Yayın qızmar vaxtında - qorabişirən ayda şimal rayonlarının birindəki istirahət mərkəzində dincəlirdim. Gündüzün istisi nəmli və boğucu olsa da axşam düşən kimi hava sərinləşir, insan sinədolusu nəfəs alırdı. Gecələr hətta yorğansız yatmaq mümkün deyildi. Qonşu kottejdə qalan bir nəfər diqqətimi çəkdi. Tanışlığımız sırf təsadüfən baş tutdu. Qonaq Qazaxıstandan gəlmişdi. Axşam - səhər gəzintisi zamanı tez- tez rastlaşırdıq. Məktəbli yaşlı nəvəsiylə mənə doğma olan ləhcədə rus dilində söhbət edirdi. Milli kimliyini müəyyənləşdirməkdə çətinlik çəkirdim. Etikadan kənar olsa da aralıda dayanıb söhbətlərinə qulaq asırdım. Hansı millətdən olduğunu soruşmağı düzgün hesab etməsəm də marağıma sahib ola bilmirdim. Dünən atüstü tanışlığımız zamanı Azərbaycana birinci gəlişi olduğunu desə də hələ isinişməmişdik. Qafqazın ətəklərindəki Avropanın Alp dağlarındakı şəhərlərindən geri qalmayan rayonun təbiəti ovsunlamışdı onu. Heyranlıq hisslərini yarı türk, yarı rus dillərində tələskənliklə, bir az da həyəcanla izah etməyə çalışırdı. Elə bil ki, sözlərinin yadından çıxacağından qorxurdu. Oğuz- türk dilində danışmağa çalışırdı. Bir sözün qarşılığını tapa bilməyəndə tez ruscaya keçirdi. Özümə də aydın olmayan maraq hissi məni bürümüşdü. Onun hansı millətin nümayəndəsi olduğunu anlayaya bilmirdim. Bilirəm ki, soy-kökümüz eyni olan türkdilli xalqlar çoxdur. Onun danışığındakı şirinliyi başqa türkdillilərdə hiss etməmişdim. Əgər o, Oğuz Türküdürsə niyə belə çətin danışır, deyilsə bəs bu şirin ləhcə hardandır? Qonaq elə bil ki, türkcə fikirləşib rusca danışırdı, və yaxud əksinə. Nə yaxşı ki, yaxından tanışlığa qonaq özü körpü saldı. Çünki mənim “haralısan” sözündən heç vaxt xoşum gəlməyib. Bölğəçilik, yerlibazlıq, məncə, uğursuzluqlarımızın, bölünməyimizin əsas baiskarıdır. - Gəlin yaxından tanış olaq, - qonaq söhbətə başladı. Sanki ilk dəfə görüşürükmüş kimi əlini mənə uzatdı və davam etdi: - Adım Füzulidi, - kənarda oynayan uşağı göstərib, - nəvəm Arazdı, - dedi. - Tahir, Bakıda yaşayıram. Coğrayia müəllimiyəm. Çox qısa və rəsmi “yaxından” tanışlıqdan bir neçə saat sonra istirahət mərkəzinin həyətində yenə üz - üzə gəldik. Yavaş-yavaş bir-birimizlə dil tapdıq. Səhər-axşam imkan ələ düşən kimi Füzuli dayının (məndən azı 10 yaş böyük olduğunu hiss etmişdim, kəndimizdə uşaq vaxtından yaxşı bildiyimiz etiket qaydalarına görə özündən yaşca böyüklərə adı ilə müraciət etmək tərbiyəsizlikdir, mütləq adının sonuna “əmi”, “dayı”, “lələ”, “xala”, “mama”, “qoca”, yəni ağsaqqal əlavə etməlisən) ürəyinin dərinliklərinə “nüfuz” etməyə çalışırdım ki, ondan nəsə öyrənim. Marağım dinc durmurdu. Hiss edirdim ki, o da danışmağa həvəslidi. Söhbətindəki