ATV-nin "Bizimləsən" proqramına skaypla qatılan ekstrasens Zirəddin Rzayevin görüntüsünün altında "klinik psixoloq" yazısını əks etdirən foto sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. Həmin verilişdə aparıcı Zaur Baxşəliyevin məşhur ekstrasensi eyni zamanda klinik psixoloq kimi təqdim etməsi guya tamaşaçıları xeyli təəccübləndirib. BAKU.WS saytı isə bir az da irəli gedərək Zirəddin Rzayevin efirdə klinik psixoloq kimi təqdim edilməsinin ziyalı təbəqənin etirazına səbəb olduğunu yazıb. Bu cür təqdimata həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədovun da biganə qalmadığı bəlli olub. O, bu kimi halları elm adına biabırçılıq adlandırıb: "Psixologiya kifayət qədər ciddi bir elm sahəsidir. Klinik psixologiya isə bu elmin ən çətin bölmələrindən biridir. Efirdə belə təqdimat nəinki psixologiyanın, ümumiyyətlə elmin ucuzlaşması, gözdən salınmasına xidmət edir. Bu, sadəcə biabırçılıqdır"! Onu da qeyd edək ki, Zirəddin Rzayev uzun illərdir ki, mətbuata verdiyi açıqlama və müsahibələrində məşhur ekstrasens və klinik psixoloq kimi təqdim olunur. Önun özünün rəsmi saytında da avtobioqrafiya bölümündə 2009-cu ildə Rusiyanın paytaxtı Moskvada yerləşən Psixoterapiya və Klinik Psixologiya institutunda "Klinik psixoloq" ixtisasına yiyələndiyi qeyd olunub. Zirəddin Rzayevin ətrafında cərəyan edən müzakirələrə cavabı özünü çox gözlətməyib. İlkxeber.org-a mövzu ilə bağlı açıqlama verən Z.Rzayev həkim-nevroloq Qalib Əsədovu sərt ifadələrlə tənqid edib: “Məntiqi və mütaliəsi axsayan bu eynəkli həkimi tanımıram, ancaq o məni tanıyırsa və mənim haqqımda fikir söyləyirsə, bu ictimaiyyətə artıq Zirəddin Rzayevin kimliyindən və şəxsiyyətindən xəbər verir. Bəli yoldaş "doxdur", siz məni tanıyırsınızsa, bu mənə yetər. Yəqin ki, sizi burda az tanıyan var, bəlkə də heç yoxdur”. Ardınca Z.Rzayev mətbuatdan sitat gətirir: "Tanınmış həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov da müzakirələrə biganə qalmayıb. O, bu kimi halları elm adına biabırçılıq adlandırır". Sonra əlavə edir: “Avropa Nevroloji Akademiyasi??? Bəs Azerbaycan Milli Elmlər Akademiyasının siz nəyisiz??? Sadəcə mənə cox maraqlı gəldi sizi təqdim edən jurnalistin yazdıqları. Elmi dərəcəniz də yoxdur? Yoxsa jurnalist unudub? Heç elmlər namizədi də deyilsiz??? Hə, demək ki, torbada pişik var. Mən internetdə bir dənə də olsa sizin yazdığınız elmi məqaləyə rast gəlmədim, ancaq bu gun Zirəddin Rzayev adı altında artıq mətbuatdasız. Siz deyirsiniz: "Psixologiya kifayət qədər ciddi bir elm sahəsidir. Kliniki psixologiya isə bu elmin ən çətin bölmələrindən biridir. Efirdə belə təqdimat nəinki psixologiyanın, ümumiyyətlə elmin ucuzlaşması, gözdən salınmasına xidmət edir. Bu, sadəcə biabırçılıqdır!" Sizin məntiqiniz şikəstdir... Kim dedi ki, kliniki psixologiya elmin ciddi sahəsi deyil??? Mən əgər psixologiya və kliniki psixologiya üzrə həm Azərbaycanın və həm də Rusiyanın ən öndə gedən alimlərindən (sizin kimilərindən yox) təhsil almışamsa, sizin də xəbəriniz yoxdursa və məntiqiniz axsaqdırsa, bundan sorumlu olan mən deyiləm ki...” Zirəddin Rzayev daha sonra qeyd edib ki, o Azərbaycanda tibbi, hüquqi və pedaqoji psixologiya üzrə mütəxəssis, psixologiya elmləri doktoru, professor Kərim Kərimovdan, psixologiya elmləri doktoru, professor və konfliktoloq Ramiz Məmmədzadədən dərs alıb. Böyük hörmət bəslədiyi Əhliman müəllim Əmiraslanov kimi Azərbaycan alimləri, tibb elmləri doktoru və professor Azər Əmiraslanov kimi bir şəxsiyyətlə dostluq edir və onların verdikləri dəyər olduqca yetərlidir. “Mənim haqqımda Sergey Nikifiroviç Puzin kimi bir neçə məşhur rusiyalı akademiklər rəy söyləyiblər, hörmət və izzətlə fikir bildiriblər. Mən bu gün Rusiyada klinikada kliniki psixoloq vəzifəsində çalışıram. Siz fövqəladə hadisələrə inanmaya bilərsiz, mənə də o cümlədən. Bu hər bir insanın öz haqqıdır. Həkimlərə də inanmayanlar çoxdur, ələlxüsus də sizin kimilərinə mən heç inanmıram, bu da mənim öz şəxsi fikirimdir. Azərbaycanda narahatçılığı olan hər bir ziyalı və imkanlı təbəqələr sizin kimilərinə inanmayaraq Rusiyaya, İrana, Almaniyaya gedirlər, bu inkar olunmaz həqiqətdir. Azərbaycan telekanallarında ən çox əcnəbi həkimlərini görür xalqımız. Bu çox utanç verici bir haldir və məhz bu hal sizi və sizin elminizi ucuzlaşdırmışdır, bəlkə də ucuzlaşdırmamışdır və tam əksinə, həqiqəti göstərmişdir. Siz bundan danışmalısınız, Rzayev soyadı altında özünüzü reklam etməməlisiz. Doğrusu, sizə yazığım gəlir, ona görə ki, bilmədiyiniz yerə burun soxursuz. Saxta diplomlarla bağlı hər bir dövlətin cinayət məcəlləsi üzrə öz qanunları var. Siz qanundan da, məntiqdən də bixəbər və yazıq bir insansız. Mən birdən birə gündəmə kliniki psixoloq kimi gəlməmişəm, bunu mənim tələbə yoldaşlarım da Azərbaycanda təsdiqləyə bilərlər, müəllimlərim də o cümlədən”-deyə bildirib. Z.Rzayev fikirlərini belə yekunlaşdırıb: “Əgər elmi və kliniki psixologiya üzrə mən diplom almış mütəxəssisəmsə, Zaur Baxşəliyevi nədən günahlandırırsız? O da sizin kimi mənə şər atmalı idi? O da sizə bənzəməli idi? Əgər məndə hər hansı bir fövqəladə qabiliyyət varsa sizin məntiqinizlə mən öz təhsilimi gizlətməliyəm??? İmadəddin Nəsiminin sözü olmasın: "Bədbəxt! Sənin gözlərində tor var"”!
© 2020 - Created by İLK XEBER.