"Karantin rejimi ölkəmizdə ciddi xərclərə səbəb oldu" - Mikayıl Cabbarov

"Dünyanın əksər ölkələrində 2020-ci il üçün iqtisadi tənəzzül proqnozlaşdırılıb. Pandemiya ərəfəsində tətbiq edilən ciddi karantin rejimi ölkəmizdə də ciddi xərclərə səbəb olub". Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Mikayıl Cabbarov daha sonra qeyd edib ki, sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir: "Hətta uzun müddət fəaliyyətdə olan biznes qurumları, qısa müddətli fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilərlər. Məhz bu səbəbdən də, davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır. Bu baxımdan, dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin 27-dən başlayaraq xüsusi rejimli karatin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə, fərdi gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir". Mikayıl Cabbarov söyləyib ki, yaranacaq yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir: "Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilmədikdə isə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər". Nazir qeyd edib ki, koronavirus pandemiyası çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, sosial və səhiyyə problemləri ilə də üz-üzə qoyub: "Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Koronavirus pandemiyasından ölkə vətəndaşlarının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması üçün Azərbaycanda aparılan siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları məhdudlaşdırılıb. Vurğulanıb ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir".