100 il öncə bu gün, bu saatlarda Bakı küçələrində yadelli qoşunlar təntənəli keçid ediblər və işğal olunmuş şəhərin gözqıpıq aborigen əhalisi onlara qorxa-qorxa baxdığı halda, şəhərin çoxsaylı qeyri-türk sakinləri həmin yadelliləri gül-çiçəklə qarşılayıb, adına “xilaskar ordu” deyib, “ura” deyə bağırıblar.
100 il öncə bu günlər millətin ziyalı, əsilzadə, vətənpərvər oğulları doğma Bakıdan pərən-pərən düşüblər, hər kəs özünün, ailəsinin təhlükəsizliyi üçün gümanı gələn yerlərə pənah aparıb. Hərəsi bir cür bədbəxtliklərlə üzləşib, bir çoxu pusquya yatmış düşmənlərin gülləsindən can verib.
100 il öncə bu baş verən işğal faktı Bakının nə birinci, nə ikinci işğalı olmayıb. Buna qədər Bakı dəfələrlə əldən-ələ keçmişdi, Stepan Razindən tutmuş Nadir şah Əfşara, general Sisianova, Tiflis ermənisi Stepan Şaumyana qədər neçə-neçə yadellinin yolu bu şəhərdən keçmişdi.
100 il öncə bu günlər isə qırmızı bolşeviklər Bakıya, onu Çar Rusiyasının “əzəli ərazisi” sayaraq daxil olmuş, iki il öncə böyük qanlar bahasına qazanılmış dövlət müstəqilliyini süquta uğratmışdılar.
100 il öncə bu işğal ona görə baş verdi ki, gənc respublikanın özünü qorumaq imkanı yox idi – nə maddi-maliyyə ehtiyatı, nə silah-sursatı, nə mütəşəkkil ordu birləşmələri, nə də özü can çəkişən, sonda öz başının hayına qalmağı üstün tutan Osmanlı imperiyasından başqa xarici havadarı, himayədarı.
100 il öncə bu gün Lenin və Trotskinin başçılıq etdiyi Rusiya bolşeviklərinin qurduğu rus ordusu Bakını tutmaqda o qədər qərarlıydılar ki, bəlkə də Rusiyanın şərq hissəsini bütöv itirməyə razı olardılar, amma Bakıdan vaz keçməzdilər. İmperiyanın 3-cü ən varlı, ən sərvətli, inqilabçılar beşiyi olan şəhəri bütün dünyada “qızıl şəhər” kimi tanınırdı.
100 il öncə bu gündən başlayaraq Bakının yeni-yeni düz fırlanmağa başlayan çarxı təzədən geri döndərildi. Cəmi iki il öncə əsasən ermənilərdən ibarət olan hökumətin başqa bir variantı bərqərar olundu.
Biz hələ də “26-lar” hakimiyyətinin mahiyyətini doğru-dürüst təhlil edib, yekun və yek qiymət verə bilməmişik. Hələ də bir çox sualların cavabını tapa, deyə bilmirik ki, nədən 1905-ci ildən sonra Bakıda minlərlə milli bolşevik olduğu halda Stepan Şaumyanın hökumətində cəmi iki azərbaycanlı yer alıb, qalan hamısı yadellilər, əsasən də ermənilər olub.
O zaman
Nəriman Nərimanov,
Həmid Sultanov, Qəzənfər Musabəyov, Mirbəşir Qasımov,
Ruhulla Axundov, Ayna Sultanova, Əliheydər Qarayev, Çingiz İldırım,
Mirzə Davud Hüseynov, Sultan Məcid Qənizadə, Səməd Ağamalıoğlu, Qasım İsmayılov və onlarca başqa milli bolşeviklər hardaydılar? Şaumyan onları nədən öz hökumətinə yaxın buraxmamışdı və onlar nədən səslərini çıxara bilməmişdilər.
Ancaq cəmi bir il sonra bu adamların dili açıldı və milli hakimiyyətin devrilməsi, milli dövlətin süquta uğraması üçün hər cür fəaliyyət göstərdilər, hər cinayətə qol qoydular, millətin başını tutdular, parlamentdə at kimi üzə durdular, kapitulyasiya tələb etdilər. Bu qədər milli xaini olan gənc respublika necə duruş gətirə bilərdi?
100 il bundan qabaq bu adamlar dil boğaza qoymadan xalqlar dostluğundan danışırdılar, Azərbaycanın əbədi səadətinin Rusiyaya bağlı olduğunu deyirdilər, devrilmiş Müsavat hökumətini “bəy-xan hökuməti”, “sinfi düşmənlər” adlandırırdılar, pnlara ölüm tələb edirdilər.
Həmin o “bəy-xan hökuməti”nin başçıları isə ciblərindəki qəpik-quruşla gizlənməyə yer axtarırdılar. Atasından borc alıb yaşayan baş nazir Nəsib bəy Yusifbəyli xalq düşməni olmuşdu, Bakının neftinə dozanqurdu təzə təzəyə qonan kimi qonmuş Aleksandr Pavloviç Serebrovski xalq dostu...
A.Serebrovski, 1920-ci ildə Azneftin rəhbəri
100 il öncə bu gün xalqımızın qəvi düşmənləri ona görə təntənə içindəydilər ki, bu gələn hökumətin öz “doğma hökumətləri” olacağını bilirdilər.
Gerçəkdən də elə oldu.
