Bu xəbərə üzüldüm: Əli bəyin qızı...

Xəbər verdiyimiz kimi, ötən gün Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan 101 yaşında istanbulda dünyasını dəyişib. Kult.az xəbər verir ki, bu xəbərə çox üzüldüyünü bildirən millət vəkili Qənirə Paşayeva maraqlı bir paylaşım edib. O bildirib ki, Feyzavər xanımla uzun illər öncə İstanbulda yaşayan İbrahim Yıldırım vasitəsilə tanış olub: “Birlikdə evində qonaq olduq və bütün günü Feyzavər xanımla söhbət etdik. Həmin söhbətin tam video-çəkilişlə bu gün də arxivimdə ən dəyərli materiallardan biridir. Həmin söhbətdən sonra Feyzavər xanımla dəfələrlə görüşdüm, bizimlə xatirələrini bölüşdü, həmin xatirələri videolentə də aldıq. Əli bəy Hüseynzadə irsinin ciddi araşdırmaçısı, gözəl ziyalı Azər Turanla birlikdə həmin xatirələrin əsasında “Əli bəy Hüseynzadə Turan” kitabını hazırladıq”. Millət vəkili bildirib ki, hmin kitabın hazırlanması, çap edilməsi və yüksək səviyyədə təqdimatının keçirilməsi Feyzavər xanımı çox sevindirib. Sonra həmin kitab Türk Ocaqlarının 100-cü ildönümü münasibəti ilə Türkiyə türkcəsində çap edildi: “Çünki Əli bəy Hüseynzadə də türk ocaqlarının qurulmasında fikir atalarından biri idi. Kitabın İstanbul Universitetindəki təqdimatında Feyzavər xanım da iştirak edirdi. Onun duyğuları tam olaraq, sözlə ifadə ediləcək durumda deyildi. Uzun illər keçsə də Azərbaycan xalqının, Azərbaycan türklərinin Əli bəy Hüseynzadəni unutmaması, ona böyük sevgi və ehtiramı onu çox dərindən duyğulandırmışdı. Sonra Feyzavər xanımla Əli bəy Hüseynzadəyə məxsus qiymətli materialların Azərbaycana verilməsi ilə bağlı fikir mübadiləsi aparılanda o söylədi ki, onun belə bir fikri var. O, atasına məxsus materialları dövlət qurumlarına hədiyyə etmək istəyir”. Millət vəkili Mədəniyyət naziri Əbülfəs Qarayevə, Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verdiyini və Əli bəy Hüseynzadəyə məxsus bir sıra qiymətli əsər və materialların ölkəmizə gətirildiyini qeyd edib: “Bu da Azərbaycan tarixinin önəmli hissəsi idi. Əli bəy Hüseynzadəyə məxsus bu materialların Azərbaycanda olmasına çox böyük ehtiyac var idi. Ona görə də Feyzavər xanıma dəfələrlə çox təşəkkür etdik ki, belə bir önəmli addımı atdı. Onunla tez-tez görüşür, danışırdıq. Azərbaycanda Türkiyədən dəvət etdiyimiz ziyalıların da iştirakı ilə Əli bəy Hüseynzadə ilə bağlı keçirdiyimiz tədbirlərə gəlmək istəsə də, hər dəfə Türkiyədəki həkimləri onun yaşını nəzərə alaraq təyyarə ilə gələ bilməyəcəyini deyirdilər. Bundan çox təssüflənsə də atası ilə bağlı hər tədbirin, yazının, verliş və kitabın onu sevindirdiyini vurğulayırdı. Mələk kimi bir qadın idi Feyzavər xanım!” Q.Paşayeva qeyd edib ki, cənab Prezident İlham Əliyev Əli bəy Hüseynzadə irsinin yeganə varisi Feyzavər xanımı yüksək dəyərləndirib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilmiş medal və ordenlə təltif edilib: “Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun həmin medalı şəxsən Feyzavər xanıma tədqim etməsi onu çox sevindirmişdi. Cənab Prezidentin bu diqqəti və sevgisi onu həm sevindirmiş, həm də dərindən duyğulandırmışdı. Həmin tarixi gündə o, belə yüksək ehtirama görə cənab Prezidentə təşəkkür etmişdi. Biz də cənab Prezidentə təşəkkür edirik ki, Feyzavər xanımı bu cür yüksək səviyyədə dəyərləndirdi. Nur içində yatsın, onu hər zaman sevgi və ehtiramla anacağıq. O, möhtəşəm qadın idi. O, sadəcə bizim üçün Əli bəy Hüseynzadə irsinin varisi deyil, həm də gözəl bir ziyalı, dəyərli bir insan kimi qəlbimizdə yaşayacaq. Onu hər zaman Azərbaycan türkləri sevgi və sayğı ilə anacaq. Əziz Cəmilə xanım başda olmaqla Əli bəy Hüseynzadə ailəsinin bütün yadigarlarının kədərini paylaşırıq”.