“Aa” hərfi hərfbaşıdır, o həm də “əlif”dir, həm də “alfa”dır, açıq-qapalı, vurğulu-vurğusuz, hərəkəli-hərəkəsiz, bütün əlifbalar onunla başlanır. Finikiyalıların olsun, yunanların ya ərəblərin, fərqi yoxdur, “Aa” hərfi hər yerdə birincidir. Protosemit yazısı olsun, aramey yazıları olsun, hindlilərin devanaqari, Türk xalqlarının run əlifbası olsun, şaquli və üfüqi, sağdan sola, soldan sağa, alt-alta yazılan əlifbaların hamısında “Aa” başdadır. Hələ onu demirəm ki, Əbcəd hesabında “əlif” hərfinin qiyməti 1-dir, deməli, yenə Birdir, birinci yerdə durur. Mənbənin biri deyir ki, böyük “A” hərfinin qrafikası “öküz başı” deməkdir, böyük “A” hərfini tərsinə çevirsəniz, öküz başına oxşayar (?). Lap piktroqrafik yazıdır. Düzü, buna görə “Aa” hərfindən hərdən qorxuram da... Təəssüf, heroqliflərdən heç başım çıxmır, “A”sı varmı, yoxmu, bilmirəm. Bunu elə-belə, sözgəlişi dedim. VI əsrdə İslam Peyğəmbəri Həzrəti Məhəmməd demişdir: “Hər kim mənə bir hərf öyrətsə, mən onun qırx il qulu olaram”. Allahın elçisi, şübhəsiz, “Aa” hərfini nəzərdə tutub, çünki Başlanğıc odur. Mənbənin biri də belə deyir: “Vəhy kitabında İsa deyir ki, mən Alfayam...”, yəni, “hər şeyin Əvvəliyəm”. Bu da belə. Hazırda dünyada 350-dən çox əlifba var, hamısında “Aa” hərfi birincidir. İstəyirəm bir haşiyə çıxım: “Dörd dəfə əlifba reformasını yaşayan” bizim Azərbaycan əlifbası (hələ sonuncu və davam edən qoşa “yy” məğlətəsini demirəm) neçə dəfə dəyişsə də (gör ha!), incəvara, “Aa” hərfinin qədim yerini saxlamışıq. Vasif Sadıqlı, bəs, deyirsiz, bacarmırıq?! Ərəb dilində "hərflər" mənasını verən “Hüruf” sözü var, əgər “hərflər elmi” (“İlm-i huruf”) ilə ilahi sirlərə çatmaq mümkündürsə, bu nizamlı hərflərin başında yenə “Aa” (əlif) dayanır. Və ya ərəb dilində “Müqəttəə hərflər” ifadəsi var, bir adı da “təhəcci”dir (heca), o hərflərin başında da “Aa” hərfi durur. Hərfləri ismi-əzəmin rəmzi sayanlar hərflərin, xüsusən “əlif”in başlanğıc əzəmətini dürüst başa düşüblər. Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanan Hürufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir. Burada da, şəksiz, “Aa”ya (Əlifə) istinad olunur, çünki “Aa”nın hikməti böyükdür. Nəymiş bu hikmət? Mənbələrdə “A” hərfinin ifadə etdiyi mənalara baxaq. Məntiq elmində “A” universal pozitiv düşüncənin simvoludur. Hindistanda “A” uşaqların baxması qadağan olunan filmlərin işarəsidir. Kart oyunlarında “A” Tuzu bildirir. Siyasətdə “A” anarxizmin işarəsidir. Xristianlıqda “A” müqəddəs 3-lüyü bildirir. “A” pentaqramda hər guşədən oxunur (“Pentaqram” beşguşəli ulduzdur, “dünya üzərində güc, qüdrət və cəsarət deməkdir, hikmət və ruhun mənbəyidir”). ”Slavyanlarda “A” əlifbanın ilk hərfi olub “Mən”i bildirir. “A” Lomonosova görə, zamanın sonsuzluğudur. Əlkimyada “A” hər şeyin başlanğıcdır, Kainatın