rus sözlərini eşitdikcə gülümsəyirdim və rus dilində işlətdiyi sözün ana dilimizdə qarşılığını soydaşıma xatırladırdım. Əlbəttə, gülümsəməyimin mənasını həmsöhbətim çətin anlayardı. Füzuli dayı sanki uzun müddətdən sonra doğmasını tapmış kimi daha da ürəkli danışırdı: -“Vo pervıx”, onu deyim ki, niyə səninlə yaxından tanış olmaq istədim. - Deyin. - Burda - Azərbaycanın ortasında istirahət edən ərəblərin çoxluğu məni “udivlyat” elədi. - Nəyə görə? - Ən çox da onların hərəkətlərini - əxlaqını, səliqə-sahmanını, “obşestvenni” yerlərdə tərbiyəsizliklərini görəndə mənə qəribə gəldi. Yanlarındakı dörd – beş arvadı ilə münasibətləri lap dözülməzdir. Gözləməzdim ki, “Qurani - Kərim”in, şəriətin yaradıcılarının törəmələri bu qədər etikadan kənar hərəkətlər etsinlər. Müsəlman olsam da ərəbləri yaxşı tanımırmışam. Hansı millətdən olduğunu bilməsəm də, səninlə aramızda elə birinci gündən isti “otnoşeniya” yarandı. Sənin bizə qayğın, səmimiyyətin, aramızdakı oxşarlıqlar mənə çox doğma idi. Hər ikimizin Oğuz türkü olması isə mənim üçün gözəl sürpriz idi. - Oğuz türkü? Mənim təəccübümü dərhal hiss etdi: - Bəli, Oğuz türkü, “udivlyat” eləmə. Səninlə eyni millətdən olduğumu ilk tanışlıqdan anlamışdım. Mənim ən çox eşitdiyim sözlərdən biri də Oğuz türküdür. Mən Qazaxıstanın mərkəzi hissəsində yerləşən Cambul “oblast”ından gəlmişəm. Çu rayonunda yaşayıram. Orada doğulmuşam. Valideynlərim isə 1941-1945 - ci illərdəki “voyna”dan qabaq oraya Qaryagin rayonundan sürgün olunublar. “Sürgün” sözü heç vaxt yadımdan çıxmır, çünki valideynlərimdən ana dilmizdə ən çox eşitdiyim 5-6 söz var idi ki, onlardan biri də “sürgün” idi... Özümü bir az sadəlövh, bir az da bu hadisələrdən xəbərsiz kimi göstərməyə çalışdım: - Səbəbi nəydi? Onlar nə günahın sahibiydilər ki? - Onların günahı İranla sərhəddə yaşamalarıdır. - Nə olar ki, sərhədddə yaşayanda? - Sonra deyəcəm. Hiss edirdim ki, qonaq söhbətin davamını unudacağından qorxurdu. - Bir də, ay Füzuli dayı, indi sənin doğma rayonun Qaryagin yox, Füzuli adlanır. Qonağın gözləri təəccübdən elə bil ki, hədəqəsindən çıxacaqdı: - Nə, Füzuli? Qulaqlarım düzmü eşitdi? - Bəli, bəli, Füzuli rayonu. - Nə xoş təsadüf. Yox, belə təsadüf olmaz. Mənim valideynlərim nə qədər uzaqgörənmişlər. Mən indi adımla fəxr edirəm. Söhbətin belə axarı Füzuli dayını sevindirsə də, nədənsə qorxurmuş kimi döyükə-döyükə yan-yörəsinə boylanırdı. Deyəsən ürəyini açmağa ehtiyat edirdi. Sovet imperiyası artıq otuz ilə yaxındır ki, dağılsa da, qırmızı terror xofu insanların ürəyindən çıxmırdı. Keçən əsrin 80-90-cı illərində Pribaltikada, Qazaxıstanda, Gürcüstanda, Azərbaycanda baş verən süquta uğramaqda olan rejimi dirçəltmək