Hər kəsin üzərinə böyük məsuliyyət düşür

Dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də, dilimizin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir.  Azərbaycan dili dövlətimizin əsas atributlarından biri kimi həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. Azərbaycan dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dilimizin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir. Hələ 2012-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamında bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanırdı. Sərəncamda göstərilirdi ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad sözlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər Sərəncamda xüsusi qeyd olunur. Təəssüf ki, Prezidentin 2012-ci ildə imzalanmış Sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Bu istiqamətdə həyata keçiriləcək fəaliyyətin ardıcıllığının tənzimlənməsini və Azərbaycan dilinin işlənmə imkanlarının daha da genişləndirilməsini təmin etmək məqsədilə Prezident 13 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi ilə bağlı Sərəncam imzalamışdır (Komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevdir). Həmin sərəncamda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasına Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır. Eyni zamanda Prezident İlham Əliyev 01noyabr 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdır. Fərmanda nəzərdə tutulan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması və qurumun işinin normal səviyyədə təşkili mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl, sistemli və professional nəzarətin həyata keçirilməsi baxımından faydalı olacaq. Mərkəzin qarşısında duran əsas vəzifələr konkret olaraq müəyyənləşdirilmişdir: dövlət dilinin tətbiqinə nəzarət etmək, KİV-lərdə, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etmək. Ümumiləşmiş şəkildə ifadə olunmuş bu vəzifələr kütləvi informasiya vasitələrinin dili üzərində nəzarəti təmin etməklə bərabər, bütövlükdə ölkəmizdə dövlət dili siyasətinin həyata keçirilməsinə geniş imkanlar açır. Çünki mətbuat və nəşriyyatlar üzərində monitorinqi daha ardıcıl və sistemli şəkildə qurmağa, aparılan müzakirələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına, irəli sürülən təkliflərin həyata keçirilməsinin təmin edilməsi üçün əlavə tədbirlərə ciddi ehtiyac var. Dövlətin Azərbaycan dilinin saflığının qorunması və inkişafı ilə bağlı prinsipial mövqeyi onu deməyə əsas verir ki, bu sahədə baş verən neqativ proseslər təkcə Azərbaycan dilinin gözəlliyinə, dil mədəniyyətinə zərər vurmur. Eyni zamanda, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilməkdədir. Problemin ciddiliyi ona gətirib çıxarıb ki, Milli Məclisin növbəti plenar iclasında dövlət dili normalarını pozanların cərimələnməsi ilə bağlı layihənin ilk oxunuşda qəbul edilməsi böyük ümidlər yaradır. Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişafı prosesində cəmiyyətin hər bir üzvünün, eləcə də KİV və vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür. Hesab edirik ki, Azərbaycan dilindən istifadədə yol verilən nöqsanlar, onların səbəblərinin araşdırılması və bütövlükdə dilimizin normalarının pozulması problemlərinin ictimai rəyin diqqətinə gətirilməsində Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi (e-mail: fadmm.ib@gmail.com) yeni töhfə verəcək.