Afət Fərmanqızıdan yox, Pərvanə Bayramqızıdan yazıram. Gəlin, tanış olaq. Bu, mənəm! “Nəsimi ili”nin küyünə düşüb sözlərinə mahnı oxumaq niyyətində deyiləm, heç monoqrafiya yazacağımdan da şübhələnməyin. Amma “yazıdan İlhamə Quliyeva, Məleykə Əsədova üslubu duyulur” fikrinə düşəcəyinizə bir söz deyə bilmərəm. Səbəbini oxuduqca biləcəksiniz. Bəlkə də, mətni ədəbiyyatdan uzağa getmədən elə “Mənim fəxriyyəm” də adlandırmaq olar. Bunu da ona görə etmirəm ki, özümü o ki var tərifləməyəcəm, həya etdiyimdən çox az – bir-iki kəlməylə üç-dörd düşüncəmi qeyd edəcəm. Lap elə tutaq ki, tərifləyəcəm. Nə olsun? Görürəm siz tərifləmirsiniz məcbur olub bu işi öz öhdəmə götürürəm. Otuz yeddi yaşın xətrinə bunu mənə keçin. Bəlkə, 40-a çatmaq mümkün ol...əlim də gəlmir yazmağa. Yox, arzu edirəm ki, davam etsin 37... Doqquzuncu sinifdə oxuyanda ədəbiyyat dərsliyində İmadəddin Nəsimini keçəndə hiss etdiyim duyğularımı qələmə almışdım. Bu gün o yazını oxuduqca görürəm ki, istifadə müddəti artıq bitib. İndi mən (Mən! Mən!) o mən deyiləm. Bu gün həmin yazının üzərinə yeni “tarix yapışdırıb təkrar istifadəyə” verirəm. Qəliz ərəb-fars sözlərindən ibarət qəzəlləri mənimsəyib əzbərləməyimə baxmayaraq bu janrdan zövq ala bilmirdim. Bəlkə də, qəzəlin sehrinə düşməyi bacarmırdım. Amma “Sığmazam” qəzəlini əzbərləyəndə məndə qəribə hisslər oyanmışdı. Daxilimdə olanların üzə çıxması üçün bu qəzəli oxumalı imişəm. Yeniyetmə çılğınlığını, cürətli olmağı mənə “Sığmazam”qəzəli anlatdı. Onda məndə Nəsimi üsyankarlığı vardı, onda valideynlərimi belə günah edərdilərsə məhşər ayağına çəkəcək dərəcədə cəsarətli idim. (Yaxşı ki, buna səbəb olacaq heç nə etmədilər onlar. Yoxsa əlimdən qurtarmayacaqdılar) Onda “mən cahana sığmırdım”. Onda olduğum mühitdən çox uzaqdaydım. Onda “pir mən idim, kaman mən idim”. İllərlə Nəsimi kimi “Mən! Mən!” söylədim, amma məni duyan olmadı, şairi məhv edən cahillər məni də mənən öldürdülər. “Kəsilən barmağı üçün həqdən qaçan zahidlərin” əlində sərpa soyuldum. “Ağrımaz” söyləməkçün Nəsimi ola bilmədim. “O elə bir zirvədir ki, küləklər neynəyəcək”. Mənisə küləklər didik-didik etdi. O külək elə küləkdir ki, onu ömürdə təbiətin qanunu əsdirir, mehinə xumarlanırsan. Səmimiyyətimə şübhə etsəniz, bir də marağınız olsa ərinməyi buraxıb, ömür yolumu araşdırın, “özümü öyməkdə” mənmi, yoxsa buna görə məni qınamaqda sizmi haqlı olduğumuzu təyin edək. Şərti şumda kəsdiksə, başlayım özümü tərifləməyə Adam pis olanda ondan hamı yazır, elə ki, gözəl keyfiyyətlərlə zəngin olursan səni görməzdən gəlirlər. Mən (Mən! Mən!) xoş sözə layiq olanlara qısqanclıq etmir, belələrinin haqqında sevə-sevə söhbət açıram. Elə ki, bunun əksi ilə qarşılaşıram, şəxsi mənafeyim naminə belə dilimdən bir kəlmə də yaxşı söz çıxartmaram. Başqalarına irad tutmağı sevməsəm də özüm haqqında tənqid eşitməyi xoşlayıram. Kənardan necə təsir bağışladığımı bilməyi vacib sanıram. Tənqiddə obyektivliyi qorumaqsa sizin fərdi keyfiyyətinizdən asılıdır. İnsanları sosial təbəqələrə ayırmadan sevirəm. Mənə görə həyatda yalnız tərbiyəli-tərbiyəsiz şəxslər olur. Valideynlərimdə heç kəsə qarşı aqressiya müşahidə etmədiyimdən elə bilmişəm ki, hamı bizim qohumumuzdur. Qonşu