100 il öncə bu gün rus süngüsü üzərində bərqərar olunan sovet hökumətinin formal başçısı Mirzə Davud Hüseynov olsa da, onun başçılığı cəmi 86 gün çəkdi.
Sergey Kirov
Sonra baxın, görün, Azərbaycana kimlər rəhbərlik edib:
Viktor Naneyşvili – 48 gün;
Yelena Stasova – 6 gün;
Vladimir Dumbadze – 70 gün;
Qriqori Kaminski – 273 gün;
Sergey Kirov – 1268 gün;
Ruhulla Axundov – 366 gün;
Levon Mirzəyan – 1267 gün;
Nikolay Gikalo – 390 gün;
Vladimir Polonski – 917 gün;
Ruben Rubenov – 306 gün.
Göründüyü kimi, Mircəfər Bağırovun 1933-cü ilin dekabrında Azərbaycana rəhbər təyin edilməsinə qədər ölkəmizə 11 nəfər rəhbərlik edib. Onlardan cəmi ikisi azərbaycanlı olub və ikisinin birlikdə rəhbərlik müddəti 452 gün çəkib. Erməni Mirzəyanla Rubenovun müvafiq göstəricisi isə 1573 gündür.
Onlardan başqa ölkəmizə “dünyanın o başından gəlmiş” ruslar, gürcülər də rəhbərlik ediblər. Bu nəydi? Moskvanın azərbaycanlı kommunistlərə etimad göstərməməsi, yoxsa bizimkilərin səriştəli olmaması?
Böyük ehtimalla birinciydi. Moskva yerli kommunistləri güvənmirdi, onları “doğma” saymırdı, həmişə “altılıq”, əl buyruqçusu kimi görmək istəyirdi. Beyni yuyulmuş bizimkilər də kor-koronə onlara inanır, bir-birinin ayağından çəkir, bir-birinə torba tikirdilər.
Olqa Şatunovskaya
Bundan başqa, ortada erməni faktoru da vardı. Onlar Azərbaycana azərbaycanlıların rəhbərlik etməsinə imkan vermək istəmirdilər və bunu bacarırdılar. Təkcə Nərimanovun başına nə oyunlar açmışdılar. Bu barədə 30-cu illərdə repressiya olunmuş, 50-ci illərdə bəraət almış Olqa Şatunovskayanın memurlarında da yazılıb.
Vaxtilə Bakı kommunasının rəhbəri olmuş Şaumyanın katibəsi olan bu qadının digər ermənilərlə, Anastas Mikoyan və Suren Ağamirovla isti münasibəti olub və onlar 1922-ci ildə kompartiya daxilində Nəriman Nərimanova qarşı qaldırılmış qiyamda fəallıq göstəriblər (Yeri gəlmişkən, sonradan bu qadın Bağırovun təkidli tələbi ilə repressiya olunub).
Əslində hakimiyyətə mili kadrın – Bağırovun gəlməsi millətin çox ağır şərtlər altında yetişmiş ziyalı zümrəsinin qorunmasında rol oynamayıb. Millətin düşünən başlarını böyük əksəriyyəti ya güllələnib, ya da uzun müddətli həbslərə, sürgünlərə məhkum edilib.
Bağırovun yeganə xidməti olaraq 1920-ci ildə milli dövlətçiyimizi məhv edən satqınların hamısının bircə-bircə məhv edilməsində mühüm rol oynamasını göstərmək olar. Ancaq onları heç də Xalq Cümhuriyyətinə qarşı törətdikləri cinayətlərə görə yox, Stalinə qarşı xəyanət yolu tutaraq, Trotskiyə, Zinovyevə, Kamenevə, Buxarinə, Rıkova “könül vermə”lərinə görə, özlərini “köhnə qvardiyadan olan leninçilər” saymalarına görə mühakimə edib cəzalandırıblar. 1937-ci ildə repressiya olunan inqilab xadimlərini duru suya çəkmək, onların heç bir günahı olmadığını deyirlər, amma elə deyil. Onlar kompartiya daxilində Stalinə qarşı qiyam hazırlayıblar, Stalin duyuq düşüb, gənc qvardiyanı səfərbər edib və köhnə qvardiyanı məhv edib.
Bəzən deyirlər ki, sovet hökuməti Azərbaycana təhsil, inkişaf və sair və ilaxır gətirdi. Bu sözlərdə müəyyən qədər həqiqət var. Amma təhsil kütləvi şəkildə olmasa da, artıq Azərbaycana gəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinin tam əksəriyyəti xaricdə, xüsusilə də Avropada təhsil alıb qayıtmışdılar. Əyalətlərdə də kifayət qədər xaricdə təhsil almış adamlar vardı və onlar ölkənin digər şəhərlərində ard-arda məktəblər açırdılar.
İnkişafa gəlincə, neft bumu sayəsində Bakı onsuz da Avropada ad çıxarmış kübar bir şəhərə çevrilmişdi və yönü irəliyə idi.
Hər necə olsa da, işğal işğaldır, yabançı siyasilər tərəfindən idarə edilməkdir, yadelli əsgərlər tərəfindən əzilməkdir, öz taleyinə sahib çıxa bilməməkdir, öz iradəsilə yaşamaqdan məhrum olmaqdır. İşğalın sinonimi əsarətdir.
100 il əvvəl bu gün 11-ci qırmızı ordu Bakıya əsarət gətirmişdi.