Vampir

Balaca, qara, tör-tökünük, yöndəmsiz... çox qəribə görkəmi var idi. Onu görəndə, nədənsə “Heyvanlar aləmi”ndə seyr etdiyim kaftarları xatırlayırdım. Bu bənzətməmdən utanırdım, amma bu məndən asılı deyildi. İnsanın hər hansı bir heyvana bənzəməsi, doğrudan da, mümkündür. Qəribə xışıltılı səsi, sanki kirdən boğulmuş rəngi, doymaq bilməyən ac gözləri adamı xırpalayırdı. Onunla haradan tanış olduğumu söyləməyəcəyəm: bəzən həyatda yöndəmsiz insanlarla müəyyən əlaqələrimiz olur. Əvvəllər onun haqqında illərlə yaxşı fikirdə olmuşdum, illərlə onu müdafiə etmiş, düşünmüşdüm ki, həyatda bəxti gətirməyən, yazıq, bədbəxt adamdır. Onda da mənə qarşı müəyyən hisslər var idi, yəqin ki... Harda məni gördü alıcı gözlərlə məni süzür, tez mənə tərəf yan alır, kimin haqqındasa danışmağa, şikayətlənməyə başlardı. Heç vaxt tərəf müqabilinə aman verməz, onu dinləməz, hətta eşitməz, dığırlanıb adamın üstünə çıxar və elə hey danışardı. Bəzən dözməz onu əlimlə yana çəkərdim ki, insanla danışanda onun ağzının içinə girməzlər. Amma nə faydası... Yazıq, miskin görkəminə rəğmən həddindən artıq inadcıl xarakterini son vaxtlar fərq etmişdim: göy yerə qarın qoysa da o, dediyindən dönməz, kor tutduğun buraxmazdı. Son vaxtlar onda qəribə bir şey müşahidə etmişdim: ona nə verirəmsə verim, onun üçün nə edirəmsə edim, bir dəfə də olsun mənə “sağ ol” deməz, gözlərində ani, insanı qarsalayan bir ifadə görünər, çox kiçik, demək olar ki, dodaqsız ağzı bir anlıq bağlanar, sonra yenə danışmağa başlardı. Onunla yarım saatlıq, bir saatlıq münasibətdən sonra silkinmək, sanki üstümə tökülmüş bir ağırlığı atmaq istərdim və bu çox çətin alınardı. Elə bil, onda qəribə, sirayətedici tellər var idi və o, insanı o tellərlə bağlayır, caynağını ilişdirir, sıxır, qanını sorur, əvəzində öz çirkabını ona yeridirdi. Bu üzdən onu özlüyümdə Vampir adlandırırdım. Və həmişə Vampirin müəyyən qurbanlar seçdiyini sezmişdim: bu onun aləmində müəyyən qədər bəxti gətirən, ondan bir az fərqlənən insanlar olurdu. Son vaxtlar mənə elə gəlirdi ki, Vampirin caynaqları artıq mənə ilişmişdir və kilometrlərlə aralıdan belə məni sıxışdırır, qanımı sorur. Xurafata inanmasam da son vaxtlar işlərim də düz getmirdi və hər dəfə işim büdrəyəndə onun sevinməsi gün kimi aydın idi. Dəfələrlə heç nədən alınmayan, pozulan işlərimə sevincini gizlətmədən demişdi: “Filan şeyi mənim üçün eləmədin ona görə də belə oldu”. Vaxtı ilə başqa “qurbanları” haqqında da belə deməsi məni sarsıdır, ondan gen durmağa çalışırdım. Nə isə... Bir dəfə yenə Vampirlə rastlaşmalı oldum. Etika xatirinəmi, yoxsa, əvvəlki münasibətlərə görəmi ayaq saxlayıb onun halını sordum. Ətrafda da bir neçə adam var idi. Mənə yox, ətrafdakılara baxaraq, məni yox, ətrafdakılara eşitdirərək: -Sən soruşandan yaxşıyam! – dedi. -İşlərin necədir? -Nəyinə lazımdır? Belə maraqlanırdın gəlib bir dəyəydin. Vampiri bu işə mən düzəltmişdim və vəziyyəti düzələnə qədər kömək olmuşdum. -Bilirəm ki, yaxşıdır. – dedim. -Hə, əlbəttə ki, yaxşıdır. Ev sahibi elə yaxşı arvaddır ki... mən gedənə qədər xörəyimi də bişirir. Könlündən mənim onun xörəyini bişirməyim keçirdi. -Mənə deyir ki... – Vampir davam etdi. – sən nə yaxşı qadınsan, mən heç səndən iyrənmirəm. -Hə, əlbəttə. Kim səndən iyrənir ki... -Bəs sən məni niyə evinə qoymursan? Ah... az qala yerə səriləcəkdim. -Mən salam verib, salam aldığım bütün kəndı evimə yığa bilmərəm ki... Bakının yarısı kirayənişin qalır. -Qoyma da. Ölmədim ki... Onunla danışmaq mənasız idi. Ona nə isə başa salmaq mümkünsüz idi. -Ölmədim ki... Budur işləyirəm, xan kimi də dolanıram. Qoyma da məni evinə... Həmişəki kimi “sağ ol” əvəzinə onun hədsiz nifrəti ilə qarşılaşmışdım. Vampirin bu nifrətindən yaxa qurtarmaq mümkünsüz idi. Canımı da ona versəm o, bir anlıq susacaq, gözləri alacalanacaq, təzədən başlayacaqdı -Mən elə çox yaşamalı idim də, kənd adamıyam da, uzunömürlüyəm də... Sürətlə oradan uzaqlaşsam da arxamca dəhşətli bir kölgənin süründüyünü hiss edirdim. Bu, hər dəfə beləydi...