“Tədbirlər Planınına uyğun olaraq, Azərbaycan hökuməti beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır və hazırda bu tədbirlərin icrası davam etdirilir”. Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir Mikayıl Cabbarov söyləyib ki, ilk növbədə sıx dövlət-vətəndaş həmrəyliyinə söykənərək insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atılır: “Bu baxımdan, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci 19 mart tarixli Sərəncamı müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısının Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində təsdiq edilmış Tədbirlər Planında iqtisadiyyata, məşğulluğa və sosial rifaha dəstək məqsədilə genişmiqyaslı tədbirlər əksini tapıb. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən ödənilir, fərdi və mikro sahibkarlara maliyyə dəstəyi göstərilir. Bundan başqa, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur”. Mikayıl Cabbarov qeyd edib ki, artıq İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub”.
© 2020 - Created by İLK XEBER.