cəhdləri, qanlı olaylar, Özbəkistanın Fərqanə vilayətində Məhsəti türklərinə qarşı qardaş qırğınları çoxumuzun yaddaşında hələ köhnəlməyib, böyük Türk tarixinin qara ləkəsi kimi tarixin səhifələrində qalmaqdadır. Qazaxıstanda yaşayan soydaşlarımızın nəsil- nəcabətinin başına gələnlər Füzuli dayı kimilərini o vaxtdan gözüqıpıq eləmişdi. Elə ki, qonaq söhbətini davam etdirmək istəyirdi, istirahət mərkəzinin xanım-xatın şirindilli xadiməsi Xatirə Füzuli dayıya yaxınlaşdı: - Xahiş edirəm otağınızın qapısını açasınız, səliqə-sahman işi ilə məşğul olmaq istəyirəm. Şirin söhbətdən ayrılmaq istəməyən qonaq, - qızım, olar açarı sənə verim? - deyərək cibindən açarı çıxartdı. - Niyə olmur ki, Füzuli dayı? Xatirə açarı götürüb getdi. Mən isə soydaşımın əlinə sanki göydən düşmüşdüm: Bayaq dediyim kimi, onlar sərhəd kəndinin sakinləri olduqları üçün “vinovat” idilər, - qonaq sözünü davam - “Otes naroda” adlandırdığımız türkün qanına susayan qaniçən qorxurdu ki, Arazın o tayındakı bacı-qardaşlarımızla birləşib Bütöv və nəhəng Azərbaycan yaradarıq. Bu da qanlı imperiyanın parçalanmasına gətirib çıxarar. “Xain xoflu olar” - deyib babalarımız. SSRİ rəhbərləri buna görə xoflanırdılar. Füzuli dayı sinif otağında tarix dərsi keçən müəllim kimi emosiya ilə məni başa salmağa çalışırdı. Artıq çüxura düşmüş gözlərində hərdən göz yaşı da görünürdü. Bunu qabarlı əllərinin arxası ilə silib gizlətməyə çalışsa da, bəzən unudurdu. - Atam, anam deyirdi ki, bizim kəndimiz Araz çayının lap yaxınlığında idi. Füzuli rayonundakı, bəli indi qürurla deyirəm, Qaryagin yox, Füzuli rayonundakı kəndimizin adı, “po moyemu” Araz Yağlıvənddir. Elə məni çoxdan kəndimizi ziyarət etmək arzusu maqnit kimi özünə çəkirdi. Qazaxıstanda kəndimizdəki qonşumuzun əsli Kərimbəyli kəndindəndir. Burada eşitdim ki, mənim üçün doğma və müqəddəs o torpaqlar ermənilər tərəfindən işğal olunub. - Füzuli dayı, Araz Yağlıvənd işğal olunmayıb axı - Bəs niyə mənə dedilər, ora getmək olmaz? - Qardaşımın oğlu o bölgədə hərbi hissə komandirinin müavinidir. Qoy ona zəng edim. Zəfərin telefonunun nörəsini yığdım: - Salam, qardaşoğlu. Necəsən, Zəfər? Bir sual məni maraqlandırır. Araz Yağlıvəndə getməyə niyə icazə vermirlər? Ora ki, işğal olunmayıb? - Bəli, Tahir əmi, o kəndin torpağına düşmən ayağı dəyməyib. - Əsli-nəsli o kənddən Qazaxıstana sürgün olunan qonağımız var. Doğma el-obasına getmək , dədə-baba yurdunu görmək istəyir. Görəsən, nə üçün icazə vermirlər? - Tahir əmi, müharibə vəziyyəti, tez-tez atəşkəsin pozulması, qonağın təhlükəsizliyi ilə əlaqədar olaraq cəbhə bölgəsindəki kəndlərə qeydiyyatı olmayanların oraya səfər etməsinə müvəqqəti icazə verilmir. Zəfərin dediklərini Füzuli