Ölməyib! Ya koronavirusa yoluxub, ya da qorunur - Kim Çen Inla bağlı yeni iddialar

Rəsmi Pxenyan aprelin 11-dən ortada olmayan Kim Çen In haqda iddialara rəğmən israrla susur; əgər onun fiziki ölümü baş versəydi, Şimali Koreyada hakimiyyət uğrunda mübarizə başlayar, şəhərə texnika çıxarılardı.
Şimali Koreya (KXDR) lideri Kim Çen Inın aprelin 11-dən bəri müəmmalı şəkildə ortadan qeyb olması və ciddi xəstəliyi ilə bağlı xəbərlər dünyanın Top-10 xəbərlər sırasında yer almaqda davam edir.
Şimali Koreya liderinin aprelin 12-də ölkənin ali rəhbərliyi üçün nəzərdə tutulmuş ixtisaslaşmış xəstəxanada əməliyyat olunduğu və hazırda Pxenqan vilayətindəki villasında həkim nəzarətində olduğu bildirilirdi.
Bu iddiaların yayılmasından 10 gündən artıq müddət keçsə də, liderin ürək əməliyyatı keçirməsi və komaya düşməsi barədə xəbərlərə rəğmən rəsmi Pxenyan israrla susur. “Niyə?”- bu da əslində sirdir. Rusiyanın “Rosbalt” saytı bu məqama diqqət çəkərək haqlı olaraq sual edir: “Məgər televiziyada dahi rəhbərin bir tikinti sahəsindəki işləri yoxladığını və ya sülhü qoruyan qırıcı pilotların hazırlığını yüksək qiymətləndirdiyini söyləyən bir saxta mətn verə bilməzdimi? Verilə bilərdi əlbəttə ki... Mütləq bununla bağlı hazır süjetlər və mətnlər də olmamış deyil. O zaman niyə bu müəmmaları artıran mövqe tutulur?”
Ortada hələ ki, Yaponiya və ABŞ kəşfiyyatına aid iddialar var, Kim Çen In ürək əməliyyatı keçirib, vəziyyəti ağırdır, onun yerini sevimli bacısı Kim Yo Çjin tutacaq.
“Yaponiya hakimiyyəti Şimali Koreya lideri Kim Çen Inın sağlamlığı ilə bağlı məlumatları nəinki toplayır və təhlil edir, həm də Vaşinqtonla müzakirə edir”. Aprelin 24-də Yaponiya hökumətinin baş katibi Yoshihide Suga belə bir bəyanatla çıxış edib. Qurum rəsmisinin sözlərinə görə, "Kim Çen Inla vəziyyətlə bağlı ABŞ və digər maraqlı dövlətlərlə müzakirələr aparılır".
Bununla belə, Nazirlər Kabinetinin nümayəndəsi əlavə məlumat verməyib. Maraqlıdır ki, elə həmin gün ABŞ prezidenti fərqli mövqe ortaya qoyub. Onun sözlərinə görə, Şimali Koreya liderinin səhhəti ilə bağlı yayılmış iddialarda “köhnəlmiş sənədlərə” istinad olunur. "Düşünürəm ki, bunlar CNN tərəfindən yayımlanan saxta mesajlardır" deyə, Tramp bildirib. CNN-lə Trampın gərgin münasibətlərini nəzərə alsaq, Ağ Ev sahibinin nə qədər obyektiv mövqe sərgilədiyini söyləmək çətindir. ABŞ dövlət katibi Mayk Pompeo isə Pxenyanda kimin hakimiyyətində olduğunun deyil, əsas vəzifəsinin nüvə silahından imtina edilməsi olduğunu söyləyib.
Cənubi Koreya rəsmiləri də şimalla münasibətlərin istiləşməsindən sonra verdikləri bəyanatlarda xeyli ehtiyatlıdırlar. Rəsmi Seul Kim Çen Inın səhhəti ilə bağlı xəbərləri xüsusi şərh etmir. Amma açıqlamalarda deyilir ki, Koreya adasının o biri tərəfindəki ölkədə heç bir həyəcan və təlaş hiss olunmur, həyat öz axarında davam edir. “Heç bir qeyri-adi əlamət müşahidə olunmur. Şimali Koreya mediasını izləyirik və 15 aprel “Günəş Günü” (sabiq rəhbər Kim Çen İrin anım günü) münasibətilə təbriklər və digər tədbirlər gördük" deyə, bildirilib. Bu münasibətlə Kim Çen Inı təbrik edən ilk xarici liderlərdən biri də Suriya prezidenti Bəşər Əsəd olub. Bəşər Əsədə yazdığı cavab məktubunda In Pxenyan və Dəməşq arasındakı əlaqələrin daha da inkişaf etdiriləcəyinə inandığını bildirib. Məlumata görə, son günlərdə Kim Çen In Kuba və Zimbabve rəhbərləri ilə də məktublaşıblar.
Bir müddətlik gözləmə mövqeyindən sonra Pekin və Moskva da Şimali Koreya liderinin xəstəliyi barədə iddialara reaksiya bildirib. Pekində keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Şimali Koreya liderinin səhhəti ilə bağlı yayılmış məlumatın uydurma ola biləcəyini deyib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun şərhi isə qısa olub: “Mediadakı xəbərlərini gördük. Bunların nə dərəcədə doğru olduğunu bilmirik. Rəsmi məlumatları gözləyirik”.
Kremlin rəsmi reaksiyasından fərqli olaraq Kim Çen Inın ciddi xəstəliyinin olduğu iddia edilən xəbərlərə Rusiya Dövlət Dumasının bəzi deputatları sərt münasibət bildiriblər. Dövlət Dumasının Xarici İşlər Komitəsi sədrinin birinci müavini Dmitri Novikov ABŞ mediasının Şimali Koreya liderinə qarşı ardıcıl kampaniyada ittiham edərək "ABŞ-da yalançı sensasiyadan pul qazananlar çoxdur. Saxta xəbərlərin ən çox obyektlərindən biri də KXDR-dir" deyə bildirib. Onun həmkarı, Dövlət Dumasının Xarici İşlər Komitəsi sədrinin müavini Aleksey Çepa "İnterfaks"a verdiyi müsahibədə Kim Çen Inın cəmiyyətdə olmamasının onun koronavirusdan qorumaq istəyi ilə əlaqləndirib. "Təbii ki, KXDR-də, şübhəsiz ki, bir çox ölkələrdə olduğu kimi, ölkə rəhbərliyini də virusdan qorumaq üçün bütün səylər görülür" deyə, bildirib.
“Azadlıq Radiosu”nun rus xidməti Koreya yarımadasının problemləri üzrə mütəxəssis, Seulun Kunmin Universitetinin professoru Andrey Lankovun baş verənlərə münasibətini öyrənib. Lankov deyib ki, Kim Çen Inla bağlı nəsə ciddi hadisə baş verib, amma böyük ehtimalla o sağdır. Professor deyib ki, onun öldüyündən tutmuş ətrafında kiminsə koronavirusa yoluxduğunu və bu səbəbdən izolyasiya olunduğunu da deyənlər var. “Əgər onun fiziki ölümü baş versəydi, Pxenyanda vəziyyət bu cür sakit olmazdı. Hakimiyyət uğrunda mübarizə nəzərə çarpardı, şəhərə texnika çıxarılardı və sair. Bunun əlamətləri yoxdur. Belə bir hazırlığı gizlətmək çox çətindir”-deyə, o bildirib.
Bəs, Kim Çen In haradadır? (Musavat.com)