bizimçün əziz adam olub. Özümü sonda düşünməyi də atamdan, anamdan öyrənmişəm. Dünyanı, insanları sevmək kimi böyük bir eşqim var. Heç kəsin uğruna paxıllıq etmirəm, çünki nə anamı qonşu qızın qeybətini edən, nə də atamı başqasının qazancına göz dikən görmüşəm. Uşaq olanda layiqincə dəyərləndirmədiyim bir çox keyfiyyətləri onları indi gözümdə ucaldıb. Böyüyəndən sonra valideynlərimi bir də yaxşı insan olduqları üçün sevdim. (Əvvəllər yaxın adamlardan yazmağa çəkinirdim. Çoxunun buna yaxşı münasibət bəsləmədiyini əsas götürürdüm. Ona görə də ürəyimdə olan xeyli mövzunu yerindəcə “boğub öldürürdüm”. Bir gün bu kompleksi atacağımı bilmirdim.) Mən də övladlarıma yaxşı nümunə olmağa çalışıram. Hələ ki, prinsiplərimə sadiqəm, amma özümə güvənsəm də həyatın, təbiətin qanunlarına güvənmədiyimdən nə vaxtsa ağlımı itirəcəyim narahatlığı ilə yaşayıram. Yaddaşdır də bir gün adamı vəfasız dostlar kimi tərk edə bilər. Orqanizmə heç güvənim yoxdur. Polad kimi adamların yaşın, səhhətin qaçılmaz problemləri üzündən mis məftil kimi əyildiyini azmı görmüşük? Hələ ki, ağıllı-ağıllı yaşayıram, günün birində dünyamı dəyişsəm arxayınam ki, onlara pis hisslər aşılamadığımçün övladlarım məmnun olacaqlar. Elə məqamlar var ki, adamı yazı masasına güclə gətirir. Məsələn, özümdən çox özgəni yaşatmağı sevdiyimi niyə yazmayım? Özümün problemim olduğu halda, başqasının acısına yanmağımdan yazmaqdan niyə utanım? Paxıllığımı çəkənlərə, mərdimazarlıq edənlərə belə nifrət edə bilmədiyimi, bütün qüsurlarına, çatışmazlıqlarına rəğmən bu milləti sevdiyimi, vətəndaşlara bölgə anlayışı ilə deyil, yalnız azərbaycanlı olduqları üçün hörmət etdiyimi niyə bildirməyim? İşğal olunmuş torpaqlarımızda düşmən tikinti-quruculuq işi apardığı üçün burdakı tikililəri görəndə qanım qaraldığını, hələ də yeri-yurdu bilinməyən əsir soydaşlarımıza görə üzümün gülməməsini, şənliklərdə qol qaldırıb oynayanda xəcalət çəkməyimi sizə söyləsəm dünya dağılmaz ki? Bütün gününü müştəri səsləyib boğazını yoran sürücüləri, asfaltda oturub qarşısına xırdavat töküb satan, zibil qutularında yeməyə bir şey axtaran soydaşlarımı gördükcə ürək ağrısı keçirdiyimi, günlərlə özümə gələ bilmədiyimi desəm bu hisslər sizə də doğma görünməyəcəkmi? Sizi kimi məni də rüşvətlə təhsil alan gənclərin gələcəyi narahat edir. Buna inanmayacağınızı ağlıma gətirə bilmirəm. Bütün bunları sizə deməyib kimə deməliyəm? Kimə deyim ki, gəlin bizim dərdlərimizə dərman verin? Bu qədər faciələrimizin olmağına baxmayaraq, ətrafımdakıların özündən başqa bir kəsi də düşünməməsinə təəccüb etdiyimə inanmayacaqsınız? Yaşa dolduqca “ağıllanmamışam” bu cür doğulmuşam. Hər il ad günümü bu ağrılarla qarşılayır, eləcə də yola salıram. Millət üçün böyük işlər görməyi arzulayamaqla yaşa doluram. Bacardığım qədər fəaliyyət göstərdiyim sahədə keyfiyyətli işlərlə yaxşı nümunələr göstərirəm. “Gizlənqaç” oynayan vaxtlarımda gözünü yuman şəxsi təkcə qoyub qaçıb gizlənmək mənə namərdlik kimi görünüb. Bu oyundan çox vaxt məhz buna görə imtina etmişəm. Tərifləmək kimi görünsə belə bunları yazmaqda niyyətim, sadəcə, nümunə göstərməkdir. Doğrudur, qaraqabaqlığımı həmişə irad tutublar, amma o biri keyfiyyətlərimin xətrinə