dayıya bildirəndə təəssüfləndi: - Deyəsən, arzum ürəyimdə qalacaq. Yaşım yetmişi keçib, mən o yerləri görə biləcəyəmmi? Heyif... Qonağa ürək- dirək verməyə çalışdım: - Füzuli dayı, tezliklə cənnət yurdumuzun əsarətdə qalan hissəsini azad edəcəyik, buna tam əminəm. Gələn il allah qoysa, mənim qonağım olarsan, birlikdə Füzuliyə, Şuşaya, Laçına, Kəlbəcərə və digər yerlərə gedərik. - İnşallah, Tahir. Füzuli dayının üzündə qeyri-adi işıq gördüm. Ümid işığı. O işıq məni də ümidləndirdi. Müsahibimin yaddaşına qibtə etməmək mümkün deyildi. Sürgün hekayətini qaldığı yerdən davam etdirdi: - Oradakı əhalinin çoxu bu iki kənddən sürgün olunanlardır. O günlərin şahidləri deyirlər ki, “voyna” başlamamışdan əvvəl kəndin bütün adamlarını bir gecənin içində kənd kənd, oba-oba toplayıb “qruzovoy” maşınlara doldurdular, Bakıya-Xəzər dənizinin sahillərinə gətirdilər. Dənizin sahilində onları gəmilər gözləyirmiş. Hara getdiklərini heç kim bilmirmiş. Hələlik ərzaqları bol olduğundan sonrakı müsibətlərdən xəbərsiziydilər. Yaşlı insanlar, körpə uşaqlar ağır “usloviya”ya dözməkdə çətinlik çəksə də, su, yemək vardı. İki gün dəniz yolu ilə gedəndən sonra onları gərəksiz “qruz” kimi gəmidən boşaldıblar. Artıq yorulub əldən düşmüş 60- 0 yaşlı ahılların, körpələrin sifətində zülmün əlamətləri görünürmüş. Nənələr gələcəkdə görəcək günlərini anlayıb ağı deyirdilər. İki gün keçməsinə baxmayaraq Vətən, torpaq, el-oba həsrəti sinələrinə dağ çəkməyə başlamışdı... Füzuli dayı söhbətinə ara verib dərindən köks ötürdü. Özü o günləri görməsə də, Qazaxıstanda doğulub boya-başa çatsa da, orada övlad, nəvə sahibi olsa da qəlbindən qara qanlar axdığı hiss olunurdu. O, Qazaxistanı Ana Vətən, Ata Yurdu kimi qəbul edə bilmirdi. Səbəbini də doğru-dürüst anlamırdı: - Bəlkə də Azərbaycana gəlməsəydim Ana Vətənin bu qədər əziz olduğunu bilməzdim. Bu torpağa ayaq basandan qollarımın gücü, dizimin təpəri artdı. Ayağımı torpağa daha “uverenni” basıram. Buradakı insanlar mənə çox “rodnoy” görünürlər. Söhbətini yenə dayandırdı, sanki yenidən başlamaq üçün güc toplayırdı. Tez - tez yaşıl meşəli dağlara baxırdı, dərindən nəfəs alırdı: - İlk dəfədir belə yamaclar, başı qarlı dağlar, meşələr görürəm... Mən onun söhbətinin ardını səbirsizliklə gözləyirdim. Artıq bilirdim ki, hər sualım onun köhnə yarasının qaysağını qoparır. Amma marağım qonağa əməlli - başlı qənim kəsilmişdi. İstəyirdim o, nəfəs dərmədən danışsın. Ona “zülm” edərək növbəti sualımı verdim: - Deyirlər, Qazaxıstanda yaxşı yaşayırsınız? Abad evləriniz, maddi imkanınız var? - Sən nə qoyub, nə axtarırsan, bacıoğlu? - Yarızarafat, yarıciddi, - deyəsən, mənə qulaq asmaqdan yorulmusan? Amma mən yox, sona kimi