başlanğıcıdır. “A” eqonun simvoludur. Mənbələrə görə, “Aa” hərfi eramızdan əvvəl 1600-cu ildə Finikiya əlifbasında yaranıb. “Aa” hərfinin qotik, untsial, Roman, italik, script formaları var. Görək, tibb nə deyir: “A” vitamini bir sıra biokimyəvi proseslərdə iştirak edir. Sutkalıq tələbat 1-2.5 mq-a bərabərdir. Ən çox gözün görmə qabiliyyətinə təsir göstərir (Demək, buna görə, gözlərim yaxşı görür). ”A” vitamini orqanizmdə normal boy atma üçün zəruridir (“Normal”, bax, bu doğrudur, özümdən bilirəm). Bütün meyvə və tərəvəzlərdə “karotin” adlı maddə var, bu maddə qida həzmi aparatında “A” vitamininə çevrilir (yəqin ki, “A” hərfinin hökmü ilə!) və insan sağlamlığı üçün çox əhəmiyyətlidir (Hərfin gücünə bax!). İnsan qanının qrupları arasında A (II qrup) geniş yayılmış qan qrupudur, amma rezusunu bilmirəm. Böyük “A” öz yerində, kiçik “a” lap “kiçik çillə” şiddətindədir (Mistikaya bax!). Kiçik “a” fizikada təcil deməkdir. Bunun da mərkəzəqaçma və mərkəzdənqaçma xassələri varmış... onsuz iş, güc, zaman yoxdur... “Əlifba” sözü ərəb əlifbasındakı ilk iki hərfin (əlif, bey) adını bildirir. Bir çox başqa dillərdə də belədir: rus dilində “azbuka” kiril əlifbasının ilk iki hərfini (az, bukı), bir sıra Avropa dillərində “alfabet” yunan əlifbasının ilk iki hərfini (alfa, beta) bildirir. “Aa” hərfi – baş ya sətri olsun - bütün kiril əlifbalarının birinci hərfidir. Qədim slavyan əlifbasında adı “az” olub, rus dilindəki “mən” (я) əvəzliyidir. Amma alınma sözlərdə ön şəkilçi kimi (приставка) işlənəndə sözün əsas hissəsinin ifadə etdiyi mənanın əksini bildirir və rus dilindəki “без” və “не” hissəciyi kimi tərcümə olunur: “аморфный” – бесформенный, “асимметричный” - несимметричный. “Simmetrik – asimmetrik”, “tipik - atipik” də hakəza (“beləcə” deməkdir, məktəbdə qoca riyaziyyat müəllimimiz işlədərdi bu sözü, gör, “Aa” hərfi haralara apardı məni). “Aa”nın “az” olması fikrimə başqa yön verdi. Mənim üçün bütün zamanların ən yaxşı kitabı Lev Tolstoyun “Anna Karenina”sıdır. Bir mənbə deyir ki, romanın epiqrafında verilmiş sözlər, əslində, “rusca deyil, bu, Bibliyadan sitatdır, Bibliyanı Rusiyada, adətən, rus dilində tərcümədə yox, Rus Pravoslav kilsəsinin qəbul etdiyi kimi - Slavyan kilsə dilinin tərcüməsində izah edirlər. Bu isə, bəzilərinin düşündüyü kimi, qədim rus dili deyil, qədim bolqar dilidir. Məhz buna görə (yenə bir söz apardı məni: “Mənim fikrimcə, Rüstəm bəy məhz buna görə öz qızını Məşədi İbada ərə verir...”), epiqrafda rus dilindəki kimi “я” yox, bolqar dilindəki kimi “az” əvəzliyi işlənir: “Мне отмщение, и аз воздам” (“Не мстите за себя, но дайте место гневу Божьему, потому что написано: „Мщение за мной, аз воздам. (Rəbb deyir: “Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”). Bu sözləri ingilis dilində də versək, ziyanı olmaz: (“To me