Araz Əlizadə: “Lenin ateist idi, vacib deyil ki, xristian adətinə uyğun dəfn edilsin, həm də bunun nə mənası var?” Rəsul Mirhəşimli: “Bütün səmavi dinlərdə dünyasını dəyişən insanın dəfn edilməsi şərtdir, indi buna Rusiya qərar verə bilər” “Kapitalistlər asılacağı ipi də bizə satmağa hazırdırlar”. Bu sözləri deyən sosialist inqilabının lideri, SSRİ-nin qurucusu Vladimir İliç Leninin aprelin 22-də 150 yaşı tamam olur. Tarix və hər gələn yeni nəsil Lenini bu günə qədər mühakimə etməkdədir. Qırmızı inqilabın liderinə birmənalı baxış yoxdur. O, Rusiyanı Çarın zülmündən xilas etmiş öndər də hesab edilir, diktator da... Bəzi çevrələrdə isə Leninin iddia etdiyi sosial bərabərçilik, sosial ədalət ideyaları bu günə qədər aktualdır. Onu “dünya proletariatının və inqilabının rəhbəri”, “ideal insan” kimi pozitiv titullarla yanaşı, “qaniçən diktator”, “yəhudi projesi”, “homoseksual” adlandıranlar da var. Artıq 96 ildir ki, Lenin Moskvanın baş meydanındakı Mavzoleyə şəriksiz sahiblik edir. 1953-cü ildən İosif Stalin Mavzoleyi Leninlə bölüşsə də, Nikita Xruşovun təkidi ilə 1961-ci ildə Stalin mavzoleydən çıxarılaraq yenidən mütləq sahibinin ixtiyarına verilib. Leninin cəsədi balzamlaşdırılaraq mavzoleyə aparılıb. Lakin tarixçi Luis Fişerin yazdığına görə 30-cu illərdə Qərb qəzetləri mavzoleydə Leninin balzamlaşdırılmış cəsədinin deyil, mum fiqurun olduğunu deyirmişlər. Sovet hakimiyyəti bir qrup Qərb jurnalistinə icazə verir ki, cəsədə baxsınlar. Fişer də onların arasında olur. Bioximik Zbarski jurnalistlərin önündə şüşəni qaldıraraq Leninin burnundan tutub sağa sola çevirir və bununla da hamı görür ki, mavzoleydəki mum fiqur deyil, Leninin özüdür. Bəs, niyə bu günə qədər büt kimi saxlanan Lenin xristian adətlərinə, rituallarına uyğun dəfn edilmir? Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə dedi ki, əvvəla Lenin ateist idi, heç bir dinə inanmırdı: “Ona görə də vacib deyil ki, xristian adətlərinə uyğun şəkildə dəfn edilsin. İkincisi, bu barədə vaxtilə xalq qərar verib və indi onun əleyhinə çıxmaq olmaz. Axı buna nə ehtiyac var və indiki məqamda mənası nədir? Sadəcə, onu deyə bilərəm ki, Lenin dahi insan olub”. Dini mövzular üzrə araşdırmaçı - jurnalist Rəsul Mirhəşimli bildirdi ki, bütün səmavi dinlərdə dünyasını dəyişən insanın dəfn edilməsi şərtdir: “Lakin Leninin indiyədək mavzoleydə saxlanılması siyasi mülahizələrə əsaslanır. Dünyada boşevizm kabusunun banisi sayılan Lenin uzun illər bəşəriyyətin “xilaskarı” kimi təqdim edilib. Xalqlar həbsxanasına çevirdiyi SSRİ-də repressiyaların, insanlara edilən zülmün başında Lenin dayanıb. Tarix göstərdi ki, Leninizm ideologiyası təməli yalanla yoğrulmuş başaldatmadan başqa bir şey olmayıb. SSRİ-nin süqütu ilə də bu ideologiya çökdü”. R.Mirhəşimli qeyd etdi ki, Leninin dəfn edilməsi indi Rusiyanın səlahiyyəti çərçivəsindədir: “Onun dəfni ilə bağlı yalnız Rusiya qərar verə bilər. Onu da qeyd edim ki, sovet rejimi zamanı ölən bir çox partiya və dövlət xadimləri dini qaydalara uyğun dəfn edilməyib, hətta bir çoxunun nəşi yandırılıb, Kreml divarlarında külü saxlanılır”. (musavat.com)
© 2020 - Created by İLK XEBER.