danışacağam. Bacıoğlu, sən ya “poet”, ya da “pisatel”sən, çox şey öyrənmək istəyirsən. Duruxdum. Bu sadə və duyğulu insanın mənəvi zənginliyinə, iç dünyasına, niyyətimi başa düşməsinə heyrətləndim. - Hə, yadımdan çıxmamışdan de görüm, ana dilimizdə “poet”, “pisatel” necə adlanır? - “Poet”ə şair, “pisatel”ə yazıçı deyirik biz. -Yadımda qaldı, unutmaram. Hə, kəndimizdəki qocaların dediyinə görə, onları gəmidən boşaldandan sonra başladı qara günlər. Oturmağa belə yeri olmayan “qruzovoy” vaqonda “stroymaterial” kimi bir – birinin belində ucsuz - bucaqsız “step”də yol gedirlərmiş. Ən çox arzuladıqları yemək yox, su yox, Vətən, doğma el-oba, ev imiş. O da çox uzaqlarda qalmışdı. Günlərlə yol gedəndən sonra bir yaşayış yeri görünəndə evsiz-eşiksiz “step”in ortasında əlli-yüz adamı düşürürdülər, qalanları yolunu davam etdirirdi. Bu yol onları hara aparırdı? Heç kim bilmirdi... Füzuli dayının nəvəsi Araz sakit uşaq olsa da, söhbətimizə tez-tez mane olurdu, gah meşədə gəzmək, kanat yolla dağa dırmaşmaq, gah “şeytan çarxı”nda yellənmək, gah da restoranda kabab yemək istəyirdi. Babası rus dilində danışan nəvəsini səbirlə dinləyir, onun başını tumarlaya-tumarlaya söhbətini yekunladırmağa çalışırdı. Baba bəlkə də nəvəsinin başını qatmaq üçün onu mənimlə tanış etmək qərarına gəldi: - Poznokomsya, Araz, dyadya naş zemlyak, azerbaydjanets. Azerbaydjan naşa Rodina. (Tanış ol, Araz, dayı bizim həmyerlimiz, azərbaycanlıdır. Azərbaycan bizim Vətənimizdir). Uşaq bu sözlərə etinasız yanaşdı, deyəsən “Azərbaycan” sözünü birinci dəfə eşidirdi. Ona Ana Vətən barədə bilgi verilməyibsə yazıq hardan bilsin ki, Azərbaycan haradır? O, hələ ki, milli mənsubiyyətindən, soy-kökündən xəbərsiz idi. Ana dilimizi bilməməyinə görə Arazı heç ürəyimdə də qınamadım. Füzuli dayı demişdi ki, gəlini - nəvəsinin anası Qazaxıstanda yaşayan almanlardandır. Oğlunun evində Oğuz Türk dilində heç kim danışmır. Füzuli dayının “azərbaycanlı” sözünə düzəliş edib, “biz Türkük” deyəndə qonaq çaş-baş qaldı, deyəsən bir az qorxdu da: - Bu sözü biz Qazaxıstanda heç işlətmirik. Böyük qazax “poet”i, bağışla, şairi Oljas Süleymenovun “Az i ya” əsərini də oxumuşam. Amma yenə də qorxuram özümüzə “Türk” deməyə. Səninlə söhbətimdə “türk” sözündən tez-tez istifadə etsəm də başqa yerdə dilimə gətirmirəm. Sovet adamıyam axı. Bir də bizim tərəflərdə qazaxlar lap az yaşayır, ruslar və “nemes”lər çoxdur. Orada millət, dil söhbətləri olmur. Ona görə də Qazaxıstanda doğulan sürgün olunmuşların nəvə-nəticələrinin çoxu ana dilimizi bilmirlər. Deyəsən müsahibimin sonuncu sözlərini eşitməyə düşüncələrim mane olmuşdu. Biz böyük amallar uğrunda mübarizədən - Bütöv Azərbaycandan, birlikdən, Turançılıqdan