Şəhərin ən məşhur pişiyi

Yaranışda kimisi bu dünyaya insan cildində, amma heyvan ruhu ilə, kimisi isə heyvan cildində insan ruhu ilə gəlir. İnsanlıq tək xarici görünüşlə əhatələnən bir məfhum deyil, həm də daxili təmizliyi, saflığı, xeyirxahlığı özündə birləşdirən bir anlamdır. Canlıların bu dünyaya gələndə nə növlərini, nə də valideynlərini seçmək şansları olur. Amma yaxşı və ya pis olmaq, xeyirin və ya şərin yolunu tutmaq – hər kəsin öz seçimidir. Necə ki, bu dünyaya pişik cildində, amma əsl insan ruhu ilə gəlmiş Maşa kimi... Bina sakinlərindən heç kim bu pişiyin nə zaman və necə peyda olduğunu bilmirdilər. O, bəlkə qışın ölümcül soyuğundan qorunmaq üçün, bəlkə də soyuqda küçədə acından ölməmək üçün, ya da kiminsə onu bu binanın dəhlizinə atıb getdiyi üçün buranı özünə məskən eləmişdi. Bina sakinlərinin Maşa adı verdiyi bu qonur rəngli, məxmər tüklü, mehriban pişik qısa bir zamanda hamının sevimlisinə çevrilmişdi. Bu beşmərtəbəli binanın sakinləri ən yuxarı mərtəbədə, dama qalxan pilləkənin altında, karton qutudan ona yer də düzəltmişdilər. Bura həm isti, həm də gözdən-qulaqdan uzaq olduğu üçün, Maşa məmnuniyyətlə bu qutunu özünə yuva eləmişdi. Bina sakinlərinin onun üçün gətirdiyi yeməklərlə qidalanar, təşəkkür əlaməti olaraq, ona yemək və su gətirənlərin gah əllərini yalayar, gah da ayaqlarına dolanıb miyoldayardı. Maşa üçün yemək və soyuqdan qorunmaq çox vacib idi. Bu, tək onun özü üçün deyil, həm də qarnında daşıdığı balaları üçün lazım idi. Axı o, tezliklə ana olacaqdı. Bəlkə də Maşanın aləmində bütün insanlar mərhəmətli, xeyirxah və pisliklərdən uzaq idilər. Axı insanlar onun üçün qida və su gətirir, isti yataq düzəldir, qayğısına qalırdılar. Elə buna görə də o, gördüyü hər bir insanın qabağına qaçır, mehribancasına miyoldayırdı. Bu gün nədənsə sakinlər onu unutmuşdular. Nə su, nə də yemək gətirən olmuşdu. Maşa ac olduğu üçün yazıq-yazıq miyoldayır, bəlkə də kiminsə onun səsini duyacağına, nəhayət ki, ac qarnını doyuracağına ümüd edirdi. Elə bil, qarnındakı balaları da aclığı hiss etmişdilər. Maşaya rahatlıq vermir, qarnında o tərəf-bu tərəfə hərəkət edir, sanki, ondan yemək tələb edirdilər. Gecədən xeyli keçmiş, binanın aşağı mərtəbələrindən insan səsləri eşidilməyə başladı. Maşa, bir tikə yemək ümüdü ilə, yuvasından çıxıb aşağıya – səslərin gəldiyi tərəfə üz tutdu. Binanın dəhlizində bir neçə gənc əllərindəki içki şüsələrini başına çəkir, siqaret püləyir və gülə-gülə öz aralarında nəyisə müzakirə edirdilər. Qəfildən peyda olan Maşa gənclərin mübahisəsini yarıda kəsdi. Yazıq pişik doğmalıqla gənclərə yaxınlaşıb, onların gözlərinin içinə baxaraq, yalvarış dolu səslə miyoldamağa başladı. Elə bil “acından ölürəm, özüm üçün deyil, qarnımda daşıdığım balalarım üçün, lütfən, mənə yeməyə bir şey verin” deyirdi. Gənclər bir müddət susub bir-birlərinə baxdılar... Aralarından kimsə “piş-piş-piş” deyərək Maşanı daha da yaxına səslədi. İnsanların xeyirxahlığına və nəvazişinə öyrəşmiş Maşa heç tərəddüd etmədən onu səsləyənə yaxınlaşdı. Az sonra, gənc oğlan Maşanı əlləri arasına alıb sığallamağa başladı. Belinə və başına çəkilən sığallardan xumarlanan Maşa oğlanın dizləri üstə yayxanaraq miyoldamağa başladı. Gənclər öz aralarında nə isə danışıb güldülər. Maşanı sığallayan oğlan qəflətən onun boynundan yapışaraq zorla ağzını açdı və əlindəki şüşədə