belongeth vengeance and recompence.”). Bunun da mənası odur ki, günaha görə cəzalandırmaq ixtiyarı yalnız Allaha məxsusdur, Ondan başqa heç kimə. Bütün dünya dillərində “Aa” hərfinin işlənmə tezliyi daha yüksəkdir. O cümlədən, Azərbaycan dilində. “Aa” hərfi (səsi) olmasaydı, Tacir Əskər İçərişəhərin döngələrinə səs salan o uzunluqda “Aaaarşın maaaaaal aaaaalaaaaan..” sözlərini necə oxuyardı?... Bu da “Aa” hərfinə poetik haşiyəmiz olsun. Aleksandr Puşkindən: А ты помнишь…? Вечор, ты помнишь, вьюга злилась, На мутном небе мгла носилась; Луна, как бледное пятно, Сквозь тучи мрачные желтела, И ты печальная сидела — (burada “A” hərfi 12 dəfə işlənib). “Nə yaxşı! Əlifba “A”-dan başlanır. Atadan başlanır, Anadan başlanır...” (Məmməd Araz “Atamın kitabı”). Yadda çıxarmayın: Morze əlifbasında “nöqtə tire “Aa” deməkdir. Həbsxana əlifbasında da (Polibiy şifrəsi ) “Aa” hərfi daha işləkdir. Ən məsuliyyətli əməliyyatları “Alfa” qrupu həyata keçirir. Mediada daha aktual xəbərlər “AA” xəbərləri adlansın gərək. Bəs, “AA” hökumət maşınları? Paah, üzlərini görmə, hələ bunların ”xozeyin”ləri o yana qalsın, sürücüləri forsundan yerə-göyə sığmır. Ən böyük yunan alimlərinin adları: Aristotel, Arximed... Adları “A” ilə başlayan qitələr... Avropa, Asiya... ...Bütün siyahılarda adım birinci olurdu... Maarif (o vaxtkı) şöbəsindən məktəbə müfəttiş gəlib, sinfimizə girib uşaqları dindirir. Jurnala baxır. “Elə birinci bundan başlayaq. Ağazadə, Mesopotamiya harada yerləşir?... Adın birincidir, özün də sinifkom...”. Ay, səni “A” hərfi! Bir gün dərsə getmək istəməyəndə... Hər gün dərsə getmək olar? Ata, qoy, bir dəfə də mən getməyim... Olmaz, sən getməyəndə, bə, kim gedəcək? Jurnal sənin adınla açılır. Heç kim dərsi bilməsə də, sən bilməlisən, adın...). Ay səni “A” hərfi!.. Sinfə yoxlama gəlibsə, yenə dərsi məndən soruşacaqlar... jurnalı açacaq... və barmağını qoyacaq birinci adın üstünə... “Ağazadə, adi kəsrin tərifini de, görüm”. Şimali Ukraynada əsgərlikdə idim. Postlara naryad cərgəsində adları oxuyurdular: “Агазаде, первый пост!” Bu post “Bayraq postu” idi, burada yatmaq nədir, gözünü qırpmaq da olmazdı. “Qaraj postu” olsaydı, mağıl yatardım bir az (mən əsgərlikdə çox yuxusuz qaldım...). Vay, səni ”A” hərfi!. Və nəhayət, birinci sinif jurnalında adlar siyahısında başda dayanan, Atəş müəllimin (yenə “A”) əlimi tutub “A” hərfini yazdırdığı, “Sənin adın jurnalda birincidir, elə birinci partada otur, amma yaxşı oxu” dediyi o uzaq illərdən mənə məsuliyyət, davranış öyrədən “Ağazadə” imzası... “Adlıq halı” kimi adıma yazılan, haqsızlıq, ədalətsizlik qabağında birinci dinən, danışan taleyim... P.S. “Aa” hərfinin hikmətləri çoxdur, saymaqla qurtarmaz... Onlardan biri də nəvəm Aylanın adında qərar tutub... Bundan böyük xoşbəxtlik olmaz.
© 2020 - Created by İLK XEBER.