ağızdolusu danışırıq, amma yaxın xaricdə - Xəzərin o tayında yaşayan qanı qanımızdan, canı canımızdan olan soydaşlarımız ana dilimizi bilmir, milli mənsubiyyətindən, milli ruhundan, adət-ənənələrdən xəbərsizdirlər. Yetmiş yaşındakı soydaşımız qonşu ölkəyə - Ana Vətəninə birinci dəfə gəlir, ata-anasının, baba-nənəsinin doğulub boya-başa çatdığı rayonun, kəndin adını yaxşı xatırlamır. Bizim biganəlik buzumuz nə qədər qalınmış, ilahi? Başımıza gələn odlu-alovlu, qanlı-qadalı olaylar da əridə bilmir ki , bilmir bu buzu... Füzuli dayı nəvəsinə “kişi sözü” verəndən sonra söhbəti davam etdirməyə imkan tapdı: - Hə, atam deyirdi ki, yol boyu körpə uşaqlar, “starik”lər, “staruxa”lar, xəstəlikdən, yorğunluqdan, susuzluqdan, aclıqdan dünyasını dəyişirdilər. Qabaqdakı stansiyada “poyezd” dayananda “konvoy”lar onların meyidlərini kiməsə “zdavat” edirdilər. Doğmalarının, körpələrinin meyidlərindən ayrılmaq istəməyənlərin ah-naləsinə, qarğışlarına qulaq asan kim idi ki? Sanki hamının ürəyi daşa dönmüşdü. Dünyasını dəyişənləri dəfn edirdilər, yoxsa qurd-quşa yem edirdilər, bilən yox idi... Qonaq hərdənbir söhbətinə fasilə verirdi, elə bil ki, təsvir etdiyi hadisələrin üzüntüsünə tab gətirə bilmirdi. Amma tamamilə dayanmaq da istəmirdi. Inanirdim ki, Füzuli dayı bəlkə də əlli il gözləyirmiş ki, mənim kimi ona diqqətlə qulaq asan bir nəfər tapsın ki, ürəyindəkiləri boşaldıb yüngülləşsin: - “Koroçe”, atamın sözlərinə görə, onları da yolun yarısında-ucsuz - bucaqsız “step”də vaqondan düşürüblər. “Qonaq”lar üçün burada kiçik birotaqlı baraklar qoyulubmuş. Ailənin sayını nəzərə alan kim idi ki?.. Danışdıqca müsahibimin gözlərindən aradabir süzülüb yanağı boyu aşağıya hərəkət edən kədərə qarışan göz yaşı damlaları məni də kövrəldirdi. Onun bəzi cümlələrində bizə qibtə etdiyi aydın sezilirdi. Nəhayət dözmədi. Ürəyində vurnuxan fikirləri tez-tələsik üyüdüb tökdü: - Nə var sizə? Cənnətin ortasında yaşayırsınız, yanınızda da doğmalarınız, “rodstvennik”i, meşələr, dağlar, “rodnik”i. Görürsən, bəzi sözləri ana dilimizdə deyə bilmirəm. Özüm də bunu hiss edirəm, bəzən mənim rus dilində işlətdiyim sözlərə düzəliş edirsən. Bəlkə də, məni qınayırsan? Ana dilimizdə təhsil görmədik, oxumağa kitab tapmadıq, bəzi adətləri unutduq. Biz sizin kimi düşbərə, xəngəl yox, mantı bişiririk. Kimdir “vinovnik”, bizmi, yoxsa, qanlı imperiya, yaxud “ellər atası”? Kimik biz, azərbaycanlımı, türkmü? O taydakıları nəyə görə döyürlər, söyürlər, edam edirlər? Fars olmadığına görəmi? Atam deyərdi ki, babam şair olub, gözəl şeirlər yazırmış, kəndimizdəki məktəbdə ana dilindən dərs deyirmiş. Atam bizə həmişə xan Arazdan, tikanlı sərhəd məftilləri ilə bir-birindən