olan içkidən pişiyin ağzına tökdü. Maşa gözləmədiyi bu hərəkətdən donuxub qaldı, ağzı, burnu, boğazı od tutub yanırdı. Gənclər gülüşərək onu top kimi bir-birlərinə atmağa başladılar. Yazıq pişik düşdüyü bu haldan özünə gələ bilmirdi. Birtəhər gücünü toplayıb özünü onların əlindən qurtardı, bütün sürəti ilə yuxarıya – yuvasına tərəf qaçmağa başladı. Gənclər hay-küylə onun arxasınca qaçaraq qovsalar da, sonra ya yorulduqlarından, ya da fikirlərini dəyişdiklərindən geri qayıtdılar. Maşa karton yeşiyin bir küncünə qısılıb qorxudan tir-tir əsirdi. Ürəyi elə sürətlə döyünürdü ki, elə bil bu dəqiqə sinəsini yararaq bayıra çıxacaqdı. Hələ də içi od tutub yanırdı. Ona zorla içirilən, zəhər kimi acı olan bu mayenin təsirindənmi, ya qorxudanmı başı bədəninin üstündə durmur, ayağa qalxmağa cəhd elədikcə aşırdı. Maşa üzünü pəncələri arasına alaraq özünü gizlətməyə çalışırdı. Gözlərindən gilə-gilə yaşlar yuvarlanırdı. Onun bu qorxusu, bu təlaşı və tir-tir əsməyi öz canına görə deyil, qarnında daşıdığı balalarına bir şey olacağından olduğu üçün tez-tez dili ilə qarnını yalayır, elə bil hələ dünyaya gətirmədiyi balalarını bu yolla sakitləşdirir və «qorxmayın, təhlükə sovuşdu artıq» deməyə çalışırdı. Axı o kimə nə pislik etmişdi?! Onun günahı ac qarnını doyurmaq istəyi idimi?! Axı insanlar onunla niyə belə qəddar rəftar etmişdilər?! Niyə insanların hamısı xeyirxah və mərhəmətli olmurlar?! Yəqin ki, o, gecəni səhərə kimi öz pişik aləmində bu suallara cavab axtaracaqdı... Bu hadisədən bir neçə gün keçmişdi. Maşa daha insanlara o qədər də çox güvənmir, onlarla arasında məsafə saxlayır, nədənsə ehtiyat edirdi. Hətta onun üçün gətirilmiş yeməyə və suya belə yaxınlıqda kimsə olmayanda yaxınlaşırdı. Həmin gün hava dəhşətli dərəcədə soyuq idi. Bütün günü şaxtalı külək vıy-vıy vıyıldamış, axşama yaxın şaxta daha da amansızlamışdı. Dəhlizin sınıq pəncərəsindən içəriyə dolan qar və sazaq Maşanı sanki qılınc kimi kəsirdi. O, karton qutunun bir küncünə sığınıb yumaq kimi yumrulanmışdı. Eşitdiyi ayaq səslərinə başını qaldırıb qulaqlarını şəklədi. Addımlar get-gedə yaxınlaşıb onun qutusunun yanında dayandı. Başının üzərində üzünün yarısını şərflə bürümüş sarışın bir qadın dayanmışdı. Maşa qadına baxıb təəccüb dolu bir səs çıxardı. Elə bil “sən kimsən, nə istəyirsən?” deyə soruşdu. Qadının qucağında bağlamaya bənzəyən bir şey vardı. Bu çağırılmamış qonaq Maşanı qutudan çıxarıb bayıra atdı və əlindəkini qutuya qoyaraq sürətlə uzaqlaşdı. Qorxmuş Maşa divarın bir küncünə qısılaraq sakitcə yuvasına boylandı. Bir müddət yaxınlaşmağa cürət etmədi. Karton qutunun öz-özünə silkələnməsi onu qorxudurdu. O, yuvasından kənarda soyuğu daha çox hiss edirdi. Külək qırıq pəncərədən qar dənələrini birbaşa onun üstünə çırpırdı. Maşa cəsarətin toplayıb yuvasına yaxınlaşdı. Pəncələri üzərinə qalxaraq içəri boylandı. Gördüyü mənzərədən qorxub kənara sıçradı. Yenə bir müddət kənardan yuvasına baxdı, sonra yenə yaxınlaşdı və pəncələri üzərinə qalxaraq bir də içəri boylandı. Karton qutunun içində bir insan yavrusu mışıl-mışıl yatırdı. Körpəni bir xeyli seyr etdikdən sonra, pişik yenə də çəkilib bir küncdə qaldı. Son baş verən hadisələrdən sonra insanlara güvənini tamamı ilə itirmişdi. Çox keçməmiş, qutunun içindən ağlamaq səsi gəldi. Maşa qulaqlarını şəkləyib dinlədi, qutuya yaxınlaşaraq təəccüblə