Ukrayna XİN məmurlara “erməni soyqırımı” ilə bağlı tədbirlərə qatılmamağı tövsiyə edib

Rəsmilərdən, həmçinin, dırnaqsız “erməni soyqırımı” ifadəsini işlətməmələri də xahiş olunur...
Ukrayna Xarici İşlər nazirinin  müavini məmurlara “erməni soyqırımı” ifadəsini işlətməmələrini və ermənilərin bu qondarma olayla bağlı tədbirlərinə qatılmamağı tövsiyə edib.
Moderator.az  xəbər verir ki,  Ali  Radanın deputatı Darya Volodina özünün “Facebook” səhifəsində Ukrayna Xarici İşlər Nazirinin müavini Vasili Bodnarın Osmanlı İmperiyasındakı  qondarma “erməni soyqırımı”nın “105 illiyi” ərəfəsində dövlət orqanlarının nümayəndələrinə göndərdiyi məktubun foto-surətini yerləşdirib.
Məktubunda Bodnar Ukraynanın qondarma “erməni soyqırımı” nı tanımadığını, bu ifadəni nadir hallarda yazışmalarda yalnız dirnaqlarda işlətdiyini və rəsmi olaraq yalnız “Osmanlı İmperiyasında 24 aprel 1915-ci il faciəli hadisələri” ifadəsindən istifadə etdiyini bildirib.
Bodnarın sözlərinə görə, Osmanlı imperiyasının erməni əhalisi ilə bağlı baş verən hadisələr BMT tərəfindən 1948-ci il dekabrın 9-da qəbul edilmiş soyqırımı termini tərifinə uyğun deyildir. Çünki  soyqırımı dedikdə  hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə edilən hərəkətlər nəzərdə tutulur.
Bu mövqeyinə sübut olaraq Xarici İşlər nazirinin müavini Ermənistanın Rusiyanın xarici siyasətinin yedəyində olduğunu və daim beynəlxalq təşkilatlar tərəfindən Ukrayna üçün vacib olan qətnamələrə qarşı səs verdiyini bəyan edir. O, həmçinin qeyd edir ki, qondarma “erməni soyqırımı” məsələsi Ukraynanın strateji tərəfdaşı - Türkiyə üçün həssas məsələdir və bununla tarixçilər məşğul olmalıdırlar.
Dediklərinə əsaslanaraq Bodnar Ukrayna rəsmilərindən, məktubunu alanlardan qondarma “erməni soyqırımı”nın “105 illiyi”nin anım tədbirlərinə qatılmamalarını və dırnaqsız “erməni soyqırımı” terminini işlətməmələrini xahiş edir.
Sultan Laçın