ayrı düşən qardaşından, heç vaxt üzünü görmədiyi qardaşının övladlarından danışardı... Bu bir-iki gündə Füzuli dayının üzündə bu qədər əzab görməmişdim. Bu əzabı Vətən həsrətli, duyğulu insana yaşatdığım üçün özümü qınadım da. Amma qonaq da susmaq fikrində deyildi, Vətənsiz illərinin acı həsrətindən yana - yana söhbətini davam etdirmək istəyirdi ki, nəvəsi yanına gəldi. Deyəsən babanın nəvədən borc aldığı müddət bitmişdi. Baba, nəvə və mən meşənin içinə doğru irəlilədik. Dağın yamacındakı ağacların dəymiş meyvələri bal kimi şirin idi, qaratoyuğun, hophopun, anadilin şirin ləhcəli nəğmələri insanı valeh edirdi. Ayağımız altındakı qızılı yarpaqların xışıltısı başqa bir aləm idi. Meşənin içərilərinə doğru irəlilədikcə birdən Füzuli dayının nəvəsi Araz hay-küy saldı: - Dedulya, smotri, smotri, Araz, Araz! (Baba, bax, bax, Araz, Araz Mənim çaş - baş qaldığımı görən Füzuli dayıya danışmaq üçün sanki yeni həvəs gəldi: - “Step”in ortasındakı adda-budda ağaclardan başqa heç nə görünməyən, cəhənnəm istisindən nəfəs almaq mümkün olmayan, ilanmələyən insana həsrət ərazilərdə Vətənindən sürgün olunanlar o vaxtdan yeni “posyolka”lar, kəndlər, aullar, “yurt”lar salıblar. Bizim kəndimiz həmin yaşayış yerlərinin ən böyüyüdür. Mindən çox ev var. Hamısı da Azərbaycandan sürgün olunanlardır. Bilmirəm nədir, bəlkə də tarixin ironiyasıdır ki, o vaxt kənddə yaradılan kolxoza “Put kommunizma” adını qoyublar... Gözümü meşənin dərinliklərinə dikib cavabı məchul, bəlkə də bəlli suallar içində vurnuxdum: “Kommunizmin yolu”, yaxud “Kommunizmə yol” bu idimi?.. Füzuli dayının səsi məni xəyallardan ayırdı: - Kəndimizin adı ilə kolxozun adı eyni idi. Axı, hər ikisi kommunizm adlı ananın bic törəməsiydi. Bayaq Arazın “Araz, Araz!” harayının səndə qəribə duyğular yaratdığını gözlərindəki heyrətdən anladım. Nədən heyrətləndin, onu da bildim. - Nədən? Nəvəmin arx kimi kiçik axar suya “Araz” deməsindən. Müsahibimin həssaslığı məni ikiqat heyrətləndirdi: - Ürəyiniz ağrımasın, var olun, Füzuli dayı. - Vətən həsrətlilər daha duyğulu, kövrək, həssas olur, əzizim. Qonaq dərindən köks ötürdü. Uzaqlara dikilən gözləri nəmlənmişdi. Həsrətində olduğu rayon, kənd, özünü anlayandan qəlbində çağlayan Araz, o taydakı əzizləri yenə də ona əlçatmaz olmuşdu. - Hə, söhbətim yarımçıq qaldı. Kəndimizin ortasından Çu çayı axır. Kənddəkilərin əksəriyyəti bu çayın adının Çu olduğunu bilmirlər. Biz bu çaya “Araz” deyirik. Yəqin bilirsən, Qazaxıstanda yaşayan Oğuz türklərinin çoxu vaxtilə İranla “qranitsa”dan - Araz çayının sahillərindən sürgün olunanlardır. Kəndimizdə doğulan, böyüyən insanlar bütün axar sulara-çaylara, arxlara “Araz” deyirlər. Bizim üçün bütün