmuşdu. Turizm sektorunun itkiləri 20-30% azalma göstərsə, maliyyə itkiləri 300-450 milyard dollar olacaq”. Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili turizm müəssisələrinin 80%-nin kiçik və orta biznesə aid olduğunu və bu sektorun qadınların, gənclərin, fermerlərin məşğulluğu üçün çox böyük önəm daşıdığını diqqətə çatdırıb.
© 2020 - Created by İLK XEBER.