baxdı. Körpə varlıq cır səsi ilə haray qoparırdı. Yəqin ki, soyuq hava onu şirin yuxusundan eləmişdi. Bəlkə də bu köməksiz körpə soyuqdan donmaq üzrə idi. Üzü, dodaqları gömgöy göyərmişdi. Maşa tərəddüdlə də olsa qutuya girdi və bədənilə körpəni bürüdü. Bir müddət sonra körpə ağlamağını kəsib toppuş, balaca əlləri ilə Maşanı qucaqladı, ağzı ilə nəyi isə axtarmağa başladı. O, Maşanın tüklərini marçıltı ilə sorurdu. Maşa kimi onun da qarnı ac idi... Maşa yumaq kimi ona bürünüb aramsız miyoldamağa başladı. Elə bil bina sakinlərini köməyə səsləyirdi. Saatlar keçir, amma Maşanın harayına qulaq verən tapılmırdı. Bir az da keçsə körpə donub öləcəkdi. Maşa səsi yetdikcə miyoldamağına davam edir, arabir dayanaraq qulaqlarını şəkləyir və qulaq asırdı; dili ilə körpənin üzünü yalayıb, sanki onu oyaq tutmağa çalışır və sonra yenə yanıqlı səslə miyoldayırdı. Körpənin nəfəsi kəsilmək üzrə idi. Soyuqdan göyərmiş əlləri ilə Maşaya daha da möhkəm sarılmış, elə bil anasının isti qucağını axtarırmış kimi üzünü o yan-bu yana gəzdirirdi. Bu soyuq qış gecəsində ölümə təhrik edilmiş körpənin nə günahı var idi?! Belə köməksiz, çarəsiz bir varlığı qışın soyuğunda necə atıb getmək olardı?! Maşa insan kimi danışa bilsəydi, yəqin ki, bu kəlmələri hayqırardı. Amma təəssüf ki, dilsiz-ağızsız bir pişik heç nə deyə bilmirdi. Lakin bir şeyi çox gözəl bilirdi – o, heç zaman öz balalarını belə alçaqcasına atıb getməzdi! Belə çarəsiz, qismətin ümüdünə buraxıb getməzdi! O, bu yavrunun anasından daha çox İnsan idi! Daha gözəl ana idi! Maşa saatlarla, yorulmadan, usanmadan miyoldamağa davam etdi. Artıq onun da taqəti tükənir, səsi batırdı. Bir tərəfdən iliyinə işləyən soyuq, bir tərəfdən də saatlarla miyoldamaq onu haldan salmışdı. Nəhayət, Maşa kiminsə addım səslərini eşitdi və son gücünü toplayaraq, dəhşətli bir haray saldı... Başının üzərində doğma, tanış üzü görəndə sanki gözlərinə işıq gəldi. Bu o idi – hər gün onu yemləyən Nadejda nənə. Nadejda adının mənası “ümid” demək idi. Deməli, hər şeyin yaxşı olacağına hələ də bir ümüd vardı. Maşanın yatdığı qutuya nəzər salan Nadejda nənə qorxmuş halda kənara atıldı və tez də qaçıb harasa getdi. Az sonra təcili yardım briqadası, polislər tökülüşüb gəldilər. Maşanın yuvasının ətrafına onlarla adam yığılmışdı. Həkim uşağı müayinə etdikdən sonra Maşanı sığallayaraq üzünü camaata tutdu: “Bu pişiyin sayəsində uşaq sağ qalıb, yoxsa bu soyuqda çoxdan donub ölərdi. Yaxşı ki, belə mehriban və ağıllı bir pişiyiniz var. O, sözün əsl mənasında qəhrəmandır!” Maşa özünə bir yer tapa bilmir, elə hey miyoldayaraq yavrunun başına dolanırdı. Nəhayət, həkimlər körpəni götürüb getdilər. Maşa eşik qapısına qədər onların arxasınca düşərək öz narahatçılığını bildirir, sanki “yavru necədir, yaxşıdırmı?” deyə soruşurdu. Nadejda nənə Maşanı qucağına alaraq sığalladı, öpüb bağrına basdı. “Sən çox ağıllı pişiksən... Bilirsənmi, sənin sayəndə o yavrunun həyatı qurtuldu... – deyərək ağlamağa başladı. – Bəlkə bizə köçəsən, bu gündən mənimlə birgə yaşıyasan, hə, Maşa, nə deyirsən?” Səhərisi gün bütün qəzetlər Maşanın qəhramanlığından yazır, televiziyada ondan danışırdılar. Maşa ölkənin, bəlkə də dünyanın ən məşhur pişiyinə çevrilmişdi. İndi onun isti evi, yeməyə yeməyi, içməyə suyu var idi. O, daha dünyaya gətirəcəyi balalarını qorxu ilə gözləmirdi. Hər şey yaxşı olacaqdı...