çaylar Arazdır. “Araz” ən çox işlətdiyimiz yaddaqalan, kövrək duyğular yaradan sözlərimizdən birisidir-sürgün, Xudafərin, Vətən, Azərbaycan kimi... Yadıma qayğısız uşaqlıq illərim düşdü. Qafqaz dağlarının yamaclarındakı büllur bulaqlardan damla - damla qidalanan dəliqanlı Qaraçay kəndimizi iki hissəyə bölüb keçir. Suyu çox sərin dağ çayı bizi dözümlü və sağlam böyütmüşdü. Kəndimizin iki futbol komandası var idi. Adları da orijinal səslənirdi: “O yan” və “bu yan” (yan, yəni sahil). İcmalçılar demişkən, gərgin idman mübarizəsi şəraitində keçən kənd çempionatının matçlarında oyunçu da özümüz idik, hakim də. Bəzən ara qarışıb məzhəb itirdi, hətta eyni komandanın oyunçuları arasında vaxtında ötürmə edilmədiyinə görə mübahisə düşürdü. Bir - birindən inciyənlər, indiki terminlə desək, o biri komandaya “transfer” olunurdu. Kəndimizin ən “məşhur” futbolçuları - zəkasına, biliyinə güvəndiyimiz Qurban və Rizvan qardaşları ona görə də həmişə bir-birinə rəqib olurdular. O vaxtlar hər işimiz - oyunlarımız zamanı qələbə əzmimiz, küsməyimiz, barışmağımız, həmçinin aramızdakı səmimiliyimiz, elmi diskusiyarımız necə təbii idi... Bunları xatırlayaraq fikirləşirəm: görəsən, biz niyə bölünməyə bu qədər meylliyik? Qaraçay Araz olmasa belə... Məni düşüncələrdən Füzuli dayının səsi ayırdı: - Yaxşi bilirəm ki, Araz bütün türk dünyasının doğma, heç vaxt unudulmayacaq çayıdır. Araz Qazaxıstandakı həmvətənlərimiz üçün də bir ayrılıq nəğməsinin həzin notudur. Bax, ona görə də sevimli nəvəmə Araz adını qoymuşam... Mən artıq Füzuli dayının sözlərini eşitmirdim. Qulaqlarımda sanki xan Araz, yaralı Araz, həsrətin baisi Araz uğuldayırdı. Burulğanlar içində çabalayırdım, “Türkmənçay”, “Gülüstan” adlı “qara tarix”imizin günahkarlarını axtarırdım. Biz niyə günahı özümüzdə, laqeydliyimizdə, cəsarətsizliyimizdə yox, Arazda, cansız tikanlı məftillərdə axtarırıq, Araza “evləri yıxan Araz” deyirik? İnsanların həyat mənbələrindən biri, həzin - həzin ayrılq nəğmələri oxuyan, bütöv Azərbaycanımızı unutmağa qoymayan Arazin günahı nədir görəsən?! Danışanda rus kəlmələri işlədən Füzuli dayını tez-tez qınayırdım. Amma səhv edirmişəm. Sən demə, qürbətdəki soydaşlarımız bizdən daha diqqətli, yaddaşı iti və vətənsevərmiş. Onlar yad ölkədə bütöv Vətən xəyalı ilə ovunaraq nəhəng və müqəddəs Azərbaycan yaşadırlarmış - o taylı, bu taylı, xan Arazlı Vətən... Füzuli dayıdan ayrılsam da bir an belə onu unutmuram. Xatırladıqca da düşünürəm: “Görəsən, Bütöv Azərbaycan olmaq üçün bizə nə qədər Araz lazımdır?! Bəlkə də minlərlə, milyonlarla - hər eldə, hər obada, hər evdə”... Sən demə, Araz paralanmış Vətənimizi ayıran yox, birləşdirən çaymış...
© 2020 - Created by İLK XEBER.