mənə bunu güzəşt edib, adını “müdriklik” qoyanlar da olub. Tay-tuşlarım özündən qabaqdakıları itələyib qabağa keçəndə mən arxadakıların əlindən tutub irəli çəkirdim. Bu gün də onlar Avropa eşqiylə yaşadıqları halda mən Azərbaycanın avropalaşmasını arzulayıram. Biri o birisinin paxıllığını çəkəndə mən onun yerinə xəcalət çəkirəm. Onlar dəblə ayaqlaşanda mən yaraşanı geyinirəm. Onların qiymətini cəmiyyət, mənimkini zaman verəcək. Bu ümidlə növbəti bir ili də arxada qoyuram. Son illərədək arzularıma çatmamışdım deyə hər il ad günlərimdə gizlicə ağlayırdım ki, bir il də havayı ötdü. İndi bu “ənənəmi” pozmuşam. Ya hələ indi böyüyürəm, ya da arsızlaşıram. (Arsız bizlərdə heç nəyi vecinə almayanlara deyilir) Hər nəyin təsirindəndirsə gerçək odur ki, daha ad günlərimdə ağlamıram. Çoxdan etməli olduğum bir hərəkəti hələ indi etmək qərarına düşmüşəm. Keçmişdən qopmaq! Odur məni irəliyə baxmağa qoymayan. Yaşamağı əzaba çevirən cəhətlərim çoxdur. Küçədə, avtobusda və yaxud hər hansı bir məclisdə biri özünü düşük aparırsa onun əvəzinə utanıram. Xəcalət çəkməkdən heç kəsin üzünə baxa bilmirəm. Birinin yalanının, digərinin xəbərçiliyinin üstü açılır, onu biabır edirlər, yenə qıpqırmızı qızaran mən oluram. Ətrafımdakılar məni danlayırlar. “Nəyinə gərək sənə qışqırır”, “nəyinə gərək sən yalan danışmamısan ki” deyirlər. Elə onların yanaşmasına da pis oluram. Adamlara izah edə bilmirəm ki, mən heç nəyi onlar kimi qarşılaya bilmirəm. Bu sadaladıqlarım hamısı mənə ona görə təsir edir ki, bu cür şüursuzluğu insanlar edir. Başqa canlı etsəydi əhəmiyyət verməzdim. Həssas olmaq da bir şey deyilmiş. Hərdən adam özündən yazsa yaxşı olar. Mənə elə gəlir ki, bunu yalnız özünü yaxşı tanıyan, pisliklərdən uzaq olan adamlar yaxşı bacarar. Hər halda daxili eybəcər olan adamlar özləri haqqında cəsarətlə yaza bilməzlər. Düşünürəm ki, adam biləndə ki, o mənən safdır, yalnız gözəl hisslərlə yaşayır onda ürəkli olur, nə qələmdən çəkinir, nə də etiraflarını tərif hesab edir. Bir şeydən də əminəm – siz hər şeyi çox gözəl duyursunuz. Kimin öz yazılarına daha çox oxşadığını təyin etmək rentgen aparatı ilə işləmək kimi bir şeydir. Savadın (burda dünyagörüşün) oldusa biləcəksən. Hər il bir yaş daha böyüdüyünü hiss etmək təkcə uşaqlara məxsus olmur. Böyüklər də ötən ildə olduğu kimi növbəti illərdə nəyəsə sevinmədiyini və yaxud təəssüflənmədiyini hiss edirlər. Daha bizi kiminsə aldada bilməyəcəyini dərk edib böyüdüyümüzdən əmin oluruq. Çox şeyə əvvəlkitək darıxmadığımızı duyduqca bilirik ki, yaşa dolub təmkinli olmağa başlamışıq. Bunları ad günlərimizdə başımıza adamlar toplayıb yeyib-içməklə, atlanıb-düşməklə, məşğul olmasaq dərk edərik. Yeyib-içməklər, şənliklər qoymur adamı düşünməyə. Xoşbəxtlikdən belə bir ad günüm olmayıb. Həmişə bu günü problemlərlə baş-başa keçirdiyimdən düşünməyə vaxtım çox olub. Dərin düşüncələr içindəyəm. Yazdıqlarım düşüncələrimin şəklidir. Özünü dərk etmək üçün şənliksiz ad günü keçirmək vacibdir. Kim olduğumuzu, ömrümüzü necə keçirdiyimizi onda bilirik. Mən məni yaxşı tanıyıram, bəs siz necə, tanıya bildinizmi? Mən “Sən görən əvvəlki cavan deyiləm”, amma mən elə mənəm! 23 aprel 2019
© 2020 - Created by İLK XEBER.